RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb Apr 15, 2023 | 19:45 / Verilişlər

“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişdə Azərbaycana, millətimizə şöhrət gətirmiş böyük azərbaycanlı nasir, publisist və maarifçi Mirzə Əbdürrəhim Talıbovun ömür yolundan bəhs olunub. 

Bildirilib ki, Mirzə Fətəli Axundzadədən sonra yaxın Şərqdə və Azərbaycanda təzə ədəbiyyatın, yeniləşmənin bayraqdarı Mirzə Əbdürrəhim Talıbov olub. Azərbaycan ədəbiyyatına müasir biçimli, Avropa tipli romanı birinci gətirən də məhz o, olub.

"Mirzə Əbdürrəhim Talıbovu Şərqin Jan Jak Russosu adlandırıblar", - deyə bildirən Rafael Hüseynov ədibin yazıçılıqla yanaşı, publisist, maarifçi və xeyriyyəçi kimi də tanındığını diqqətə çatdırıb.

Qeyd olunub ki, Mirzə Əbdürrəhim Talıbov 1837-ci ildə Cənubi Azərbaycanda Təbriz şəhərində anadan olmuşdur. İlk təhsilini mollaxanada aldıqdan sonra mədrəsədə oxumuş, ərəb və fars dillərini mükəmməl öyrənmişdir. 16 yaşında rus dilini öyrənmək və təhsilini yüksəltmək məqsədilə Tiflisə gedərək təhsilini orada davam etdirmiş, rus, ingilis və fransız dillərini öyrənmişdir. Tiflisdə o, yeni bir zamanın övladı kimi ortaya çıxmışdı. Ədibin içərisində yaranan bu vəhdət, yenilikçi düşüncə tərzi onu zəmanəsinin Mirzə Fətəli Axundzadəsinə çevirmişdi.

Mirzə Əbdürrəhim Talıbovu filosof, siyasətçi kimi də xarakterizə edən akademik Rafael Hüseynov onun “Azadlıq haqqında izahat” adlı kitabının İranda Məşrutə inqilabının qələbəsindən sonra (1906), “Talibin siyasəti” kitabının isə ölümündən bir neçə ay sonra (1911) Tehranda işıq üzü gördüyünü bildirib.

Diqqətə çatdırılıb ki, yazıçıya geniş şöhrət gətirən əsəri “Kitab yüklü eşşək” alleqorik romanıdır. Bu, müəllifin ilk bədii əsəri hesab olunur. Mirzə Əbdürrəhim Talıbov maarifçiliyi təbliğ etdiyi bu əsərində adını gizlətmişdi.

Verlişdə bildirilib ki, Mirzə Əbdürrəhim Talıbovun yaradıcılığının şah əsəri sayılan "Səfineyi-Talibi", ya "Kitabi Əhməd" ("Talibin gəmisi", yaxud "Əhmədin kitabı" iki cilddə) əsəri Azərbaycan ədəbiyyatında uşaqların həyatından bəhs edən ilk kitabdır.  Kitabın birinci cildi 1894-cü ildə, ikinci cildi isə 1895-ci ildə İstanbulda işıq üzü görüb. Müəllifin özünün yazdığına görə o, bu əsəri Jan Jak Russonun "Emil və ya tərbiyə haqqında" əsərindən təsirlənərək yazıb. Kitab müəllif və onun uydurulmuş 7 yaşlı oğlu arasında baş verən dialoqlardan ibarətdir. Burada oğulun ataya sualları tarixi, elmi, siyasi və dini məsələlərə aydınlıq gətirilir. Nəşrin üçüncü cildi "Məsail ül-həyat" ("Həyat məsələləri") adlanır.

Mirzə Əbdürrəhim Talıbov 11 mart 1911-ci ildə Dağıstanda, Temirxan-Şura şəhərində vəfat edib. 

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook