RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
“Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb İyun 14, 2023 | 13:18 / Verilişlər

“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Veriliş bu dəfə böyük Azərbaycan səyyahı, hərtərəfli alim və təsəvvüf xadimi Hacı Zeynalabdin Şirvaniyə həsr olunub. 

Akademik Rafael Hüseynov bildirib ki,  XVIII əsrin sonu, XIX əsrin əvvəllərində yaşamış məşhur səyyah və coğrafiyaşünas Hacı Zeynalabdin Şirvani Şamaxı şəhərində Axund İsgəndərin ailəsində anadan olub. O, Azərbaycan tarixində ən məşhur səyyah kimi qalmaqla yanaşı, həm də coğrafiyaçı, tarixçi, etnoqraf, filosof və şair idi. Bir-birinən gözəl kitabların müəllifi olan Hacı Zeynalabdin Şirvaninin "Riyazüs-səyahət" ("Səyahət bağçaları"), "Hədaiqüs-səyahət" ("Səyahət bağları") və "Bustanus-səyahət" ("Səyahət gülzarı") kitabları zamanlar keçsə də oxunacaq, insanları yeni biliklərlə dolu səyahətlərə aparacaq.

"Azərbaycan elmi tarixində mühüm rolu olan Abbasqulu ağa Bakıxanov şah əsəri "Gülüstani-İrəm"də Hacı Zeynalabdin Şirvanidən bəhs edir", - deyən akademik Rafael Hüseynov ədibin yazdıqlarının təsiri ilə o çağın məşhur şərqşünaslarının Hacı Zeynalabdin Şirvaniyə maraq göstərməyə başladığını, onun əsərlərini oxumağa başladığını qeyd edib. Bildirilib ki, bundan başqa, Abbasqulu ağa Bakıxanov Hacı Zeynalabdin Şirvaninin "Riyazüs-səyahət"ini öz xətti ilə sonadək köçürüb. Bu, həm də əsərin tam bir mətni idi.

Diqqətə çatdırılıb ki, Şirvaninin beş yaşı tamam olanda ailəsi Bağdad yaxınlığındakı Kərbəla şəhərinə köçüb və gələcək səyyahın atası Axund İsgəndər mədrəsədə dərs deməyə başlayıb. İlk təhsilini burada alan Zeynalabdin Şirvani 17 yaşında ilk böyük səfərinə çıxıb. Səyyah olduğu yerlərin tanınmış alimləri ilə görüşüb, həmin yerlərin qeydiyyatını aparıb, təsvirini yazıb.

Qeyd olunub ki, XX yüzildə rəssam Əli Minayi Hacı Zeynalabdin Şirvaninin təxəyyülündən onun surətini yaradıb. Azərbaycana səyahət edən Hacı Zeynalabdin Şirvani Bakını, Salyanı, Kürü sadəcə təsəvvür etmirdi. O, Bakının, Salyanın keçmişi ilə bağlı tarixi qaynaqları qaldırır, Bakı, Kür, Salyan kəlmələrinin haradan əmələ gəlməsi ilə bağlı apardığı araşdrmaların nəticələrini oxucuyla bölüşür.

Akademik Rafael Hüseynov məşhur səyyahın 1802-ci ilin əvvəllərində başlayan və 8 il davam edən Hindistan səfərindən də bəhs edərək, onun Hindistanın təbiət və iqtisadiyyatını, hind xalqının adət və ənənələrini, musiqisini, tarixi abidələrini dərindən öyrəndiyini, ingilislərin hind əhalisini əsarət altına almalarını, ölkənin sərvətlərini talan etmələrini əsərlərində göstərdiyini deyib.

Verilişi buradan izləyə bilərsiniz.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook