RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Muzeyində elmi sessiya: “Azərbaycan poeziyasında ulduzlu səma” Okt 05, 2023 | 10:15 / Tədbirlər

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ölkəmizdə işə başlamış 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi sessiya keçirilib.

Muzeyin direktoru, akademik Rafael Hüseynov sessiyada “Azərbaycan poeziyasında ulduzlu səma” mövzusunda məruzə ilə çıxış edib. Akademik qeyd edib ki, Azərbaycanda ulduzlarla, səma ilə, müasir elmin ən vacib sahələrindən olan astronavtika ilə bağlı konqreslərin keçirilməsi çox təbiidir. Çünki Yaxın Orta Şərqdə Azərbaycan ulduzşünaslıq elminin əsas mərkəzlərindən biri olmuşdur.

Daha sonra o, qədim və orta əsrlər Azərbaycan poetik fikrinin aparıcı mövzularından olmuş Heyət (astronomiya) elmi, kəvakib (ulduzlu səma), fələk və planetlərin klassik Azərbaycan, Şərq ədəbiyyatında yüksək bədii sənətkarlıqla necə obrazlılıq qazandığından bəhs edib. Rafael Hüseynov bildirib ki,  dahi Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “İsgəndərnamə” məsnəvilərində ulduzlu səma və göy cisimlərindən sadəcə bir bədii obraz kimi deyil, həm də mahir bir ulduzşünas kimi bəhs edilir. 

Diqqətə çatdırılıb ki, Nizaminin əsərləri astronomiya mövzusunda Azərbaycan və Yaxın Orta Şərq ədəbiyyatında ilk qaynaqlardan sayılmalıdır. Rafael Hüseynov qənaətini Nizaminin “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İsgəndərnamə” poemalarının dibaçələrində (müqəddimələrində) verilmiş həyat, varolma, insanın indisi və gələcəyi, kainat, din və müqəddəslər haqqında fikirlər, o cümlədən “Meracnamə”lərin təhlili və s. əsasında izah edib. Akademikin sözlərinə görə, “Meracnamə”lərdə dahi şair hadisələri sadəcə dini nöqteyi-nəzərdən təqdim etməmiş, eyni zamanda ulduzlu göyün xəritəsini də peşəkar bir alim kimi ortaya qoymuşdur. Bu mənada, Rafael Hüseynov şairin “Leyli və Məcnun” məsnəvisini ulduzlu səmanı dəqiq təsvir edən ən dəyərli əsəri kimi qiymətləndirmişdir.

Alim məruzəsində Azərbaycan və Yaxın Orta Şərq poeziyasında ulduzlu səma və planetlərin yüksək bədii sənətkarlıqla fəlsəfi, estetik məna kəsb etdiyini klassik dövrün görkəmli riyaziyyatçı, astronom, filosof, təbiətşünas və şairi kimi tanınmış Ömər Xəyyam Nişapurinin, Nəsirəddin Tusinin, Fələki Şirvani, Əssar Təbrizi, Məhəmməd Füzuli və digər ustadların əsərləri əsasında ətraflı məlumat və təhlillərlə diqqətə çatdırıb. Rafael Hüseynov Yaxın Orta Şərqdə ilk rəsədxanaları yaratmış Ömər Xəyyamın, Nəsirəddin Tusinin elmi risalələrindən bəhs edərkən onların Avropa miqyasında öyrənilməsi tarixinə də nəzər salıb.

Daha sonra Rafael Hüseynov XII əsrdə Azərbaycanda ulduzşünaslıq elminin inkişafı ilə yetişmiş alimlərdən, o cümlədən sonrakı dövrlərin Fələki Şirvani, Əssar Təbrizi kimi astronom şairlərin yaradıcılığından danışıb. Bildirib ki, astronomiya elmindən şeirə ədəbiyyata gəlmiş Fələki Şirvaninin də Əssar Təbrizinin də bu sahədə qiymətli risalələrinin olması haqqında qaynaqlar bəhs etsə də təəssüf ki, həmin əsərlər hələ də üzə çıxarılmayıb.

Akademik Rafael Hüseynov yaxın tarixin də görkəmli ədəbiyyat xadimlərinə və onların astronomiyaya dair əsərlərinə müraciət edərkən universal bilik sahibi Abbasqulu ağa Bakıxanov Qüdsinin “Əsrarül-məlaküt” əsərini misal çəkib. Bu əsərin yarandığı illərdə böyük şöhrət qazandığını və İstanbulda sultan mükafatına layiq görüldüyünü vurgulayıb.  

Çıxışının sonunda məruzəçi əlavə edib ki, Azərbaycan ədəbiyyatının son min ilə yaxın dövrü içərisində “ulduzlu səma” mövzusu həm bədii obraz, həm də elmi informasiya mənbəyi kimi bütövlüklə ədəbiyyatımızda, milli düşüncəmizdə öz əhəmiyyətini qoruyur. Azərbaycan insanına şamil edilən “şair xalq” ifadəsi də təkcə poetik sözün deyil, elmi düşüncənin də timsalına çevrilmişdir.

nizamimuseum.az

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook