“Mədəniyyət” kanalında "Vətənim" verlişinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunmuş ikinci buraxılışı yayımlanıb.
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında efirə gedən verlişdə bildirilib ki, Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarından biridir. O, millətin, yurdun yolunda canını qurban verməyə hazır olan vətənpərvər şairdir.
"Əhməd Cavad hər bir misrası ilə bu millətin səsi idi. Böyük şair hər bir əsərində vətənə sevgi, vətənin mədəni tərəqqisini təbliğ və tərənnüm edib", - deyən akademik Rafael Hüseynov onun 1919-cu ildə qələmə aldığı "Azərbaycan, Azərbaycan" şeirində doğma yurdumuza sonsuz məhəbbətin ifadə olunduğunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Əhməd Cavad həm də Azərbaycan Dövlət Himninin sözlərinin müəllifidir. Böyük şairin Vətən marşı” şeiri 1919-cu ildə ilk dəfə "Milli nəğmələr" kitabının 22-ci səhifəsində dərc edilib. Himnin sözləri kitabda “Vətən marşı” və "CAMO bəy" (Cavad Axundzadə Məhəmmədəli Oğlu) imzası ilə verilib. Azərbaycan Dövlət Himninin mətn müəllifi ilə bağlı fərqli fikirlər mövcuddur. Alimlər arasında müzakirə doğuran məsələyə müxtəlif yanaşmalar var. Bu kitabın mövcudluğu – himnin mətn müəllifinin Əhməd Cavad olması mövqeyindən çıxış edənlərin fikrini təsdiq edir.
Verlişdə, həmçinin Əhməd Cavad və Şükriyyə xanımın tanışlığından bəhs olunub. Bildirilib ki, Şükriyyə xanım da Əhməd Cavad repressiyaya uğradığı vaxt əsil qadınlıq nümayiş etdirir. Şairdən heç vəchlə imtina etmir. Batumda Süleyman bəylə tanışlıqdan sonra onun qızına aşiq olan Əhməd Cavada yox deyilir. Lakin Şükriyyə xanım bütün atasının var-dövlətini göz ardına vuraraq Əhməd bəyə qoşulub Gəncəyə gəlir. Şair bu qənirsiz gözəli tükənməz məhəbbətlə sevirmiş. Ömrünün axırına kimi ona etibarlı ömür-gün yoldaşı, sədaqətli ər olur. Əhməd Cavad qısa ömründə Şükriyyə xanıma (“Şükriyyənamə” və s.) müxtəlif şeirlər yazıb.
Əhməd Cavadın yaradıcılığının təkcə yazıçılıqla məhdudlaşmadığını söyləyən akademik Rafael Hüseynov istiqlal şairimizin Şekspirin "Otello”, "Romeo və Culyetta”, Şoto Rustavelinin "Pələng dərisi geymiş pəhlivan” əsərlərini Azərbaycan dilinə tərcümə etdiyini bildirib, onun tərcüməçilik fəaliyyətindən bəhs edib.
Diqqətə çatdırılıb ki, Türkiyə Əhməd Cavadın həyat və yaradıcılığında mühüm rol oynayıb. 1914-cü ildə kömək üçün 1-ci Dünya müharibəsinə gedən Əhməd Cavad Qara dənizi görərək Türkiyənin ikinci himni, hərbi marşına çevrilən "Çırpınırdı Qara dəniz” şerini qələmə alıb. Şeirə məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov tərəfindən dörd il sonra 1918-ci ildə musiqi bəstələnib.
İkinci buraxılışı buradan izləyə bilərsiniz.