VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək dilinə tərcümə olunmuş Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvandan bəhs edən kitabın təqdimatı keçirilib.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, Milli Məclisin deputatı, akademik Rafael Hüseynovun “Ön söz” yazdığı kitab “Şuşa İli” münasibətilə nəşr edilib.
Bildirilib ki, nəşrdə Xurşidbanu Natəvanın əsərləri həm Azərbaycan, həm də özbək dilində təqdim olunur. Bundan başqa, şairin irsi, əl işləri, çəkdiyi rəsmlər kitabda öz əksini tapıb. Kitabı özbək dilinə özbəkistanlı şair Şəhla Qasımova tərcümə edib.
Akademik Rafael Hüseynov qeyd edib ki, yeni nəşr ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
O, Prezident İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncamına uyğun olaraq ölkənin müxtəlif təhsil, elm və mədəniyyət ocaqlarında silsilə tədbirlərin keçirildiyini vurğulayıb.
Natəvanın zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında söz açan akademik Rafael Hüseynov bildirib ki, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə xüsusi yeri var. Alim qeyd edib ki, Qarabağ xanlığının varislərindən olub Vətəni Şuşada “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu keçmiş qadın şairlərimizdəndir.
Təqdimat mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və özbək şair Xosiyat Rüstəm çıxış ediblər.