Yaşıllıqsız, daşlı-kəsəkli, kiminsə nəsə yetişəcəyinə ümid belə bəsləmədiyi ərazidə təcrübəli bağban fidan basdırır, durmadan qayğısını çəkir, asta-asta o fidan göyçək bir ağaca çevrilib ucalmağa başlayır və qismət elə gətirir ki, bağban həmin yerlərdən ayrılası olur. Gedir, amma yarı canı buralarda qalır ki, görən, o ağacın taleyi necə olacaq? Axı həmin ağac onunçün doğma balası kimi idi, bu ağac da onun bir əsəriydi və necə nigaran qalmayaydı! İllər ötür, yenə bağbanın güzarı köhnə yurda düşür və min bir əziyyətlə böyütdüyü ağacın ondan sonra baxımsız qaldığını, solğunlaşdığını, budaq atmaqdan dayandığını görüncə çox pəjmürdə olur. Gedərkən bu ağacı etibar etdiklərindən necə inciməyəydi, necə gileyli olmayaydı, axı umurdu onlardan, axı işin ən çətinini o özü əvvəlcə yerinə yetirmişdi!
1992-ci ilin 23 oktyabrı idi. Sabah Hüseyn Cavidin 100 yaşı tamam olacaqdı. Düz 10 il əvvəl Cavidə təzə həyat və haqq etdiyi ən geniş üfüqlərə doğru asudə uça bilməkçün yeni qanadlar bağışlayan və indi illər ayrılığından sonra Vətənə qayıtmış Heydər Əliyev əziz şairin məzarını ziyarətdən sonra Naxçıvanda şəhər camaatı qarşısında çıxış edirdi, amma sözünü yalnız onlara demirdi.
Əbədi ömrünün birinci əsri tamamlanan mütəfəkkir söz ustası haqqında Heydər Əliyevin dilə gətirdiyi bu düşüncələrdə Cavidin hərzamankı kimi sevimliliyinə, çağdaşlığına, köhnəlməzliyinə fəxr də vardı, şairə münasibətdə 10 il öncəki pillədən yuxarıya doğru gözəçarpan irəliləyiş olmamasından yaranan təəssüf də, xəyal qırıqlığı da. O təməlləri ki o qoyub getmişdi, gərək həmin özülün üstündə artıq 110 yaşına çatmış Cavidin qaməti indikindən qat-qat artıq ucalaydı və illərcə tamarzı qaldığı çox borclar Cavidə qaytarılmış olaydı. 10 il əvvəl Cavidlə bağlı mümkünlüyü ağlasığmaz olan niyyətlər gerçəkləşdiriləndə Azərbaycan Sovet İttifaqının tərkibində idi, şairin nəşinin Sibirdən Vətəninə qaytarılması kimi hər kəsə gözlənilməz gələn məqsədə çatmaqçün Heydər Əliyev Kremldəki üç ən geniş səlahiyyətli şəxsə - Leonid Brejnevlə Mixail Suslova və Yuri Andropova ağız açmışdı. Bəlkə oxşar istək ayrı respublikalarda başqalarının da ürəyindən keçə bilərdi. Lakin o səviyyədə müraciət edib istədiyinə də çata bilməkçün gərək həmin ali vəzifəli şəxslərin üçünün də yanında Heydər Əliyev qədər hörmətin və söz demək imkanın da olaydı.
İndi isə dövran dəyişmişdi, Cavid naminə nələrisə etməkçün daha qollar əvvəlki kimi bağlı deyildi, 1992-ci ildə - Cavidin 110 yaşında Azərbaycan artıq müstəqil idi, daha atılacaq hər addımı Moskvayla razılaşdırmağa, rüsxəti oradan almağa lüzum yox idi.
Bu sözləri Heydər Əliyev qüssəli məkandan, Cavidin məzarını ziyarət edəndən sonra söyləyirdisə də, nitqində nə matəm əlaməti vardı, nə kədər-qəm nişanəsi. Əksinə, fərəhlənirdi: "Bu gün bayram günüdür. Bu gün bütün Azərbaycan xalqı üçün, o cümlədən naxçıvanlılar üçün böyük bir bayramdır.
...Bu dünya heç kim üçün, heç kəs üçün əbədi deyil. Hüseyn Cavid öz həyatı dövründə yaratdığı mənəvi, mədəni sərvətlərlə özünü əbədiləşdiribdir. Ona görə də bugünkü toplantı, bu mərasim, bu yubiley gecəsi matəm gecəsi deyil, bayram gecəsidir. Biz Hüseyn Cavidin əsərlərinin uzun illərdən sonra qalibiyyətini qeyd edirik. Onun fikirlərini, onun Azərbaycan xalqına verdiyi nəsihətlərin artıq həyata keçirilməsi imkanını əldə etdiyimizi qeyd edirik və bayram edirik. Bu bayram xüsusi bir şəraitdə keçirilir. Azərbaycan öz milli azadlığına, dövlət müstəqilliyinə nail olub və bu bayramı biz müstəqil Azərbaycanın mövcud olduğu bir şəraitdə keçiririk. Eyni zamanda bu bayramı Azərbaycanda, o cümlədən, də Naxçıvanda mövcud olan gərgin sosial-iqtisadi, ictimai-siyasi vəziyyət şəraitində keçiririk. Azərbaycanın uzun müddət müharibə şəraitində olması bu böhranı daha da dərinləşdirir və bizim vəziyyətimizi ağırlaşdırır. Ancaq bunların hamısına baxmayaraq, biz bu gün bayram edirik. Çünki həyat nə qədər maddi cəhətdən ağır olsa da, insan mənəviyyatı insanı yaşatmağa, mübarizəyə və bu çətinliklərin öhdəsindən gəlməyə yardım edir. Bu mənəviyyat mənbəyi də bizim ali köklərimizdədir, bizim ədəbiyyatımızdadır, bizim mədəniyyət xəzinəmizdədir. Bu xəzinəni bizə bəxş edənlərdən biri də və demək olar ki, ən görkəmlisi də Hüseyn Caviddir... Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır".
Naxçıvan muxtar respublika idi, Heydər Əliyev onun başçısı idi və Cavid dədə-baba yurdunda 110 yaşında belə anılırdısa, elə bu, şairin yubileyinin dövlət səviyyəsində keçirilməsi anlamına gəlirdi. Ancaq o anlarda Heydər Əliyevin xəbəri yoxdu ki, paytaxtda Cavid yubileyi yaddan çıxmış kimidir, bu istiqamətdə etdiyimiz bütün cəhdlər nəticəsiz qalıb və o, Naxçıvanda Caviddən danışdığı saatda biz Cavidin 110 yaşını şəxsi təşəbbüslə - alaqaranlıq, soyuq, ötənlərdə DTK-nınkı olmuş (!) Şəhriyar (sabiq Dzerjinski) klubunda elə bir ailə, dost-yaxın məclisi kimi keçiririk. Həmin anlarda bunu da bilsəydi, daha artıq kədərlənərdi və bunu da yəqin ki, orda ağrı ilə dilə gətirərdi. Çünki həmin anlarda arxada qalan 10 ildə Cavidə göstərilmiş biganəlikdən danışırdı, Cavid adını tutub başladığı neçə mühüm işin yarımçıq qalmasından şikayətlənirdi: "10 il bundan öncə Hüseyn Cavidin 100 illik bayramı keçirildi. 10 il keçibdir. Şübhəsiz ki, Hüseyn Cavidin yenidən Azərbaycan xalqına qayıtması, onun əsərlərinin Azərbaycanda yayılması və yeni-yeni nəsillərin onun əsərləri ilə tanış olması böyük nailiyyətdir. Ancaq təəssüf olsun ki, bu 10 il içərisində bu barədə nəzərdə tutulmuş işlərin çoxu görülmədi. 1981-ci ildə Azərbaycan KP MK, Azərbaycanın Nazirlər Soveti Cavidin 100 illik yubileyi haqqında qərar qəbul edərkən bir çox tədbirlərin həyata keçirilməsi nəzərdə tutuldu. Hüseyn Cavidin cənazəsinin Vətəninə qaytarılması, Hüseyn Cavidin Bakıda və Naxçıvanda yaşadığı evlərdə ev-muzeyinin təşkil olunması, Hüseyn Cavidin heykəlinin Bakıda qoyulması, Hüseyn Cavidin Naxçıvanda məzarı üzərində məqbərənin yaranması, Naxçıvanda Hüseyn Cavidin heykəlinin qoyulması, Hüseyn Cavidin əsərlərinin geniş yayılması, dərc olunması, rus dili və başqa dillərə tərcümə olunması, təqdim olunması. Təəssüf ki, bu tədbirlərin çoxu bu 10 ilin içərisində həyata keçirilməyibdir. Bu gün qeyd olunur ki, bu işlərdə mənim, Heydər Əliyevin təşəbbüskarlığı olubdur. Bəli, olubdur, ancaq mən bunu özüm böyük bir nailiyyət hesab etmirəm. Bu mənim sadəcə vətəndaşlıq borcum olubdur. Mən vətəndaşlıq borcumu yerinə yetirdiyimə görə, şübhəsiz ki, təsəlli tapıram. Fəqət o tədbirlərin indiyə qədər həyata keçirilməməsi, yəqin ki, hər bir millətini, dövlətini, xalqını, mədəniyyətini, ədəbiyyatını sevən azərbaycanlı üçün eyni zamanda çox böyük bir narazılıq törədir. O cümlədən məndə də. Bəziləri düşünə bilər ki, Hüseyn Cavid naxçıvanlı olduğuna görə bəlkə Heydər Əliyev belə bir təşəbbüskarlıq edir. Yox, Azərbaycanda hamı bilir ki, Azərbaycanın milli irsinə, mədəni irsinə, ədəbiyyatına, mədəniyyətinə imkanım qədər kömək etməyə və onları qaldırıb indiki nəsillərə göstərməyə həmişə çalışmışam".
Heydər Əliyev püxtə adam idi, gerçəkliyə soyuq ağılla baxıb sabahı dəqiq dəyərləndirməyi bacaran idi. Rəsmi Bakının ona bəslədiyi naxoş münasibətdən (həmin sözün həm "xoş olmayan", həm "xəstə" yozumunda) agah idi və anlayırdı ki, hər şey indiki kimi davam edərsə, onun ucbatından Naxçıvanın məhdudiyyətləri artacaq, ayrılan vəsaitlər azalacaq, ona görə də muxtar respublika üçün nəzərdə tutduğu digər işlər bir yana, elə Cavidlə bağlı havadan asılı qalmış öhdəlikləri də həyata qovuşdurmaq müşkülləşəcək. Cavidli istəklərisə başa çatdırmaq şövqü də, əzmi də qəti idi. O üzdən elə bu 110 illik bayramında hökumətdən bir şey çıxmayacağı təqdir üçün məsələlərin həllindən ötrü mümkün yol barədə qənaətini də bölüşürdü. Təklif edirdi ki, Cavid fondu yaradılsın və bir neçə il əvvələcən Kremlin ən yüksəklərində olmuş, dünyanın iki ən nəhəng dövlətinin birinin ali rəhbərliyində qərar tutmuş Heydər Əliyev indi təsis edilməsini irəli sürdüyü həmin fonda da rəhbərliyi bir şərəf yükü kimi üzərinə götürməyə hazır olduğunu bəyan edirdi: "Bu 10 ildə Naxçıvanda nə qədər evlər tikilib, şəxsi, yaxud da ki, dövlət evləri, bəs bu Naxçıvan əhli, bəs bu Azərbaycan rəhbərləri, Azərbaycanın ziyalıları nə üçün həyəcan səsini qaldırıb Cavid mavzoleyinin tikilməsinə çalışmadılar? Bu 10 ildə hərə bir daş gətirib ora qoysaydı, elə o mavzoley çoxdan da hazır olardı. Nə üçün mən bu gün Cavidin qəbrinin önündə də, burada da böyük həyəcan hissi ilə danışıram? Bakıda, Naxçıvanda ayrı-ayrı adamların, şəxsi adamların qəbirləri üzərində böyük-böyük abidələr tikilibdir. Allah ondan da artıq etsin. Onları qohumları, əqrəbaları ediblər, çox yaxşı ki, ediblər. Ancaq Hüseyn Cavidin qohumu, əqrəbası bütün Azərbaycan xalqıdır. Bunlar, şübhəsiz ki, bizim bir tərəfdən böyük mənəvi, mədəni sərvətimiz olduğuna görə iftixar hissi doğurmaqla yanaşı, eyni zamanda bu biganəlik, böyük bir mədəni sərvətimizə bu qədər anlaşılmaz münasibət məni incidir. Bəzən də çox dəhşətə gətirir. Hüseyn Cavid bəşəri bir yazıçıdır. Fəqət bizim çatışmazlığımız ondan ibarətdir ki, onu lazımi qədər dünya ictimaiyyətinə, dünya mədəniyyətinə çatdıra bilməmişik. Bəli, 10 il bundan qabaq bu məqsədi də biz qarşımızda qoymuşduq. Bu məqsəd bu gün daha aktualdır, bunu biz etməliyik. Ən əsas vəzifələrdən biri ondan ibarətdir ki, Hüseyn Cavidin bütün əsərləri öz orijinalı əsasında bundan sonra dərc olunsun və öz orijinalı əsasında yayılsın, o cümlədən, bizim gənclərə çatdırılsın (əslində bu da Cavidin bir vəsiyyəti idi. Yazılarının nəşri vaxtı müdam təkid edərdi: "İmlaslna dokunulmasın!" - R.H.). Bunların hamısını, şübhəsiz ki, bütün Azərbaycan miqyasında etmək lazımdır. Ancaq hərə gərək bu böyük işə öz payını versin, öz borcunu versin. Naxçıvanın borcu ondan ibarətdir ki, bütün bu işləri sürətləndirsin. Ona görə də mən bu gün Hüseyn Cavidin məzarının önündə dediyim sözləri bir də təkrar edirəm. Biz qərar qəbul edirik. Hüseyn Cavid fondu yaranacaq, Hüseyn Cavidin bütün əsərlərinin yenidən dərc olunması, təbliğ olunması, onun məzarının üzərində məqbərənin tikilməsi, heykəlinin qoyulması, - bunların hamısını bu fond təşkil etməyə qadir ola bilər. Bizim yaratdığımız fond bütün Azərbaycanı əhatə edəcək və mən buradan elan edirəm ki, əgər mənə etimad göstərilsə, mən bu fonda başçılıq etmək istəyirəm, bütün Azərbaycanda olan millətini, mədəniyyətini, ədəbiyyatını sevən təşkilatlara, idarələrə, kollektivlərə, şirkətlərə, yeni yaranan assosiasiyalara, hamısına müraciət edərək bildirirəm ki, bu fondun təşkil olunmasında və onun fəaliyyət göstərməsində iştirak etmək hər bir şəxsi, hər bir təşkilatı mənəviyyatca daha da yüksəldəcəkdir".
...1992-ci il idi və Naxçıvanın bir payız günündə artıq sanki siyasi karyerasının qürubuna yetişmiş, amma yenə xalqına fayda vermək eşqi ilə yanan (bu şairanə kəlmələri elə fikrim bir qədər də qəşəng görüksün deyə yazmıram. Heydər Əliyevi o sözləri söyləyərkən, o düşüncələri içərisindən keçirərkən idarə edən məhz böyük eşq idi. Ayrı təqdirdə belə olmaq olmur!) bu aqil insan nə qədər uzaqgörən olsa da, təsəvvür edə bilərdimi ki, lap az keçəcək, o, yenidən Azərbaycan rəhbərliyinə qayıdacaq və illər qabaq nəqşəsini cızdıqlarının hamısını ianələr toplanan bir fondun hesabına yox, elə özünün güc, qüvvət bəxş etdiyi dövlətin əli ilə gerçəkləşdirəcək.
Bu gün də, sabah da, lap uzaq gələcəkdə də Heydər Əliyevdən danışan, yazan, onu qiymətləndirməyə cəhd edənlərin yanaşmalarında, əlbəttə ki, fərq olacaq, bəzən də lap kəskin. Bu gün də yaxında və uzaqda löyün-löyün hədyanlar saçan zayqafalar, ləlöyünlər peyda olur. Neyləməli, bu, tarixdə qalan böyük şəxsiyyətlərin təqribən hamısının labüd aqibətidir. Ancaq aşkar böyüklükləri danmağı insaf necə rəva görər?! Bu boyda, bu siqlətdə, bu ölçüdə Vətənçi, xalqçı əməlləri görməmək, eşitməmək, deməməkçün kordan, kardan, laldan da betər olmalısan!
O əhvalat baş verəndə, Naxçıvanda həmin Cavid yubileyi keçiriləndə unudulmaz Fəttah Heydərov muxtar respublikanın mədəniyyət naziri idi. Hər dəqiqəsinin şahidi olduğu həmin gün haqqında mənə bir dəfə yox, dönə-dönə danışmışdı, həmişə də təsirlənmişdi. Deyirdi ki, Heydər Əliyevin o gün Naxçıvanda Cavid haqqında söylədiklərini, etdiyi təşəbbüsləri, Cavidə yenidən can vermək üçün səylərini Azərbaycanda 3-5 adam bilə-bilməyə. Biz də çıxıb gedəcəyik, bu təfərrüatlar da bütün ibrətləriylə lazımınca yazılmadığından, geniş kütlələrə çatdırılmadığından yaddaşlardan silinib itəcək. Axı bunlar elə dərslərdir ki, gərək əlində səlahiyyətlər olan, yüksək vəzifələr tutan, xalqın qabağında gedən hər kəs bunlardan nümunə götürə. Heydər Əliyev olmaq mümkün deyil. Ancaq onun etdiklərini etmək üçün çalışmaq ki, mümkündür...
İkicə il idi ki, Heydər Əliyev təzədən Azərbaycana rəhbərliyə qayıtmışdı və tarix ona da, ölkəyə də, xalqa da yüksəlişlərə doğru irəliləməkçün yeni macal açmışdı. 1995-ci il iyunun 10-u idi. Azərbaycan hələ burulğanlı, narahat idi. Gənc müstəqil dövləti qovğalar çəngindən qurtararaq hamar inkişaf yoluna çıxarmaqçün görüləsi işlər həddən ziyadə idi. İşlərin çoxluğu bir yana, daxildən və xaricdən ayaq altını eşən, badalaq vurmaqçün vurnuxan qüvvəciklər də az deyildi. Ancaq Prezident sarayında o gün Heydər Əliyev iri bir dəstə elm, ədəbiyyat, sənət və eləcə də dövlət-hökumət adamını sabitlik və tərəqqi qəbilindən olan daha bir təxir gözləməyən məsələni deyil, zahirən daha asudə vaxtlara saxlanması məsləhət olan bir mövzunu müzakirə etməkçün toplamışdı. Mən də oradaydım, bu həyəcanlı və qürurverici toplantını izləyirdim, həmin günün axşamı "Amerikanın səsi" radiosunda o toplantı ilə bağlı hazırladığım reportaj da verildi. O xəbərə Heydər Əliyevin səsini də əlavə etmişdim. Xatırlayırdı: "Mən böyük bir fasilədən sonra - 1990-cı ildə Moskvadan Azərbaycana döndüm, Naxçıvana getdim və elə həmin gün Hüseyn Cavidin qəbrini ziyarət etdim. Doğrusu, mən belə təsəvvür etmirdim. Fikirləşirdim ki, məqbərə yoxdursa da, heç olmazsa sənətkarın qəbrinin üstü götürülüb. Ancaq gedib oradakı vəziyyəti gördüm və təəssüfləndim, çox narahat oldum. Gördüm ki, qəbrin üstünə sadəcə olaraq daşlar qoyulub, məqbərə də tikilməyib. Düzünü deyim ki, mən buraya gələndən bu planın həyata keçirilməsi fikri daim qəlbimdədir. Oktyabr ayında Cavidin anadan olmasının ildönümüdür. O vaxtadək bu məqbərəni tikib başa çatdırmalıyıq. Yəni 1981-ci ildə qəbul etdiyimiz qərarı heç olmazsa 1995-ci ildə həyata keçirməliyik".
O müşavirədə Cavidin ev-muzeyinin və məqbərəsinin də illərdən bəri tilsimə düşmüş kimi olan düyünü qırıldı.
1995-ci ilin 4 avqustunda "Azərbaycan" qəzetində mənim Prezidentə müraciətlə "Turan Cavidin Heydər Əliyevə demədikləri" adlı açıq məktubum dərc edildi. O məktubda həm Heydər Əliyevə Cavid adına gördüyü bir-birindən qiymətli işlərə və əvəzsiz xidmətlərə görə minnətdarlıq vardı və həm də bir təvəqqe. Rica edirdim ki, artıq tikilib qurulması astanasında durduğumuz Cavid məqbərəsi elə yaradıslın ki, ora təkcə şairinki olmasın. Vəfalı ömür yoldaşı Mişkinaz xanım da, istedadlı və nakam oğlu, 24 bahar yaşamış bəstəkar, rəssam, şair Ərtoğrol Cavid də indi uyuduqları - biri Bakıda, biri Naxçıvanda olan məzarlarından həmin məqbərəyə köçürülsünlər. Və xəfifcə buna da işarə vurmuşdum ki, o məqbərədə haçansa gələcək daha bir ayrılıq gününü də nəzərə alaraq şairin qızı üçün də yer diqqətdə saxlanılsın.
Və 1996-cı il oktyabrın 29-da Prezident təyyarəsi üç günlük səfərlə Naxçıvana uçurdu. Azərbaycan ziyalılığının qaymaqları o təyyarədə idi. Elə Cavidin Vətənə gedər-gəlməz qürbətlərdən dönüşü qədər misilsiz olan bir bayramı yaşamaqçün uçurduq.
59 rəqəmi bir tale kodu, qismət şifri kimi Hüseyn Cavidi həyatı uzunu izləmişdi. Sən demə, yalnız diri həyatı yox, mənən davam edən ömründə də. Cavidin başının ölçüsü 59 idi. Dustaqxanada 59 saylı kamerada yatmışdı. 59 yaşında vəfat etmişdi. Sibirdəki Cavid məzarının nömrəsi də 59 idi. 1982-ci ilin oktyabrında Cavid Sibir cəhənnəmindən, nəhayət ki, birdəfəlik nicat bulub Azərbaycana qayıdanda onun tabutu başında dayanan qızı Turanın da, Cavid uğrundakı bütün fədakarlıqlarıyla şairin mənəvi oğluna çevrilmiş Heydər Əliyevin də 59 yaşı vardı.
İndi 1996-cı il idi. Hüseyn Cavidin 1937-ci ildə öz ailəsindən, əzizlərindən cüda salınmasından düz 59 il ötürdü. 59 ilin üzüntülü hicran və həsrətlərindən sonra Cavid öz məqbərəsində Mişkinazını, Ərtoğrolunu ağuşuna alırdı. Azərbaycan tarixində tayı-bərabəri olmayan, millətə Heydər Əliyevin bağışladığı bu qəmli və şad bayrama qatılmaqçün Naxçıvana uçurduq...
Orda, qədim Naxçıvan torpağında Əcəminin Möminə Xatun türbəsi ilə boy-boya Azərbaycanın bu yerlərdəki ən uca sərhəd dirəyi kimi bundan sonra daim vüqarla dikələcək Cavidlər Məqbərəsinin açılış mərasimində Heydər Əliyev özünü də doluxsunduran və hamıda riqqət oyadan sözlərlə ürəyini açdı: "Mən bu gün arzuma çatmışam!..".
...1995-ci ilin yayından, şairin 1920-1937-ci illərdə yaşadığı, bizə bəlli məşhur əsərlərinin hamısını yazdığı İstiqlaliyyət küçəsindəki mənzili və ona bitişik otaqlar Heydər Əliyevin göstərişi ilə Cavid muzeyi üçün ayrılıb təmir işləri görülməyə başladığı günlərdən mən də muzeyin içərisini qurmaq, ekspozisiyasını yaratmaqla məşğul idim.
Muzey artıq çoxdan hazır idi. İşlərin başa çatmasından, muzeyin açılışa hazır olmasından aylar deyil, artıq 3 ilə yaxın vaxt keçirdi. Arada çox hadisələr oldu, Heydər Əliyev səhhət böhranları ilə də üzləşdi.
Turan xanımsa muzeyin qapılarını tamaşaçı üzünə açmağa tələsmirdi. Prezident Aparatından xəbər də yollamışdılar ki, işinizi başlaya bilərsiniz.
Turan xanım əhd eləmişdi: "Heydər Əliyev olmasaydı, bu muzey olmazdı. Mənim bütün ömrüm elə gözləməklərlə keçib. Bu otaqlara birinci ayağı dəyən də o olmalıdır. Müddət nə qədər uzanır-uzansın, Heydər Əliyevin bura gələcəyini günə qədər gözləyəcəyəm".
O gün də yetişdi. 2002-ci ilin 24 oktyabrında, Cavidin növbəti doğum günündə, düz 120 yaşının tamamında Heydər Əliyev gəldi. İçəridə ikiləri idilər. Masa arxasında əyləşmişdilər. O masanın arxasında ki, bir zamanlar - 1930-cu illərdə, ömrün bəxtiyar, qayğısız çağlarında orada xoşbəxt ailə birgə əyləşərdilər: Hüseyn Cavid, Mişkinaz Cavid, Ərtoğrol Cavid, Turan Cavid. İndi ikiləri idlər: Heydər Əliyev, Turan Cavid.
O açılışdan bir neçə gün sonra Turan xanım mənə etiraf etdi: "Həmin dəqiqələrdə 2002-ci ildə deyildim, getmişdim 70 il əvvələ, elə belə bir oktyabr günündə atamla, anamla, qardaşımla birgə o masa arxasında əyləşib şam etdiyimiz, Babanın (Turangil Cavidə "ata" deyil, Türkiyə türkləri və güneylilər kimi "Baba" deyə müraciət edərmişlər) 50 yaşını qeyd elədiyimiz günə. Heydər Əliyevlə oturmuşduq, arada elə doğmalıq vardı ki, mənə elə gəlirdi ki, bütün ailəmiz yenə buradadır. Bunu Heydər Əliyevə də dedim. Qəhərləndi..."
...Heydər Əliyev ömrü içərisində Cavid üçün nə bacarırdısa etdi, amma bir dilək də yarımçıq qaldı. Bu təfsilatı da insanlarımızın bilməsi vacibdir.
Xarici ölkələrə səfərlərdən birində unudulmaz Heydər Əliyevə Hüseyn Cavidin adına Bakıda bircə dənə belə iri mədəniyyət müəssisəsinin olmadığını dedim. Fikrə getdi. Əlavə elədim ki, Milli Dram Teatrımız bu baxımdan ən münasibidir. Cavid Azərbaycan poetik teatrının banisidir, böyük bir aktyor nəsli onun əsərlərindən çıxaraq yetişib. Arif adam idi Heydər Əliyev və heç bir sözü də boşuna söyləmirdi. Soruşdu: "Bu fikir tək sənin fikrindir, yoxsa teatr xadimləri, elm, sənət adamları da buna qoşulur?" Cavab verdim ki, çoxları ilə söhbətim olub, düşüncələrimiz üst-üstə düşür. Mənalı gülümsündü: "Dram Teatrına başqa bir dramaturqun adının verilməsini istəyən də var. Bəs Cavidin adının teatra verilməsi ilə bağlı söhbət elədiyin o adamlar mətbuatda çıxış ediblərmi, mövqelərini bildiriblərmi?"
Tapşırıq mənə aydın idi. Dərhal, hələ Bakıya qayıdanacan 2 gecədə Milli Dram Teatrına Hüseyn Cavidin adının verilməsi ilə əlaqədar Prezidentə ünvanlanan 4 məktub-müraciət hazırladım. Birini Azərbaycanın görkəmli alimləri və ziyalıları adından, ikincisini Azərbaycan yazıçıları adından, üçüncüsünü Cavid pyeslərinin səhnə təcəssümündə iştirak etmiş rəssam, aktyor, bəstəkar və aktyorlar adından, sonuncusunu da siyasi repressiya zərərdidələrinin ailələri adından. O məktubların altında imzası olan adamların hər biri ilə əvvəlcə məqsədi izah edərək telefonla müfəssəl söhbət etdim. Həmin söhbətlərin də hamısını lentə alırdım. Çünki o adamların hər biri tarix idi və bir tarxi əhəmiyyətli işi görə-görə iki daşın arasında başqa bir tarixi yaratmağa cəhd edirdim. Bu yaxınlarda həmin kasetləri dinləyirdim. Hər söhbətin işərisində bir tarixçə, Cavidli bir hekayət, munis xatirələr var. Bir neçə nəfəri çıxmaq şərti ilə artıq hamısı haqq dünyasında olan həmin unudulmazları dinlədikcə fikrimdən bu da keçdi ki, elə həmin söhbətləri də "Bir arzunun tarixçəsi" biçimli yazıya çevirim.
Telefon danışıqlarımızda "hə"lərini alandan sonra bircə-bircə hamısı ilə görüşdüm, hərəsini iki nüsxədə hazırladığım məktubları imzalatdırdım. Məktubların hər birini də ona görə iki nüsxə etmişdim ki, hərəsindən birini Heydər Əliyevə təqdim edim, altında bu qədər tarixi imza olan digərlərini də əziz yadigar kimi özümdə saxlayım.
İmzaları yığmağım həftədən çox çəkdi və o günlərdə mərhum akademik Fəraməz Maqsudovla tez-tez görüşürdük. Onunla yaxınlığımız, dostluğumuz 1987-ci ildə mənim "Vaxtdan uca" kitabım nəşr edildikdən sonra başlanmışdı. Fəraməz müəllim Elmlər Akademiyasında direktoru olduğu Riyaziyyat İnstitutunda mənimlə görüş təşkil etmişdi və kitabı da Respublika Dövlət mükafatına təqdim etmişdi.
Məktublar imzalarıyla birgə tam hazır olanda onları Heydər Əliyevə çatdırmağı da Fəraməz müəllim öhdəsinə götürdü. Prezidentlə görüşü olmalı idi, bu məktubları da apardı və axşamüstü qəbuldan şad-xürrəm, ruh yüksəkliyi ilə qayıtmışdı: "Prezident məktubları diqqətlə oxudu, çox bəyəndi, bunu da dedi ki, gör necə yaxşı yazıb, eyni mövzu olsa da, heç biri digərinə bənzəmir".
Müraciətlər 1998-ci il yanvarın 17-si, 24-ü, 27-si və 30-unda "Xalq qəzeti"ndə, bunlarla yanaşı "Azərbaycan" və "Respublika" qəzetlərində də işıq üzü gördü. Yazıçılar adından olan məktubu Hüseyn Abbaszadə, Balaş Azəroğlu, Hökumə Billuri, Bəxtiyar Vahabzadə, Vahid Əziz, Qabil, Qılman İlkin, Mirvarid Dilbazi, Eyvaz Borçalı, Ələkbər Salahzadə, Gülhüseyn Hüseynoğlu, Məmməd Araz, Məmməd Aslan, Nəbi Xəzri, Rəfiq Zəka, Söhrab Tahir, Fikrət Qoca, Fikrət Sadıq, İsa Hüseynova imzalatdırmışdım. Vahid Əzizə can sağlığı, hamısına rəhmətlər!
Teatr xadimləri - Cavid əsərlərini səhnəyə qoymuş rejissorlar, həmin tamaşalarda rəssam, bəstəkar, aktyor kimi iştirakı olan sənətkarların adından məktubun altındakı imzalar Barat Şəkinskaya, Məhluqə Sadıxova, Sofa Bəsirzadə, Zəroş Həmzəyeva, Firəngiz Şərifova, Şəfiqə Məmmədova, Natalya Tağıyeva, Amaliya Pənahova, Əminə Yusifqızı, Fuad Poladov, Murad Yegizarov, Aleksandr Şarovski, Rasim Balayev, Əliabbas Qədirov, Ramiz Məlikov, İlham Namiq Kamal, Sadıq Hüseynov, Muxtar Avşarov, Elçin Məmmədov, Kamil Nəcəfzadə, Rafael Əsədov, Rafael Əlizadə, Ramiz Mirişli, Cavanşir Quliyev, Cənnət Səlimova, Ramiz Mirzəyevinki idi. Sağlara uzun ömür, gedənlərin ruhu şad!
Tanınmış alim və ziyalıların adından olan məktuba qol çəkənlərin də çoxu, nə heyif ki, artıq sıralarımızda deyil: akademiklər Fəraməz Maqsudov, Cəmil Quliyev, Nəriman Quliyev, Asəf Nadirov, Bəkir Nəbiyev, Vahid Hacıyev, Budaq Budaqov, Rasim Əfəndiyev, Telman Əliyev, Teymur Bünyadov, Ağamusa Axundov, Xalq rəssamı Kamil Əliyev. Amma o siyahıda bu gün də Cavidə sevgilərini yaşadan və həmin istəyin həyata keçməsini arzulamaqda davam edən Xalq rəssamı, akademik Ömər Eldarov, professorlar Misir Mərdanov, Səlahəddin Xəlilov, Hamlet İsaxanlı da vardı.
Cavid ailəsi kimi siyasi repressiyaların dəhşətlərini yaşamış ailələrin adından imzalanmış məktub belə başlanırdı: "Övladı olduğumuz nəsillərin və böyüdüyümüz ailələrin bəxtinə səadət və nisgillər qoşa düşüb. Bizim baba və nənələrimiz, ata və analarımız sovet dustaq düşərgələrində, həbsxanalarında, sürgünlərdə çox məhrumiyyətlər görsələr, əzablar, ölüm və itkilərlə qarşılaşsalar da, yadigar qoyub getdikləri pak amalları, təmiz adları, ölməz əsərləriylə bu gün hər birimizin iftixarı, and yerimizdirlər. Sovet siyasi repressiyalarının qurbanları üzərindən "xalq düşməni" damğasının götürülməsi 1950-ci illərin ortalarından başlansa da, onların barəsində bir çox həqiqətlər, o cümlədən məxfi arxiv sənədləri, təəssüf ki, həbs və sürgünlərdə yalnız 50-60 il ötəndən sonra aşkarlandı. Bu, bir tərəfdən bizi ağrıtsa da, digər tərəfdən təsəllidir ki, heç olmazsa gec də olsa həqiqət, haqq üzə çıxdı. Bütün xalqımız kimi, bizim də vurğunu olduğumuz, şəxsiyyətə sitayiş dövrünün ən faciəvi qurbanlarından biri dahi şair Hüseyn Cavid bu məktuba imza atan ailələrin, demək olar ki, hamısı ilə yaxın və mehriban münasibətdə olub. Bizim ailələrdə Cavidin adı və əsərləri həmişə dərin ehtiramla, məhəbbətlə xatırlanıb. "Azərbaycan Şekspiri" adlandırılan, bütün pyesləri faciələrdən ibarət olan filosof-şair Hüseyn Cavidin öz əsərlərində təsvir etdiyi ömürlərdən də müsibətli yaşayışı bir çox cizgiləri ilə elə bizlərin hər birimizin həyatına bənzəyir. Bu, doğru sözdür ki, Cavid haqqı ən çox ayaqlanan qiymətli şəxsiyyətlərimizdən olsa da, haqları ən gec qaytarılan repressiya mübtəlalarındandır. Böyük Hüseyn Cavidə tam layiq olduğu, amma onillərlə əsirgənmiş qayğı göstərdiyinizi hamı bilir, qiymətləndirir. Lakin həm eyni taleli insanlar, həm də Cavidə xüsusi münasibəti olan ailələr kimi biz onu daha artıq dəyərləndirir, ikiqat artıq razılıq edirik. Çünki bizim nəzərimizcə, Cavidə göstərilən diqqət elə bizlərin hər birimizin ata-babalarımıza göstərilən diqqətdir. Naxçıvan torpağında Hüseyn Cavid, onun vəfalı həyat yoldaşı Mişkinaz xanım və nakam, istedadlı oğlu Ərtoğrola ucaltdığınız əzəmətli məqbərə əslində elə repressiya şəhidlərinin hamısına ucaldılan bir simvolik abidədir. Ağrıdan cəhət odur ki, Sizə müraciət etmiş ziyalılarımızın tamamilə düzgün yazdıqları kimi, mənzum dramaturgiyamızın banisi olan, əsərləri neçə nəsil aktyorlar, rejissorlar, bəstəkarlar, rəssamlar üçün məhək daşı, məktəb sayılmış, ədəbiyyat və mədəniyyətimizə qızıl sətirlər həkk etmiş Hüseyn Cavidin adına Azərbaycan paytaxtında bircə dənə də olsa mədəniyyət müəssisəsi yoxdur. Axı Cavid bütün ədəbi və mədəni məziyyətlərindən əlavə, həm də böyük siyasi simadır. Biz bunu dahi sənətkara münasibətdə davam edən haqsızlığın nişanəsi kimi mənalandırırıq. Biz də bu əqidədəyik ki, Milli Dram Teatrımıza Hüseyn Cavidin adının verilməsi ədalətin daha bir zəfəri olardı. Bu, Cavidin xatirəsini əbədiləşdirmək yolundakı ən arzuolunan təşəbbüslərdəndir. Həmin gözəl niyyəti fərmanınızla təsbit etsəniz, həm bizlər, həm də bütün Azərbaycan boyunca olan onminlərlə cavidsevər sizə qəlbən minnətdarlıq edər".
Və məktubun altında bu adlar: Əhməd Cavadın ailəsi, Yusif Vəzir Çəmənzəminlinin ailəsi, Ömər Faiq Nemanzadənin ailəsi, Pənah Qasımovun ailəsi, Seyid Hüseynin ailəsi, Qantəmirin ailəsi, Vəli Xuluflunun ailəsi, Salman Mümtazın ailəsi, Məhəmməd Əmin Rəsulzadənin ailəsi, İdris Axundzadənin ailəsi, Abbas Mirzə Şərifzadənin ailəsi, Ülvi Rəcəbin ailəsi, Xəlil İbrahimin ailəsi, Həsən bəy Ağayevin ailəsi, Əhməd Pepinovun ailəsi, Cəfər Rəmzinin ailəsi.
Bu umacaq hələ ki gerçəkləşməyib. Amma ümidliyəm ki, həmin gün sərab kimi əlyetməz deyil. İnanmaq istəyirəm ki, ölməz Cavidin adı onun ədəbi varlığının ayrılmaz parçası olan, divarları arasında Sözünün və yaratdığı qəhrəmanlar dünyasının həmişə diri olduğu Milli Dram Teatrının adı ilə hökmən qovuşacaq. Bu istək hələ həyata keçməyibsə, demək, Cavidin haqları uğrunda mübarizə gərək bundan belə də davam edə. Haqq yerini tapana qədər!
Bu imza sahiblərinin, bu qiymətli azərbaycanlıların əksəri artıq həyatda olmasa da, haçandır ki, o məktubların ünvanlandığı və ömür möhləti bu istəyi gerçəkləşdirməyə bəs etməyən böyük Heydər Əliyevsiziksə də, arzu da arzuluğunda qalır, Heydər Əliyevin də yolu yaşayır və o yolun qadir davamçısı İlham Əliyev də bizimlədir.
Demək, bu nəcib arzunun da, nəhayət ki, parlaq bir gerçəyə çevrilməsinə sevinəcəyimiz gün də gərək uzaqda olmaya!..
Rafael HÜSEYNOV, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik