RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Axşam görüşləri”nin Xalq yazıçısı Əbülhəsən Ələkbərzadəyə həsr edilən növbəti buraxılışı yayımlanıb May 04, 2023 | 15:51 / Mühüm hadisələr

Azərbaycan Radiosunda yayımlanan “Axşam görüşləri” proqramının növbəti buraxılışı müasir Azərbaycan nəsrinin görkəmli təməlçilərindən olan və onun təkamülündə fəal iştirak edən Əbülhəsən Ələkbərzadəyə həsr edilib.

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan verilişdə Xalq yazıçısı Əbülhəsən Ələkbərzadənin ömür yoluna nəzər salınıb, onun yaradıcılığı haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, 1930-50-ci illərdə Əbülhəsən Ələkbərzadənin iri romanları Azərbaycanda məşhur idi, onun adı qəzet, jurnal, kitab oxuyan hər kəsə bəlli idi. Yazıçının "Yoxuşlar", "Müharibə", "Utancaq", "Dünya qopur", "Tamaşa qarının nəvələri" əsərlərini az adam olardı ki, oxumasın, eşitməsin. Bu roman və povestlər nəşr edilməkdən savayı, həm də səhnələşdirilmişdi, radio teatrı onları məşhur aktyorların ifasında vaxtaşırı səsləndirirdi.

Əbülhəsən Ələkbərzadənin müxtəlif illərdə iki dəfə "Azərbaycan" jurnalının baş redaktoru olduğunu deyən akademik R.Hüseynov qeyd edib ki, o vaxtlar yazıçının adı Mirzə İbrahimov, Süleyman Rəhimov, Əli Vəliyev kimi yazıçılarla yanaşı, nəsrimizin canlı klassikləri sırasında idi. 

Diqqətə çatdırılıb ki, 1970-1980-ci illərdə Azərbaycan ədəbiyyatında, Azərbaycan mədəni mühitində yazıçının oğlu Çingiz Ələkbərzadə parlamağa başlamışdı. Onun "Yarpaqlar töküləndə", "Güllələr dənizdə sönür","Qızıl yəhərli at", "Çılpaqlı", "Vulkan" kimi kitabları atasının yolunu davam etdirirdi.

"Yeni nəsillərin sələflərini tanımaq həm haqqı, həm borcudur. Yazıçını bugünün insanına layiqincə tanıtmaq lazımdır. Ədəbiyyatımıza, dilimizə xidmətdə ömür sürmüş belə insanlar gərək unudulmasın", - deyə R.Hüseynov vurğulayıb. O, Xalq yazıçısının nəvələri Sevda və Elmira Ələkbərzadələrin səslə, nəğmə ilə bu gün babalarının yolunu davam etdirdiklərini bildirib.

Qeyd olunub ki, yazıçı 1986-cı ildə vəfat edib və o, öz istəyi ilə İsmayıllı rayonunun Basqal qəsəbəsində dağların qoynunda dəfn edilib.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook