RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
"Təhsil, elm, mədəniyyət elə kövrək sahələrdir ki, ora hər hansı bir çat düşsə... Apr 18, 2017 | 13:43 / Mətbuatda çıxışlar
“Mədəniyyət sferasında çalışanların qayğıları ilk növbədə bizim qayğımızdır”
 
Ölkə üzrə kütləvi surətdə kitabxana və ümumiyyətlə mədəniyyət sferasında çalışanların ixtisarı barədə mətbuata çoxsaylı müraciətlər daxil olur. 
 
Maraqlıdır, Milli Məclisin Mədəniyyət və Elm Komitəsinə bu barədə müraciətlər daxil olurmu? Olursa, komitə bu müraciətlərə bağlı nə kimi tədbirlər görür?
 
Moderator.az-ın mövzu ilə bağlı sualına Milli Məclisin Mədəniyyət və Elm Komitəsinin sədri akademik Rafael Hüseynov aydınlıq gətirib.
 
Rafael Hüseynov deyib ki, mədəniyyət sferasında çalışanların qayğıları mədəniyyət komitəsi olaraq ilk növbədə bizim qayğımızdır:
 
“2017-ci ilin dövlət büdcəsi müzakirə olunarkən mən bununla bağlı ayrıca çıxış etmişdim. Mədəniyyət evlərinin, mədəniyyət şöbələrinin, musiqi məktəblərinin, rayon yerlərində fəaliyyət göstərən teatrların qayğısına qalmağın vacib olduğunu bildirmişdim. Çünki digər sahələrdə, istər iqtisadiyyatın hər hansı bir sahəsi, istərsə də kənd təsərrüfatı və ya başqa bir sahədə müəyyən durğunluq yarananda, zaman keçəndən sonra onu bərpa etmək çox ciddi problemlər yaratmır. Məsələn, Azərbaycanda sovet illərində pambıq istehsalı kənd təsərrüfatının aparıcı xətlərindən biri idi. Lakin uzun onillər boyu mövcud olmuş o təcrübə müəyyən bir dövrdə dayandı, pambıqçılıq bir sükunət vəziyyətinə keçdi. Amma Azərbaycanda əsasən keçən ildən bu iş yenidən başladı və bu il ikiqat fəallıqla davam edir. Yəni arada böyük fasilə yaranmasına baxmayaraq başlayandan dərhal sonra əvvəlkindən də yüksək bir temp tutuldu, köhnə illərin təcrübəsi təzədən qayıtdı. Və ya illərlə fəaliyyəti dayanmış zavodun yerində yenisi tikirlər və müasir texnologiyaların sayəsində həmin zavod əvvəlkindən də ikiqat artıq fəaliyyətə başlayır. Lakin təhsil, elm, mədəniyyət elə kövrək sahələrdir ki, burada hər hansı bir çat düşəndən sonra onu bərpa etmək həddindən artıq çətin olur və bunun ağrısını duyuruq. Xüsusən də mədəniyyət sferasının, kitabxana şəbəkəsinin, teatr, musiqi sahəsinin adamlarının xüsusi yanaşmaya ehtiyacı var”. 
 
Millət vəkili bildirib ki, rəhbərlik etdiyi komitəyə mədəniyyət sferasında çalışan şəxslərdən müraciətlər daxil olur və həmin şəxslərə lazımi köməklik göstərilir: 
 
“Əlbəttə ki, ümumdünya iqtisadi böhranın dalğaları Azərbaycanı da vurur. Hərçənd ki, Azərbaycan bu qlobal iqtisadi böhrandan daha az itkilərlə çıxmaq üçün bacardığı bütün səyləri ortaya qoyur və bunun nəticələri də var. Ancaq istər-istəməz hər halda təsiri də məvcuddur. Bizə fərdi qaydada da müraciət edənlər olur, ayrı-ayrı rayonlarda olan görüşlərimiz zamanı bu sahənin adamları ilə görüşürük. Çalışırıq ki, onların problemlərinin həllinə köməklik göstərək. Kitabxanalar, musiqi məktəbləri, teatrlar onsuz da məvacibləri çox yüksək olan sahələr deyil.  Bu sahələrdə çalışanlar da xüsusi adamlardır, bu sahəyə müəyyən fanatiklik dərəcəsində bağlı insanlardılar. Onlar başqa iş bacarmırlar, bacardıqları bu sahədir və bura da ürəkləri, taleləri ilə bağlıdırlar. Elə etmək lazımdır ki, onlar bu sahədən soyumasınlar, Azərbaycanda bu ənənə sınmasın. Ona görə də biz bacardığımız köməyi edirik və edəcəyik də”.
 
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.rafaelhuseynov.com saytına istinad zəruridir.
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook