RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ədəbiyyat Muzeyində Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünə həsr olunmuş elmi sessiya keçirilib Okt 25, 2022 | 12:20 / Tədbirlər

Oktyabrın 24-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümü “Əbədi hürriyyətin şairi” mövzusunda elmi sessiya ilə qeyd edilib.

Muzeyin direktoru, cavidşünas alim, akademik Rafael Hüseynov tədbiri giriş sözü ilə açaraq filosof ədibin ölməz əsərləri, keşməkeşli həyat yolu haqqında ətraflı məruzə edib.

 Oktyabr ayının Cavidlər ailəsi üçün ad günlərinin bayram edildiyi yaddaqalan bir mövsüm kimi əhəmiyyətini vurğulayan alim, Cavid yaradıcılığının XX əsrin əvvəllərində cəmiyyət içərisində şöhrət qazanıb xoş əks-səda doğurmasından bəhs edib. Akademik qeyd edib ki, o günlərin şahidlərinin söyləmlərinə görə Cavidin pyeslərini Dram Teatrının səhnəsindən izləyənlər evlərinə həmin tamaşadan parçaları əzbər söyləyərək yollanarmışlar. “Təbii ki, Cavid Azərbaycan ədəbiyyatının sevgi şairidir və gənclik də Cavidi sevirdi. Görkəmli şair dərs dediyi Darülmüəllimin binasında (indiki Əlyazmalar İnstitutu) ailəsi ilə birgə yaşayırdı. Bu yaşam imkanı, Cavidə hörmətin, həm dövlət, həm də xalq səviyyəsində olan məhəbbətin ifadəsi idi”.

 Sonra Rafael Hüseynov sovet hakimiyyətinin “təmizləmə siyasəti” ilə tüğyan edən repressiya həbslərinin bir çox ziyalı azərbaycanlıya olduğu kimi Hüseyn Cavidə də şamil edildiyini yada salaraq, 1937-ci il hadisələrindən bəhs edib. Alim 1937-ci ilin 4 iyunundan, yəni Hüseyn Cavidin xalq düşməni damğası ilə həbsindən sonra baş verənləri ədibin qızı Turan Cavidin xatirələri vasitəsilə diqqətə çatdırıb. Bildirilib ki, həmin illərdə on dörd yaşı olan Turan xanım orta məktəb dərsliklərindən atası haqqında səhifələrin necə cırıldığını, müxtəlif kitabların, məqalələrin necə yığışdırıldığını, teatrda pyeslərinin nümayişinin ləğv edildiyini nəql edərmiş.

Alim qeyd edib ki, Hüseyn Cavidin haqsız, zamansız həbsi təkcə onun özünün deyil, “Çingizxan”, “Koroğlu”, “Allah”, “Telli saz”, “Gözəl Aida” kimi dövrümüzə gəlib çatmayan pyeslərinin, çap olunmamış neçə şeirinin də yox olması demək idi. Təəssüf ki, illərlə aparılan axtarışlar belə, bu əsərlərin tapılmasına fayda verməmişdir.

Bildirilib ki, Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq və Azərbaycanın digər çoxsaylı repressiya qurbanları 1956-cı ildə bəraət qazanmış olsalar da onların əsərləri ciddi təhriflərlə nəşr olunurdu. Sonra alim həmin illərdə “Cavid beynəlmiləlçi şairdirmi?” qərəzli yanaşmalarına elə Cavidin qələmindən çıxmış alman, ingilis, gürcü, fars mənşəli obrazların varlığı ilə cavab verildiyini diqqətə çatdırıb.

Rafael Hüseynovun qeyd etdiyinə görə Cavidin Azərbaycan xalqına bütöv qayıdışı yalnız 1982-ci ildə - unudulmaz Heydər Əliyevin şairin 100 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan sonra baş vermişdir.

Qeyd olunub ki, məhz Heydər Əliyevin böyük vətəndaş qeyrətinin nəticəsi olaraq Cavidin bütün yaradıcılığı təhrifsiz şəkildə çap olunaraq dörd cilddə xalqına qaytarılıb. Sibirdən – minlərlə repressiya qurbanlarının məzarı arasından Cavidin məzarı tapılaraq nəşi Azərbaycana gətirilmiş, doğulub boya-başa çatdığı Naxçıvan torpağına tapşırılmışdır.

Akademik onu da əlavə edib ki, “Cavidə zamanında “Azərbaycanın Şekspiri” də deyirdilər. Onun “dünyanın Şekspiri” olması üçün ingiliscəyə, almancaya, fransızcaya layiq olduğu səviyyədə tərcümə edilməsi gərəkir. Mən inanıram ki, o günlər də gələcək”. 

 Tədbirdə muzeyin digər əməkdaşlarının da məruzələri dinlənilib. 

Muzeyin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Nuranə Əsədullayeva “Ömür kitabı – “Azər” adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, bütün romantik sənətkarlarda olduğu kimi H.Cavid yara­dı­cılı­ğı­­nın da baş­lıca mövzusu olan insan, onun daxili dünyası şai­­rin xüsu­si önəm verdiyi, böyük həssaslıqla incələdiyi mənəvi mə­­kandır. Bu mövzu “Azər” poemasında (1920-1937) şairin bədii-fəl­­sə­fi düşüncələrinin məc­mu­su, məntiqi da­­vamı kimi daha çox açıqlanır və böyük əhəmiyyət kəsb edir.  

 “Yeni və müasir dövr Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva “Milləti, vətəni ucaldan şairlər” mövzusunda çıxış edərək Hüseyn Cavid və Əhməd Cavad poeziyasının üslub xüsusiyyətlərini müqayisəli təhlilə cəlb edib.

 Muzeyin “Mədəni irs və mənbəşünaslıq” şöbəsinin əməkdaşı Ülviyyə Həsənova “Hüseyn Cavid yadigarları” adlı məruzəsində vaxtilə Cavid ailəsi tərəfindən Nizami muzeyinə hədiyyə edilmiş və ekspozisiyada qorunan xatirə əşyalarının tarixi haqqında məlumat verib.

Tədbir çərçivəsində Hüseyn Cavidin bədii irsi və həyat yolunu əks etdirən maraqlı sərgi də nümayiş olunub.

 

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook