RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişində görkəmli ədəbiyyatşünas alim Turxan Gəncəyinin yaradıcılığından bəhs edilib Sen 10, 2022 | 14:37 / Verilişlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə dünya türkologiyasında aparıcı mövqe tutmuş, Avropanın bir sıra ölkələrində Azərbaycanşünas alimlər yetişdirmiş ədəbiyyatşünas və dilçi alim, professor Turxan Gəncəyinin keçdiyi yoldan bəhs edilib. Həmçinin Turxan Gəncəyinin yaradıcılığı və qiymətli tədqiqatları fonunda tariximiz və mədəniyyətimizlə bağlı ölkəmizdən xaricdə görülən əhəmiyyətli işlərin dolğun mənzərəsi yaradılıb.

Turxan Gəncəyinin hələ gənc yaşlarından atası Zeynal Məmmədovun yazılarından yaradıcı şəkildə bəhrələndiyini deyən akademik Rafael Hüseynov onun anadilli ədəbiyyatımızı məharətlə  araşdırdığını diqqətə çatdırıb.

“Professor Turxan  Gəncəyini müstəsna edən əsas cəhət odur ki, o,  gənclik illərindən başlayaraq ömrünün sonunadək sözümüzə, mədəniyyətimizə, dilimizə, tariximizə, Azərbaycanımıza xidmət edib. Alimin dünyanın müxtəlif ölkələrində ayrı-ayrı dillərdə yaratdağı əsərlərinin hamsı Azərbaycan olub. Onun araşdırmalarının əsas xətti, əsas istiqaməti Azərbaycanşünaslıq olub”, - deyə Rafael Hüseynov bildirib.

Qeyd edilib ki, 1943-cü ildə İstanbula gedən Turxan Gəncəyi oradakı universitetin türk və fars dilləri bölümünü bitirib. Dünya şərqşünaslığının yetirdiyi bu böyük alim ədəbiyyatşünaslıq elmimizin tarixinə həmişəlik imza atıb: "Mübaliğəsiz deyə bilərik ki, Lütfi Zadə dəqiq elmlər sahəsində Azərbaycanı bütün dünyada necə şöhrətləndirmişsə, Turxan Gəncəyi də filologiya, türkologiya sahəsində yetişmiş geniş miqyaslı bir alim kimi Vətənimizin başını uca etmişdir”.

Rafael Hüseynov Turxan Gəncəyinin miqyaslarının geniş olduğunu, onun bir çox şərq və qərb dillərinin mükəmməl bilicisi olduğunu söyləyib. Bildirib ki, Turxan Avropa alimi idi. O, fars, ərəb, türk dillərini və bir çox Avropa dillərini gözəl bilirdi, əsərlərinin əksəriyyətini də bu dillərdə yazırdı. Alim həm də ruhu və varlığı ilə şərqli idi.

Akademik Rafael Hüseynov əlavə edib ki, Turxan Gəncəyi pedaqoji fəaliyyətə görkəmli şərqşünas Bombaçinin dəvətilə İtaliyanın Neopol Universitetinin Şərqşünaslıq İnstitutunda başlayıb. O, gənc yaşlarından geniş erudisiyası və istedadı ilə çalışdığı bütün elmi müəssisələrdə diqqət mərkəzində olub. Alim bir sıra ölkələrdə - İtaliyada (1949-1953, 1956-1959), Almaniyada (1953-1956), İngiltərədə (1956-1969) elmi və pedaqoji fəaliyyətlə məşğul olub. 1969-1970-ci illərdə bir neçə aylığa İrana qayıdıb, sonradan yenə İngiltərəyə gedərək ömrününsonuna qədər bu ölkənin universitetlərində fəaliyyət göstərib.

Diqqətə çatdırılıb ki, Turxan Gəncəyi 1949-cu ildə XVII əsrin ikinci yarısı – XVIII əsrin əvvəllərində yaşamış müqtədir Azərbaycan şairi Mirzə Möhsün Təsir Təbrizinin yaradıcılığını araşdırıb və onun türkcə şeirləri haqqında məqalə yazıb.

Turxan Gəncəyi ilə bağlı xatirələrini bölüşən Rafael Hüseynov 1998-ci ildə Londonda ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporasının təmsilçiləri ilə keçirdiyi görüşdə Turxan Gəncəyinin də söz aldığını bildirib. Turxan Gəncəyi çıxışı zamanı deyib: “Mən indi Azərbaycanın müstəqilliyindən, istiqlalımızın  taleyindən rahatam. Çünki, Azərbaycanın istiqlal bayrağı Heydər Əliyev kimi qüdrətli bir şəxsiyyətin əllərindədir”.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook