“Mədəniyyət” kanalında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.
Veriliş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunub.
Akademik Rafael Hüseynov cəmi 45 il ömür sürmüş Əhməd Cavadın həyatının keşməkeşli illərindən, başına gələn faciələrdən bəhs edib. Bildirib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. O, həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir.
Diqqətə çatdırılıb ki, Əhməd Cavad Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Mirzə Abdulla Məhəmmədzadə kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü Türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür.
Rafael Hüseynov Azərbaycan Respublikasının Dövlət Himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğunu bildirib. Vurğulayıb ki, Əhməd Cavadın həyatının 25 ili şair, şəxsiyyət və ictimai-siyasi xadim kimi Azərbaycan Demokratik Respublikası, müsavatçılıq 14 ideologiyası ilə bağlı olmuşdur. Cümhuriyyət dövrünün, azadlıq mücadiləsinin, ictimai-siyasi proseslərin ən bariz, ən dolğun və ən dəqiq izlərini Əhməd Cavad yaradıcılığında görmək mümkündür. Onun şeirlərində azadlıq yanğısı da var, müstəqillik istəyi də, türk birliyi ideyası da, “türkün türkdən başqa dostu, dayağı yoxdur” düşüncəsi də.
Verlişdə Əhməd Cavadın o zaman sovet quruluşunun ideoloqları tərəfindən yersiz tənqid olunduğu, haqsızlıqlara məruz qaldığı, bunun Xalq Cümhuriyyətinin yaşadığı 23 aylıq zaman kəsiyi istisna olmaqla, aprel işğalından sonrakı mərhələdə daha aydın göründüyü qeyd olunub.
Bildirilib ki, şair ikinci dəfə “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir. Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.