RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Pərdə arxasındakı qeyrət müəllimləri Yan 30, 2024 | 12:10 / Mətbuatda çıxışlar

Dəniz həmişə dənizdir. Gah sakit, gah mülayim, gah dalğalı, gah fırtınalı. Bəzən qabarır, bəzən çəkilir - daim adam kimi canlı. Ona görə şairlər insanları da hərdən-hərdən dənizə oxşadırlar.

1841-ci il idi. Abbasqulu ağa Bakıxanov "şah əsər"i olacaq kitabını qələmə almağa başlamışdı. "Gülüstan-i İrəm"i başlayırdı və sözü gəlib çıxmışdı Bakı şəhərini əhatələyən qala divarlarının üstünə. Yazırdı ki, "Yaxşı yadımdadır, 40 il əvvəl Bakı qalası iki arşın suyun içərisində idi. Sonra başladı yavaş-yavaş çəkilməyə. Axırıncı 5-6 ildə bir az artıb".

Deməli, 1800-cü illərin lap əvvəllərində hələ Xəzərin dalğaları Qız qalasını döyəcləyirmiş. Sonra dəniz başlayıb asta-asta qala divarlarından aralanmağa. Yer boşaldıqca oralarda yeni-yeni tikililər əmələ gəlməyə başlayıb. Onillər ötüb, sonra yenə dəniz "fikrini dəyişib", yenə başlayıb asta-asta Qız qalasına doğru irəliləməyə.

1990-cı illər yadımızdadır. Dəniz asta-asta irəliləyirdi və sahil bağının xeyli hissəsi qalmışdı suyun altında, düşünürdün ki, belə getsə, sular Qız qalası ilə bulvar arasındakı yolu da örtər...

Tarix boyu belə olub. Dəniz gah qabarıb, gah çəkilib, nələrsə qalıb suyun altında, vaxt sovuşduqca onlar da yaddan çıxıb. Vaxtilə küçələrindən adamlar keçən, indi isə yalnız haqqında rəvayətlər dolaşan Səbayel boyda şəhər sularda itib, dünənə qərq olub, onda qalmış ömrü qısa insan ola.

Əslində insanın özündən çox onun yaddaşı dənizə bənzəyir. Hafizədə də müəyyən müddət nələrsə elə həmişə əl altında olacaqmış kimi üst qatda qərar tutur. Amma zaman keçişi ilə üst qatda olanlar yavaş-yavaş enir hafizənin dibinə. Müəyyən illərdən sonra hətta bilmərrə unudulur, sanki heç olmayıbmış.

Bakının yaraşığı, insanlarımızın sevimlisi olan o Sahil bağı 1860-cı illərdə düzəlməyə başladı. Onun ilk memarı Qasım bəy Hacıbababəyov idi. Bu dəyərli insan 1848-ci ildən 1856-cı ilədək Şamaxının memarı olmuşdu. Sonra quberniya mərkəzi dəyişdi. Qasım bəy Hacıbababəyov da köçdü Bakıya, oldu buranın baş memarı - 1856-cı ildən ta 1868-ci iləcən. Elə Bakı bulvarının - hamımızın Sahil bağının yaranması da onun dövrünə təsadüf etdi. İlk layihəni 1862-ci ildə çəkmişdi. Birinci layihəyə görə, Sahil bağının uzunluğu 650 metr olmalı idi. Vaxt ötdükcə Sahil bağı qanadlarını daha geniş açırdı, yavaş-yavaş böyüyürdü, genişlənirdi və bir əsr sonra - 1950-1960-1970-ci illərdə paytaxt sakinləri Sahil bağında gəzməyi, söhbətləşməyi, xüsusən yay axşamlarında burada başmaq seyrinə çıxmağı xoşlardılar. Onların arasında 1960-cı illərin sonlarında, 1970-ci illərin əvvəllərində çoxlarının üzdən yaxşı tanıdığı bir nəfər də olardı. Cürbəcür söhbətlər edərdilər. Amma o ağsaqqal hər dəfə sözün səmtini yönəldərdi Bakı bulvarının tarixinə, Sahil bağının necə yaranmasının üstünə. Səbəbsiz deyildi. Bakı bulvarını yaradan Qasım bəy Hacıbababəyov onun babası olmuşdu. Və taleyin qəribə yazısı ilə o ağsaqqalın ömür saatı 1972-ci ilin yay axşamlarından birində elə həmin Sahil bağında - bir zamanlar, 1860-cı illərdə babasının ilk layihəsini çəkdiyi, təməlini qoyanlardan olduğu bulvarda tamamlandı.

Bu, Azərbaycanın Xalq artisti, məşhur opera müğənnisi Hüseynağa Hacıbababəyov idi. O, 1898-ci ildə Şamaxıda doğulmuşdu. Ailələri böyük idi. Atası Soltan kişi Şamaxıdakı toxuculuq karxanasında çalışırdı. Toxucu məvacibi ilə yeddi başlıq ailəni dolandırmaq çətin idi. Ancaq zəhmətə bağlı, gecə-gündüz bir çətən külfətini təmin etməyin qayğıları ilə yaşayan Soltan kişini həmişə kefikök saxlayan, sabahkı günün bugünkündən daha yaxşı olacağına kökləyən musiqiyə həddən ziyadə bağlılığı imiş. Musiqi sanki ona bütün müşküllərini unutdurur, bunca güzəran sıxıntıları içərisində də ovqatının daim duru olmasına kömək edirmiş. Həmin Soltan kişinin nəvəsi, Hüseynağa Hacıbababəyovun qızı Suğra xanım 1980-ci illərin əvvəllərində mənə söyləyirdi ki, babası evdə iri qəfəsdə bülbüllər saxlayırmış. Arada azacıq boş vaxtı olan kimi oturub saatlarla onların oxusuna, cəh-cəhinə qulaq asmaqdan ləzzət alarmış. Balaca Hüseynağanın ürəyinə, varlığına musiqi eşqi bəlkə də həmin bülbül sədalarından hopmuşdu. Bunu mən ehtimal etmirəm. Qızı Suğraya belə fərz etdiyini Hüseynağa Hacıbababəyov özü söyləyibmiş.

1902-ci ildə bütün Şamaxını lərzəyə salan dəhşətli zəlzələ qopur. Soltan kişinin də ev-eşiyi viran qalır. Baxırlar ki, bu vəziyyətdə daha Şamaxıda yaşaya bilməyəcəklər. Bir parça çörək dalınca ailəsini də götürüb baş alır Bakıya və burada artıq büsbütün yeni həyat başlanır. O, zəhmət adamı idi, işin ağırından qorxan deyildi və başlayır fəhləlik edib ailəsinin güzəranını yola verməyə. Özünə ürəyi istəyən kimi savad almaq nəsib olmamışdısa da, çox istəyirdi ki, balaları oxusunlar, həm də yaxşı təhsil görsünlər. 1905-ci ildə - 7 yaşına çatınca Hüseynağanı aparıb qoyur yerlisi Həbib bəy Mahmudbəyovun (1864-1928) adı ilə məşhur olan məktəbə (Bakıda 1887-ci ildə ilk rus-müsəlman məktəbini Sultan Məcid Qənizadə ilə birlikdə yaradan Həbib bəy olmuşdu və bu məktəb az bir zamanda elə hörmət və nüfuz qazanmışdı ki, 1891-ci ildən dövlət təminatına keçirilmişdi).

İnsan öz ömrünü yaşayır, vaxt axarı ilə gedir, hadisələr bir-birini izləyir, buna elə təsadüflər sırası kimi baxırsan. Amma yalnız ömrün müəyyən həddinə gəlib çatandan sonra anlayırsan ki, sanki bütün bunlar irəlicədən bir ssenari kimi yazılıbmış, nədən sonra nəyin gəlməsi, necə gəlməsi ilahi dəqiqliklə hesablanıbmış. Məktəbdə ona nəğmə dərsini Hənəfi Terequlov deyirdi. O Hənəfi Terequlov ki, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin qaynı olmaqdan savayı, həm də onların ən etibarlı silahdaşlarından, məsləkdaşlarından idi və opera ilə birbaşa bağlıydı. Hüseynağanın da, qardaşı Rzanın da hələ məktəbdəki nəğmə dərslərində oxuları ilə başqalarından qat-qat üstün olduqları aşkarca görünürdü. 1910-cu ildə "Nicat" cəmiyyəti xor heyətini genişləndirmək üçün qərara alır ki, babat səsi olan məktəblilərdən də cəlb eləsin. Müsabiqə keçirirlər və az-çox səsi olan şagirdləri yoxlayırlar. Hüseynağa ilə Rzanın zəmanətini artıq Hənəfi Terequlov vermişdi. Uşaqları dinləyirlər, görürlər ki, elə Hənəfinin dediyincə varmış. Müsabiqədə hamıdan yüksək qiymət alaraq ilk qəbul edilənlər də bu iki qardaş olur.

1908-ci il idi. Hüseynağanın 10 yaşı vardı və axşamlardan birində onun həyatında möcüzə baş verir. Böyük qardaşı Rza onu özü ilə birinci dəfə teatra aparır. Onillər ötəndən sonra Hüseynağa Hacıbababəyov o günlərin həyəcanlı təəssüratlarını yada salırdı. Deyirdi ki, mən məscidlərdə, meydanlarda şəbih tamaşalarını görmüşdüm, "Tumannaya kartina" adlı bir neçə filmə də baxmışdım. Ancaq qardaşımın məni apardığı, o axşam gördüyüm tamam ayrı bir aləm idi. 1908-ci il idi. Əslində bütün Azərbaycan möcüzə yaşayırdı. "Leyli və Məcnun" səhnəyə gəlmişdi. "Leyli və Məcnun" tamaşasının hər yeni nümayişi ilə Azərbaycan mədəniyyətində yenicə tumurcuqlayan bu sənət növü təzə-təzə pərəstişkarlar qazanırdı. Ömrü boyu unutmadığı həmin axşamın hər anını dünən olubmuş kimi xatırlayırdı Hüseynağa Hacıbababəyov: "Tamaşa salonu adamla dolu idi, mən maraqla sağa-sola baxırdım. Birdən zalın işıqları sönməyə başladı. Mən qorxdum, bərk-bərk qardaşımın əlindən yapışdım. Hirslə mənə baxıb dedi ki, "sakit otur". Səhnəyə bığlı-saqqallı, qəribə geyimli adamlar çıxdılar. Və başladılar şəbi-hicran oxumağa. Birdən səhnəyə cəld hərəkətlərlə bir kişi daxil oldu, zalda ordan-burdan pıçıltılar gəldi ki, "Sarabski!", "Sarabski!". O, "Mahur" üstündə "Yandı canım hicr ilə, vəsli-rüxi yar istərəm" sözlərini elə gözəl oxuyurdu ki, yer-yerdən insanlar qışqırırdılar: "Yaşa, Hüseynqulu!", "Yaşa, Hüseynqulu", "Afərin!". Sonra səhnəyə qadın qiyafəsində, çaxçur geyimində bir nəfər çıxdı. Yenə yer-yerdən səslər gəldi ki, "Ağdamski!", "Ağdamski!". Bu, bir kişi idi, qadın rolunu oynayırdı. O da çox gözəl oxuyurdu. Məcnunun dəli olması səhnəsində mən sidq ürəkdən təəssüfləndim. Xəstə Leylinin yanına gələn Hüseynqulu Sarabskinin yanıqlı oxusu eşidilincə neçə nəfər cibindən dəsmal çıxarıb hönkür-hönkür ağladı. Tamaşa mənə o qədər təsir eləmişdi ki, arada fasilə olanda dodaqaltı sözləri zümzümə edirdim ki, yadımda qalsın. Sabahısı gün evdə də var-gəl edə-edə yadımda qalan parçaları avazla təkrarlayırdım. Bir ağ iri dəsmalı başıma çalma əvəzinə bağlamışdım. Qonşumuzun balaca qızı otağımıza girəndə ona tərəf irəliləyərək: "Get, sən Leyli deyilsən, ey pərizad", - deyə oxumağa başlayanda o, "Ay məmə!" deyib qaçdı".

1908-ci il idi. Hüseynağanın vur-tut 10 yaşı vardı. Həyatında ilk dəfə teatra gəlmişdi, birinci kərə opera görmüşdü və görüncə valeh olmuş, bu gözələ bir könüldən min könülə vurulmuşdu.

Və bu uşağın, onun kimi neçə-neçə yeniyetmənin, neçə gəncin ürəyində yaranan atəşin məhəbbətin səbəbkarı həmin Üzeyir bəy idi. Heyran qoyub sənət aşiqinə çevirdiyi gənclərdən əslində yaşca çox da böyük olmayan mözücə cavan! O Üzeyir bəy ki, Azərbaycan mədəni həyatında bir təlatüm qoparmışdı. Hüseynağa o çağlarda sehrə düşənlərdən bircəsi idi. Amma eyni sevgi mərəzinə "mübtəla" olanlardan vur-tut 10 yaşlı Hüseynağanın fərqi bu oldu ki, həmin sevda onun başından həyatının sonunacan getmədi, ömrünün mənasına çevrildi.

İkicə il sonra 12 yaşlı Hüseynağa Hacıbababəyov artıq operada xorda oxuyurdu. İllər ötəcək, yaşı çatacaq 60-a, 60-ı da keçəcək və həmin yaşdaykən müsahibələr verərkən, ya söhbətlərində söyləyəndə ki, "mən yarım əsrdən artıqdır səhnədəyəm", bu deyiş çoxuna inanılmaz, şişirtmə kimi gələcək. Necə yəni yarım əsrdir səhnədədir, bunun ki 60 illiyi, türkün sözü, "dünən yox, srağagün" qeyd edildi. Amma kimin necə qavraması və yozmasından asılı olamayaraq, bu, həqiqət idi - 60 illik bir ömür, onun 50 ili səhnədə, 70 illik həyat, bunun 60 ili teatrda. Səbəb bəxtdə, yolu erkən başlamasında, bu sevginin onun ürəyinə dünyanı təzə-təzə dərk etməyə başladığı uşaqlıq çağlarından qonmasında idi. Ancaq tale Hüseynağanın üzünə bir başqa baxımdan da gülümsəmişdi. Hər biri ayrıca və təkrarsız məktəb olan, misilsiz sənətkar kimi özləri özlərini doğurmuş nəhəng aktyorlarla eyni səhnədə idi. Onlarla daimi təmasda olmaq, onlardan hər gün öyrənmək girəvəsi Allahın Hüseynağaya bağışladığı xəzinə idi.

XX yüzilin birinci onili bitib ikinci onili gələndə, günü-gündən Bakının səhnə həyatı daha artıq canlanmağa başlayan əyyamlarda Azərbaycanın mədəni həyatında iki əsas yönəldici, yetişdirici mərkəz vardı: "Səfa" və "Nicat" cəmiyyətləri. Və Hüseynağa o cəmiyyətlərin ikisi ilə də əlaqədə idi. Çatdırmaq çətindi, iş çoxdu, amma gərgin əməyin müqabilində qazandığı daha artıq idi. Hüseynağa "Səfa"dan "Nicat"a, "Nicat"dan "Səfa"ya cəmiyyətdən-cəmiyyətə gedən kimi yox, bir məktəbdən obirinə yollanan təki idi.

"Səfa"da da Hüseyn Ərəblinski, Sidqi Ruhulla, Mirzağa Əliyev, Ələkbər Hüseynzadə vardı. Və balaca Hüseynağa da o nəhənglərlə birgə ayrı-ayrı tamaşalarda çıxış edirdi. Hələ ki ifa etdiyi kiçik rollardı, ancaq nə təfavütü, böyüklərlə eyni tavan altında idi, onlarla eyni səhnəni bölüşürdü, eyni havanı udurdu, zalda oturanların mat-mat baxdığı məşhurlarla o da həmkar sayılırdı, ən yaxın məsafədən ustadların nəfəsini, işığını duyurdu.

"Nicat"a isə Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Yunis Nərimanov kimi artıq yetərincə ad çıxarmış güclü sənətkarlar bağlı idi və onların da hər birindən hər an götürməli, öyrənməli yüz cür xırdalıq vardı.

Və 1913-cü ildə Hüseynağa Hacıbababəyova ilk dəfə artıq müstəqil və sözlü rol tapşırılır. "Gave-yi ahəngər" oynanılırmış, Hüseynağaya Gavənin oğlu rolu həvalə edilir. Həmin anda bəxtiyar idi, amma sabahkı günü, qarşıdakı illəri və onilləri o dəmdə irəlicədən heç vəchlə görə və təsəvvür edə bilmədiyindən xəbərsizdi ki, indi bu rolu ifa etməsi onun həyatındakı ən nadir hadisələrdəndir. Çünki sonra illər boyu Hüseynağa Hacıbababəyov səhnəmizdə yalnız qadın rollarını oynamalı olacaqdı.

Yol yeni başlanırdı, qarşıda ümidlər sayrışırdı, fərəhlərlə daşan gənc Hüseynağa Hacıbababəyov məsud idi - çünki iki böyük məktəbin qoynundaydı, bir tərəfdən əzəmətli aktyorlardan dram sənətinin incəliklərini mənimsəmək üçün hər ləhzə gözəlcə fürsəti vardı, digər yandan operanın böyük müğənnilərinin böyründə idi, onlardan səhnədən avazla ovsunlamanın gizlinclərini öyrənməyə qapılar açıqdı. Və tale hədiyyəsi olaraq yolunun lap siftəsindən hərəsi bir məktəb, özlüyündə müstəqil bir yol olan azman sənətkarların yanında qərar tutması sonralar Hüseynağa Hacıbababəyovun özünü də təkrarsız məktəbə çevirdi.

...1916-cı ildə o, həyatının ilk qastrol səfərinə də çıxır. Üzeyir Hacıbəylinin rəhbərliyi altında aktyorlardan ibarət heyət Tiflisə yola düşür və Tiflisdə Hüseynağa Hacıbababəyov daha bir sevinc yaşayır. İlk dəfə Cəlil Məmmədquluzadə ilə tanış olur. Bakıya qayıdandan sonra "Ölülər"i tamaşaya qoyurlar və Hüseyn Ərəblinski hazırladığı bu tamaşada Hüseynağa Hacıbababəyova Nazlı rolunu tapşırır.

Hüseynağa Hacıbababəyovun opera səhnəsindəki ilk eşqi "Leyli və Məcnun" olmuşdu və çox keçmir ki, xorda oxumaq dövrü də başa çatır, ona bu əsərdəki ikinci əsas baş rolu tapşırırlar - Leylini. Və tamaşadan-tamaşaya Leylisini daha artıq cilalamağa, daha cazibəli etməyə başlayır. Operada xorda və dramlarda kütləvi səhnələrdəki xırda surətlərdən sonra ilk baş rollarını alarkən onun "Səfa" və "Nicat" cəmiyyətləri aralığında vurnuxmalarının bihudə olmadığı sevimli bəhrələri ilə üzə çıxır. Operada oxuyanların əksərinin qəlbəyatan səsi olsa da, başlıca kəsirləri onlarda aktyorluğun zəifliyi idi. Hüseynağanınsa yaxşı aktyorluğu ilə qovuşan məlahətli səsi bir-birini tamamlayırdı və onun Leylisini həm daha inandırıcı, həm də daha təsirli edirdi.

Hüseynağa Hacıbababəyov elə işi olmamışdı ki, əlinə çox pul, sərvət gəlsin ki, dar gün üçün dala atsın. İllərcə yığdığı sərvət fotoşəkillər idi, bir də ayrı-ayrı qəzetlərdə adı keçən məqalələrin kəsikləri. Nəvazişlə qoruyub saxladığı, yaşlaşdıqca daha tez-tez baxdığı (bu təfərrüatların hamısı mənə qızı Suğra xanımın söylədikləridir) həmin qəzet kəsiklərindən biri XX əsrin əvvəllərinin yadigarıdır - "Leyli və Məcnun"un növbəti tamaşalarından sonra yazılmış resenziyadan parça. Qəzet xəbər verir ki, Leyli rolunda çıxış edən Hüseynağa Hacıbababəyov "Xoşdur, nə qədər eyləsə yarım cəfa mənə" misrası ilə başlayan parçanı elə məlahətlə oxudu ki, neçə tamaşaçı hönkür-hönkür ağladı.

Hüseynağa Hacıbababəyovun fitri istedadını və parlaqlığını yalnız qəzetdə bu qəbil məqalələr yazan tənqidçilər hiss eləmirdilər ki! 1916-cı ildə Bakıya iki məşhur rus müğənnisi gəlibmiş: soprano - Starostina, bariton - Bragin. Hüseynağa Hacıbababəyovun müxtəlif tamaşalardakı ifalarına qulaq asırlar. Və tamaşalardan birindən sonra Hüseynağa Hacıbababəyova yaxınlaşıb deyirlər ki, gözəl səsiniz var, sizdən yaxşı opera müğənnisi alınar, ancaq bunun üçün gərək səsi tərbiyə edəsən, səsə düzgün yollar öyrədəsən, mükəmməl vokal təhsili alasan. Gəlin Rusiyaya, biz də sizə kömək edərik, orada dolğun oxuma savadı alarsınız.

Söz yox, bütün bunlar ona heç deyilməmişdən də Hüseynağanın ürəyindən keçirdi ki, uyğun bir yerə getsin, oxusun, öyrənsin, təkmilləşsin, biliklərini artırsın. Ürəyindən keçməyinə keçirdi, rus müğənniləri təhsil almağın vacibliyi barədə onunla danışandan sonra bu həvəsi bir az da artmışdı, di gəl, imkan o imkan deyildi. Gözünün qabağında Üzeyir bəyin örnəyi vardı. Üzeyir bəy getmişdi Peterburqa təhsil almağa, ancaq maddi ehtiyaclar vadar etmişdi ki, təhsilini yarımçıq buraxıb qayıtsın Bakıya. Bu, öz yerində, amma o maddi sıxıntıları bəlkə nə yollasa nizamlamaq da mümkündü, fəqət buralardan ayrılmağın özü də ayrı bir sual idi. Bakıda mədəni həyat elə qaynayırdı, tamaşalar, səfərlər, konsertlər elə çoxdu ki, baş qaşımağa macal yoxdu. Qastrollar da haralara? Azərbaycan bölgələri bir ayrı, amma Qafqazın müxtəlif şəhərlərinə, İrana, Orta Asiyaya səfərlər də çox idi. Həm də o qastrol səfərlərində Hüseynağa Hacıbababəyov truppa üçün ən sərfəli ifaçılardandı - həm opera tamaşalarında oynayırdı, həm dram tamaşalarında çıxış edirdi, həm də bu ard-arda səfərlərin əksərində tamaşalardan əlavə verilən konsertlərdə də artıq sırf müğənni kimi tamaşaçı qarşısına çıxırdı. Bu, bir girdab kimi idi, oradan çıxmaq mümkünsüz kimi görünürdü. Üstəlik, orası da vardı ki, gah o, gah bu bölgədə verilən konsertlərin, göstərilən tamaşaların çoxunda heç mənfəət də yox idi - əsasən məccani, xeyriyyə məqsədli.

Günlərin birində gedib çıxıblarmış İrana - Rəştdə, Ənzəlidə, Qəzvində tamaşalar göstərmiş, konsertlər vermişdilər. Məqsəd o tərəflərdəki aclara yardım! Yəni Hüseynağa Hacıbababəyov və onun məsləkdaşları peşələrinə elə vurğun, bir az da artıq - elə fanatik, elə fədakar insanlar idilər ki, onlar özləri haqqında düşünmürdülər. Əsas niyyətləri qarınlarından daha əvvəl insanların mədəniyyətə olan aclığını doydurmaq idi (Zatən özləri həmişə bir qarın ac, bir qarın tox olduqlarından qarın doyurası halları da yox idi).

Onlar bu savab yolda bütün bacarıqlarını, qəlblərinin bütün məhəbbətini sərf etməyə, qarşıya çıxacaq hər maneəni adlamağa hər an hazır idilər.

...Ancaq Pərvərdigarın hərdən-hərdən yox yerdən qapı açması da olur. Nəhayət ki, Hüseynağa Hacıbababəyova arzusunu ürəyində çoxdan daşıdığı ali musiqi təhsili almaq da qismət olur. 1925-ci ildə Bakıda konservatoriya yenicə ayaq tuturdu. 1921-ci ildə konservatoriya təşkil ediləndə orada vokal kafedrası üzrə təhsil alan bircə nəfər azərbaycanlı tələbə Bülbül idi və onun da ilk müəllimlərindən biri professor Nikolay İvanoviç Speranski (1877-1952) olmuşdu. Üzeyir bəy Sovet İttifaqının müxtəlif guşələrindən bu cür püxtə ustadları Azərbaycana ona görə dəvət etmişdi ki, konservatoriyada milli kadrların yetişdirilməsinə nail olsun. Hər biri ehtiramla anılmalı həmin qiymətli sənətkarlar və pedaqoqlar da bacardıqları qədərincə ləyaqətlə çalışmış, qısa zaman kəsiyində müasir musiqimizin gələcək sıçrayışlı yüksəlişlərinə səbəb olacaq bir-birindən qüvvətli qabil cavanlardan ibarət qüdrətli musiqiçilər nəsli yetişdirmişdilər. Nikolay Speranski həmin xeyirxah missiyanı yerinə yetirməkçün ümidverici səslər ardınca operaya vaxtaşırı baş çəkərmiş. Növbəti gəlişlərindən birində Hüseynağa Hacıbababəyovun oyunu da, oxusu da diqqətini çəkir, tövsiyə edir ki, konservatoriyaya gəlin, sizin yaxşı vokal təhsili almağınız lazımdır.

Və səs quruluşu üzrə ən bilgin mütəxəssislərdən olan professor Nikolay İvanoviç Speranski Hüseynağa Hacıbababəyovu tezliklə öz kursuna götürür.

1928-ci ildə Hüseynağa Hacıbababəyov çoxdanın müğənnisi və aktyoru idi. Ancaq həmin il debütü gerçəkləşir - Nikolay Rimski-Korsakovun "Qarqız" operasında çar Berendeyin rolunu ifa edir və hamı tərəfindən də rəğbətlə qarşılanır. 1930-cu ildə isə daha bir əlamətdar hadisə baş verir. O vaxtlar müəyyən Avropa və rus operalarını Azərbaycan dilinə ekvoritmik tərcümə etməyə başlamışdılar və həmin il Pyotr İliç Çaykovskinin "Yevgeni Onegin"i Azərbaycan dilində tamaşaya qoyulanda Hüseynağa Hacıbababəyov Lenski rolunu ifa edir.

Azərbaycan operasının tarixində güclü, şöhrətli sənətkarlarımız az olmayıb. Ancaq onların hamısının arasında və bütün Azərbaycan operasının tarixində Hüseynağa Hacıbababəyovu tam nadirə, müqayisəsiz təkə çevirən bu müstəsna universallıq keyfiyyətidir ki, o, eyni məharətlə həm muğam operalarında həm kişi, həm qadın rollarında dəfələrlə çıxış edib, eyni ustalıqla həm də operettalarda qadın və kişi rollarını oynayıb, amma eyni zamanda Qərb və rus bəstəkarlarının operalarında aparıcı rolları həm Azərbaycan, həm rus, həm də Qərb dillərində ifa edib. Bu baxımdan Hüseynağa Hacıbababəyova tay olacaq, onunla tutuşdurula biləcək ikinci sənətkarımız olmayıb və bu meyarlar nəzərə alınarsa, bundan belə də ona rəqib sayılası digəri olmayacaq. Müxtəlif dillərdə oxuyanlarımız da yetişər, həm muğam, həm klassik operalarda, üstəlik, musiqili komediyalarda uğurla çıxış edə bilənlərimiz də yaranar. Ancaq illər boyu səhnəmizdəki boşluğu dolduraraq bir kişinin operalarımızda qadın rollarını oynamaq zərurəti daha bundan sonra yaranası deyil.

...1938-ci ildə Moskvada Azərbaycanın ilk ədəbiyyat və mədəniyyət ongünlüyü keçiriləcəkdi. Bu, mühüm mədəni və həm də ciddi siyasi mənası olan hadisə idi. Azərbaycan ədəbiyyatı və incəsənəti, onun nailiyyətləri ilk dəfə bunca yüksək səviyyədə, bu miqyasda və belə geniş əhatədə nümayiş etdiriləcəkdi. Həmin ərəfədə ən narahat günlər yaşayanlardan biri bəstəkar Müslüm Maqomayev idi. O, ağır xəstə idi, dəqiqi - can üstündə idi. Amma bu halında da yarı canı "Nərgiz"inin yanındaydı. Çünki "Nərgiz" "Koroğlu" ilə yanaşı Moskvadakı dekadada nümayiş etdirilməli idi. "Nərgiz" Müslüm Maqomayevin bəstələdiyi ilk Avropa tipli opera idi. Maestro Niyazi xatırlayırdı ki, ağır xəstə olduğu vaxtlarda getmişdim Müslüm bəyi yoluxmağa. Çünki "Nərgiz"in orkestrləşdirilməsini yerinə yetirmək də, Moskvada - dekadada bu əsərə dirijorluq da Niyaziyə tapşırılmışdı.

1975-ci ildə hələ tələbə ikən Müslüm bəyin 90 illiyi münasibətilə Azərbaycan radiosu üçün hazırladığım verilişdə Maestro söyləyirdi ki, Maqomayev "Nərgiz"ə Moskvada mənim dirijorluq edəcəyimi, baş rolu - Əlyarı Hüseynağa Hacıbababəyovun ifa edəcəyini biləndə çox sevindi, "Mən "Nərgiz"in taleyindən artıq arxayınam" dedi.

Dekada Hüseynağa Hacıbababəyov istedadının çoxcəhətliliyini bütün çalarları ilə əyan edir. O, Moskvada, Müslüm Maqomayevin "Nərgiz"ində Əlyar rolunu ifa edir, Reynqold Qliyerin "Şahsənəm" operasında yenə baş rolda çıxır - Qərib olur.

Moskvaya aparılan əsərlərin içərisində Üzeyir bəyin "Arşın mal alan"ı da vardı və "Arşın mal alan"da Hüseynağa Hacıbababəyov Süleyman idi. Moskva qəzetləri heyranlıqlarını gizlətmədən yazırdılar ki, Bülbül və Hüseynağa Hacıbababəyov bu tamaşada komik aktyor və müğənni kimi də böyük ustalığa malik olduqlarını əyani şəkildə hər kəsə sübut etdilər.

1938-ci ildə çəkilmiş kinoxronika qalır. Azərbaycan ədəbiyyat və sənət xadimləri Moskvadan qayıdırlar. Şövkət Məmmədova da buradadır, Bülbül də, Hüseynağa Hacıbababəyov da, digər məşhurlar da. Hamısının sifətində gülüş, çöhrələri işıqlı, hamısı xoşbəxtlər xoşbəxti. Hamısının həyatında əlamətdar hadisələr baş verib - mükafatlandırılıblar, orden-medallara layiq görülüblər, yüksək fəxri adlar alıblar. Səhnəyə gəldiyi ilk anlardan - lap o uşaqlıq çağlarından həmişə xalq artisti olmuş və xalq artisti olmağın yüksək şərəfini ömrünün sonunacan dəyanətlə daşımış Hüseynağa Hacıbababəyov Vətənə o çağlarda sənətkara verilən ən yüksək fəxri ad olan "Xalq artisti" kimi qayıtdı, bu da onun yeni sənət uğurları qazanmasından ötrü təzə, daha əngin üfüqlər açdı.

...Pərdə həmişə nəyisə gizlədir və pərdənin ardında həmişə bir mübhəmlik var. İstəyir bir evin pəncərəsindəki pərdə ola, istərsə də hər hansı səhnədəki pərdə. Hələ bu görünən pərdələrdən savayı, gözəgörünməz, insanlar arasında olan pərdələr də var.

Nə qədər ki səhnənin pərdəsi örtülüdür, onun arxasındakı dünya bizim üçün məchuldur. Səhnənin pərdəsi açılır və orada bizi də özünə tərəf çəkib gərdişinə qoşan ayrı bir həyat cərəyan edir. Elə həyat ki, istər-istəməz bir saat, saat yarım, iki saat ərzində ona sadəcə seyrçi, gendənbaxan olaraq qalmırıq, dönürük onun iştirakçısına. Oradakı həyata qarışa, təsir edə bilmirik, ancaq orada baş verənlərin təsirində olduğumuzdan biz də mahiyyətcə həmin həyatdakılardan birinə çevrilirik. Orada yaşananlar, oradakı hiss və həyəcanlar dönüb olur həm də bizimki.

Hüseynağa Hacıbababəyov yeniyetmə yaşından pərdə çəkilincə orada möcüzələr yaradanlardan oldu. Onun peşəsi pərdənin o üzündəkiləri bu tərəfə göstərmək idi və payına belə bir sənət düşdüyü üçün də o, həmişə özünü çox bəxtli sayırdı. O, səhnədə başqalarının ömrünü yaşayırdı, başqalarının sevincini və dərdini oynayırdı və səhnədə yaşadıqları öz ömrünü də məna ilə doldururdu. Ancaq onun da hər kəs kimi şəxsi həyatı, doğmaları, əzizləri, yaxınları ilə başabaş yaşanan ömrü vardı. Lakin həmin ömrün pərdəsi, səhnə pərdəsindən fərqli olaraq, yalnız ən məhrəmlərə açıla bilirdi. Başqa ömürlərin ən xırdaca ayrıntılarını da səxavətlə insanlara göstərən Hüseynağa Hacıbababəyovun öz ömrünün iri-iri səhifələri və parçaları başqaları üçün görünməz, hələm-hələm açılmayan pərdə ardında idi. Hələ sağlığında belə idi, indi özü çoxdandır həyatda yoxdur, sanki o pərdə bir az da qalınlaşıb, qaranlığa bir qədər də artıq qərq olub. O pərdənisə vaxtaşırı açmağa mütləq ehtiyac var. Açmasaq, bizimçün gözəlliklərə pərdə açılmış və borclu olduğumuz çox qiymətli şəxsiyyətləri asta-asta unudarıq.

1980-ci illərdə, 1990-cı illərin əvvəllərində toxucu oğlu olmuş atasının toxuduğu sənət tikmələri yaddaşlardan silinməsin deyə vəfalı qızı tez-tez qapıları açardı, yubiley mərasimlərinin keçirilməsi üçün təşəbbüslər edərdi, radioda lent yazılarının səsləndirilməsindən ötrü vaxtaşırı musiqi redaksiyasına zəng vurardı. O zaman hələ Hüseynağa Hacıbabəbəyov bizdən, sən deyən, uzaqda deyildi. Ən əvvəl ona görə ki, onu səhnədə görmüş, onun tamaşalarına baxmış, konsertlərini dinləmişlərin bir çoxu sağ idi, onunla eyni səhnədə çıxış etmişlərin də neçəsi həyatda idi, hətta yaşlaşsalar belə, operada işləməkdə davam edənləri də vardı. Suğra xanımı da, o canlı şahidləri də vaxt apardı və sanki bu sənət və səhnə fədaisi də bizdən qəfilcə xeyli aralandı.

Azərbaycan radiosunun, televiziyasının səslər, görüntülər xəzinəsi bu millətin mənəviyyat yaddaşıdır. Zamanında nə qədər qiymətli verilişlər, tamaşalar hazırlanıb, nə qədər gözəl səslər, ifalar, danışıqlar lentləşdirilib. Ötənlərdə o saxlancları vaxtaşırı səsləndirərdilər, göstərərdilər və pərdənin bu cür mütəmadi açılması da dünənlə körpülərin qırılmamasına imkan yaradardı. Təzə gələnlər indi bundan qəti imtina etdilər ki, bizə təkrar-filan gərək deyil, özümüz yenilərini düzəldəcəyik. İddiası hədəqəyə sığmayan içərisidayazlara ixtiyar sahibliyi verildi, getdikcə də bunu daha iştahla edirlər və nəticə də heç yaxşıya doğru aparmır. Gələnlər dünəndəkindən daha yaxşı olan yenini yaratmaq gücündə deyillər, keçmişdə yaranmış yaxşıların da bugünün insanlarına yolunu kilidləyərək bərk-bərk sandıqda saxlayırlar.

Qabaq camaatımız səhnədə görmədiyi müğənniləri də, aktyorları da belə-belə daimi səsləndirmələrin sayəsində elə səsindən tanıyırdılar. İndi vəziyyətin necə olduğunu, yaddaşın hansı kökə düşdüyünü etiraf etməyə dil dönmür, acınacaqlı durumu düşünəndə ürək sıyrılır.

Bu gün milyonlarla azərbaycanlı arasında Hüseynağa Hacıbabəyovu tanıyan barmaqla sayılacaq qədər ola-olmaya. Pərdəsə gərək daim açıla ki, yeni nəsillər babalarından, onlara irs yaratmışlardan iraq düşməyə.

Qalxdığımız zirvələrdən aşağıya yuvarlanmaq nə asan. Axı rəva deyil, bu yüksəkliklərə dikələ bilməyimiz üçün ömürlər sərf edilib, can qoyulub!

XX yüzilin əvvəllərində zaman dəyişirdi, o vaxtın içərisindəki insan başqalaşırdı. Təzə yüzilin yeni çağırışları mühiti dəyişməyə, onu daha çağdaş, daha irəliçi etməyə səsləyirdi. Və Hüseynağa Hacıbababəyov kimi məcnunlar mədəniyyətin yeni, saf dalğalarının Azərbaycan cəmiyyətinə daha dərindən sirayət etməsi naminə mübarizədəydilər. Yol daş-kəsəkli olsa da, "qarşıdan məşəqqət daşları yağsa da" (bu ifadə o dövrün dəqiq mənzərəsini cızan və özü də həmin qurucuların ən ötkünlərindən olmuş Cəfər Cabbarlınınkıdır), Hüseynağa Hacıbababəyov müqavimətləri yara-yara qabağa gedənlərin sırasında idi.

O, aktyor idi, bununla ifixar duyurdu, ancaq mürgülü çoxluğun cahil mühiti aktyorluğa "mütrüflük" deyib ikrahla baxırdı. Hüseynağanın işisə ikiqat ağır idi. Həm aktyordu, həm də övrət libası geyib qadın rollarını oynayırdı.

Bütün dövrlərdəki ən üstün opera Məcnunu Hüseynqulu Sarabskinin oğlu, unudulmaz teatrşünasımız Azər Sarabski mənə söyləyirdi ki, gələcək atası gələcək anası ilə evlənməyi ərəfəsində qızın ailəsinə müraciət edəndə rədd cavabı vermişdilər ki, bizim artistə arvad olası qızımız yoxdur. Ya qüdrətli Hüseyn Ərəblinski ki, onu başqalarından daha əvvəl öz yaxınları, qohum-əqrəbası ittiham edirdi, hətta söyləyirlər ki, aktyor olması səbəbindən onu qətlə yetirən də öz doğmaca dayısı oğlu Xalıq olmuşdu.

Hüseynağa Hacıbababəyovunsa səhnəyə elə coşqun məhəbbəti vardı ki, hər cür tənələr vurulsa, qaxınclar edilsə də, yolundan dönən deyildi. O zavallını yalnız quruca sözlə yamanlasaydılar, təhqirlə, məzəmmətlə kifayətlənsəydilər, nə vardı ki! Yenə öz etdiyi söhbətlərdən qızının yadında qalan əhvalatlardandır ki, yol gedəndə bir para guya millət təəssübü çəkənlər ona yekəxanalıqla, hikkəylə gendən söz atır, "biqeyrət" deyirlərmiş.

"Qeyrət" kəlməsini dilimizə ərəbcədən gəlmiş söz sayırıq və ailə, xalq, Vətən namusu anlamında qavrayırıq. Əslində isə bu söz qədim yunancadan gəlir və bir ilahın adıdır. Əski yunan əsatirində Zevsin ən kiçik oğlu Kairos müəyyən qərar və davranışların gerçəkləşməsi, vacib bir vəzifənin yerinə yetirilməsi üçün əldən qaçırılmamalı zamanın tanrısı idi.

"Biqeyrət" deyib burunlanan, həqarətlərə məruz qalan Hüseynağa Hacıbababəyov əslində qeyrətin özü idi. Çünki göylər onu bəlli bir zaman aşırımında milləti üçün mühüm vəzifəni yerinə yetirməkdən ötrü ezam etmişdi.

Tarixdən və Taledən Vətən və Millət naminə məhz seçilmiş vaxt kəsiyində yerinə yetirməli olduğu işin tapşırığını almış və özü Qeyrət olana vücudu qara qəpiyə dəyməyənlərin hərzə-hədyanları qayalara çırpılan yellər kimidir.

Xalqını daha şərəfli, daha şanlı, daha gur işıqlı etməkçün zaman çınqıllıqlarında yalın ayaqlarla irəliləyən QEYRƏTLİLƏR daş-kəsəkdən haçan qorxub ki?!

Və onlar gərək zaman pərdələrinin də arxasında gizli qalmaya, ən azı QEYRƏT dərslərini yeni zamandakılara öyrətmək üçün!

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook