RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Snayperin açılmayan gülləsi Apr 13, 2023 | 19:42 / Mətbuatda çıxışlar

O gündən bu gün görünmürdü. Bu gündən o günə baxaraq danışmaq nə asan!

O burulğanlı günlərin içində yaşamaq, haçansa gələcək xoşbəxt, uğurlu, qalibiyyətli günlərin mütləq bir gün yetişəcəyinə ümid bəsləmək, inanmaq çətindən-çətin idi.

Qat-qat çətin olansa, hər çiyinin daşıya bilməyəcəyi ağır yüksə bu idi ki, o, başqaları kimi sadəcə arzulaya, ümid edə bilməzdi.

Onun özü ümid yeri idi.

Arzulanan, ümid bəslənən günləri gətirmək onun qismətində idi.

Onu Tale və Tarix bu ali vəzifəni yerinə yetirməkçün seçmişdi.

...Bu cinayət işi 1993-cü il oktyabrın 1-də açılıb.

4 ay idi ki, Heydər Əliyev təzədən Bakıya qayıtmışdı. Hələ ki Naxçıvandan paytaxta bu gəlişin əsl böyük qayıdış olacağını, Azərbaycanın taleyində hansı həlledici rol oynayacağını kimsə bilə bilməzdi. Hər halda ən azı çoxluq təşkil edən 2 təbəqə vardı ki, onların bu qayıdışa baxışları fərqli idi. Son illərin cəmiyyət çalxantılarından, üzücü namüəyyənlikdən, getdikcə bütün bəd təzahürləriylə gah ordan, gah burdan pırtlayıb çıxan dərəbəylikdən, güzəran sıxıntılarından bezmiş sadə insanlar ümidlə baxırdılar ki, etsə-etsə, yaxşılığa doğru nələrisə tək o edə bilər. Digər tərəf isə yaşlı, onların nəzərincə, xəstə, üzgün liderin daha əvvəlki təpərdə olmaması, nəyisə köklü şəkildə dəyişə biləcəyinə az inansalar da, hər halda tərəddüd içərisindəydilər, daxillərində gizli bir qorxu da vardı ki, usta adamdır, birdən ayaq üstə tam qalxdı, oldu külli-ixtiyar sahibi, onda bizə divan tutar, tərpənmək, nəsə etmək lazımdır.

Bu cinayət işi təxirə salmadan - elə ağır cinayətin törədilməsinə cəhd edilən gün açılmışdı.

Hadisə baş vermişdi sentyabrın 30-dan oktyabrın 1-nə keçən gecə, saat o 2:30-da.

(Və həmin gün də səbəbsiz seçilməyibmiş. Düz 2 gün sonra - oktyabrın 3-də Azərbaycanda Prezident seçkiləri idi. Təsəvvür edirsinizmi, əgər belə bir məsul, taleyüklü gün ərəfəsində o cür dəhşətli hadisə baş versəydi, nə qatışıqlıqlar düşə bilərdi? Bu cinayət işinin 3 qalın cildə sığan materiallarını oxumuşam. Bir şübhə məni heç tərk etmir ki, bu cildlərdə görünməyən bir qat hər halda var. Bu işdə adı keçənlər aysberqin üst tərəfidir. Xüsusən, məhz belə bir günün seçilməsi məndə o gümanı qüvvətləndirir ki, bu  hadisənin pərdə arxasında görünməyən dirijoru, ayrıca Xüsusi Xidmət də mütləq olub).

 Teleradio şirkətini mühafizə edən polis işçiləri idarənin həyətində, yuxarı hissədəki arxa qapıdan idarənin qarajının yerləşdiyi əraziyə daxil olmuş, gendən şübhəli görünən bir nəfəri saxlamışdılar və üstü silah-sursatlı bu adamın xarici vətəndaş olduğunu müəyyənləşdirmişdilər.

O vaxtlar şirkətin ərazisinin o hissəsi adətən, zülmətə qərq olardı və giriş-çıxış üçün də həmin darvazadan bir qayda olaraq işə maşınla gedib-gələn əməkdaşlar istifadə edərdilər. Odur ki, bu tutulan adamın şirkətin ərazisinə məhz həmin dalda yerdən, hasarı aşaraq daxil olması təəccüblü deyildi. Təəccüblü olan bu idi ki, üstündə əməlli-başlı bir cəbbəxana daşıyan bu şəxs təkbaşına burada nə etmək fikrindəymiş.

O, bir snayper tüfəngi və həmin silah üçün 10 patron, bir Makarov tapançası və 16 əlavə güllə, bir ədəd qumbara ilə yaraqlanmışdı.

Pasportuna baxınca onun Türkiyə vətəndaşı Həsən Toku olduğu müəyyənləşmiş və elə ilk dindirmədəcə ələ keçirilmiş bu şəxs etiraf etmişdi ki, tək deyil, 5 yoldaşı da var, məqsədləri də Ali Sovetin sədri Heydər Əliyevə qarşı sui-qəsdmiş. İstəyirmiş ki, şirkətin ərazisində münasib mövqe tutsun və Heydər Əliyev Ali Sovetin binasından çıxarkən dəqiq nişan alaraq atəş açsın.

Səhərin açılmasını gözləmədən elə gecəylə Daxili İşlər Nazirliyi İstintaq idarəsinin müstəntiqi, polis mayoru Çingiz Əmirov bu ağır cinayəti törətməyə cəhd etmiş Həsən Tokunu dindirməyə başlamışdı. Çingiz məşhur detektiv yazar, "Sahil əməliyyatı", "Brilyant məsələsi", "Qara "Volqa" kimi zamanında əl-əl gəzmiş kitabların müəllifi Cəmşid Əmirovun oğlu idi və onun da oğluna mən Xəzər Universitetində dərs demişdim, bu cinayətin bir çox təfərrüatları barədə mənə 1990-cı illərdə danışmışdı. Deyirdi ki, işdən evə təzəcə gəlmişdim, heç paltarımı dəyişməyə macal tapmamışdım. Nazirlikdən zəng vurdular ki, təcili gəl, mühüm məsələ var və həmin gecəni oyaq keçirdim.

1969-cu il təvəllüdlü Həsən Toku Ərzurumdan idi. Tələbə idi. Ərzurum Atatürk Universitetinin Fizika fakültəsinin 4-cü kursunda oxuyurdu. Deyirdi ki, Ərzurumda "Boz qurd" cəmiyyətinin bir qolu olan "Ülkü ocaqları" təşkilatının üzvüdür (Cinayət işində bu təşkilat birmənalı olaraq terrorçu qurum kimi təqdim edilir).

Azərbaycana necə gəlib çatmasının tarixçəsini nəql eləyirdi.

Sən demə, 1992-ci ildə Ərzurum Universitetinin dəvəti ilə Naxçıvan Universitetinin bir qrup tələbəsi Türkiyəyə gəlibmiş. Həsən həmin gələnlərdən biri - Naxçıvan Universitetində müəllim işləyən Aydın Qasımovla tanış olur.

Ünvanlaşırlar, şərtləşirlər ki, gələcəkdə o, yolu Türkiyəyə düşəndə buna, bu, yolu Naxçıvana düşəndə ona xəbər etsin.

Və həmin görüşdən çox ötmür ki, 1993-cü il avqustun 11-də Həsən Toku avtobusla Ərzurumdan Naxçıvana səfər edir. Bilirmiş ki, ötən il tanış olduğu Aydının evində telefon yoxdur. Ona görə də Aydını Naxçıvanda yaşayan, Türkiyəyə vaxtaşırı alver üçün səfər edən köhnə tanışı Oqtay Daşoğuzun vasitəsilə tapmağa cəhd edir. Oqtay onu aparır Aydıngilə və Həsən gecəni əvvəlcə yerləşmək istədiyi mehmanxanada yox, orada qonaq qalır. Ertəsi gün birlikdə şəhərə çıxırlar, günorta yeməkxanada nahar edirlər və onlara təzə tanışlar qoşulur.

Yeyib-içdikləri vaxt Həsən deyir ki, bəs mən ov həvəskarıyam, Ərzurumda tay-tuşlarla hərdən ova gedirik, sərrast da atıcıyam.

Həsənin yeni tanış olduğu Sahib də, Fazil də, elə Aydının özü də Cəbhəçiydilər və tarixdən, ədəbiyyatdan nə qədər danışsalar, elə sadəcə nə qədər Allah-bəndə  söhbəti etsələr də, hər dəfə mətləb gəlib çıxırdı siyasət üstünə, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olub-olmaması, bunun nə qədər ziyanlı, nə qədər xatasız ola biləcəyi ətrafında fikir bölüşürmüşlər.

Növbəti görüşlərini təyin edirlər Qızlar bulağı adlanan səmtdə, Heydər Əliyevin hələ sovet dövründə, ikinci Sosialist Əməyi Qəhrəmanının "Qızıl Ulduz"unu aldığı vaxtda ucaldılmış büstünün həndəvərindəki çayxanada.

Arada Sahib əyilib Həsənin qulağına pıçıldayır ki, əgər Azərbaycan MDB-yə girməyə qərar versə, bu, heç yaxşı olmayacaq. Nəyin bahasına olur-olsun bunun qarşısını almaq lazımdır.

- Neyləmək olar ki?

- Bir yekə adamı aradan götürməklə buna əncam çəkmək olar.

Həsən müstəntiqə deyir ki, Sahib "yekə adam" söyləyəndə elə bildim Surət Hüseynovu nəzərdə tutur.

Ancaq Sahib dəqiqləşdirir ki, yox, bu şəxs Azərbaycan Ali Sovetinin Sədri Heydər Əliyevdir.

Həsən maraqlanır ki, yaxşı, bəs siz özünüz bunu etməyə cəhd göstəribsinizmi?

Səfər cavab verir ki, Bakıda bunu etmək üçün bir neçə dəfə yollar axtarmışıq, ancaq səmərəsiz olub.

Bu yerdə, Heydər Əliyevə qarşı sui-qəsddə ittiham edilən "Həsən Toku və qeyrilərinin işi"ndən bir anlıq ayrılaraq onu da düşünürəm ki, gör o böyük şəxsiyyətin qayıdış yolu nə qədər təhlükələrlə dolu imiş.

Demək, hələ bu dəstənin öz etirafına görə, başqa təşəbbüslər də olubmuş.

Hələ nə qədər başqa tanımadıqlarımızın neçə qara niyyəti ola bilərdi!

Həsən Toku məsələsi həmin sui-qəsd yetərincə ağıllı və incə işlənmədiyindən təsadüfən üstü açılmış bir cinayətdir.

Əslində Teleşirkət, Ali Sovet tərəflərdə 1990-cı illərin əvvəllərindəki ucqarlığı, xəlvətliyi, polis işçiləri çox olsa da, mühafizə şəbəkəsinin heç də ən yaxşı səviyyədə qurulmadığını nəzərə alsaq, yüksək peşəkarlıqla tədbir tökülərsə, hər cür qanlı terror törətməyə əlverişli imkan vardı.

Təsadüflər də kömək edirmiş, Allah Özü də Heydər Əliyevi qoruyurmuş...

Həsən Tokudan soruşurlar ki, sən bu işdə bizimlə ola bilərsənmi?

Həsən razılığını da verir, hansı silah-sursat lazım olması barədə kiçik bir siyahı da tərtib edir.

Ertəsi gün Həsəni təzə dostları aparırlar şəhərdən kənarda, yaşayışın olmadığı ucqar bir yerdəki köhnə kazarmaya. Özləri ilə götürdükləri snayper tüfəngini verirlər Həsən Tokuya ki, burada məşq eləsin, nişangahlara atəş açsın.

Elə birinci dindirməsində Həsən Tokunun ona ilk dəfə verilən snayper tüfənginə səsboğucu taxmaq olmasa da, onun özünün silaha əl gəzdirib səsini azaltmaq üçün bir üsul tapması pıçıldayır ki, bu adam elə yoldankeçən deyilmiş, qənaətbəxş peşəkarlığı varmış.

7-8 güllə atır, baxırlar ki, hədəfi dübbədüz nişan alıb vurmağı bacarır.

Qət edirlər ki, çox gözləməyin adı yoxdur. Ertəsi gün gecə - sentyabrın 8-dən 9-una keçəndə təyyarə ilə Naxçıvandan Bakıya uçurlar.

Bakıda ilk işlərindən biri bu olur ki, Ali Sovet tərəfi, Prezident iqamətgahının ətraflarını gəzib dolaşırlar, məkanı öyrənirlər. Maşınla gəzirlər, piyada var-gəl edirlər.

Dəstənin Həsən Tokuya bildirdiyi ilk plan bu imiş ki, Heydər Əliyevi maşında, qumbaraatanla vursunlar. Bunu da belə düşünürmüşlər ki, Heydər Əliyev maşınla Ali Sovetin binasından çıxanda "Moskva" hotelinin yanından, Mehdi Hüseyn küçəsi ilə aşağı enəcək. Teleteatrın binasının yanında, işıqforda sağa dönəndə maşın sürəti azaldır. Plana görə, bu zaman qarşıdakı ağaclıqda gizlənən snayper qumbaraatandan atəş açmalıymış. Qumbaraatanı da ona görə nəzərdə tutublarmış ki, Ali Sovet Sədrini gəzdirən maşının zirehli olduğunu bilirlərmiş.

Ancaq Həsən Toku bu variantla razılaşmır ki, birinci, bu halda dərhal ələ keçmək mümkündür. Digər tərəfdən də, o əsnada günahsız adamlara da ziyan dəyə bilər. Daha münasib nöqtə seçmək lazımdır.

Məkanı araşdırandan sonra silahları gətirməkçün yenidən Naxçıvana qayıdırlar.

Bir neçə gün orada qalandan sonra sentyabrın 13-də yenidən, artıq məqsədi həyata keçirməkçün Bakıdaydılar.

Maraqlısı budur ki, 2 xalçanın arasında 1 snayper tüfəngi, 1 avtomat, 1 tapança, 3 əl qumbarasını təyyarə ilə gətirirlər, nə Naxçıvanda, nə Bakıda hava limanında onların baqajını yoxlayan olmur.

Bu, sadəcə nəzarətsizlik məsələsi deyil. Bu ona işarə edir ki, cinayətin qol-budağı əslində daha genişmiş və istənilən ən ağır cinayəti törətməkçün o dövrdə respublikada necə "münbit" şərait varmış.

Sui-qəsdi yerinə yetirməkçün məkan seçimində çox çək-çevirdən sonra Teleradio şirkətinin üzərində dayanırlar. 10-15 gün gündüz, axşam, gecə bu tərəflərə gələrək şəraiti xırdalıqlarınadək öyrənməyə başlayırlar.

Artıq ələ keçmiş Həsən Toku planın gedişini belə açıqlayırdı: "Dönə-dönə müşahidədən sonra məlum oldu ki, Heydər Əliyevin işdən gedəndə çıxdığı qapı Teleşirkətin həyətindəki birmərtəbəli yarımçıq tikilinin üstündən nişangaha yaxşı gəlir. Bunun da bir əmması vardı ki, bədən nişangaha rahat gəlsə də, baş, sən deyən, aydın görünmürdü. Ona görə də qərara almışdım ki, bir yox, bir neçə atəş açım. Sui-qəsd baş tutsa, ya alınmasa, geriyə qaçmaq üçün eyni planı hazırlamışdıq. Mən hasardan tullanıb Əbilin 300-400 metr aralıda saxladığı maşına oturmalı idim. Mən, Fazil, Bayram, Əbil 200-300 metr gedəndən sonra silahı atmalıydıq. Fazillə Bayram maşından düşüb aralanmalı, mən isə Əbil ilə şəhəri bir müddət gəzib-dolaşandan sonra Nərimangilə getməliydik".

Sentyabrın 29-da gec yatırlar, son dəfə bütün detalları müzakirə edirlər. Ertəsi gün yuxudan da gec dururlar.

Silahları təmizləyib qaydaya salırlar.

Bəxtləri gətirir - evdən çıxanda lift işləməsə də, mərtəbələri enib maşına minənəcən qonşulardan kimsə qarşılarına çıxmır.

Həsən Toku irəlicədən cızdıqları əməliyyat layihəsinə uyğun olaraq gecə saat 1-i keçəndə səssizcə divarı aşaraq Teleşirkətin ərazisinə daxil olur.

Əbil maşınla çöldə - 300-400 metr aralıda gözləməliymiş. Fazilsə keşikdə dayanmalıymış ki, Həsən Toku Heydər Əliyevi vurandan sonra səsə Teleşirkətin mühafizəçiləri, ya digər polislər və qoruyucular hərəkətə gəlsələr, onda bu adamları avtomatdan atəşə tutsun.

Həsən Toku cinayəti başa çatdıra bilməməsinin səbəbini belə izah edir ki, hasarı aşıb Teleşirkətin həyətinə daxil olandan sonra üstündən atəş açacağı binaya yaxınlaşıb, sonra küçəyə baxaraq onu gözləyəcək maşının danışılan yerdə dayanıb-dayanmadığını yoxlayıb. Görüb ki, maşın yoxdur, o biri yoldaşı da olmalı olduğu yerdə gözə dəymir. Deyir, 3 polis işçisi gendən mənə sarı gəlirdi. Məni görmürdülər. Çünki mən qaranlıqda, onlar işıqda idilər. Çətinlik çəkmədən onları vura bilərdim. Ancaq düşündüm ki, satılmışam, mənimlə gələnlər məni aldadıb, atıb gediblər, tək qalmışam. Lap tutalım bu polisləri vurdum, hara qaçacağam, necə qaçacağam. Ona görə gözlədim. Polislər məni yalnız lap yanıma çatanda gördülər. Əlimdəki tüfəngə çox heyrətləndilər. Və özüm onlara təslim oldum...

(Sonra bir-bir, həbs olunduqca həmin qəsddə iştirak edənlərin hərəsinin ayrı-ayrılıqda ifadələri alınacaq. Bəlli olacaq ki, əslində onların heç biri digərinə qarşı satqınlıq, ya xəyanət etməyib. Sadəcə, heyrətli bir təsadüflə onların heç biri irəlicədən dəqiqliyiylə danışılmış yerdə durmamışdılar. Ona görə də gendən baxışlarıyla bir-birlərini arayanda tapmamışdılar və əslində üçü də niyə belə olmasına görə bir-birindən şübhələnmişdi. Doğrudanmı təsadüf idi? Axı söyləyiblər ki, təsadüflər zərurətlərin üst-üstə düşməsidir. 3 nəfər arasında qabaqcadan şərtləşdirilmiş sinxronluğun bir neçə dəqiqə ətzində qəfilcə itməsi müdhiş bir qətlin qarşısını aldı və bu təsadüfdə söz yox ki, İlahinin iradəsi vardı).

Elə həmin gecə, artıq Həsən Tokunun göstərdiyi izlə onun cinayət ortağı, 1963-cü il təvəllüdlü, Naxçıvan sakini, Xalq Cəhbəsinin üzvü Əbil Babayevi, ertəsi gün isə bu cinayətdə iştirakı ehtimal edilən 1968-ci il təvəllüdlü, Bakı Ticarət Texnikumunu bitirmiş Bakı şəhər sakini Əskər Abbasovu, 1963-cü il təvəllüdlü, "Gilan" istehsalat firmasının direktoru Nəriman Məmmədovu götürürlər.

Cinayət işinin təhlükəlilik dərəcəsini və dövləti məna daşıdığını nəzərə alaraq oktyabrın 3-də Respublika Baş Prokurorluğunun qərarı ilə ümumi nəzarət şöbəsinin prokuroru, III dərəcəli ədliyyə müşaviri Şükür Rzayevin rəhbərliyi ilə 16 nəfərdən ibarət istintaq-əməliyyat qrupu yaradılır.

Növbəti günlərdə cinayətin hazırlanması və icrasındakı təfərrüatları dəqiqləşdirməkdən ötrü şahid qismində 1966-cı il təvəllüdlü, əslən Culfadan olan, Bakı şəhəri neftayırma zavodunda maşinist işləyən Məmmədvəli Əsgərov, əslən Bərdə rayonundan olan, Qaradağ rayonundakı bir kiçik müəssisədə gözətçi işləyən Əli Həsənov, əslən Qusardan olan, Həsən Tokunu saxlamış mühafizəçi polislərdən olan Şahin Ləbibov, onun həmkarları Müşfiq İmanquliyev, Bahadur Namazov, Qədir Məmmədov dindirilir.

Sentyabrın 20-dəki dindirməsində Əbil Babayev etiraf edirdi ki, Heydər Əliyevin həyatına hazırlanan sui-qəsddə könüllü, heç bir təzyiq olmadan iştirak edib və səbəb də budur ki, onun apardığı siyasətlə razı deyil, Azərbaycanın Müstəqil Dövlətlər Birliyinə daxil olmasının əleyhinədir, çünki onun zənnincə, bu, Azərbaycanın müstəqilliyini itirməsinə, rus ordusunun yenidən respublikaya girməsinə bais ola bilər

Oktyabrın 16-da şübhəli şəxs qismində 1946-cı il təvəllüdlü, əslən Ordubaddan olan, Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və onun tədrisi kafedrasının dosenti işləyən Aydın Qasımov da sui-qəsdin təşkilatçısı kimi saxlanılır. Deyir ki, ixtisasca şərqşünasam, mən vaxtilə Bakıda Əlyazmaları İnstitutunda işləyirdim, Əbülfəz Elçibəylə həmkəndli və qohumuq, o, əmim qızının oğludur. 1988-ci ildən Xalq Cəbhəsinin üzvü olmuşam, 1991-ci ildən isə Milli Demokrat Partiyası Naxçıvan bölməsinin sədriyəm. Deyir ki, Heydər Əliyevi yaxşı tanıyıram, onunla görüşlərim də olub, ancaq Fərəc Quliyevin, Sahib Hüseynovun, Fazil Kərimovun, Həsən Tokunun ona sui-qəsd təşkil etmək fikirlərinin olmasından mən xəbərsizəm.

Öz xətti ilə yazdığı müfəssəl izahatında Həsən Toku Naxçıvanda olduğu müddətdə cəbhəçilər tərəfindən ona mütəmadi olaraq Heydər Əliyevlə bağlı söhbətlər edildiyini və nəhayətdə onda mənfi təəssüratın şəkilləndiyini bildirir. Həsən Toku həmçinin, onu Naxçıvanda olduğu dövrdə Aydının Kələkiyə apararaq 6 gün orada qonaq saxladığını, Əbülfəz Elçibəylə də görüşdürdüyünü  xəbər verir.  Yazır ki, Əbülfəz Elçibəy mənim ərzurumlu olduğumu biləndə oradakı rus bazarını soruşdu və xəbər aldı ki, o bazarda ermənilər və gürcülər özlərini Azərbaycandan olan kimi qələmə verərək azərbaycanlıların adlarına qara yaxmırlar ki?

Deyir, mən də bu suala lazımi cavabı verdim.

Həsən Toku Kələkidə olarkən Elçibəyin yanında Tofiq Qasımovla görüşdüyünü, Əbülfəz bəyin ətrafına yığılan silahdaşları ilə adətən 1 illik hakimiyyətlərini, buraxılan səhvləri müzakirə etdiklərini, bu söhbətlərdə tez-tez  Rəhim Qazıyevin, İskəndər Həmidovun, Etibar Məmmədovun, Surət Hüseynovun, Pənah Hüseynovun və Heydər Əliyevin adlarının çəkildiyini yada salır.

Tarixdir, bu yerdə şahidin - Həsən Tokunun Əbülfəz Elçibəyin dilindən eşidib yazdıqlarını olduğu kimi verirəm: "Elçibəyin sözlərinə görə, Rəhim Qazıyev müdafiə naziri olduğu zaman torpaqları pulla satıb, ruslarla birlikdə Surət Hüseynovun üsyanının planlaşdırılmasında "əməyi olub". İskəndər Həmidov daxili işlər naziri olarkən öz sərt hərəkətləri ilə dövlət səviyyəsində terrorçuluqla milliyyətçilik ideyasını və Xalq Cəbhəsini millətin gözündən salıb. Etibar Məmmədov Cəbhədən ayrılıb ayrı partiya qurduğu üçün Cəbhəni zəiflətmiş və prezident səlahiyyətlərinin  Heydər Əliyevə verilməsinin tərəfdarı olaraq Cəbhəyə dönüklük etmişdir. Surət Hüseynov dövlətə qarşı üsyan edərək Azərbaycan dövlətçiliyini yaralayıb, baş nazir olduğu zaman qanunsuz işlər görərək rüşvət almış, Cəbhəni və iqtidarı gözdən salmışdır. Elçibəyin Heydər Əliyev haqqında dedikləri isə bu idi: "Biz onu bizə yardım etsin deyə Məclis sədri etdik, o da bizi qoyub Surətin tərəfinə keçdi, onu baş nazir etdi".

Əbülfəz Elçibəy bəzən Türkiyə ilə bağlı şikayət və narahatlıqlarını da mənə söyləyirdi. Lakin mən Elçibəylə və yaxud başqa birisi ilə Heydər Əliyevin öldürülməsi barədə heç bir söhbət etməmişəm.

Ancaq Naxçıvanda olduğum müddətdə Heydər Əliyevlə bağlı cəbhəçilər mənə o qədər mənfi söhbətlər etmiş, qulağımı doldurmuş  və təbliğat aparmışdılar ki, istər-istəməz Heydər Əliyev haqqında onlar kimi düşünməyə başlamışdım".  

...1993-cü il noyabrın 30-da Baş Prokurorluğun qərarı ilə qət edilir ki, 68859 saylı cinayət işinin istintaq müddəti uzadılsın.

Çünki müqəssir bilinən Həsən Toku, Aydın Qasımov, Əbil Babayev, Nəriman Məmmədov, Əli Əsgərov artıq həbs edilmiş və dindirilmişdilərsə də, istintaqdan gizlənən Fazil Kərimov, Sahib Hüseynov, Bayram Əhmədovla bağlı həbslə axtarış elan edilmişdi.

1994-cü il mart ayının 12-də respublika Ali Məhkəməsinin cinayət işləri üzrə I dərəcəli kollegiyasının hökmü ilə cəzalarını möhkəm rejimli islah-əmək koloniyasında çəkməklə Həsən Toku 10, Aydın Qasımov 12, Əbil Babayev 12 il müddətinə azadlıqdan məhrum edilirlər.

...Həsən Toku ona kəsilmiş həbs cəzasının 8 il yarımını çəkəndən sonra Heydər Əliyevin fərmanı ilə əfv edilir və Türkiyəyə yola düşür. Ancaq onu vətəndə yeni macəralar gözləyirdi. 2002-ci ilin 16 martında Türkiyəyə yetişincə onu İstanbul hava limanındaca həbs edir və xarici dövlət başçısına sui-qəsd ittihamı ilə 30 il müddətinə azadlıqdan məhrum edirlər. Türkiyə qəzetləri bu hadisəni "Aliyev affetti, Türkiye affetmedi" başlıqları ilə car çəkirdi. Lakin istintaq gedişində bir cinayətə görə iki dəfə məhkum edilməyin mümkünsüzlüyü səbəbiylə o, azadlığa buraxılır. Müvəqqəti imiş. Başı bəlalı Həsən Toku 2009-cu ildə bu dəfə ömürlük həbs cəzasına məhkum edilir. Lakin 2012-ci ildə ömürlük cəza 12 illik həbslə əvəzlənir, az sonra isə bu cəza da ləğv  edilir.

...Zaman maşını bir xəyaldır.

İnsan Vaxtın qoynunda bugündən dünənə, dünəndən bugünə yalnız xəyalların qanadında uça bilir. Keçmiş haqqında düşünərkən filan hadisə filan cür tamamlansaydı, filan iş də filan cür olardı kimi ehtimallar əbəsdir. Tarixin bir üzü, bir səmti var - yalnız sabaha, gələcəyə doğru. Ancaq dəhşətli bir yuxu kimi hər halda bir anlıq təsəvvür etsək ki, Heydər Əliyevə qarşı planlaşdırılmış bu qəsd, ya hansısa bir digəri baş tutmuş olsaydı, Azərbaycan hansı təlatümlərə məruz qalar, tarixin oçağkı qarışıq dönəmində hansı girdablara sovrulardı.

Hər halda bizim Heydər Əliyev olmasaydı, nə olardı sualına cavab vermək üçün elə tarixin özünün verdiyi kədərli dərslərimiz var.

1987-ci ildə Heydər Əliyev Kremldən aralandı. Nə qədər ki Heydər Əliyev vəzifə başındaydı, o, Azərbaycanı bir zireh kimi qoruyurdu. O, tutduğu məqamlardan gedincə çox gözlətmədən erməniçilik bütün gücüylə Azərbaycana qarşı həmləyə başladı. Ardınca nisgillər, torpaqlarımızın onillərcə davam edəcək işğalı, qaçqınlıq-köçkünlüyün, əsir-yesirliyin göynəyi səngiməz faciələri gəldi.

Azərbaycanın bəxti ayaq üstə imiş ki, 1993-cü ilin o ilk oktyabr gecəsində snayper tüfənginin nəzərdə tutulan atəşi açılmadı, qatilin barmağı tətiyə çatanadək Tanrı Özü hadisələrin səmtini bircə Özünə bəlli olan hikmətlə büsbütün dəyişdi.

Ertəsi gün Heydər Əliyev yenə iş başında idi, yenə onun iş otağındakı işıqlar gecə saatlarınadək yanacaqdı və həmin işığı sönməyə qoymayan Qüvvə bu müdrik insanı millət və yurd naminə sabahkı zəfərlərə səfərbər edirdi. 

Qayıdışdan sonrakı böyük yol hələ yenicə başlanırdı.

Bəlkə də o yolun necə möhtəşəm olacağını bizdən də artıq hiss etdiklərindəndir ki, qara qüvvələr nəyin bahasına olursa-olsun həmin yolun qırılması üçün dəridən-qabıqdan çıxırdılar?!

Ömrü boyu qasırğalara qarşı getməkdən çəkinməmiş böyük Heydər Əliyev, əlbəttə ki, üzləşəcəyi bütün çətinlikləri, müşkülləri irəlicədən görürdü, duyurdu, istənilən anda həyatına qəsd edilə biləcəyi ehtimalını da unutmurdu. Amma mərd-mərdanə bəyan edirdi: "Heç bir qüvvə bizi yolumuzdan döndərə bilməz!"

Və bu inam, millətin böyük ruhu ona yenilməmək, büdrəməmək, zirvələrə yetməkçün sonsuz güc verirdi...

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook