RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nəsiminin bəxtiyar olduğu gün İyun 12, 2023 | 13:25 / Mətbuatda çıxışlar

O qərar heç yarım səhifə də yer tutmur. Amma arxasında hansı gərgin əməklər, həyəcanlar və sadəcə sevinc deyil, sonsuz fərəh dayanır! 1972-ci ilin 13 oktyabrında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Büro iclasında digər çoxsaylı məsələlərlə yanaşı, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi haqda qərar da qəbul edilir, yubiley komissiyasının tərkibi təsdiq olunur (Həmin komissiyaya da, çox vaxt rast gəlindiyi kimi, formal olaraq adı keçib heç bir fəaliyyət göstərməyəcək şəxslər deyil, Azərbaycanın ən ciddi və bulunduğu yerdə hökmən faydasını verən qiymətli aydınları daxil edilmişdi. Hamısı qaymaqlar idi - komissiyanın sədri sənəddə Ali Sovetə başçılıq edən Qurban Xəlilov idisə də, əslində bütün gedişatı gündəlik izləməsiylə əsas yükü Heydər Əliyev özü daşıyırdı. Tərkibdə Cəfər Cəfərov, Mirzə İbrahimov, Həsən Abdullayev, Mirzağa Quluzadə, Məmməd Arif Dadaşzadə, Rauf Hacıyev, Qara Qarayev, Əlisöhbət Sumbatzadə, Tokay Məmmədov, Həsən Seyidbəyli, Həmid Araslı, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Süleyman Rəhimov və digərləri vardı. Komissiya tez-tez toplandı, müzakirələr apardı və bu qiymətli şəxsiyyətlərdən həmin yığıncaqlarda gələn səmərəli təkliflər öz yerində, onlardan hər biri həm də o vaxt Nəsimiylə bağlı irimi-xırdamı, hər halda yaşayan bir əsər yaratdı. Tokay Məmmədov ki Nəsimi heykəlinin həmmüəlliflərindən idi, Həsən Seyidbəyli şair haqda filmi çəkirdi, Həmid Araslı Nəsimi haqda portret oçerk yazmışdı, əsər bir çox Şərq və Qərb dillərinə tərcümə edildi ki, bunun özü də bir ilk, Azərbaycan qələm sahibini dünyaya bunca çox dildə təqdimetmənin birinci nümunəsi idi, Rəsul Rza Nəsimiyə "Son gecə" adlı poema həsr etdi, şairin "Divan"ının 1564-cü ildə köçürülmüş nadir nüsxələrindən birini taparaq elmi dövriyyəyə gətirdi, daha əvvəlsə, hələ 1968-ci ildə o, Suriyaya səfər etmişdi, şairin məzarını tapmışdı.

(Yəni tərkibdəkilərin hər biri imkanı dairəsində Nəsimiyə, Nəsimiçiliyə verə biləcəyi xeyiri əsirgəmədi).

İldönümünün 1972-ci ilin noyabrında keçirilməsinə qərar verilir (Ancaq sonra bu müddət 1 ilə yaxın uzanacaq və yubanmanın işə zərəri yox, nəzərəçarpacaq xeyri dəyəcək, daha çox iş görməkçün əlavə girəvə açılacaq). Səssiz-küysüz, xüsusi müzakirəsiz-filansız elan edilib dərhal da təsdiqlənən qərar. Ancaq üzdən sakit görünən bu qərarın o tayında hay-küylər də vardı, mübarizələr də. Bu qərarın qəbul edilməsi Mərkəzi Komitə üçün elə cari iş qaydasında baş tutan hadisə kimi qavranıla bilər. Ancaq həmin gün bu məsələnin gündəliyə salına bilməsi və o qərarın qəbuluna hər hansı irad, maneə olmaması cavan Birinci katib Heydər Əliyevdən ötrü yalnız bir uğur deyil, bu yüksək kürsüyə qalxandan sonra ilk zəfər sayılsa, yeri var. Nabələd adama, işin içindəki işdən hali olmayana qəribə və təəccüblü gələr ki, niyə balam, burda nə var ki, klassikin yubileyidir də, nədən ötrü buna nəsə mız qoyan ortaya çıxmalıydı?!  

Heydər Əliyev özü təfərrüatları açıb-ağartmır. Heç həmin büro iclasında iştirak edənlərin də əksərinin pərdəarxası təfərrüatlardan xəbəri yox idi. Dövr elə dövr idi, xırdaçılıq etmək dəb deyildi və Heydər Əliyev də etdiyini çox qabartmağı sevən olmayıb (Nə o vaxtlar, nə də ömrün sonrakı parçalarında. Bununla bağlı maraqlı bir olmuşu mənə Həsən Həsənov nağıl edib. Deyir, Heydər Əliyev adamlara görünməyən-bilinməyən, amma bir başqasının ya edə bilməyəcəyi, ya da çox çətinliklə öhdəsindən gələ biləcəyi xidmətləri haqqında ötəri söylərdi, elə xatırlayıb keçərdi, döşünə döymək, buna mühüm məna verməyə çalışmaq ona yad idi. Bunu indi, üstündən böyük vaxt sovuşandan sonra, həmin anları xatirimdən keçirəndə daha aydın hiss edirəm. İqtisadiyyatda, sənayedə qazandığı uğurlardan danışardı, amma mədəni, milli siyasət məsələsində nail olduğu bəzən lap qəhrəmanlıq hesab ediləsi məsələləri qabartmazdı, şişirtməzdi. Yəqin, bunun o tərəfini də düşünürdü ki, belə məsələlər ikibaşlıdır, danışarsan, düşər-düşməzi olar, daha sonra görəcəyin başqa işlərin qarşısına sədd çəkilər. Həsən müəllim yada salır ki, 1980-ci il idi, Gəncədə birinci katib idim, Heydər Əliyev Xanlara gəlmişdi. Mühafizəsinin rəhbəri mənimlə Gəncədə görüşəndə ona yeni təşkil etdiyim Nizami poeziya teatrından danışdım, elə teatr günü idi, onu da apardım, tamaşaya baxdı. Bu da gedib gördüklərini Heydər Əliyevə danışar. Heydər Əliyev xəbər göndərdi ki, sabah burada iclasımı qurtarandan sonra gələcəyəm Gəncəyə, həmin tamaşanı təkrar eləsinlər, baxmaq istəyirəm.

"Heydər Əliyev idi, İlham Əliyev idi, mən idim, yanaşı əyləşmişdik, tamaşa gedirdi, maraqla baxırdı, arada belə bir beyt var ki:

Cavankən el üçün çəksən zəhmətlər,

Qocalanda sənə xalq qulluq edər.

Bu misraları eşidəndə mənə baxdı, pıçıltıyla dilləndi: "Görürsən nə deyir?!" və əlavə də etdi ki, bu qədər çalışırıq, işlər görürük, can yandırırıq, görən, xalqın yadında qalacaqmı, bu elədiklərimizin qədri bilinəcəkmi?"

Həsən müəllimin xatirəsi məni riqqətləndirdi, çünki zaman-zaman tarixlərə, böyük şəxsiyyətlərin ömürlərinə daldıqca, taleləri araşdırdıqca buna da dəfələrlə şahid kəsilmişəm ki, insanlar onlara edilən ən xırda pislikləri daim dəqiqliklə hafizələrinin üst qatında saxlasalar da, yaxşılıqları, ən böyük xidmətləri belə tezliklə, asanca unuda bilirlər, illah da bu barədə deyilməyəndə, yazılmayanda, yada salınmayanda.

Mən bütün yazdıqlarımı həm də məhz elə bundan ötrü - yaddaşların korşalmaması naminə yazıram).

Dünyanın hər guşəsində olduğu kimi, Sovet İttifaqının müxtəlif yerlərində də ara-sıra zəlzələlər baş verirdi. Ancaq bütün dünyadan fərqli olaraq, SSRİ-dəki yer silkələnmələrinin balı nədirsə, həmişə xeyli aşağı görsənirdi, yenə nədirsə, Allah həmişə SSRİ-nin üzünə baxırdı ki, hər şey dağıntısız, itkilərsiz, tələfatsız ötüşürdü. Başqa ölkələrdə olan sayaq, burada da ayrı-ayrı qəzalar barədə söz-söhbət yayılırdı, amma qəzetlərin xəbərləri hamını toxtadırdı ki, olmağına olub, amma təşvişə əsas yoxdur, qəziyyə xəta-bəlasız keçib. Hər kəs anlayırdı ki, onu aldadırlar, qəzet yazanın, radio-televiziya deyənin hamısı yalandır, lakin rəsmi xəbərçiliyin belə tərzinə alışan və bu gedişatla barışan kimi idi.

İmadəddin Nəsiminin 1417-ci ildə Hələbdə soyulmasından camaatımız xəbərdar idi. Bunu elmi kitablardan, məqalələrdən əlavə dərs kitablarında da yazmışdılar, odur ki, əhvalatı bilməyən təxminən yox kimiydi. Uzaqbaşı höcətləşmə bu ətrafda gedirdi ki, asıb sonra soyublar, ya bunu elə diri-diri ediblər.

Nəsimi gəlib çatmışdı 600 yaşına. XV əsrin əvvəllərində onun nələr çəkdiyindən, hansı məşəqqətlərlə üzləşdiyindən azdan-çoxdan hamı xəbərdar idi, ancaq indi XX yüzilin 60-cı illərinin bitəcəyində zavallının hansı qovğalara ürcah olmasından, elə ikinci soyulmağa bərabər bəlalarla qarşı-qarşıya qalmasından kimsə agah deyildi. Çünki söhbətlər dövlətin çox hündürdəki qalın qapılarının arxasında gedirdi ki, hökmüylə zəlzələni belə xətərsiz etməyi bacaran o yerdən qırağa xəbər-filan sızmazdı.

Nəsimi 1369-cu ildə anadan olmuşdu, onun 600 yaşı 1969-cu ildə tamam olurdu və yubiley də elə o vaxt keçirilməli idi. Azərbaycanda Mərkəzi Komitə bununla bağlı 1968-ci ilin 8 oktyabrında qərar da qəbul etmişdi. Ancaq yubileyin işi tərsə düşmüşdü və bu ildönümü ilə bağlı məsələlər sadəcə ləngimirdi, hətta bir para ciddi maneələr əmələ gəlmişdi ki, məsələnin gündəlikdən çıxarılmasına gətirə bilərdi. Hələ Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən əvvəl Nəsimi yubileyinin keçirilməsi ilə bağlı çıxarılmış qərarın kağız üzərində qalması, icrası səmtində zəruri addımların atılmaması boşuna deyilmiş, işarə birbaşa Moskvadan gəlibmiş ki, bir qədər əl saxlayın.

Səbəb nə idi, fağır Nəsiminin Kreml qarşısında nə suçu vardı?

Nəsimi heç vaxt belə müşkülə düşməmişdi. Nə sağlığında, nə edamından sonra. İndi Nəsiminin 600 yaşı bitəbitdəydi və bu uzun ömrün o, vur-tut 48 ilini yaşamışdı. Əgər "yaşamışdı" sözü dünyada rahatlıq, firavanlıq görmək mənasında düşünülsə, onda Nəsiminin ömründəki belə illərin sayı lap az götürülməlidir. Təqiblər, sıxıntılar, qorxu-hürkü içində bu diyardan o diyara baş götürüb qaçmalar, yarıac-yarıtox günlər, həftələr, aylar. Bunların rahat ömrə aidiyyəti yoxdur. Amma bu yolu o özü seçmişdi. Mübarizələr, möhnətlərə qatlaşa-qatlaşa məsləki, amalları uğrunda çarpışmalar onun intixab etdiyi həyat tərziydi. Həmin səbəbdən də başqalarına narahat gələ bilən ömür illəri, əslində, onun qəbuluydu. Bəlkə də başqalarının zillət saydığı günlər onun nəzərində ləzzət də olmasa, ən azı, elə həyatın adi cərəyanı deməkdi. Amma 600 yaşının tamamında onun üzləşdiyi macəra sevənlərinin də qəlbini çox ağrıtdı, ruhu bunlara şahid idisə, ruhunu da ən ağır işgəncələrdən daha artıq sarsıtdı. Çünki Nəsiminin ali niyyəti birləşdirmək idi. Məfkurənin, düşüncələrin, sevgilərin ətrafında birləşdirmək. Hətta hərflərlə, sözlərlə də körpü yaradaraq bir yol, bir xətt üstündə toplamaq - şagirdlərini, məsləkdaşlarını, dostlarını, xalqını. 600 yaşının tamamında isə məhəbbətdən, istəkdən dəm vura-vura onun adının ətrafına yığışanlar əslində parçalayırdılar, ayrı salırdılar, niyyətləri zahirən xoş olduğu halda dar bacadan baxdıqlarından, hərəsi bir yana dartdıqlarından nəticə etibarı ilə Nəsimiyə zərər vurmuş olurdular.

"Haralısan" söhbəti o vaxt - Nəsimi dövründə də olmuşdu, ondan əvvəlki çağlarda da. Olmasaydı, adların, təxəllüslərin böyründəki nisbə də yaranmazdı. Biri Şirvani, biri Gəncəli, biri Təbrizli, biri Ərdəbilli, biri Şəkili, biri Bakılı, biri Marağalı, biri Ordubadlı... çağırılmazdı. Doğrudur, elə o çox köhnə vaxtlarda nisbəsi "Azərbaycani" olan Bəhmənyar da yaşamışdı. Amma belə nisbə götürən minlərin arasında bir-iki nəfər olardı. Yəqin ki, keçmişlərdə o cür nisbələr qəbul edənlər dədə-baba yurdlarını Vətənin başqa bölgələrindən ayırmaq, özgə yerlərdən üstün tutmaq barədə heç fikirləşmirdilər, sadəcə, doğulduqları torpağa bu minvalla azacıq da olsa xidmət etmək istəyirdilər. Amma nə edəsən ki, vaxt çayları axdı keçdi və bu xislət bir xəstəliyə çevrilən qorxulu həddəcən yetişdi, milləti içəridən gəmirən güvəyə döndü.

Artıq 1966-67-ci illərdən etibarən Nəsiminin yaxınlaşan 600 illiyi ilə bağlı qəzetlərdə-jurnallarda məqalələr dərc edilməyə başlanmışdı. 1968-ci ilin oktyabrında Mərkəzi Komitə yubileyin keçirilməsi ilə bağlı rəsmən qərar qəbul edəndən sonra isə həmin məqalələr sırası sıxlaşmağa başladı.

Salman Mümtazın hələ 1926-cı ildə nəşr etdirdiyi və Nəsiminin Şamaxıda doğulduğunu göstərən dəyərli, tarixi məlumatla zəngin məqaləsi illər fasiləsindən sonra təkrarən işıq üzü gördü. Bunun ardınca əslən Bakıdan, İçərişəhərdən olan, Elmlər Akademiyasının əməkdaşı, arxivlərdə, mənbələrdə dərinlərə getməyin aludəsi filoloq Əliəjdər Seyidzadə elan etdi ki, Nəsimi şamaxılı deyil, içərişəhərlidir, qala divarları arasında yaşayıb, həyətini də, evini də tapmışam. Ayrıca məqaləsində öz aləmində sübut etdi ki, bəs Nəsimi xalis bakılıdır. Gəncə Pedaqoji İnstitutunun professoru Nazim Axundovun bundan lap az sonra çıxan məqaləsi vəziyyəti bir az qarışdırdı. O, isbat edirdi ki, Nəsimi gəncəlidir ki, var. Nəsiminin farsca "Divan"ını çapa hazırlayan, orta əsrlər ədəbiyyatımızın bilicilərindən olan, vaxtilə akademiyanın Şərqşünaslıq İnstitutunda eyni şöbədə işlədiyimiz, əslən Cənubi Azərbaycandan olan professor Həmid Məmmədzadə Nəsimini elədi təbrizli. Getdikcə meydan qızışırdı. Bərk bəhsəbəhs düşmüşdü. Əslən Dağıstandan olan geoloq Əziz Əsgərovun məqaləsi isə lap gözlənilməz idi. Dərbənddə XIV yüzilliyə aid bir mağara tapdığını, həmin mağarada vaxtilə hürufilərin yığışdığını, Nəsiminin də dərbəndli olduğunu iddia edirdi. Akademik Məmməd Cəfər isə Nəsiminin naxçıvanlı olduğunu sübuta yetirirdi. Universitet müəllimim, görkəmli filosof Fuad Qasımzadə mənə danışmışdı ki, bizimkilərin Nəsimini bölüşdürə bilmədiyi həmin ərəfədə türkmənlər götürüb Moskvaya məktublar yollamağa başlayırlar, bəs Nəsimi türkmən şairidir, azərbaycanlılar heç onun haralı olduğunu müəyyənləşdirə bilmirlər. Fuad müəllim söyləyirdi ki, həmin çoxsaylı məktublardan birinin surəti onun əlinə keçibmiş. Türkmənlər dünyaca məşhur görkəmli şərqşünas alim, əslən Krım tatarı olan Aqafangel Krımskiyə istinad edirdilər ki, o, Nəsiminin türkmən olduğunu göstərib, üstəlik, Nəsimi bir surət kimi "Seypelmelek-Metxalcemal", "Devletyar", "Gül-Sənubər",  "Şabəhram" kimi müəllifli dastanlarda keçməkdədir. Türkmənlər Kremldən rica edirdilər ki, öz şairləri saydıqları Nəsiminin 600 illiyinin keçirilməsi üçün icazəni onlara versinlər.

İş ondadır ki, əgər 1968-ci ilin oktyabrında Azərbaycanda Mərkəzi Komitə Nəsimi yubileyinin qeyd edilməsi ilə əlaqədar qərar qəbul etmişdisə, bunu hökmən Moskva ilə razılaşdırmışdı. Çünki belə böyük yubileylər həm də nəzərəçarpacaq məsrəflər tələb edirdi və hansı maliyyənin verilməsi izni də oradan gəlirdi.

Türkmənlərin iddiaları və topa-topa məktubları Mərkəzdə əməlli-başlı tərəddüd yaradır. Belə mübahisəli hallarda adətən Mərkəz işi tərəflərdən birinin xeyrinə həll etməkdənsə daha canqurtaran seçimə üstünlük verir, məsələni ümumən gündəlikdən çıxarırdı. Nəsimi ilə bağlı da belə ola bilərdi.

Nə itirərdik?

Kino tariximizin incilərindən biri kimi həmişəlik yaşamaq haqqı qazanmış, Nəsimini xalqa daha artıq yaxınlaşdırmaq və sevdirmək istiqamətində əvəzsiz yeri olan bədii film yaranmazdı, bu gün şəhərimizi bəzəyən Nəsimi abidəsi olmazdı, Nəsimi sözlərinə bəstələnmiş o gözəl nəğmələr silsiləsi, mövzusu Nəsiminin həyatı və şeirləri olan rəsmlər qatarı doğulmazdı, Nəsimi şeirləri ruscaya çevrilərək nəşr edilməz, SSRİ boyunca nəhəng tirajla yayılmazdı və şairimizin şöhrətinə şöhrət artıran, onu Azərbaycanın yenilməz bir mütəfəkkir söz ustadı kimi dünyada tanıdan çox niyyətlər ürəkdəcə qalardı.

Heydər Əliyev Nəsiminin 600 illiyi ilə bağlı qərarı büroda təsdiq edib yubiley tədbirlərinə başlamaq imkanı qazanmaqçün birbaşa SSRİ rəhbəri Leonid Brejnevlə danışmış, xeyir-duanı ondan almışdı. Yoxsa ki, yubileyin baş tutacağı artıq kor dalana dirənmişdi.

Heydər Əliyevin fədakar səyləri bu pərt aqibətlə qarşılaşa bilməyimizin qarşısını aldı. Mübahisə tozanağı toxtadı, türkmənlərin Nəsimimizi özləşdirmək cəhdləri də boşa çıxdı. Amma şairin haralı olması ilə alimlərimizin bu çəkişməsi hər halda tarixin də, elə Nəsiminin də yadında qalır...

(Unudulmaz yazıçımız Mirzə İbrahimov söyləyirdi ki, o vaxt türkmənlərin aranı qatışdırdığı vaxtlarda Heydər Əliyev ona zəng vurubmuş ki, orta asiyalı qardaşlarımızın bu iddiası ilə bağlı sizin fikriniz nədir? Mirzə müəllim də cavab veribmiş ki, bu iddianın puç olmasının çox sübutu var, ən bariz olanlarından biri budur ki, Nəsimi şiə olub, türkmənlərsə sünnidir.

Bu müşahidə xoşuna gəlibmiş Heydər Əliyevin, "Çox məntiqlidir. Bunu da əsaslı sübutlar cərgəsinə artıraq" deyibmiş və belə görünür ki, Moskvada məsələni çözmək üçün arayış hazırlayarkən ona xas kəşfiyyatçı və təhqiqatçı ciddiyyəti ilə hər bir əşyayi-dəlili axıracan incələyirmiş).

Mərkəzi Komitənin 1970-ci ilin 13 oktyabrında qəbul etdiyi qərarı 1 ay içərisində yeni tədbirlər planını hazırlayıb təqdim etməyi istəyirdi.

Məsələni mahiyyətcə həll etmiş olduğundan Heydər Əliyev artıq axayın idi. Beli Moskvaya bağlıydı və indi Kremlə məktubu daha türkmənlər yox, o göndərirdi, həm də Nəsimi yubileyinin miqyaslarını daha da genişləndirmək, bu yubileyin beynəlxalq əks-sədasını daha qüvvətli etməkçün düşündüyü təşəbbüslərlə.

1972-ci il avqustun 24-ündə Heydər Əliyev Kremlə ünvanladığı məktubu belə başlayırdı: "1973-cü ilin oktyabrında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi qeyd ediləcək.

Suriya və eləcə də Yaxın və Orta Şərq xalqları ictimaiyyətinin diqqətini Nəsimi yubileyinə cəlb etmək məqsədi ilə Sov.İKP MK-dan aşağıdakı məsələləri nəzərdən keçirməsini xahiş edirik: İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinin bayram edilməsinin UNESCO-nun yubiley tarixləri təqviminə salınmasını;  Azərbaycan SSR-ə yubiley təntənələrində iştirak etməkçün Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətləri İttifaqı, Asiya və Afrika xalqları ilə Həmrəylik Komitəsi və digər ictimai təşkilatların xətti ilə mütərəqqi siyasi-ictimai xadimlər sırasından 10 gün müddətinə Suriyadan 5-7 nəfər, Misir Ərəb Respublikası, Türkiyə və İranın hər birindən 2 nəfər dəvət edilsin; Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətləri İttifaqı yolu ilə 1973-cü ilin may ayında 15 nəfər  elm, incəsənət və ədəbiyyat xadimindən ibarət qrupun mübadiləsi də daxil olmaqla, Suriya Ərəb Respublikasında Suriya-Sovet dostluğu günləri, 1973-cü ilin sentyabrında isə Azərbaycanda Sovet-Suriya dostluq günləri keçirilsin; Suriyadakı Nəsimi mavzoleyinin bərpa edilməsinə imkan yaradılsın. Başdaşının və mavzoleyin bərpası, ərazinin abadlaşdırılması, çox da böyük olmayan muzey-pavilyonun tikilməsi nəzərdə tutulur. Orada Nəsiminin həyatı və yaradıcılığı ilə əlaqədar eksponatlar nümayiş etdiriləcək. Sərginin təxmini qiyməti 60 min rubldur".

Məktubun sonundakı istək isə ədəbiyyatımızın, mətnşünaslığımızın, bütövlükdə elmimizin sovet dönəmində qapalılıq şəraitində, xaricə çıxışların həddən ziyadə məhdudluğu şəraitində irəliləməyə vadar olduğu əsnada sanki araşdırıcımıza bir nəfəs genliyi bağışlayır, qol-qanad verirdi: "Nəsimi yaradıcılığı haqqında Suriya-Sovet Dostluq Təşkilatının Mədəni Əlaqələr Mərkəzində, təhsil müəssisələrində mühazirələr oxumaq üçün sovet alimlərindən ibarət qrup Suriyaya göndərilsin. Həmçinin Suriya, İran və Türkiyədən Nəsimi ilə bağlı materiallar, əlyazmaları toplamaq, obyektləri öyrənmək məqsədilə hərəsinə bir nəfər olmaqla elmi işçilər ezam edilsin".

Bu məktubu ilə Heydər Əliyev Azərbaycan alimi və mədəniyyət xadimləri üçün ilk dəfə olaraq xarici ölkələrdə tədqiqatlar aparmaqdan ötrü Sovet İttifaqı rəhbərliyindən rüsxət alır, beləliklə də, bu addımı ilə tarixşünaslıq, ədəbiyyatşünaslıq, mədəniyyətşünaslıq elmlərimizin gələcək inkişafına ciddi müsbət təsir göstərəcək son dərəcə gərəkli bir təmayülün təməlini qoyurdu.

"Sovet alimi" yazarkən də, təbii ki, ayrı bir respublikadan deyil, elə bilavasitə Nəsiminin Vətənindən olan azərbaycanlı tədqiqatçıların göndərilməsini nəzərdə tuturdu.

Nəsimi işlərinin gedişini götürmüşdü tam nəzarətinə. Hər nüansa ayrıca diqqət göstərirdi və hər bir nəzərdə tutulan işin tam ürəyi istəyən şəkildə alınmasından ötrü sadəcə çalışmırdı, mübarizə aparırdı.

Filmin uğurlu alınması başlıca istəklərindən idi. Yaradıcı heyətlə mütəmadi əlaqədə idi. Ssenari müəllifi rəhmətlik İsa Hüseynov özü mənə danışıb ki, Heydər Əliyev filmlə bağlı mənimlə söhbət edəndə hiss etdim ki, ssenarini oxuyub, çünki elə suallar verirdi ki, bununçün mütləq mətnə yerli-yataqlı bələd olmalıydın. Ən sonda da bunu xəbər alıbmış ki, hürufilərin nə istədiyini bildik, bəs sizin filminizin başlıca ideyası, qayəsi nədir? İsa müəllim söyləyirdi ki, dərhal cavab verdim: "Kamil insan!"  Bunun müqabilində bir söz demədi, mənalı baxdı, başı ilə təsdiqlədi.

1972-ci il avqustun 24-də Heydər Əliyev Moskvaya, SSRİ Kinematoqrafiya Komitəsinin sədri Yermaka yazırdı: "Hörmətli Filipp Timofeyeviç! Sizə məlumdur ki, 1973-cü ilin sentyabrında böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illiyi qeyd ediləcəkdir. Bu münasibətlə respublikanın kinematoqrafçıları şairin həyat və yaradıcılığı haqqında tammetrajlı bədii filmin çəkilişinə hazırlaşırlar. Hazırlanmış ədəbi ssenari "Azərbaycanfilm"in bədii şurası tərəfindən qəbul edilmişdir və sizin diqqətinizə təqdim edilib. Nəsiminin həyatının müəyyən dövrünün Suriya və Türkiyədə keçməsini nəzərə alaraq (onun məzarı da Hələb şəhərindədir) filmin yaradıcıları filmin bir hissəsini göstərilən ölkələrdə çəkməyi düşünürlər".

Heydər Əliyev məktubu ideologiya üzrə katibin imzası ilə deyil, şəxsən öz adından göndərməklə məsələyə xüsusi diqqət göstərdiyini vurğulamış olurdu və xahiş edirdi ki, çəkilişləri aparmaqçün SSRİ Dövlətkinonun xarici ezamiyyətləri planında  "Nəsimi" filmi ilə bağlı Suriya və Türkiyədə çəkilişlər aparmaq üçün 10-12 nəfərlik heyətin 1 ay müddətinə göndərilməsi nəzərə alınsın. Məsələnin nazik tərəfini də unutmurdu, bilirdi ki, belə hallarda çox zaman müsbət cavabın verilməməsi maliyyə ilə bağlanır, ona görə də əlavə edirdi ki, səfər xərclərini respublika öz üzərinə götürməyə hazırdır.

Nəsimidən sonra da Azərbaycanda orta əsrlərdə ömür sürmüş neçə klassikimizin yuvarlaq ildönümlərinin keçirilməsi ilə bağlı qərarlar qəbul edilib. Heydər Əliyevin özünün sovet və müstəqillik dövründə Azərbaycana başçılıq etdiyi vaxtlarda da, digər rəhbərlərin dönəmində də. Təbii ki, hər yubiley əsnasında tədbirlər planı tərib edilib. Ancaq zənginliyi, sanbalı, əhatəsi ilə onların heç biri Nəsimi ilə bağlı hazırlanmış və tam həcmdə də yerinə yetirilmiş layihəyə çatmaz. Çünki onun tərtibini də, icrasına nəzarəti də Heydər Əliyev şəxsən öz üzərinə götürmüşdü. Ona görə ki, batırılmaqdan xilas etdiyi yubileyin təşkili və gerçəkləşməsi istiqamətində hansısa xırda yanlışlığın belə olmasını istisna etməyi özü üçün qətiləşdiribmiş. Həm də heç həmin kifayət qədər dolğun layihə belə onu sonacan qane etmir. 1973-cü il martın 13-də Mərkəzi Komitə Bürosunda Nəsimi yubileyinin keçirilməsinə hazırlıqla bağlı əlavə tədbirlər haqda növbəti qərarı imzalayır. Bu sənəd də Nəsiminin, bir böyük Azərbaycan şairinin SSRİ-dən kənarlarda təbliğinin, deməli, Azərbaycanın daha artıq tanıtdırılması üçün açıla biləcək yeni üfüqlərə hesablanmışdı.

Heydər Əliyev Nəsiminin dünyaya təqdimi baxımından ən başlıca məqsədə çatmışdı, yubiley UNESCO-nın siyahısına düşmüşdü. Bununla bütün başqa qazanclardan əlavə bir də buna nail olunmuşdu ki, məhz dünyanın baş elm, mədəniyyət, təhsil təşkilatı İmadəddin Nəsimini planetə Azərbaycan şairi və mütəfəkkiri kimi təqdim etdi. Daha kimsə hansısa qondarma mənbələrə söykənərək Nəsiminin guya ona aidliyi xülyasına düşə bilməz, düşsə də, buna məhəl qoyulmaz. Əsas hədəfə çatılmışdı, qalırdı ahəstə-ahəstə çevrəni genişləndirmək, indi də bunu edirdi.

Nəsimi şeirinin çevrildiyi dillərin sayını artırmaq, bu sıraya ərəb, fars, ingilis, fransız, alman dillərində bədii çevirmələri əlavə etmək umulurdu.

Bu təzə məktubla dəvət olunan əcnəbi qonaqların miqdarını artırmaq diləyi də vardı: "1973-cü ilin sentyabrında Bakıya Asiya və Afrika xalqları yazıçılarının Alma-atada (indi Almatı - R.H.) keçirilən V  beynəlxalq konfransında iştirak edən 75 xarici vətəndaş 5 gün müddətinə Bakıya dəvət edilsinlər. Nəsimi ilə bağlı ən azı 5 adda müxtəlif dillərdə təbliğati materiallar hazırlanaraq nəşr edilsin, Xaricdəki Sovet Dostluq Təşkilatları İttifaqının xətti ilə yayılsın. Nəsimi haqqında ərəb dilində məlumatlar hazırlanaraq yerli mətbuatda dərc edilmək, radio-televiziyada verilmək üçün Suriyaya, Yaxın və Orta Şərq ölkələrinə göndərilsin". Və bir də Nəsimi sözlərinə irihəcmli bir musiqi əsərinin yaradılması qət edilirdi.

Daha bir ayrıca sərəncamı var Heydər Əliyevin - UNESCO-nun Baş katibi Rene Mayorun rəhbərlik etdiyi qurumdan bir məsul şəxsin müşayiət və "Kuryer UNESCO" jurnalının bir müxbirinin dəvət edilməsi haqda (Bakıda 1973-cü ilin payızında keçirilən yubiley mərasimində iştirak etməkçün jurnalın sadəcə sıravi müxbiri deyil, baş redaktoru Sendi Koffler özü gələcək və gedib də gördüklərini yazacaq).

Tədbirin beynəlxalq çəkisinin artması və sonra da izlərin UNESCO jurnalının səhifələrində qalmasından ötrü bu da gərəkli addımdır. Bundan ötrü Heydər Əliyevin imzası ilə Moskvaya - UNESCO məsələləri üzrə SSRİ Komissiyasının sədri A.Smirnova ayrıca məktub gedir.

Elə həmin yubiley tədbirləri çərçivəsində də Elmlər Akademiyasının Dilçilik İnstitutuna dilimizin inkişafı və saflığının qorunması sahəsində zəhmətləri az olmayan Nəsiminin adı verilir.

Üstündən çox illər keçəndən sonra uzaq dünənlərdə qalan Nəsimi yubileyindən danışarkən Heydər Əliyev o vaxt tədbirlərin beynəlxalq çərçivəsini daha çox genişləndirməklə ümdə diləyinin elə Azərbaycanı daha artıq tanıtmaq olduğunu açıq bəyan edirdi: "Xatirinizdədirmi, Nəsiminin 600 illik yubileyini qeyd etdiyimiz zaman bu, dünyada nə qədər əks-səda doğurdu, Azərbaycanı nə qədər tanıtdı!

...Məhz Azərbaycan xalqına mənsub olan Nəsimi kimi parlaq bir şəxsiyyəti dünyaya tanıtmaq, şübhəsiz ki, xalqımızın hörmətini qaldırmaq deməkdir".

...1973-cü il sentyabrın 11-də saat 16-da paytaxtın Səməd Vurğun və Nizami küçələrinin kəsişməsindəki meydanda Nəsimi abidəsinin bünövrəsinin qoyulması ilə bağlı mitinq keçirilirdi. Mərasimi o vaxtlar Bakı şəhər Partiya Komitəsinin katibi olan Elmira Qafarova açır. Qranit lövhənin üstündəki örtüyü çəkmək şərəfi Ümumittifaq Nəsimi yubiley komitəsinin sədri, görkəmli sovet şairi Nikolay Tixonova və respublika Nəsimi yubiley komitəsinin sədri Qurban Xəlilova həvalə edilmişdi. Azərbaycan Yazıçılar İttifaqının birinci katibi Mirzə İbrahimov, sonra isə Rusiya Federasiyası Yazıçılar İttifaqı İdarə heyətinin katibi Sergey Vasilyev giriş nitqlərini edirlər, Monqolustan Yazıçılar İttifaqının sədri Dojoqiyi Sedev mikrofon qarşısına gəlir, monqolcaya çevirdiyi Nəsimi tüyuğlarını oxuyur, sosialist epoxasının ab-havasına uyğun olaraq bir əməkçiyə - Leninneftdə quyuların yeraltı təmiri sexinin ustası Əlihəsən Nəcəfova söz verilir, özbəkistanlı akademik Vahid Zahidov bayram təbrikini edir, Gürcüstanın mədəniyyət naziri, görkəmli bəstəkar Otar Taktakişvili ürək sözlərini deyir, sonda şair Əhməd Cəmil danışır, Azərbaycan insanına az müddət sonra bu meydanda ilk dəfə görünəcək Nəsimi abidəsini bəri başdan ölməz şairin öz misrası ilə salamlayır: "Mərhəba, xoş gəldin, ey ruh-i rəvanım, mərhəba!"

Amma həmin şeirin o gün o meydanda səslənməyən bir başqa misrası da var:  "Gəldi yarım naz ilə, sordu, Nəsimi, necəsən?"

Necə olasıydı ki! O əziz gündə abidəyə çevrilərək yurduna qayıtmasının yolu açılmış, lap az sonra bu meydanda vüqarla ucalacaq, bütün gələcək boyu daim məğrur duruşuyla xalqı ilə üz-üzə dayanacaq  İmadəddin Nəsimi, əlbəttə ki, bəxtiyar idi!

Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik

“525-ci qəzet”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook