RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Xurşidbanu Natəvanın seçilmiş əsərləri özbək dilində işıq üzü görüb Okt 08, 2022 | 14:13 / Yeni nəşrlər

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ilə birgə fəaliyyəti nəticəsində Xurşidbanu Natəvanın seçilmiş şeirləri özbəkcə çap olunub. Kitab bütünlüklə muzeydə dizayn edilərək çapa hazırlanmışdır. Bu kitabla Xurşidbanu Natəvanın bu gün bəlli olan irsi ilk dəfə geniş həcmdə bədii tərcümə ilə özbək oxucusuna çatdırılmışdır. Şeirlərin özbək dilinə poetik tərcüməsini Azərbaycan yazıçılar birliyinin üzvü Şəhla Qasımova etmişdir. Daşkəndin “Nüsxə” nəşriyyatında çap edilən bu kitabın redaktorları Özbəkistandan filologiya elmləri namizədi, dosent Gülbahar Aşurova, Azərbaycandan filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmməd-Zadədir.

AZƏRTAC xəbər verir ki, “Günəşə çatar başım” adlı toplunun elmi məsləhətçisi və “On söz”ün müəllifi Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin baş direktoru, akademik Rafael Hüseynovdur. Kitaba yazdığı “Günəş xanımın gerçəyə dönmüş arzusu” başlıqlı “Ön söz”də akademik Rafael Hüseynov özbək oxucusuna ilk dəfə olaraq Natəvanın ömür və sənət bioqrafiyasını dolğun şəkildə təqdim edir. Həm özbək, həm də Azərbaycan dilində verilmiş “Ön söz”də Xurşidbanu Natəvanın nəsil şəcərəsi və ailəsindən, şair qohumlarından, enişli-yoxuşlu həyatından və yaradıcılığından bəhs edilir. Dünya ədəbiyyatında az sayda qadın şairlərinin olduğunu qeyd edən müəllif, Natəvanın XII əsrdən adları bizə məlum olan Azərbaycanın xanım şairlər silsiləsini layiqincə davam etdirdiyini vurğulayır. “Ön söz”də ata tərəfdən Gəncə xanları, ana tərəfdən Qarabağ xanları nəslindən olan Xurşidbanu xanımın şair qohumları haqqında məlumatlar da öz əksini tapmışdır. Rafael Hüseynov Natəvanın əsərlərini ilk dəfə 1828-ci ildə geniş müqəddimə və təhlillərlə çap etdirən Hənəfi Zeynallı və şairin mənzumələrini öz təzkirəsində cəmləyərək günümüzə gəlib çatmasına vəsilə olan Mir Möhsün Nəvvab haqqında da söhbət açır. “Ön söz”də həmçinin XIX əsr Azərbaycanında ənənə halı alan şairlər məclislərindən, o cümlədən Natəvanın himayəsi və rəhbərliyi ilə fəaliyyət göstərən “Məclisi-üns”dən də bəhs olunur.

Nəfis tərtibatda oxuyucuya təqdim edilən bu kitabın üzünü Azərbaycan Xalq rəssamı Oqtay Sadıqzadənin təxəyyülü olan Xurşidbanu Natəvanın portreti bəzəyir. Portret Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin kolleksiyasındandır. Kitabda muzeyin ekspozisiyasında nümayiş etdirilən və fondunda mühafizə edilən digər əsərlərin də fotoları verilmişdir. Oqtay Sadıqzadənin müəllifi olduğu başqa bir portret, Cümşüd Babayevin, Altay Hacıyevin, Nazim Babayevin fırçasının məhsulu olan portretlərlə yanaşı heykəltəraşı Ömər Eldarov olan, 1960-cı ildən şəhərimizi bəzəyən Xurşidbanu Natəvan abidəsinin də fotosu yer alır. Növbəti foto isə Xalq rəssamı Akif Əsgərovun müəllifi olduğu “Aleksandr Düma və Xurşidbanu Natəvan” heykəltəraşlıq kompozisiyasıdır. Bu fotoların hər biri “Ön söz2də Natəvanın həyatı haqqında təqdim edilən faktlarla səsləşir.

Azərbaycan mədəniyyəti tarixinə adını ilk qadın rəssam kimi də yazdıran Xurşidbanu Natəvanın sulu boya və qələmlə çəkdiyi rəsm işlərinin rəngarəng fotoları kitabın tərtibatını bir az da gözəlləşdirib. Kitabı oxucu üçün qiymətli edən digər təsvirlər isə muzeyin fondunda qorunub saxlanan Natəvanın şair qohumlarının, özünün oğlu Mehdiqulu və qızı Xanbikə ilə olan fotoşəkilləridir. Toplunun fotolar qalereyası yenə Ədəbiyyat Muzeyinin ekspozisiyasında təqdim edilən şairin portreti əks edilmiş xalça ilə sona çatır. Xalçanın müəllifi Afaq Kərimovadır. Ümumiyyətlə, muzeydə dizayn edilərək nəşrə hazırlanmış kitabdakı bütün foto-faktlar özbək oxucusuna Natəvanı yalnız şeirlərindən deyil, daha yaxından tanımaq fürsəti verir.

Xurşidbanu Natəvan yaradıcılığının ilk illərində şeirlərini “Natəvan” deyil, “Xurşid” təxəllüsü ilə qələmə almışdır. Bu təxəllüslə yazdığı şeirlərindən çox az bir hissə bu gün elmə məlum olsa da, topluda şairin həm “Xurşid”, həm də “Natəvan” təxəllüsü ilə yazdığı 30-dan artıq qəzəli və bir qəsidəsi yer almışdır. Kitabda Natəvanın hər bir şeiri həm Azərbaycan, həm də özbək dilində qarşılıqlı şəkildə verilmişdir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə qeyd edilən Xurşidbanu Natəvanın anadan olmasının 190 illik yubileyi çərçivəsində işıq üzü görən bu kitab şairin ölkə xaricində bir qədər də tanıdılması istiqamətində dəyərli töhfədir.

AzərTac

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook