RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı Əli Fəhmiyə həsr olunub Dek 25, 2022 | 17:11 / Verilişlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Mədəniyyət” kanalında yayımlanan “Vətənim” verilişinin növbəti buraxılışı klassik ədəbiyyatımızın xiridarı Əli Fəhmiyə həsr olunub.

Verilişdə görkəmli mətnşünas Əli Fəhminin həyat və yaradıcılığından ətraflı bəhs edilib.

Akademik Rafael Hüseynov bildirib ki, Əli Ələkbərov (Fəhmi) 1919-cu il fevralın 17-də Bakının Sabunçu qəsəbəsində anadan olmuşdur. İlk ixtisası həkimlik olan Əli Fəhmi Bakı Tibb İnstitutunda təhsil alarkən Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər xanımla tanış olmuş, onun vasitəsi ilə Müşfiqlə ünsiyyət bağlamışdır. Ona Fəhmi təxəllüsünü də bədahətən şeir demək bacarığına görə Müşfiq vermişdir. Müşfiqlə Əli Fəhminin dostluğu şair həbs olunub güllələnə qədər davam etmişdir. 1960-cı illərin ortalarında Azərbaycan Televiziyasında Mikayıl Müşfiqlə bağlı verlişdə Əli Fəhmi çıxış etmiş, şairlə bağlı xatirələrini bölüşmüşdür.

Rafael Hüseynov Əli Fəhmi adı ilə ədəbiyyatla maraqlandığı vaxtlardan, 1960-cı illərin ortalarından tanış olduğunu söyləyib. Qeyd edib ki, o, 1941-1949-cu illərdə Sabirabad rayonu hərbi komissarlığında həkim kimi çalışmışdır. Lakin klassik poeziyaya olan böyük marağı Əli Fəhmini ADU-nun (indiki BDU-nun) Azərbaycan ədəbiyyatı və tarixi fakültəsinə gətirmişdi. O, 1952-ci ildə həmin fakültənin qiyabi şöbəsini fərqlənmə diplomu ilə bitirmiş, professor Feyzulla Qasımzadənin təkidi ilə müstəsna hal kimi aspiranturada saxlanılmışdı. Əli Fəhmi həkimliklə yanaşı, universitetdə mühazirələrini də davam etdirmişdi.

“Universitetdə o, Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə "Seyid Əzim Şirvaninin həyat və yaradıcılığı" mövzusunda namizədlik işi üzərində çalışmalara başlamışdı. Lakin son anda həmin işin digər bir aspirant tərəfindən işlənildiyi bəlli olmuş, onun mövzusu "Seyid Əzim Şirvaninin bədii xüsusiyyətləri” olaraq dəyişdirilmişdi. Sovet dövrünə xas olan haqsızlıq, süründürməçilik Əlini bezdirmiş, bu işi yarımçıq qoymağa vadar etmişdi”, - deyə Rafael Hüseynov qeyd edib.

Verlişdə Əli Fəhmi ilə Xalq şairi  Bəxtiyar Vahabzadənin münasibətlərindən də danışılıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə dahi Füzulidən bəhs edən “Şəbi-hicran” poemasını qələmə alarkən vaxtaşırı üz tutduğu, məsləhət aldığı şəxslərdən birinin də Əli Fəhmi olduğunu söyləmişdi. Bundan başqa, Azərbaycanın Xalq artisti Hacıbaba Hüseynov da Əli Fəhmini ustad hesab etmişdi.

Diqqətə çatdırılıb ki, ərəb və fars dillərini mükəmməl bilən Əli Fəhmi Quranın, ilahiyyatın da mahir biligisi idi. O, Quranı sadə, saf, duru bir Azərbaycan dilinə tərcümə etmişdi. Ona müasirləri “Məclislər bəzəyi” ləqəbi vermişdilər.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook