RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Tariyelin yolu Fev 29, 2024 | 11:28 / Mətbuatda çıxışlar

Onun kim olduğunu, Azərbaycan elmi və mədəniyyəti üçün hansı dəyər daşıdığını anlatmaq üçün, sadəcə, 30–40 il ərzində nələri yaratdığını, hansı mühüm işlərə imza atdığını sadalamaq yetər. Bu miqyaslar elə nəhəngdir ki, həmin sıranı göz önündən keçirincə bir adamın bu qədər vacib, əhatəli, qalıcı işləri ixtiyarında iri bir köməkçi heyət olmadan necə yerinə yetirməsinə heyrətlənməyə bilmirsən. Azərbaycan musiqişünaslığında bitmiş XX yüzil, artıq yaşa dolan XXI əsrin iki onilində bu həcmdə, bu səviyyədə, bu dəyərdə qiymətli işləri yerinə yetirməyi bacarmış professor Tariyel Məmmədovla müqayisə edilə biləcək ikincisi yoxdur. Onun yaratdığı və yaşatdığı “Musiqi dünyası” jurnalı isə həm musiqişünaslığımızda, həm mətbuat tariximizdə bənzəri olmayan sevimli elm və mədəniyyət hadisəsidir.

Onun getdiyi yol təzə deyil. Ən azı, sək­kiz əsr öncə ulu babalarından birinin bu yolu hər kəsə örnək ola biləcək şərəf və sanballa getdiyi dünyaya bəllidir.

Bu şanlı, uzun tarixi yol ki var, Azər­baycan musiqişünaslığının bütün tarixindən keçən xiyabandır.

Bu yolun o başında – XIII yüzildə Sə­fiəddin Urməvi boyu qürurla dikəlir. Həmin möhtəşəm yolda Urməvidən bir əsr sonra Əbdülqadir Marağayi bərq vurur. Və o iki ulduzun nuru elə gurdur ki, yüzilləri adlaya­raq daim elə hər səhər doğan Günəş kimi nur saçır.

Sonra XX yüzildə o böyük yolda daha bir ulumuz - elə həmin zirvələrə tay, onlar kimi işığı uzaqlardan gələn ulduz kimi yox, elə ba­şımızın üstündəki Günəş kimi par-par yanan Üzeyir bəy Hacıbəyli göründü.

Böyük yol çoxdan açılmışdı. Sanki nəsə yeni söz demək müdhiş dərəcədə ağır idi. Sanki uzaq dünənlərdəki dahilərin şöhrət yükünün ağırlığı çiyinlərdən aşağı basa bilər­di. Ancaq Üzeyir bəy böyük yola bir səhər nəsimi kimi gəldi və köhnə cana təzə nəfəs gətirdi.

Urmiyalı Səfiəddindən “Kitab ul-əd­var”, “Şərəfiyyə”, Marağalı Əbdülqadirdən “Məqasid ul-əlhan”, “Came əl-əlhan” kimi abidə kitabların yadigar qaldığı, onların səsi­nin yeni zaman içərisində bugünün ahənginə uyğun şəkildə yaşamasının gərək olduğu çağ­da tale və tarix bu möhkəm təməllər üzərində “Azərbaycan xalq musiqisinin əsasları” kimi təzə bir abidəni doğurmağı Üzeyir bəyə hə­valə etdi.

XX yüzil idi. Büsbütün başqa əyyamlar idi. Üzeyir bəy artıq açılmış yolla gedə-gedə yeni yol açdı.

Bu ona bənzəyir ki, torpaq üzərində ge­dilən yol öncədən vardı. İndi səmaya ucalan, sabahlara baş alan, fəzalara yüksələn yol açdı Üzeyir bəy.

Və belə bir yolu açması ilə özündən sonra gələnlərə möhkəm qanadlar bağışlamış oldu. Vaxt ötdükcə bu yoldan çoxları keçəcək.

Və sürətlə uçan təyyarələr ki özündən sonra uzun zaman görünən, tədricən əriyərək ortaq böyük yola qovuşan iz qoyurlar, elə həmin təhər onların da adları, imzaları əbə­diləşəcək...

Tariyel Azərbaycan musiqi mədəniyyəti­nin tarixində ilk olan “Musiqi dünyası” jur­nalının birinci sayını buraxanda XX əsr bitir, astanadan XXI yüzillik gülümsəyirdi. 1999-cu il idi. Azərbaycanda birinci dəfə elmi-pe­daqoji, tənqidi-publisistik, mədəni-maarifçi beynəlxalq toplu yola çıxırdı. Artıq üçüncü onillikdir ki, bu yol davam edir. Tariyelin qeyrəti, əzmi sayəsində davam edir!

Tariyelinsə bu barədə düşünməyə heç vaxtı yoxdur. Tariyel hələ yoldadır. Hələ ar­zular, niyyətlər çox, işləmək, çalışmaq həvəsi də sonsuz. Və arxada qalan yolun anlatdığı bir həqiqət də budur ki, əlbəttə, davam edən yol hələ bizləri çox sevindirəcək.

…Köhnə nəslin adamları – 1970-ci, 1980-ci illərdə mənim müəllimim olmuş və Azərbaycan ziyalılığının canlı klassikləri he­sab edilən böyük alim və ədiblər – Abbas Za­manov, Qulam Məmmədli, Əkrəm Cəfər və digərləri deyirdilər ki, vaxtilə bircə “Maarif və mədəniyyət” çıxırdı, mədəniyyətin, ədə­biyyatın bütün sahələrinə onun səhifələrində yer vardı, hər kəs də o jurnalda arzuladığını tapırdı, amma indi jurnallar bolluğudur, di gəl o dərginin təkbaşına etdiyini bunlar hamı­sı yerinə yetirməkdə acizdir. Söz yox, “Maa­rif və mədəniyyət”in o səviyyəyə qalxmasına səbəb həm də müəlliflər idi – Azərbaycan ziyalılığı “qızıl dövr”ünü yaşayırdı, hələ rep­ressiya səmumları sıraları seyrəltməmişdi, bir-birindən qüvvətli qələmlər yazıb-yaradır­dılar.

Tariyel musiqi ilə nəfəs alan bir ailədə doğulub. İndi xəyalən 1950-ci illərə qayıdan­da söyləyir ki, atam gözəl tar çalırdı. Nənə­min də yaxşı tar çalmağı vardı. Evimizdə, ailə albomunda qədimdən qalan fotolar var ki, dəstə ilə tar çalırlar, nənəm də o sırada­dır. Amma musiqini belə qəlbən sevməsinə baxmayaraq, atam polis idi, polkovnik rütbə­sində idi. Anam işləməyib, evdar qadın olub. Belə alındı ki, musiqi məktəbinə daxil oldum və əslində bu da göstərici deyildi ki, musiqi­çi olacağam. O vaxt ziyalı ailələrinin əksəri uşaqlarını musiqi məktəbinə qoyurdu. Lakin mənim musiqiyə həvəsim ötəri bir hiss deyil­di. Qərara aldım ki, musiqi təhsilimi davam etdirim. 1964-68-ci illərdə Asəf Zeynallı adı­na orta ixtisas musiqi məktəbində oxudum. Bizim müəllimlər, əsasən, ruslar idi. Çün­ki o zamanlar musiqişünaslıqda azərbaycan­lılar az idi. İfaçılıqla bağlı dərsləri aparanlar arasında isə azərbaycanlılar da var idi.

Tariyel uzaq olmayan tariximizi belə xatırlayır və bu, həqiqətdir. Burası da unu­dulmasın ki, hətta 1970-ci illərədək musiqi­şünaslığımızdakı yaxşı araşdırıcıların da ək­səri rusdilli idi. 1960-70-ci illərdə zahirən bu baxımdan sonacan qəbul edilə bilən yeganə musiqişünasımız köhnə nəslin təmsilçisi olan Əfrasiyab Bədəlbəyli idi ki, əsl musiqi usta­dı olmaqdan əlavə, həm də ərəb, fars dillə­rini bilirdi, qaynaqlarla işləməyi bacarırdı, mahir nəzəriyyəçi və təhlilçi idi. Bu gün isə artıq Azərbaycanda musiqimizin ən müxtə­lif istiqamətlərini ən dərin qatlarına qədər incələməyi bacaran sıra-sıra musiqişünaslar yetişibsə, bu istiqamətdə son 30 ildə Tariyel Məmmədovun “Musiqi dünyası”nın da xid­mətləri danılmazdır.

Bunu xatırlayan Tariyel Məmmədovdur: “1968-ci ildə mən məktəbi bitirdim, üz tut­dum konservatoriyaya. O vaxtlar konserva­toriyada çox güclü müəllimlər vardı. O vaxt rektor Cövdət Hacıyev idi. Amma 1968-ci ildə mən ilk cəhddən qəbul oluna bilmə­dim. Doqquz imtahan vardı, 45 bal almalı idim. Cəmi 42 bal yığdım. Amma imtahan verən digər uşaqlar da insafən güclü idilər. Mən girə bilmədim, gedib başladım musiqi məktəblərində işləməyə. 3-cü mikrorayonda musiqi məktəbində çalışırdım. Ramiz Quli­yevlə işlədim, o, tar çalırdı, mən də müşayiət edirdim. Sonra 1969-cu ildə uğurla konser­vatoriyanın musiqişünaslıq fakültəsinə qəbul olundum. Bizdə Daniil Xristoforoviç Dani­lov kimi, Ella Markovna Nikomarova kimi, İzabella Vladimirovna Abezqauz ... kimi qa­bil müəllimlər dərs deyirdi. Bizdə indi Bakı Musiqi Akademiyası deyilən ovaxtkı konser­vatoriyada çox güclü məktəb var idi”.

Bu qiyməti verən professor Tariyel Məm­mədovdur: “Bu gün də Bakı Musiqi Akade­miyası Azərbaycan üçün xüsusi bir işıqdır. Düzdür, aparıcı təhsil ocaqlarımız, şöhrətli musiqi mərkəzlərimiz var, amma heç biri gücdə, sanbalda Bakı Musiqi Akademiyasına çata bilməz. Tələbəlik illərində mən daha çox Qərb musiqisi ilə bağlı idim. Biz bir dəstə idik. Firəngiz Əlizadə də onlardan biri idi, digəri Fərəc Qarayev və daha neçələri. Biz Pool Hindemiti çalırdıq, Arnold Şönberqi ifa edirdik, Bela Bartoka meyil edirdik. Müa­sir musiqini araşdırdım, çaldım, müzakirə etdim, bu musiqinin qızğın təbliğçilərindən oldum. Amma burası da maraqlıdır ki, kon­servatoriyanı bitirəndə ovaxtkı rektorumuz, rəhmətlik böyük bəstəkar Soltan Hacıbəyov məni təyinatla yolladı Qarabağa – Xankən­diyə müəllim. Orada Sayad Nova adına orta ixtisas musiqi məktəbində müəllimlik elə­dim. İki ay musiqi nəzəriyyəsi, musiqi ta­rixi fənlərini apardım. Sonra hərbi xidmətə yollandım. Xidmət yerim də uzaq deyildi – Xəzər Dəniz Gəmiçiliyində qulluq edir­dim. Orada ansambl vardı. Orada da bir az aranjiman elədim, yazdım-pozdum, leytenant rütbəsi aldım. Qayıtdım sonra yenə təyinat­la göndərildiyim Xankəndiyə. Bizimlə iki-üç nəfər getmişdi. Pianoçular və bir də mən musiqi nəzəriyyəsi, musiqişünas kimi. Birgə işləyirdik, amma yenə də ermənilər tərəfin­dən qatı millətçilik hiss olunurdu. Elə vaxt gəlib çatmışdı ki, artıq qaynayırdılar. Onu da deyim ki, mən həm orada - Xankəndidə dərs deyirdim, həm də oradakı dərs saatlarım bitəndən sonra gedib Ağdamdakı orta ixtisas musiqi məktəbində dərs verirdim. Yaxın idi, nəqliyyat da yaxşı işləyirdi. Bazar günləri də, adətən, Şuşaya gedirdim istirahət etməyə. Şuşada yaşlı xanəndə vardı, Mürsəl kişi. Yığışardıq onun başına, Qarabağın keçmiş musiqi həyatından elə xatirələr söyləyirdi ki, doymaq olmurdu. Ya da Ağdamdakı orta ix­tisas musiqi məktəbində dərslərim olan gün­lərdə arada gələrdik tarzən Xosrov Fərəco­vun otağına. Kabinetdə otururdu, çay içirdik, keçmişlərdən maraqlı söhbətlər edirdi”…

Qarabağdan qayıdandan sonra Tariyel Elmlər Akademiyasına, Memarlıq və İn­cəsənət İnstitutuna işə düzəlir, Əhməd İsaza­dənin rəhbərlik etdiyi musiqi folkloru şöbə­sində çalışır. Həmin şöbəyə o vaxtlar mən də tez-tez gedib-gələrdim. O vaxt orada Əminə xanım Eldarova, Qubad Qasımov kimi təcrü­bəli mütəxəssislər işləyirdi. Təbii ki, onlarla bir yerdə ötən illər Tariyeli xalq musiqisinə minbir tellə bağlayır və əslində onun gələcək musiqişünaslıq səmti də elə həmin dövrdə müəyyənləşir.

“Mən o vaxtlar ilk dəfə 80 aşıq havasını nota salmışam. Musiqini nota salmaq 1919-cu ildən başlayıb. Tabulatur nota salma vardı, Marağayi, Fani o cür yazırdılar. Bunlar not deyildi. Not sistemi, XI əsrdən – Qvido de Aretsodan gələn not sistemi bizdə yox idi. İlk dəfə partitura kimi Nəriman Məmmədov başladı, sonra Ramiz Zöhrabov yazdı mu­ğamları. Mən də partitura kimi aşıq havala­rını yazdım. Mən Moskvada, böyük alimlərin qarşısında sübut elədim, dedim ki, əlimdə musiqi aləti olmalıdır – tambur olsun, bayan olsun, saz olsun, hər hansı biri, sözlə olmaz, gərək çalasan, göstərəsən, fikrini əyani nü­munə üzərində isbat edəsən”.

Tariyel Məmmədovun fəaliyyətlərinin bir istiqaməti də qrammofon vallarında, lent yazılarında qalan musiqi irsimizə yeni həyat verməkdir.

“Biz bu gün məmnunluqla deyə bilərik ki, milli musiqi irsimizin bir çox nümunələ­rini bərpa elədik: Musiqi Mədəniyyəti Muze­yindən 200 ədəd qrammofon valını, 100 ədəd valı Üzeyir bəyin ev muzeyindən, daha 100-nü Dövlət Səsyazma Arxivindən, ümumilik­də 400 val. Bu gün də həmin iş davam edir. 124 hazır disk verdik Heydər Əliyev Fondu­na. 350 ədəd də disk hazırlamışıq”.

Tariyel həyatının əsas işini 1999-cu ildə başladı. “Musiqi dünyası”nı nəşrə başlamaq istəyəndə Fərhad Bədəlbəyli ilə, Tofiq Quli­yevlə, Vasif Adıgözəlovla, Ramiz Quliyevlə söhbətləşdi. Hər biri dayaq duracağını vəd etdi. Tariyel o dağlara söykənərək bu gün artıq haqqında fəxrlə danışdığımız bu jurnalı araya-ərsəyə gətirə bildi.

“Musiqi dünyası”nın özü artıq Azərbay­can araşdırmaçılığında bir janrdır və bəh­rələri də boldur. Dərginin həm Azərbaycan­da, həm Azərbaycandan kənarda çoxlu sabit müəllifləri, mötəbər münsifləri var. Jurnalın yanında 46 veb sayt yaradılıb. Bu da bir ayrı zəngin irsdir. “Musiqi dünyası”nın bir mü­hüm xidməti də Azərbaycan musiqişünaslığı­nın sağlam, sabit və öyrənilib davam etdiril­məli terminolojisini və elmi üslubunu ortaya qoymasıdır. Gəncliyimiz, musiqişünaslığa yeni gələnlər buradan çox şey öyrənə bilər­lər. Onların hansısa fikri necə ifadə etmək, hansısa termini nə şəkildə Azərbaycan dilin­də düzgün çatdırmaq barədə düşünməyə ehti­yacı yoxdur. Açsınlar, bu jurnalı vərəq-vərəq oxusunlar, arxada qalan 30 ilə çatan müddət­də yaranmış irs onlara musiqişünaslığımızın rəvan, şəkillənmiş, oturuşmuş elmi dilinin üfüqlərini açacaq. Maarifçilik bir işıqdır. Hər millətin bu işığa ehtiyacı var.

Gənc Tariyel Məmmədov elm yoluna çıxanda 1970-ci illər bitir, 1980-ci illər baş­lanırdı. Bu yolun, təqribən, 40 ilindən çoxu­na bilavasitə şahidəm və həmişə onu sabaha baxan, vaxtın sürətindən bir az yeyin ye­riməyə can atan görmüşəm.

1980-ci illərdə indi həyatımızın ayrılmaz parçasına çevrilmiş bilgisayarlar, elektron mühit, dünyanı ovuc içərisindəki kimi yığ­cam edən internet məkanı hələ xeyli aralıda idi. Tariyel həmin dəyərləri musiqişünaslı­ğımız üçün çox doğma və sərfəli müstəviyə çevirməyin vacibliyini həssaslıqla ilk duyan­lardan oldu.

Sadəcə, bu səmtə üz tutanlarda gərək Ta­riyeldəki kimi sevgi, yorulmazlıq, inadcıllıq, qətiyyət ola.

“Azərbaycan diskoqrafiyası 1900-1940-cı illər”, “Azərbaycan musiqi vallarının an­tologiyası”, “Üzeyir bəy ensiklopediyası”, “Azərbaycan tarixinin canlı səsləri”, “Azər­baycan epistolyar irsi”, “Dədə Qorqud ensik­lopediyası”, “Azərbaycan foto-sənədlər irsi”, “Azərbaycan teatrı: dünən, bu gün, sabah”, “Azərbaycan ənənəvi musiqi atlası”, “Mu­ğam ensiklopediyası”, Əfrasiyab Bədəlbəyli, Qara Qarayev, Tofiq Quliyevə həsr edilmiş saytlar, hələ bu anda sadalamadığım daha neçə elektron səs və təsvirlər yuvası ki, dün­yanın istənilən nöqtəsində istənilən insan bu əsrarəngiz məkana rahatca qovuşa bilər.

Musiqimizə, mədəniyyətimizə Tariyel­dən daha əvvəl də bu möhtəşəmlikdə qanad­lar bağışlamış kim olub ki?!

Çox arzulayıram və yəqin, elə professor Tariyel Məmmədovun da istəyi budur ki, in­sanlarımızda yol açmaq qətiyyəti, yolun zəh­mətlərinə dözmək dəyanəti, xeyirxah irs ya­ratmaq nəcibliyi daim var olsun, millətəxeyir işlərin qulpundan yapışanlarımız azalmasın!

Nə qədər çox olsalar, böyüklüyümüzü özümüz də daha aydın görəcəyik, millətimi­zin, yurdumuzun müstəsnalığına başqaları da daha artıq şahid kəsiləcək, Azərbaycan düha­sına daha çox heyran qalacaq.

Akademik Rafael Hüseynov

Xalq qəzeti

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook