RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Hər dəfə təzədən qayıtmaq xoşbəxtliyi Avg 29, 2023 | 14:03 / Mətbuatda çıxışlar

O, insan oğlunun indiyədək ixtira edə bildiyi və insanın özündən də qüvvətli olmağı bacarmış güc daşıyıcılarının ən möhtəşəmidir. Ancaq o süst, taqətsiz də ola bilən, öz süstlüyü, taqətsizliyi ilə ən qısa zaman içində hesablanıb qurtarılmayacaq qədər çox insanı heysizləşdirə, lətləşdirə, acizliyə də yoluxdurmağa qadir canlıdır. O, dəqiqələr ərzində yüzminləri və milyonları qovuşdurub bir yumruğa çevirməyi bacaran qüdrətdir. Ancaq o, yüzminləri və milyonları elə dəqiqələr ərzində də parça-parça edə, dəstə-dəstə bölə, bir-birinə qarşı qaldıra biləcək qədər dağıdıcı ola bilən qüvvədir. O, dünyanın ən qabil kəşfiyyatçılarının hamısının bir yerdə görə bilməyəcəyi işi ildırım sürəti ilə yerinə yetirməyi bacaran, saysız-hesabsız insanın qılığına girib hisslərinə hakim kəsilən, qəlbinə yol taparaq nəzərdə tutduqlarını onlara təlqin etməyə qadir fövqəliradədir. Amma onun güvəyə dönərək milyonların zövqünü, mənəviyyatını, düşüncəsini aşındıran, didən, çürüdən müdhiş mərəz olmaq sifəti də var. Həm o, həm bu üzü olan həmin müstəsna Güc Daşıyıcısının adı televiziyadır.

Və televiziyanı Heydər Əliyev qədər özünə yaxın bilən və televiziyaya onun kimi yaxın olan, televiziyanı dövlətin ən mötəbər dayağı sayaraq onun hüdudsuz imkanlarından məharətlə yararlanan və elə həmin yüksək məziyyətlərinə görə də televiziyanın qədrini uca tutaraq daim ona arxa duran rəhbər Azərbaycanda olmayıb.

Heydər Əliyevdə teleradionun, mətbuatın gücü haqqındakı qənaət onun respublikaya rəhbərliyə gələndən sonra il-il yığılan təcrübə və müşahidələrdən sonra yaranmamışdı. Çox uzun çəkəcək ali dövlətçilik səfərinin ilk qədəmlərini atmağa başlayarkən artıq o, daxilən əmin idi ki, bu etibarlı yoldaşlarla axıracan birgə olacaq. Heydər Əliyevsə, təbiətinə bələd olanlar agahdır ki, ona sədaqətli olanlara, ona yaxşılığı keçmişlərə ikiqat sədaqət və diqqətini heç zaman əsirgəmədi. Elə televiziyaya münasibətdə də belə oldu.

Səkkiz sədr dönəmində bu əziz məkanda yarım əsr boyunca can yandıraraq çalışmış, 32 il baş mühəndis vəzifəsini tutmuş, köhnə televiziyaçılardan olan, çoxdan təqaüdçü ömrünü yaşayan Rəhim Dərafərinin bu müşahidəsi dəqiqdir. Deyir ki, Heydər Əliyevin bir gözü həmişə televiziyada idi.

1969-cu ilin iyulunda respublika rəhbəri kimi ilk yayını istirahətə deyil, həmişəkindən də gərgin işə həsr edən Heydər Əliyevin ilk tapşırıqlarından biri Dövlət Televiziya və Radio Şirkətində mövcud vəziyyətin hərtərəfli araşdırılaraq geniş arayışın hazırlanması olmuşdu. Çətin yola çıxırdı və istəyirdi ki, bu mübarizəli yolda onunla hər gün birgə olacaq silahdaşı - televiziya və aparacağı dövlətçi xətt arasında bir həmahənglik bərqərar olsun. Bununçünsə televiziyanı kənardan tanımaq az idi, gərək içəridən hər yaxşı-yamanına bələd olaydı.

1968-ci ilin 7 mayında, ovaxtkı radio günündə Azərbaycan televiziyasının qurucularından olan, keçilmiş qısa yol ərzində sütül Azərbaycan ekranına qəlbəyatan biçim verməyə müvəffəq olmuş Ənvər Əlibəylinin vəfatından sonra sədr vəzifəsinə "Vışka" qəzetinin redaktoru işləyən İmran Mirzəyev gətirilmişdi.

(Görkəmli şərqşünas alimimiz, Ənvər Əlibəyli yadigarı Şəfəq xanım Əlibəyli yada salır ki, Heydər Əliyev 1967-ci ildə Dövlət Təhlükəsizlik Komitəsinin sədri olandan sonra bir sıra tədbirlərdə atamla tez-tez görüşərdilər, mehriban münasibətləri vardı və ailə söhbətlərində onun radioya, televiziyaya, ayrı-ayrı verilişlərə, illah da xaric üçün hazırlanan proqramlara xüsusi maraq göstərdiyini eşidərdim.

Heydər Əliyev də illər sonra Ənvər Əlibəylini anaraq belə deyirdi: "Onu çox böyük hörmətlə xatırlayıram. Ənvər Əlibəyli həm yaxşı jurnalist, həm yaxşı şair idi. Həm də televiziyaya yaxşı rəhbərlik edirdi").

Ənvər Əlibəylidən sonrakı müddətdə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində vəziyyətin necə olması araşdırılmağa başlayanda İmran Mirzəyev 1 ildən bir az çox idi ki, sədr idi. Ancaq bu qısa müddətdə həm radioda, həm televiziyada irəliləyiş yox, geriləmə müşahidə edilmişdi və bir sıra arzuolunmaz hadisələr də baş vermişdi ki, onlar haqda heç Heydər Əliyev hələ Birinci katib seçilməzdən qabaq Mərkəzi Komitəyə məktublar göndərilmişdi.

Qəzetdən gəldiyindən, efir məkanı ilə bağlı təcrübəsi olmadığından İmran Mirzəyevin burada dərhal baş tapa bilməməsi, əlbəttə, anlaşılan idi. Qüsurların artmasına digər səbəb isə bu imiş ki, deyəsən, o, sağındakı-solundakı peşəkarların, daha püxtələrin rəyinə də çox məhəl qoymurmuş. Bu, ehtimal deyil, həm teleradionun içərisindən, həm kənardan dəvət edilmiş mütəxəssislərdən təşkil edilmiş 20 nəfərlik komissiyanın avqustun ikinci, sentyabrın birinci yarısında apardığı müfəssəl araşdırmadan çıxardığı başlıca nəticələrdən biri idi.

Ancaq komissiya araşdırmalarını aparmazdan əvvəl komitəyə müraciət edilmişdi ki, özləri geniş hesabat versinlər. Hesabat hazırlanmışdı, Mərkəzi Komitəyə göndərilməzdən qabaq sədrin yanında müzakirə edilmişdi və həmin toplantıda iştirak edənlərin biri daha cəsarətli çıxaraq hesabatla razılaşmamış, imzalamaqdan imtina etmişdi. Bu, o çağlar komitədə sədr müavini işləyən Nəbi Xəzri idi. Nəbi müəllim sözünü sadəcə şifahi deməmişdi, yazılı olaraq da təsdiqləmişdi. Həmin tək vərəq də qalır: "Sentyabrın 4-də Dövlət Komitəsi tərəfindən Mərkəzi Komitəyə təqdim olunacaq mətn müzakirə ediləndə bu hesabata səs vermədim. Ona görə ki, həmin hesabat Dövlət Komitəsində son ildə yaranmış acınacaqlı mənzərəni əks etdirmir və ciddi nöqsanları açıb göstərmir. Əgər hesabatı Mərkəzi Komitəyə teleradio adından təqdim ediriksə, biz son dərəcə obyektiv və prinsipial olmalı, işimizə qarşıya qoyulan yüksək tələblər səviyyəsindən qiymət verməli, idarəmizdəki ciddi nöqsanları kommunistcəsinə açıb göstərməliyik. Mən bu qənaətdəyəm ki, həmin hesabat bu tələblərə cavab vermir".

Mərkəzi Komitəyə göndərilən hesabata görə isə, işlər yağ kimi gedirdi. Göstərilirdi ki, hazırda televiziya verilişlərinin sutkalıq həcmi 20, radio verilişlərininkisə 32 saatdır. Ölkədə 700 minə yaxın radioqəbuledici, 450 min televizor var. "Pravda" qəzeti 1968-ci ilin iyulunda dərc etdiyi məqaləsində Azərbaycan televiziyasının yaxşı işindən bəhs edib. 1968-ci ilin əvvəlindən televiziyada hər gün iki dəfə verilən ondəqiqəlik yeniliklər proqramı gündəlik yarım saatlıq "Günün ekranı" verilişi ilə əvəzlənib. May ayından ilk dəfə olaraq Azərbaycan televiziyasında "Qitələr, hadisələr" beynəlxalq proqram fəaliyyətə başlayıb. Qeyd edilirdi ki, televiziyanın "Ekran" Yaradıcılıq Birliyində çəkilmiş "Bu, Səttar Bəhlulzadədir" filmi keçən il Moskvada rəngli televiziya filmləri müsabiqəsində ən yaxşılardan biri sayılıb, digər bir neçə film Ümumittifaq televiziyasında nümayişdən ötrü qəbul edilib.

Bunlar hamısı, söz yox, sevindirici idi, uğurdan deyirdi. Ancaq bu fərəhli hadisələrin hamısı Ənvər Əlibəylinin sədrlik dövrünün bəhrəsi idi, bəs İmran Mirzəyevin sədrlik etdiyi 1 il 3 ayda hansı müvəffəqiyyətlərlə öyünə bilərdilər?

Əsas bəla onda idi ki, sədr öz müavinləri ilə yola getmirdi, televiziya işinin bilicisi olsalar da, onların sözünə məhəl qoymurdu və nəticədə efirdə xoşagəlməz hadisələr baş verirdi. 1969-cu il yanvarın 28-də televiziyada "Qəhrəmanlar haqda hekayətlər" silsiləsindən keçmiş partizan M.Xəlilov haqda süjet getmişdi.

Televiziya təzəydi, hamının gözü ekranda idi, heç veriliş bitməmiş studiyaya zənglər, daha sonra isə Mərkəzi Komitəyə şikayət məktubları getmişdi. Sən demə, qəhrəman kimi təqdim edilən bu şəxs əslində müharibə dövründə faşistlərə işləyibmiş. Tapşırmışdılar DTK-ya ki, izə düşsünlər. Məlum olmuşdu ki, həqiqətən belə imiş. Sədrin göstərişi ilə Elmi-Tədqiqat Əkinçilik İnstitutunda yoxlamalar gedə-gedə, institutun direktoru həbs olunduğu halda onları tərifləyən 1 yox, 2 veriliş hazırlanmışdı. Sədrin birbaşa tapşırığı ilə Nəsimi rayonundakı bazarın müdiri haqqında dalbadal 2 mədhiyyə veriliş hazırlanmışdı, müavinlər, baş redaktorlar narazılıqlarını bildirsələr də, sədr dediyinin üstündə durmuşdu. Bütün bunlar 20 nəfər teleradio işçisinin, tanınmış alimlərin, yazıçıların, jurnalistlərin, Mərkəzi Komitədən də onlara qoşulmuş ekspertlərin apardığı araşdırmanın nəticəsi olan sənəddə əksini tapıb və orada bu da yazılır ki, sədr çox təkəbbürlüdür, nəinki komitədə vəzifəcə ondan aşağı olanların, bəzən Mərkəzi Komitədən ona irad tutanların da sözünə laqeyd yanaşırmış.

Qəbuluna gəlib ona tənqidi fikir söyləyənlərə dediyi "BB", yəni "Bas bayıra" ifadəsi isə, şahidlərin nağıl eləməsinə görə, o vaxtlar lətifəyə çevrilibmiş. Hətta adətən səlahiyyətləri yüksək olduğuna görə çəkinilən Mərkəzi Komitə əməkdaşlarına münasibətdə də sədrin rəsmi arayışda əksini tapmış saymazyana ədaları, yəqin, oradan gəlirmiş ki, bu vəzifə Kremlin nomenklaturasında idi və elə həmin səbəbdən 1969-cu il sentyabrın 30-da Azərbaycan KP MK Bürosunun onu vəzifədən götürmək haqqında qərarında belə bir bənd də yer alır ki, Sov.İKP MK-dan xahiş olunsun ki, İmran Mirzəhüseyn oğlu Mirzəyevin respublika Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifəsindən çıxarılması haqda bu qərarı təsdiq etsin.

Mən İmran Mirzəyevin özünü heç görməmişəm, təsəvvürüm, hələ çox ayrıntılarını açmağı lazım bilmədiyim həmin arayışa, o arayışa özünün yazmış olduğu, elə həmin qovluqda qalan və mənfi təəssüratı dəyişməyən cavabına əsasən yaranıb. Ancaq vaxtilə elə onun çalışdığı "Vışka" qəzetində redaktor müavini işləmiş, Azərbaycan televiziyasında da 1980-lərin ortalarından başlanan aşkarlıq havasında efirə gəlmiş məşhur "Dalğa" verilişinin yaradıcılarından biri olmuş, həm yaxşı jurnalist, həm çevik elmi təfəkkürlü tədqiqatçı (onun "Adlarımız" ünvanlı araşdırma kitabı 1980-ci illərdə çox sevildi), həm də son dərəcə mədəni, kübar insan olan qardaşı Osman Mirzəyevi tanıyırdım, Qarabağ müharibəsindəki ilk şəhidlərimizdən olan bu dəyərli şəxsiyyətlə xoş münasibətlərimiz vardı, mən onun, o mənim kitabım haqqında müsbət rəylər yazmışdıq.

İki qardaş və nə qədər fərqli xarakterlər!

Tünd məzacına görəmi, ya Kreml nomenklaturasına daxil olduğuna uyaraqmı özünü yekəxana aparmağı bəlkə də hansısa başqa rəhbərlə etmək mümkün idi, Heydər Əliyev kimi zabitəli liderləsə belə ədalar keçərli deyildi. Xüsusən də ki, bu təhər mühüm dövlət və millət əhəmiyyətli bir məqamda.

Teleradionun sədri vəzifəsinə partiya xadimi və fəlsəfə professory Qurban Yusifzadə təyin edilir. O, büllur kimi təmiz bir adam idi, qızı ilə Elmlər Akademiyamızın Fəlsəfə və Hüquq İnstitutunda birlikdə işlədiyimdən yeni sədr haqqında məlumatım genişdi. Artıq həm də xeyli maliyyə əyintiləri aşkarlanmış bu idarəyə belə əqidəli, əli düz adamın gəlməsi müsbət bəhrəsini, yəqin ki, verəcəkdi. Ancaq o, televiziya adamı deyildi, axıracan da ola bilmədi, ifrat mühafizəkar baxışlıydı, amma di gəl, idarənin işlərini belə sədrlə necə irəli aparmağın də həlli tapılmışdı. Sabiq rəhbərlik dönəmindən fərqli olaraq, artıq müxtəlif sahələr üzrə müavinlərin geniş səlahiyyətləri vardı, hərəsinin öz sahəsi üzrə sözü keçərli idi.

Bütün bunları uzaqdan müşahidəçi kimi yox, artıq tələbə vaxtımdan, 1974-cü ildən etibarən bugünədək Azərbaycan teleradiosu ilə sıx bağlı olan, bütün gedişatı içəridən izləyən insan kimi deyirəm.

O gün - 1969-cu ilin 30 sentyabrında əslində Azərbaycan televiziyası və radiosunda büsbütün yenu mərhələ - Heydər Əliyev epoxası başlayırdı.

Radiomuzun 43, televiziyamızın 13 yaşı vardı.

Həmin gündən düz 27 il sonra, artıq radiomuzun 70, televiziyamızın 40 yaşına çatdığı hündürlükdən arxaya boylanan Heydər Əliyev Azərbaycan efirini ciddi millət və dövlət quruculuğu, mühüm Azərbaycançılıq hadisəsi adlandırırdı.

Və efirimizin o mübarək dərəcəyə gəlib yetişməsində onun özünün də əvəzsiz xidmətləri vardı, bunu həmin gün onu dinləyən peşəkarlar da yaxşı dərk edirdilər, hər kəsdən əvvəl də özü bilirdi ki, geridəki illər ərzində radiomuz, televiziyamız üçün nələr edib, ona görə də efirimizin həmin yubiley yaşında ürəyindən keçənləri dilə gətirirkən qəlbən məmnun idi. Bu, bəsləyib böyüdüyü, nəhayət ki, bəhrəsini görüb sevinən bağbanın fərəhi kimi idi. Ancaq indi dilindən qopan və keçmişə qiymət kimi səslənən sözləri artıq yolunun lap əvvəlində onu sabaha çağıran məqsəd kimi düşüncəsində, qəlbində nəqşə, layihə, niyyət kimi var olmasaydı, belə könül sevindirən nəticəyə də gəlib çıxılmazdı, indiki zirvəyə də varılmazdı.

1996-cı ilin 17 fevralı idi, Heydər Əliyev Azərbaycan televiziyasının bu millət üçün hansı dəyər olduğunu xırdalayırdı: "Azərbaycan televiziyası xalqımızın milli sərvətidir, Azərbaycan xalqının tarixinin böyük bir hissəsidir, ayrılmaz bir hissəsidir. Televiziya hər kəsin nailiyyətidir. Televiziyamız tariximizin səhifələrini əyani surətdə təbliğ edərək hər bir vətəndaşın öz keçmişini, tarixini, millətinin aqibətini daha yaxından bilməsinə kömək edibdir".

Heydər Əliyevin televiziya haqqında, bu dəyərin Ümumazərbaycan mənası barədə mülahizələrini belə uzun iqtibas etməyi bihudə deyil. Üzdən sadə görünən bu sözləri, televiziyamız haqqında bu həqiqətləri bir başqası da deyə bilər. Ancaq heç vaxt o sözlərdə Heydər Əliyev sözündəki siqlət, ağır çəki olmayacaq. Çünki bu sözlər həmin gedişatı onillər boyu gün-gün, il-il yaşamış insanın çıxardığı aqil və dürüst nəticələrdir. Özünün bilavasitə apardığı millət və dövlət quruculuğu işinə televiziyanın necə dayaq durduğuna saysız sübutlar çəkə bilən Vətən rəhbərinin müdrik qənaətləridir.

Sən də, mən də, məntiqlə düşünən istənilən adam da deyər ki, televiziya bir silahdır və düz söyləmiş olar, haqlı olar, ancaq bu sözü deyən sadə insan heç vaxt televiziyaya qüdrətli silah kimi baxan Heydər Əliyev kimi haqlı, düz, hədəfə dəqiq vuran ola bilməz. Çünki o, "televiziya silahdır" deyəndə hər kəs kimi ümumi mülahizələrə söykənmir, öz ömründə, öz taleyində televiziyanın doğrudan-doğruya silahların ən güclüsünə çevrilməsinin əyani sübutlarından birini gətirir. Həm də elə dəlil ki, hadisələrin içərisində olan insan tarixin müəyyən parçasını xəyalında canlandırınca ikiəlli təsdiqləməli olur ki, Heydər Əliyevin bu dedikləri heç kəsin dana bilməyəcəyi gün kimi aydın gerçəkdir.

Televiziyanın silaha çevrildiyi, məhz Heydər Əliyev kimi qüdrətin əlində ən güclü silaha döndüyü həmin tarixi gecəni hər kəs xatırlayır. O gecəni şəxsən görməmişlər üçünsə xronikalar şahid olar: "1994-cü ilin oktyabr ayının əvvəlində Azərbaycanda cinayətkar qruplar, dəstələr tərəfindən, şübhəsiz, xaricdən istiqamətləndirilən bu dəstələr tərəfindən Azərbaycanda dövlət çevrilişinə cəhd göstərildi. Bu dövlət çevrilişinə hazırlıq artıq müəyyən bir müddət idi ki, gedirdi. Biz buna nəzarət edirdik. Xatirimdədir, o vaxt bir çox adamlar narahatlıq hissi keçirərək gəlib mənə cürbəcür məsləhətlər verirdilər ki, əgər çevriliş cəhdləri başlansa nə etmək, nə kimi tədbirlər görmək lazımdır, hansı silahları işə salmaq, hansı silahlardan istifadə etmək lazımdır. Lakin mən o oktyabr gecəsi dövlət çevrilişi başlanan zaman məhz bizim milli televiziyadan istifadə etdim. Bu, nə qədər güclü bir silah imiş! Bu, bütün silahlardan da güclü bir silah imiş! Gecə vaxtı mən televiziya vasitəsilə xalqa müraciət etdim, xalqı Azərbaycan dövlətçiliyinin qorunmasına dəvət etdim. Məhz televiziya vasitəsilə biz buna nail ola bildik. Mən buna nail ola bildim".

Çox düz edir ki, yalnız "biz buna nail ola bildik" demir, dəqiqləşdirərək "Mən buna nail oldum!" deyir.

Televiziya mahiyyətcə silah olmağına silahdır, ancaq baxır kimin əlində, kimin istifadəsindədir. Gərək özün də qüdrət olasan, televiziyadan onun əsl əzəməti ilə yararlanmağı bacarasan ki, o, silahların ən güclüsünə çevrilsin. Heydər Əliyev özü möhtəşəm idi və iki qüdrət birləşərək millət taleyi və tarixinin həmin nigaran və şanlı gecəsində bütün iblisləri tar-mar edən SİLAHa döndü. Azərbaycandan kənarlardan yurdumuza uzanan qara əllər və onlara nökərçilik edən içəridəki şər tör-töküntləri də silahlı idilər, qəsd etdikləri çevrilişdə silah işlətməyi, qan tökməyi də istisna etmirdilər. Ancaq haradan ağıllarına gələrdi ki, qarşılarına onların əldə edə biləcəkləri silahların hamısını yenən belə bir silah da çıxa bilər.

"Ən güclü silah" dediyi Azərbaycan televiziyasının misilsiz faydasını o gecə bütün Azərbaycan da gördü, həmin silahın - Azərbaycan televiziyasının bu mərtəbəyə yetişməsi yolunda illərcə çox zəhmətlərə qatlaşmış Heydər Əliyev də.

Və bu, millətin də, Heydər Əliyevin də halal haqqı idi. Çünki milli televiziyamızı bütöv millətinki etmək yolundakı usanmaz çalışmalarına o elə Azərbaycan rəhbərliyinə gəlincə, ürəyinin tələbi, uzaqgörən zəkasının hökmü ilə başlamışdı.

Yaşı 90-ı ötən İsmət Gözəlov o vaxt - 1969-cu ilin sentyabrında, Heydər Əliyevin gəlişi ilə televiziyamızın həyatında yeni mərhələnin başlandığı əsnada Teleradio Komitəsində vəzifədə idi - texniki təchizat üzrə sədr müavini. Suallarımı verirəm, cavablarımı alıram və canlı tarix olan belə qiymətli ağsaqqallarımızın varlığına görə şükürlər edirəm.

Köhnələrsiz keçinmək olmur və dünənə biganə qaldıqca, üstdən aşağı baxdıqca ayağımız tez-tez daşlara dəyəcək, bu etinasızlığın ağırlığının və ağrısının altını çəkəcəyik. Köhnə kişilərin xatirələri arxiv sənədləri ilə qovuşanda həmin yaddaşlar daha artıq mötəbərlik, sənədlər isə daha artıq dirilik qazanır, nəfəs almağa başlayır. Ancaq arxivdəki yazılar hamısı durub yerində. 50 il, 100 il sonra da qaldır, deyə bildiyi sözü deyəcək. Xatirə daşıyıcısı insanlarsa gedəridir. Vaxtında dindirmədin, yazılaşdırmadın, neçə munis söhbət elə həmin xatirə mücrülərinin sinəsində qalıb soluxacaq, günlərin birində onlarla da uçub yoxluğa gedəcək.

Həsən Həsənovun xatirəsidir, deyir, bir müddət respublika Ali Soveti Rəyasət Heyətinin sədri (1985-1989), daha sonralarsa Ticarət və Sənaye Palatasının prezidenti (1994-2014) işləmiş Süleyman Tatlıyev hərdən cavan həmkarlarına tövsiyə edirmiş ki, gün gələcək, mən də dünyadan köçəcəyəm, aparıb dəfn edəcəksiniz, bilirəm, qəbrimə telefon xətti də çəkdirəcəksiniz, hələ gətirib məzarımın yanına telefon da qoyacaqsınız, onu da bilirəm ki, sualınız olanda, söz soruşmaq istəyəndə zəng də vuracaqsınız, ancaq iş ondadır ki, mən dəstəyi götürə, cavab verə bilməyəcəyəm. Odur ki, nə soruşursunuz, indi soruşun.

Azərbaycan televiziyasının özü ilə danışıram. Bunu nə məcazi bir deyiliş, nə mübaliğə sayın. 1929-cu il təvəllüdlü İsmət Gözəlovla həmsöhbətəm. Danışır, düşüncəsi elə sərrastdır, 70 il uzaqdakı olmuşları elə dəqiqliklə xatırlayır, nitqini elə səlis rəvan, yığcam qurur ki,  həm mat qalıram, həm çox senirəm ki, o var, kaş həllə illərcə də olsun. O ali texniki təhsilini Leninqradda (indi Sankt-Peterburq) alıb Bakıya gəlir, əvvəlcə 1953-cü ildə Bakı Radiorabitə Mərkəzinin 3 saylı Ötürücü Radio Mərkəzində mühəndis vəzifəsində işə başlayır. İsmət artıq efir məkanındadır, televiziyamız isə hələ 3 il sonra doğulacaq. O, Azərbaycan televiziyasının göbəyini kəsəndir. Televiziyamızın efirə ilk çıxışları onun əli ilə olub. Bu gün İsmət Gözəlov Azərbaycan televiziyaçılarının ən qocamanıdır. Onu bu yaşında da belə ayaqda saxlayan, düşüncəsini qıvraq edən ən əvvəl elə saat kimi sərrast işləyən beyin, bilikləridir. 94 yaşlı tarix-adam - İsmət Gözəlov yada salır ki, 1969-cu ilin sentyabrında, Mərkəzi Komitənin bizimlə bağlı məsələni Büro iclasına çıxarması ərəfəsində bir neçə dəfə müxtəlif müzakirələrə dəvət edilmişdik. Heydər Əliyev başlanğıcdan hiss etmişdi ki, bizim işin canı texniki təchizatdır. Odur ki, tapşırıq vermişdi ləngimədən təxirəsalınmaz ehtiyaclarla bağlı məktublar hazırlayaq. Tərəddüddə qalmışdıq. Şübhə yox idi ki, İmran Mirzəyev gedəcək, ancaq hələ təzə sədr də gəlməmişdi, komitə adından yazacağımız məktublara bəs kim imza atmalıdır? Heydər Əliyev göstəriş vermişdi ki, elə texniki sahəyə cavabdeh olan sədr müavini imzalasın. Mənə bu aralıq müddətdə sədr səlahiyyətləri verildi. Mən də illərdən bəri yığılıb qalan, həllini tapmayan, irəliləməsi üçün vəsait ayrılmayan vacib məsələlərin hamısını yazdım. Heydər Əliyev mənə tapşırmışdı ki, texniki təchizat məsələləri ilə bağlı nə sözün olsa, indi də, gələcəkdə də, birbaşa özümə de.

İsmət Gözəlov bunu da ayrıca vurğulayır ki, məəttəl qalası iş idi, Heydər Əliyev respublika rəhbərliyinə yenicə başlasa, işi başdan aşsa da, məni Mərkəzi Komitəyə çağırtdırıb suallar vermək, məlumat almaqla kifayətlənmirdi, bir də onu görürdük özü durub gəlib işimizlə yerində tanış olmağa.

Hələ ikicə ay idi ki, Heydər Əliyev respublika rəhbəri idi. Sənayedə, kənd təsərrüfatında çözülməsini göləyən bir yığın məsələlər, qalaq-qalaq açıq suallar vardı. Hamısı bir-birindən təcili, bir-birindən əhəmiyyətli. Heydər Əliyev az sonra bütün gücü və enerjisi ilə onların da həllinə girişəcək. Ancaq televiziyanın qayğılarını önə çəkmişdi. Çünki güclü televiziyanın sabah digər məsələlərin də həllinə yardımçı, respublika idarəçiliyinin də daha uğurlu aparılmasına vasitəçi olacağı inamındaydı.

İsmət Gözəlov 1969-cu ilin payızında imzaladığı məktubda yazdıqlarını, o günün televiziya fədailərinin tezliklə gerçəkləşməsinə az inandığı arzuları, baştutmaz kimi fərz etdikləri diləkləri üstündən yarım əsrdən də çox sovuşarkən gözəlcə xatırlayır. Deyir, yazırdım ki, respublikada rəngli yayımı təşkil etməkçün fransız avadanlığı almağa 400 min rubl həcmində xarici valyuta ayrılmalıdır, yazmışdım ki, Azərbaycan televiziyasının Mərkəzi televiziyaya çıxışı və rəngli verilişləri tuta bilməsi üçün Ağstafa-Bakı radiorele xəttinin yenidənqurulması ilə Nazirlər Sovetinin qərarı 1 il əvvəldən varsa da, kağız üzərində qalır, icra edilsin, yazmışdım ki, layihə-smeta sənədləri çoxdan ortada olan və 1969-cu ildə tikintisi başlanmalı olan Radio Evinin vəsait ayrılmaması ucbatından nə təməli tökülüb, nə daşı daş üstünə qoyulub, bu tikintinin maliyyə məsələləri həll edilsin, iş hərəkətə gəlsin.

Lap az keçəcək, hamı şahid kəsiləcək ki, iradə, qətiyyət, əzm olarsa, bu işlərə əncam çəkmək, sən demə, çox da müşkül deyilmiş.

Azərbaycan televiziyası təzə doğulanda ona hələ yalnız Bakıda, ən uzağı Sumqayıtda baxa bilirdilər. Dalğalar asta-asta daha geniş yayılmağa başladı. Dalğaların yeni-yeni kəndlərə, şəhərlərə yetə bilməsi isə texniki təminatla, ötürücü qurğularla bağlı məsələ idi.

Yalnız 1970-ci illərdə televiziyamız, ən azı dalğalarının respublikanın, nəhayət ki, dörd bucağını əhatə edə bilməsinə görə əsl Azərbaycan televiziyası adlanmaq mərhələsinə gəlib çatdı.

Rəhim Dərafərin söyləyir ki, sovet dönəmində biz ən yaxşı texniki təminata görə Moskva, Leninqrad, Kiyevdən sonra SSRİ-də dördüncüydük. Halbuki bütün Sovet İttifaqında 130 televiziya mərkəzi vardı. O qədər televiziya arasında buna nail olmuşduqsa, bircə səbəbkar vardı - bizə lazım olanları Moskvadan qoparmağı bacaran Heydər Əliyev!

Heydər Əliyev bütün yolu boyu millətçi, Vətənçi insan olub və bu ardıcıl səyləri üz tutduğu hər sahədə içərisindəki sabit yurdçuluq düsturunun diktəsi ilə, bəlkə də lap sövq-təbii edib. DTK-da çalışdı, sıralarında tək-tük azərbaycanlılar olan bu qapalı qurumu azərbaycanlılaşdırmağı bacardı.

Televiziyanın inkişafından ötrü əməklər sərf etdi, ən müasir teleavadanlıqları alıb Bakıya gətizdirdi, lakin bu qurğuları ustaca işlədənlər də lazım idi ki, tez sıradan çıxmasınlar, efirdə xətalar baş verməsin.

Yenə, həyatını televiziya işinin ürəyi olan bu məsələlərə həsr etmiş Rəhim Dərafərin xatırlayır ki, 1970-ci illərin əvvəllərində bizdə texniki sahədə çalışanların əksəri yəhudilər, ruslar, ermənilər idi. Özümüzdən üç əsas aparıcı mütəxəssis vardı ki, adla deyilirdilər: İsmət Gözəlov, İsa Məmmədov, Çingiz Əfəndiyev. Televiziyanın texniki məsələlərini daimi diqqətdə saxladığından Heydər Əliyev bu üç mütəxəssisimizi də yaxşı tanıyırdı, bu sahədəki milli kadrlar kasadlığımızdan da xəbərdar idi. Ona görə respublikadan kənardakı qabaqcıl ali məktəblərə hər il sayı artıra-artıra televiziya üzrə təhsil almaqçün də gəncləri göndərməyə başladı, onların bir çoxu qayıdıb gəldi, televiziyada işə başladı. Ardınca da Politexnik İnstitutunda Televiziya kafedrasını açdı, komitədə texnika üzrə sədr müavini qalmaqla Çingiz Əfəndiyev getdi həmin kafedraya müdir. Çox keçmədi ki, ilk məzunlar da yetişdi, onların da xeylisi televiziyamıza cəlb olundu, beləcə, texniki kadrların milli tərkibi tam dəyişdi, keçmişdə özümüzünkülər bir əlin barmaqları qədər az saydaydılarsa, indi oldu əksinə.

2023-cü ilin avqustunda nadir bir azərbaycanlının 100 yaşı tamam oldu. İlk gəncliyində Nürnberq prosesində tərcüməçi, kəşfiyyatçı, diplomat kimi tanınan Ənvər Nazim oğlu sonra taleyini televiziya ilə bağladı və uzun illər SSRİ Mərkəzi televiziyasının sədr müavini vəzifəsində çalışdı. Adı müavin idi, əslində televiziyanın hər dərd-sərini həll edən o idi, Kreml səviyyəsində də yüksək hörməti və nüfuzu vardı.

Həsən Həsənov danışır ki, 1981-ci ildə, Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi olduğum dövrdə Heydər Əliyev məni göndərdi Moskvaya, həmin köhnə bakılımız Ənvər Məmmədovla görüşə ki, get danış, gör bizə nə kimi dəstəyi mümkündür, Ümumittifaq efirində Azərbaycana daha artıq vaxt ayrılmasına hansı köməkləri göstərə bilər.

Gedir, söhbətləşirlər və Ənvər Məmmədov da qayıdır ki, sədriniz Elşad Quliyev mənə zəng vursun, texniki sahədə nə yardımlara ehtiyacları varsa, imkan daxilində yardım edərik.

Yəni Azərbaycanın o boyda Sovet İttifaqında texniki təchizat baxımından Belorusiyanı (indi Belorus), Baltikyanı, eləcə də Qafqaz və Orta Asiya respublikalarını geridə buraxa bilməsi üç ayın, beş ilin işi deyildi, dayanmadan aparılmış məqsədyönlü siyasətin, hər istifadə girəvəsindən ağılla səmər götürmək cəhdlərinin sayəsində mümkünləşmişdi.

"1970-ci illərdə milli televiziya Azərbaycanın bütün ərazisini əhatə etmiş və respublikamızın bütün vətəndaşlarının istifadəsinə verilmişdir".

Bu sözləri televiziya tariximizi araşdıran bir alim də deyə bilər, elə keçilmiş yoldan xəbərdar olan istənilən başqa adam da. Amma bu sözlər Heydər Əliyevin dilindən səslənəndə artıq anlamı tamam fərqli idi. Bunu işi görmüş, həmin uğurun memarı olmuş insan söyləyirdi.

...Televiziya haqqında düşünənin ilk nəzərində canlanan ekranda görünən kadr, o kadrın içindəkilər olur. Ancaq kadr arxasındakılar olmasa, o kadrlar bizə heç görünərdimi?

Televiziyanın növbəti bayramıdır, Heydər Əliyev səhnədədir və onun üçün ən əvvəl kadr arxasından başlanan televiziyadan, o təsviri təsvir edib bizə çatıdıranlardan söz açır. Axı onun özü də televiziyamızın boynunda çox haqqı olan, televiziya naminə gördüyü işlərin yüzdədoxsanı kadr arxasında qalaraq insanlara görünməyəndi: "Televiziyanın əməkdaşlarının bir hissəsi onun maddi-texniki təminatı ilə məşğul olan mütəxəssislər - mühəndislər, texniklər və başqa sahədə fəaliyyət göstərən insanlardır. Bu texnikasız, bu cihazlar olmadan və onları istifadə edə bilən mütəxəssislər olmadan televiziya fəaliyyət göstərə bilməz".

Çox sahələri dərindən bildiyi kimi, Heydər Əliyev televiziyanın da əlifbasına bələd idi. Öndər yaxşı anlayırdı ki, televiziyanın hər hansı bir yeri ağrısa, o, silah olmaqdan qala, zəifləyə bilər. Ona görə əlini heç vaxt televiziyanın nəbzindən çəkmirdi.

Azərbaycan televiziyası 40 yaşına çatanda 1996-cı il idi, hələ bərpa edilmiş müstəqilliyin ilk sıxıntılı, çalxantılı, ancaq gələcəyə ümidlər dolu günlərini yaşayırdıq, Heydər Əliyev siyasi hakimiyyətə təzədən qayıtmışdı, Azərbaycanın daha zəngin, daha azad, daha sabit sabahlarını qurmaq yolunda mübarizələrdəydi. Yenə televiziyaya ümid verirdi, 1969-cu ildə respublikaya rəhbərliyə təzəcə gələrkən televiziya ilk yadına düşənlərdən olduğu kimi, indi, 90-ların ortalarında da, müstəqillik yolunun əvvəlində də üzü televiziyaya sarı idi, o, yeniləşən dünyada texniki baxımdan televiziyamızın əyalətçi durumda qalmasına dözən deyildi, televiziyamızı bu dönəmdə də ən yüksək dünya imkanları səviyyəsinə qaldırmağa səfərbər idi: "Dünya televiziyasının böyük nailiyyətlərini Azərbaycan televiziyası hələ tamamilə mənimsəyə bilməyib, tətbiq edə bilməyibdir. Bunları həyata keçirmək üçün televiziyanın maddi-texniki bazasını daha da gücləndirmək lazımdır. Bizim iqtisadi vəziyyətimiz nə qədər çətin olsa da, biz bu sahəyə vəsait əsirgəməyib son zamanlar televiziyanın maddi-texniki bazasını inkişaf etdirmək üçün lazımi tədbirlər görmüşük. Biz başqa tədbirlər də görürük və görəcəyik".

Xalq artisti, həmişəşux diktorumuz Roza xanım Tağıyeva söyləyir ki, Heydər Əliyev hər dəfə televiziyaya gələndə, bizimlə görüşəndə elə bil ki, getmək istəmirdi, bizimlə birgə olduğu dəqiqələrin uzanmasına çalşırdı, sanki özü də cavanlaşırdı, biz də ilk gəncliyimizə qayıdırdıq, köhnə nəsil diktorlarımızın da hamısını birbəbir adbaad tanıyırdı. Çox təsirli mənzərə alınırdı. Heydər Əliyevi yada salırkən həmin an hər dəfə gəlib durur gözümün qarşısında. Növbəti dəfə studiyanın qonağı idi, görüş bitdi, bizdən ayrılıb gedirdi, birdən ayaq saxladı, xeyli də getmişdi, sizinlə heç yaxşı sağollaşmadım deyib geri döndü, məni, Ofeliya Sənanini, Şərqiyyə Hüseynovanı qucaqladı öpdü, ata nəvazişi ilə başımızı sığalladı getdi.

Bu xatirədəki o unudulmaz an mənə rəmz kimi gəlir. Heydər Əliyev Azərbaycan televiziyasına, Azərbaycan ekranına daim qayıdacaq. Bu gün də, bütün sabahlarda da! O, Azərbaycan televiziyasına elə bütöv Azərbaycan kimi baxırdı. Deməmişdimi mən Azərbaycanda həmişə olacağam?! Qarış-qarış bütün Vətənə də, Vətənin güzgüsü olan televiziyamıza da, illərcə sevgi ilə çəkdiyi zəhmətlərə görə hər gün yenidən qayıtmaq, müdam insanlarla birgə olmaq onun alın yazısındakı bir başqa xoşbəxtlikdir!

23 avqust 2023

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook