RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Cavidin gəlişi, gedişi və dönüşləri Dek 19, 2022 | 17:18 / Mətbuatda çıxışlar

Dədəmiz Qorqud insanın dünyadakı hərəkət marşrutunu dəqiq nişan verərək "Gəlimli-gedimli dünya" dedi, hər kəsin qaçılmaz aqibətini düşünərək "Son ucu ölümlü dünya" söylədi.

Ancaq gəlimli dünyanın gedimsiz olması, bitəcəsində ölüm dayanan həyatın ölümsüz və olumlu olmasının da saysız sübutları var.

Birisi elə bugünkü gün.

Hüseyn Rasizadə, bir azərbaycanlı gənc buradan - İstanbul Universitetindən düz 110 il əvvəl ayrılmışdı. Bu gün artıq başqa əsrdə, başqa minillikdə buraya o vaxt gəldiyi kimi - öyrənci Hüseyn Rasizadə olaraq deyil, öyrətmənləri də öyrədə bilən Cavid kimi qayıdır.

"Cavid" əbədi deməkdir, ölümsüz deməkdir, olumlu deməkdir.

Bura - İstanbul Universiteti sadəcə bir təhsil ocağı deyildir, müqəddəs bir məkandır. Bu bilik yuvasını müqəddəsləşdirən ən əvvəl bu divarlar arsında səsi, izi, xatirəsi hər zaman yaşayan və saçdıqları işıqla heç vaxt unudulmayacaq böyük şəxsiyyətlərdir.

Bu gün bizi bu əziz ünvanda qovuşduran XX yüzilin başlanğıcında hər gün, elə sizin etdiyiniz kimi, bu qapıları açmış, bu dəhlizlərdən keçmiş, bu dərs otaqlarında çalışmış, gələcək haqqında xəyallara dalmış bir öyrəncinin taleyidir.

Hər kəs kimi olmamağı bacarmış, son ucu ölümlü dünyada ölümsüzlük mərtəbəsinə yüksəlmiş, bir əsrdən də əvvəl ayrıldığı universitetinə yenə əvvəlki kimi gənc olaraq, canlı olaraq qayıtmaq məsudluğuna sahib böyük şair Hüseyn Cavidin taleyi!

 

İştə, Cavid, o böyük sənətkar,

Sarmış ətrafını şən yıldızlar.

Kəhkəşan saçların əsrarı nihan,

Saçdı irfan ilə bambaşqa cahan.

Onu duymaz, duyamaz hər şaşqın,

Bir dəniz şişəyə sığmışmı, saqın!

Gün dəyişdikcə o həp gənc olacaq,

Şən gönüllərdə pərəstiş bulacaq.

 

Gün dəyişib, ayrı bir zamandır və Cavidin bir vaxtlar elə onun kimi ölümsüzlük qazananlardan olan bir başqa ünlü şair, düşüncə adamı haqqında yazdığı və indi özünə aid elədiyim bu misralarda təsdiqlədiyi kimi, nurlu varlığı ona pərəstiş qılan könüllərdir, o, yenə dünənlərdəki kimi gəncdir, sabahlara üz tutmuşdur.

Cavid özünü bir dənizə bənzədir və yazırdı ki:

 

Mən mülayim bir dənizəm, atəşlidir dalğalarım,

Sülhə qoşan bir acizəm, əskik olmaz qovğalarım.

 

Özünü dəniz bilən, dənizin də şişəyə sığmayacağına inanan Cavidi bütövlüyü ilə tanıda bilmənin sözü qısa dəqiqələrə heç vəchlə yerləşməz. Cavidin də çox sevdiyi, Azərbaycana, türk dünyasına və müsəlman Şərqinə XX yüzilin başlanğıcında düşüncələrdə fırtınalar oyadan "Molla Nəsrəddin" kimi misilsiz bir orduya bərabər mizah dərgisini bağışlamış Mirzə Cəlil Şərqdə mədəni oyanışın memarlarından olan Mirzə Fətəli Axundzadə haqqında heyranlıq və ehtiramla yazırdı ki, onun haqqında ya yaxşı danışmaq lazımdır, ya danışmamaq. Ya çox yazmaq lazımdır, ya da yazmamaq.

Cavid də haqqında gözəl və çox danışmalı, yaxşı və çox yazılmalı zirvə sənətkarlardandır.

Və indi mən 15-20 dəqiqəlik bir kiçik vaxt pəncərəsindən baxaraq tanıyanlar bir az da yaxın olsunlar, tanımayanlar bu nadir istedadı olduğu kimi görə bilsinlər deyə Cavidi yalnız bir görüm bucağından seyr edəcək, onun gəlişləri, gedişləri və dönüşlərindən bəhs edəcək, həmin müstəvidə Cavidin tarixdə və düşüncələrdə hansı izləri və ibrətlərinin qalmasının hekayətini edəcəyəm.

Cavidin, daha dəqiqi, hələ "Cavid" deyil, "Gülçin", "Arif", "Salik" olan Hüseyn Rasizadənin ədəbi-mədəni mühitə gəlişi yeni əsrin - XX yüzilin gəlişiylə üst-üstə düşür. Bu təzə əsr yalnız təqvim hadisəsi deyildi. Onu sadəcə olaraq bir yüzilin bitib yeni bir yüzilin başlanması saymaq düz olmazdı. Büsbütün yeni bir zaman başlanırdı, dövr inqilablara hamilə idi. Həm də yalnız ictimai-siyasi mənada, xalqın etirazçı hərəkatının ifadəsi olan inqilaba deyil, dövr həyatın ən müxtəlif sahələrindəki inqilab adlana biləcək qədər coşqulu yeniləşməni istəyirdi.

Cavid və Cavid kimi çox-çox gəncləri zaman umurdu və onlar yaradıcılıq səhnəsinə vaxtın hökmüylə gəlirdilər.

Yeni yüzil başlanırdı, gənc Cavidin ilk yazıları o dövrün əsas qəzetləri olan "Şərq-i Rus"da, "Həqiqət"də, "İqbal"da yer alırdı və həmin yazıların əsas mövzusu məktəb, elm, oxumağa, öyrənməyə çağırış idi. Dövr ona və onun kimi düşünən cavanlara özlərinin də məktəb olmasını həvalə edirdi.

Ona görə də bu gəncə ata-baba yurdu Naxçıvan dar gəlirdi, ona yeni üfüqlər lazım idi. Oxumaq, daha çox biliklər qazanmaq, yeni dövrün çağırışlarına cavab verməyə hazır olmaq istəkləri Hüseyn Rasizadəni İrana apardı, orada əvvəldən də bildiyi farscasını mükəmməlləşdirdi, zəngin bir ədəbiyyat dünyasına daxil oldu.

Lap az sonra - 1906-cı ilin aprelində isə "Paqi" adlı fransız vaporu onu İstanbula gətirirdi. Bunu xüsusi vurğulamağım səbəbsiz deyil. Çünki bir rəmz kimi idi. Bu gənc İstanbula yalnız bir türk yurduna gedən kimi gəlmirdi. Bu gəliş həm də onunçün Qərbə, Avropaya açılan pəncərə, daha artıq çağdaşlaşmaq fürsəti idi. Bura gələnəcən ana dilindən savayı, farscanı, ərəbcəni bilirdi. Gəlişindən az sonra - 1906-cı ilin oktyabrında Naxçıvana o çağın tanınmış ziyalısı Qurbanəli Şərifzadəyə məktubunda xəbər verirdi ki, İstanbul Universitetində gündə 1 saat fransızca dərs almaqdan əlavə, gündə 3 saat da qonşusu Şeyx əfəndidən 3 saat fransızca öyrənir, həmçinin, osmanlıcasını təkmilləşdirir.

(Yeni dövrün, müasir mədəni aləmlə yaxınlaşmanın həm də onların dillərini yaxşı bilməkdən keçdiyini daim düşündüyündən bu zərurətlə bağlı fikirləri məktublarında vaxtaşırı təkrarlanır: 1909-cu ilin iyununda yazırdı: "Əgərçi ingiliscə, almanca, fransızca lisanlardan birini layiqincə öyrənmək vacibdir.

Şimdi bən düşünüyorum ki, əgər bir əcnəbi lisanı o millətin kəndisi kibi, yəni layiqiylə bilmək arzu etsəm, laəqəlli üç sənə heç bir şeyə baxmadan onunla uğraşmalıyım.

...Şimdi bənim son nöqte-yi nəzərim rusca qayət mükəmməl bilmək və ən birinci düşüncəm də budur).

Sonra Bakıya gələcək, əvvəllər də müəyyən qədər bildiyi ruscası kamilləşəcək. Çox dilləri bilməsi onun daha çox kitablara doğru yolunu açır. Allah ona fitrətdən parlaq şairlik istedadı vermişdi, ilk gəncliyindən ona fəlsəfi düşüncə tərzi xas idi. Lakin dərin və əhatəli biliklərsiz istedadın yüksək uçuşlar üçün qanadları olmur. Ona görə də acgözlüklə oxuyurdu, öyrənirdi. Yeniyetməliyindən gözləri zəif idi. İstanbulda Ziya əfəndi adlı, Almaniyada "ən birinci imtiyaz ilə" ali tibb təhsili alıb gəlmiş həkim onun gözlərini müalicə edir, ona xüsusi gözlük yazır və Cavid özünü yenə Naxçıvana göndərdiyi məktubda bu təbiblə görüşdən sonra çox xoşbəxt sayır. Və səadətə qovuşmasını bununla izah edir ki, "gecə-gündüz təhsil-i elmə lap eyicə davam edə bilir".

Ömrünün axırınadək adı dilindən düşməyən, öz ailəsi arasında da daim məhəbbətlə andığı, İstanbul Universitetindəki ustadı Rza Tofiqdən başlamış oçağkı üstün ədəbiyyat və ziyalılıq mühitinin çox seçkin insanları ilə yaxınlığı, məhrəm təmasları, əlaqələri, dostluğu yaranır. Oxuduqları, öyrəndikləri öz yerində, bunlar da Cavid üçün daha bir məktəbə çevrilir.

Həyatının İstanbul illərində onun tanış olduğu daha bir söz xiridarı vardı ki, sonralar məhz həmin ünsiyyətlər Cavidin ən məşhur əsərlərindən birinin - "Xəyyam" pyesinin yaranmasına təkan verir. Hüseyn Daneş İstanbulda yaşasa da, əslən Azərbaycan türkü idi və o, çox sonralar - 1927-ci ildə Şərqin dahi riyaziyyatçısı, filosofu və şairi Ömər Xəyyamın "Rübaiyyat"ının ən mötəbər nəşrlərindən birini hazırlayacaq və uzun illərin axtarışlarının bəhrəsi kimi yaranmış bu kitabın ilk nüsxələrindən birini Cavidə hədiyyə də göndərəcək. O topludakı rübailərin arsında hikmət dolu belə bir dördlük də vardı:

 

Anan ke mohit-e fəzl o adab şodənd,

Dər cəm-e kəmal şəm-e əshab şodənd.

Rəh zin şəb-e tarik nəbordənd borun,

Qoftənd fəsane-yi vo dər xab şodənd.

 

Və Cavid həmin dördlüyü elə şeirin əslinə yaraşan siqlətdə belə tərcümə etmişdi:

 

Fəzli, ürfanı tanınmış neçə dahi başlar

Ürəfa bəzminə fanus olaraq parladılar.

Birər əfsanə deyib getdilər, əfsus, əfsus,

Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar.

 

Türk dünyasının XX yüzildə yetirdiyi ən üstün ədəbiyyat və dil alimlərindən olan professor Bəkir Çobanzadə yazırdı ki, bu "qaranlıq gecə" dedikləri Şərqin irəliləyişlərinə əngəl olan geriçi düşüncəli mühit idi. Və Cavid kimi işıqlar məhz qaranlıqları yarmaq üçün gəlmişdi. İstanbuldakı təhsil illəri onun fitrətdən işıqlı olan varlığının ziyasını daha da artırdı.

İstanbula gəlirkən onun ürəkdən istədiyi bir başqa cəhət azad ifadə imkanı və meydanı idi. Bunu həm tapır, həm tapmır. Elə təzə gəldiyi çağlarda şikayətlənirdi ki, "İstanbulda çox böyük qiraətxanə və kitabxanələr var, amma layiqlərincə kitabları və qəzetləri yoxdur. Çünki hər eyi mündəricat və mətbuat yasaqdır. Böylə anlaşılır ki, dörd-beş sənə bundan əqdəm (yəni 1901-1902-ci illərdə - R.H.) Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıxı tutulmazmış, ələlxüsus Kütübxane-yi Ümumi-yi Osmaninin bir tərəfində yeddi-səkkiz sandığa kibi kitab vardır ki, beş sənə bundan əvvəl yasaq və məmnu deyilmiş, amma şimdi yasaq olmuş".

O ədəbi tərbiyə və zövq dərsləri ki İstanbulda almışdı, o mühit ki Cavidi   Anadoluda yetişdirirdi, təsiri onunla həmişəlik qaldı.

Yazısının üslubundan, deyiş tərzindən tutmuş geyim-keçiminədək hər məqamda bu cazibə duyulurdu.

Ancaq illər keçəcək, Cavidi seçdirən, çəkici edən bu əlamətlərin hamısı dönəcək onun əleyhinə. Onu inadla bu məziyyətlərindən arıtlanmağa dəvət edəcəklər, tabe olmayanda, dirəniş göstərəndə ona "Turançı", "ifrat türkçü" yarlığı yapışdırıb sovetin düşmənləri sırasına qatacaqlar.

1920-ci illərin əvvəllərində Cavid artıq içəridən yetişmiş və cəmiyyətə sözü olan bir ədib kimi söz meydanına gələndə qarşısında bir ciddi məfkurə çəpəri vardı.

Azərbaycanın müstəqilliyi süquta uğramışdı, Azərbaycan Xalq Cümhuriyyəti 2 yaşına çatmadan devrilmiş, sovetlər hakimiyyətə gəlmişdi və onların ədəbiyyatdan istəkləri büsbütün başqa idi.

Kommunist təfəkkürlü çılğın gənc ədiblər Cavidə yazısının tərzinə, düşüncələrinin istiqamətinə, hətta mövzularına görə keçmişin qalığı kimi baxır, onunla aralarında o qədər də çox yaş fərqi olmasa belə, Cavidi qoca sayırdılar.

Cavidsə gəncliyə münasibətdə də, müxalif fikrə baxışlarında da bu barışmaz, mövqeyinə uyğun gəlməyəni dərhal düşmən elan edən kommunist gənclikdən müqayisəedilməz dərəcədə ədalətli, dözümlü, demokratik idi. Və qənaətini də açıqca bəyan edirdi:

 

Söz yox ki, bu gün gəncliyə baxsan,

Bir sel kibi hər an

Sağlam, yeni məfkurələr izlər.

Bizlər?

Bizlərdəki adət də təbii,

Bunlarca sönük, yıpramış, əski.

Bilməm ki, bu yorğun yürüyüşlə

Gənclik niçin uysun bizə, söylə!

Bizlər yeniləşsək belə, daim

Bir əskilik az-çox bizə hakim.

Ən doğru yol iştə,

Heç olmayalım onlara əngəl bu gedişdə.

 

Cavid "mən sizi qəbul edirəm, gələcəyinizə də inanıram" söyləyirdi, ancaq "məni də elə bu cür, olduğum kimi qəbul edin" deyirdi.

Lakin yeni rejim onlar kimi olmayanı, eynən onların dediyini deməyəni onların qatarının sərnişini saymırdı.

Cavid tutduğu xəttin, getdiyi yolun onun başına bəlalar gətirə biləcəyini də təsəvvür edirdi. Sadəcə təsəvvür də etmirdi. İllər öncə yazdıqlarının sonradan gerçəklərə çevrilməsi də təsdiqləyir ki, bütün bunları hansı ilahi fəhmləsə öncədən sezibmiş, bilirmiş.

Və o:

 

Mən təzad elçisiyəm, hər qayğı

Mənə saçmaqda səadət işığı! -

 

söyləyərək mübarizələrə, hər əziyyətə hazır olduğunu da bəyan edirdi.

Görməli olduğu işlərin də sadəcə arzusu, qəlbinin istəyi deyil, vəzifəsi olduğunu da açıq bildirirdi: "Bənim bu, iştə vəzifəmdi. Əlvida! Getdim".

İxtiyar bir insanın həyatdan ayrılarkən söylədiyi kimi görünən bu sətirləri Cavid təqribən 30 yaşlarında yazıb və yolun mübarizəli hissələrinin çoxu irəlidə idi.

Cavid 1920-ci illərdə Azərbaycan dramaturgiyasına gəldi. Tam yeni dalğa gətirdi. Azərbaycan poetik teatrının banisinə çevrildi. Böyük bir aktyor, onların da vasitəsilə tamaşaçı nəsli həmin əsərlərdən tərbiyə aldı, zövq mənimsədi.

Birinci Dünya müharibəsinin ən şiddətli dönəmində Cavid "İblis" faciəsini yazdı və böyük şəri heç də həmişə mücərrəd uzaqlarda aramamağa səslədi, bütün xəyanətlərə bais olan insanın elə ən müdhiş iblis olduğunu anlatdı.

Sağlığında, sovet dönəmində nəşr edilməsi mümkünsüz, hətta kimsəylə bölüşülməsi, paylaşılması da müşkül və təhlükəli olan bəzi şeirləşmiş düşüncələrini mən şairdən yadigar qalmış cib dəftərlərində 1980-ci illərdə tapdım və bu parçalar üzə çıxınca hər kəs gördü ki, sovetlərin ən amansız çağlarında da şair susmurmuş, barışa bilmədiyi gerçəkliyi, vətəndaşı olmaq məcburiyyətində qaldığı cəmiyyəti və quruluşu ifşa edən sətirləri də qələmə alırmış.

Elə həmin səbəbdən də 1937-ci ildə tüğyana başlayan sovet siyasi repressiyalarının ilk qurbanlarından birinin məhz Hüseyn Cavid olması gözlənilməz deyildi.

Cavid getdi. Bu gediş "Peyğəmbər" şairinə qarşı böyük şərin, iblisliyin törətdiyi qəsd idi. Həm də məqsədləri bu gedişi əbədiləşdirmək, qayıdışsız etmək idi. Hər yerdən adını sildilər, kitabxanalardan əsərlərini yığıb məhv etdilər, pyeslərini səhnələrdən yox etdilər. Vurduqları damğanı da öz adları ilə bağlamadılar. Riyakar ideologiya guya bütün bunları xalq naminə həyata keçirdiyini elan etdi. Cavidə və Cavidin eyni irticaya məruz qalmış qələm və məslək qardaşlarına "xalq düşməni" adı verdilər.

Ancaq bir işıq kimi gəlmiş, zülmətin gedişinə bais olduğu Cavidin möhtəşəm dönüşləri də onun alın yazısında imiş.

Gün yetişdi və yasaq əsərləri bir-bir geri döndü, yenə insanlarınkı oldu.

Gün yetişdi, illərcə səhnəyə həsrət qalmış pyesləri yenidən oynanmağa başladı, yenə XX əsrin əvvəllərində olduğu kimi, sadəcə zövq vermədi, ruh oxşamadı, başladı elə əvvəlki kimi Cavid teatrının gözəllik qanunlarıyla yeni aktyorlar nəslini yetişdirməyə.

Cavid yenə məktəblərə qayıtdı, yenə dərsliklərə dönüş etdi. Əvvəlkindən də artıq öyrənilib sevilməyə başladı.

Gün yetişdi, Vətəndən uzaqlarda, Sibir buzlaqlarına gömülmüş cəsədi də 59 illik ömür sürmüş şairin 100 yaşının tamamında Azərbaycana geri döndü. Əvvəlcə 1937-ci ilin 4 iyun gecəsində ayrıldığı Bakıdakı evinə qayıtdı. Sonrakı dönüşü isə uşaqlığının, ilk gəncliyinin keçdiyi doğma Naxçıvanına idi.

Elə bugünkü gün də Cavidin növbəti dönüşüdür.

1906-cı ilin payızında gəldiyi İstanbul Universitetinə 2022-ci ilin payızında, ilk gəlişindən 116 il sonrakı və yəqin ki, hələ bundan sonra dəfələrlə təkrarı olacaq dönüşü.

Əslində Cavidin ən uzaq sabahları irəlicədən görməyə qadir gözləri bir zamanlar hətta xəyal olaraq təsəvvür edilə bilinməyəcək bu tarixi dönüşü də öncədən görmüşdü. Bunu öncədən bilməsəydi, görməsəydi, indiki günlərdən çox-çox əvvəl - hələ 1912-ci ildə belə yaza bilərdimi?! Bütöv həyatının yol xəritəsi sayıla biləcək bu şeirdə Cavidin yaşadığı enişli-yoxuşlu ömrünün də, yaşamından sonrakı varlığının da bütün gəlişləri, gedişləri, dönüşləri heyrətli dəqiqliklə əksini tapıb:

 

Sən nəsin? Kimsin? Deyən ariflərə.

 

Bu, uşaqlığıdır:

 

İştə bir məsum idim azadəsər,

Uçmaq istərdim müzəffər, nəşəvər.

Anbaan bulduqca həp nəşv ü nüma,

Ruhumu qaplardı bitməz bir səfa.

 

Naxçıvan mühitini tərk etmək, gəzmək, görmək, oxumaq istəyi düşüb qəlbinə:

 

Qayğı bilməz bir cocuqkən nagəhan

Fikrimi cəzb etdi digər bir cihan.

Kəsb-i irfan etməyə əzm eylədim,

Elmə qoşdum, hər nə duydum, bəllədim.

Ruh-i məsumanəm olmuş dərbədər,

Fəzl üçün hər ləhzə yüksəlmək dilər.

 

İrana gedib, sonra ardınca İstanbula gəlib. Doymadan oxuyur, öyrənir, görkəmli ədiblər, müəllimlərlə görüşür, valeh olur:

 

Məlcəim olduqca məktəb, mədrəsə,

Qəlbimə gəlməzdi heç bir vəsvəsə.

Fəzl ü irfan əhlinə heyran idim,

Elm için başdan keçər insan idim.

Elmə vermişdim könül arifmisal,

Bilmiyordum başqa aləm, başqa hal...

Vardı tək bir həmdəmim: fəzl ü kamal,

Vardı tək bir munisim: ərbab-i hal.

 

Və yetişmiş qələmi ilə gəlir böyük ədəbiyyata. Bir yenilikçi, dünənədək gördüklərini indi fərqli görən bir yaradıcı kimi gəlir Azərbaycan ədəbiyyatının ağuşuna:

 

Bildiyim hər bir həqiqət əskidi,

Başladım təmyizə hər nik ü bədi.

Gördüyüm hər şeydə bir məna arar,

İctihad etmək dilərdim biqərar.

Artıyorkən iztirabım anbaan,

Xeyli daldım... bir də baqdım nagəhan

Əski bütlər qalmamış, həp qırmışım,

Uçmuş əqlim, büsbütün çıldırmışım.

 

Bəlli qəliblərdən qurtulan, özü yeni bir məktəb yaradan Cavidi isə gəldiyi yeni mühit, azappçılar - proletar əqidəli, maşınlaşmış kommunist təfəkkürlü qələm yiyələri süngüylə qarşılayırlar. 1920-ci illər bitir, 1930-cu illərdir. Sovet cəmiyyətinin Lenini, Stalini bütləşdirdiyi əyyamlardır. Bunları 20-30 il öncədən görən belə acı aqibətə Cavid kədərlənir:

 

Çoq zaman məğlub olub bir heyvana,

Tanrı zənn etmiş, tapınmışlar ona.

Kəşf edib yoqluqda bir mevcud-i haq,

Birdir, elan etdilər, məbud-i haq.

Hökm edər, söylər, onun ilhaminə,

Vaqif olmaz aciz insanlar... yenə.

Duysa bir şey, həp o dahilər duyar,

Sonra onlar xəlqi eylər hissədar.

Çünki onlar pək yaxın ülviyyətə,

Həm də pək layiq xitab-i qüdrətə.

Anlamaz, kor xalqı qandırmış bütün,

Hər nə qusmuş, həp inandırmış bütün.

 

1937-ci il gəlir. İrtica dövrü, şübhənin cəmiyyətə hakim kəsildiyi mənhus dövr başlanır. Cavid bunları da onillər qabaq görür və inanır ki, bu dalğa da keçib gedəcək:

 

Hər kəs uymuş kəndi sərsəm fikrinə,

Düşmən olmuş çoqlar öz həmfikrinə.

Həp qırın, həp çeynəyin, həp məhv edin,

Hiç zərər yoq, bir müvəqqət səhv edin.

Bir də aldanmazsınız hər kahinə,

Fikri çaldırmazsınız hər xainə.

Ən nihayət hər həqiqət bəllənir,

Haq nədir? Nəymiş? Nihayət bəllənir.

 

Özünə qarşı olan bütün rəzil, əzazil həmlələri də bir kino ekranından seyr edirmiş ki, gedişinin xronikasını da qabaqcadan görüb yazır:

 

Ərz-i didar etsə sizlərdən biri,

Göstərib heyrətdə bir çoq sərsəri,

Xalqa söylərlər: "Qaçın bundan, aman!

Şarlatandır, şarlatandır, şarlatan!

Sözləri həp saçma... yoq məna, filan,

Həp yalandır, həp yalandır, həp yalan.

 

Cavid bu sətirləri yazanda 1912-ci ildir. 1937-ci ilin iyununda həbsindən bir neçə gün sonra isə "Ədəbiyyat qəzeti" onun haqqında belə yazacaq:

 

Millətçilər adına dedi: "Böyük sənətkar",

Gəlin düz araşdıraq, sənin sənətinmi var?!

 

Və bir daha öncəgörümə təəccüblənin: həmin şeirdə Cavidin 25 il əvvəl xəbər verdiyi əhvalat sanki sözbəsöz təkrarlanır:

 

Sən ey böyük günlərin adına böhtan atan,

Vətəninə, xalqına xain çıxan şarlatan!

O murdar arzuların torpaqlara gömüldü,

Sənin yaratdıqların özündən əvvəl öldü.

 

Ancaq özünün bütün gəliş və gedişlərini irəlicədən görən Cavid labüd dönüşlərindən də öncədən agah idi:

 

Başlayıb artıq münəvvər bir həyat,

Məhv olur həp əski, ölgün kainat.

Siz də bir məcnun olub ağlarsınız,

Bən nəyim? Yaxud kimim? - Anlarsınız.

Ruha artıq başqa ülviyyət gəlir,

Aləm-i lahuta qalqar, yüksəlir.

Yüksəlir, əngin fəzalardan aşar,

Ərş-i istiğnada bipərva yaşar.

Təşne-yi irfan ikən dərya bulur,

Mevt ararkən zinde-yi cavid olur.

 

Qələmi ilə təkrarsız talelər cızmış, özünün də irəlicədən cızılmış taleyini - bütün gəlişləri, gedişləri və dönüşlərini  öncədən bilərək bunu könüllü qəbul etmiş, bəlalara sinə gərərək onlardan qaçmamış, gözəlliklər doğurmaqdan usanmamış bir varlıqda, heç şübhəsiz, peyğəmbər şəfqəti parlamaqdadır.

Biz bunu duyuruqsa, özü də sezməmiş deyildi və o səbəbdən yazmışdı:

 

Peyğəmbər idim, ümmətim olsa!

 

Böyük adına və ruhuna salam olsun!

 

Rafael HÜSEYNOV, akademik 

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook