RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Şaiq üçün yanan sevgi çıraqları Fev 22, 2024 | 12:06 / Mətbuatda çıxışlar

Bizim evdə də hər gün ətrafına yığışdığımız, nənəmin cehizi olan köhnə masa vardı. Böyüyüb yaşa dolandan, ömrümdəki əziz insanlar bir-bir gedəndən sonrakı illərdə hər dəfə əlimi o masaya sürtəndə, elə zənn eləyirdim ki, əlimi nənəmin, babamın əllərinə toxundururam. Abdulla Şaiqin də 41 il yaşadığı mənzildə elə bir vaxtlar bizim evdə olana bənzəyən - ocaq rəmzi, ailəni qovuşduran qocaman masanı görəndə duyğulandım. 41 il boyunca bu evə kimlər gəlməyib?

Bu ev zamanında Azərbaycanın üstün ziyalılarını qovuşduran ən məhrəm ünvanlardanmış və bu masanın arxasında əyləşib şirin söhbətlər edənlər də ilk onillərini yaşayan təzə əsrin - XX yüzilin Azərbaycanının mənəviyyat dünyasının qurucuları imiş. O danışıqlar uçub gedib, efir boşluqlarında əriyib itib. Bu masa arxasında Cəfər Cabbarlıyla Abdulla Şaiq fikir bölüşürdülərsə, Hüseyn Cavidlə Şaiq keçən günlərin xatirələrini yada salırdılarsa, yalnız məsləkdaş deyil, həm də qohum olan Səməd Vurğunla Şaiq dərdləşirdilərsə, demək, o söhbətlər heç vəchlə təfərrüatları elə o iki nəfər arasında qalmalı, yalnız onların özlərinə aid deyil, millətə birbaşa dəxli olan düşüncələrmiş. O söhbətlərin ömrü həmin dəqiqələr, həmin saatlar uzunluğunda olub. Hamısı dünyadakı fani olan hər şey kimi qeybə çəkilib. Qalan həmin böyüklərin, o sıradan Abdulla Şaiqin qələmindən çıxanlardır. O irili-xırdalı əsərlər ki, hər birinin ömrü Abdulla Şaiqin öz ömründən qat-qat uzundur və bütün gələcəklər içərisində də o ömür davam edəcək.

Abdulla Şaiqin qələmindən çıxmış bayatı səslənişli sayadan-saya, sadədən-sadə şeirlər var. O qoşqular Azərbaycan insanının dilinin əzbəridir. Nəsil-nəsil yurddaşımız o şeirlərlə dilimizi öyrənib, dilimizin dadı-tamı onların içərisinə həmin misralarla çöküb.

Ala-bula boz keçi,

Ay qoşa buynuz keçi!

Yalqız gəzib dolanma.

Dağa, daşa dırmanma,

Bir qurd çıxsa qarşına,

Sən nə edərsən ona?

Çoban açınca gözün

Qalar iki buynuzun.

Sanki şeir deyil, elə bil bu sətirlər heç yazılmayıb, birbaşa bu cür doğulub, nazil olub - sakit arxın, balaca bir çayın suyu kimi dilin ruhunu incitmədən bu misralar axıb keçir, ürəyimizi sığallayır.

Abdulla Şaiq millət dərsliyində və xalq yaddaşında əbədi yerini tutmuş silsilə uşaq şeirlərini məhz uşaq ədəbiyyatı yaratmaq məqsədilə doğurmamışdı. Ya elə Mirzə Ələkbər Sabirin "Uşaq və buz"u, "Cütçü"sü, Abbas Səhhətin "Ayı və şir"i, "Cücələrim"i, Rəşid bəy Əfəndiyevin "Durna"sı... "yaradıcılığımda uşaqlar üçün də şeirlər olsun" niyyəti ilə qələmə alınmamışdı, millətinkiləşəcək belə mənzumələri zərurət, Azərbaycanın bu cür olmalı olub, olmayan ülgü şeirlərə ehtiyacı yaratmışdı. Bu şeirlərin misraları milli kimliyin dürüstlüyünü dəqiq müəyyənləşdirə bilən cihazlar kimidir (Və hər xalqın belə milli qanölçən olan şeirləri var, kiminki yoxdursa, gərək yarada). "Dərsə gedən bir uşaq, Çıxdı buz üstə qoçaq" deyilincə, "Çıxdı günəş, doldu cəhan nur ilə, Cütçü sürür tarlada cüt şur ilə" misraları səslənincə, "Əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə" sətirləri dilə gətirilincə, yaxud "Cücələrim birər-birər, Suyu görüb yavuq gələr" sözləri eşidilincə və ya "Ay havada uçan durna, Bizi qoyub qaçan durna!" qulağımıza dəyincə ardını davam etdirə biliriksə, bizim Azərbaycan Anadan süd əmməyimizə şübhə qalmır.

Abdulla Şaiq də, o azman sələfləri kimi, qarşısına məqsəd qoymamışdı ki, uşaq ədəbiyyatı yaratsın. Mirzə Ələkbər Sabir də, Firidun bəy Köçərli də, Abbas Səhhət də, Rəşid bəy Əfəndiyev də, Abdulla Şaiq də və neçə-neçə parlaq Azərbaycan ziyalısı ki, onlar bu dünyaya vəzifə ilə gəlmişdilər, milləti maarifləndirmək yükün çəkirdilər, onlar bu əsərləri ona görə yaradırdılar ki, müəllim idilər, dərs verirdilər, boşluqları yaxın məsafədən görürdülər və anlayırdılar ki, bu görülməli işlərə onlara qədər əncam çəkilməyibsə, onlar da bunu sonra gələnlərin öhdəsinə buraxmamalıdırlar və vicdanın hökmü ilə, sevərək işə girişirdilər.

Onlar bu şeirləri bilavasitə dərs dedikləri məktəbdəki uşaqlar üçün yazmışdılar və fikirlərində bu yox idi ki, sonra həmin qoşqular bütün Azərbaycan məktəblərində oxunacaq. Baxırdılar ki, ana dilində uşaqların anlayıb asanca əzbərləyəcəyi, dillərinə rahat yatası gözəl şeirlər yoxdur, ona görə bu əsərləri yaradırdılar. Ancaq müstəsna olduqlarından, öz dərslərində, öz müəllimlik fəaliyyətlərində cari istifadə üçün yaratdıqları şeirlər dönüb olurdu müntəxəbat, balaca bir məktəbin hüdudlarından kənara çıxırdı, çevrilirdi gələcəklər içərisində də yaşayacaq incilərə:

Doğdu günəş qırmızı,

Can, gülüm, can-can.

Topladı oğlan, qızı,

Can, gülüm, can-can.

Hər birimiz bir çiçək,

Can, gülüm, can-can.

Bir bağçanın ulduzu,

Can, gülüm, can-can.

Mən bu şeiri ilk dəfə oxuyanda 6 yaşım vardı, sonra heç oxumamışam, çünki höccələyə-höccələyə oxumağa başladığım günlərdən ürəyimə və yaddaşıma həkk olunub. Və inanıram ki, nəsil-nəsil başqa azərbaycanılıların ürəyini və yaddaşını mənimkindən edən həm də eynən onların da varlığında daşıdığı bu nəğmə saçan sətirlərdir.

Elə bu şeiri də oxuyanda həmin yaşda idim:

Tülkü qocalmış idi,

Şikardan qalmış idi.

Ov keçmirdi əlinə,

Ət dəymirdi dişinə.

"Biri varmış, biri yoxmuş" kəlmələri ilə başlayan əski bir nağılın sətirlərinə oxşayır. Bu cür yazmaq olmur. Belə şeirlər onları doğurana vəhy kimi gəlib. Millətə vəhy kimi enərək qismət olanlar həmişə onunla qalır, millətlə birgə ömrünü yaşamaqda davam edir və bu da o deməkdir ki, xalqına o türlü dürləri nəsib etmiş Sabirlər, Səhhətlər, Firidun bəylər, Rəşid bəylər, Şaiqlər də yurdları və xalqları var olduqca diri qalacaqlar.

...Nə qədər ki böyük alimimiz Abdulla Şaiqin yadigarı, akademik Kamal Talıbzadə həyatda idi, yaşayırdı, sanki Abdulla Şaiq də vaxtca bizə çox yaxın idi.

Onun xatirələrində, söhbətlərində vaxtaşırı işıq üzünə çıxardığı Şaiq kitablarında atası elə günümüzdəki kimi idi. O çağlar da arxada qaldı, bizi Şaiqə bağlayan canlı körpülərdən ən mötəbəri də getdi. Ancaq daha vacib körpü elə Şaiqin özüdür. Nə qədər ki onun əsərləri yaşayır, nə qədər ki onun əsərlərində Azərbaycan dili bütün gücü və şəhd ü şəkəriylə ürək kimi çırpınmaqda davam edir, Şaiq də həmişə dilimizlə və millətimizlə birgə olacaq.

...Şaiqin iş masası. İncilər burada doğulurmuş, möcüzələr burada yaranırmış. Masanın üstündə əlyazmaları - ərəb hürufatı ilə, kirillə, latınla - 3 əlifba dövrünün saxlancları. Bu 3 dövr bir-birinə çox yaxındır, amma həm də daxilindəki hadisələr, tale dəyişən fırtınalar, başqalaşan siyasətlər baxımından bir-birindən xeyli fərqli epoxalar. Adam vardı ki, bu 3 dövrün üçünü də yaşadı, amma axıracan elə ərəb əlifbasında yazdı. Şaiqin hər yeni çağın təklif etdiyi əlifbaya uyğunlaşması zahirən sadə dəyişiklik kimi görünsə də, heç də bunu bir insan ömründə asanca baş verən əməl saymaq olmaz. Əlifba həm də vərdişdir, beynin, gözün, qələm tutan barmaqların yaddaşıdır. Bundan ona keçib alışmaq üçün özün də içəridən dəyişməlisən. Şaiqsə dəyişməyə həm də məcbur idi. Çünki o, müəllim idi. Əlifba başqalaşırdısa, onun tətbiqi ən əvvəl məktəbdən başlayırdı. Eləsə, demək, ən birinci də məhz müəllimlər yeni şəraitə uyğunlaşmalı idi ki, şagirdləri də yönəldə bilsin. Amma biri digərini əvəz edən əlifbalar həm də cəmiyyətin gündəlik həyatına və o cəmiyyəti yaradan insanların taleyinə birbaşa təsiri olan fərqli siyasətlər deməkdi. Bir ədib üçün əlifbanı başqası ilə əvəzləmək çox da müşküllər vəd etmirdisə də, kəskin seçilən siyasətlərin dar körpüsü ilə büdrəmədən irəliləmək hər oğulun işi deyildi. Onda da ki, hər sözdən söz çıxaran, sözü yüz yerə yozmağa pərgar olan şübhəcil əyyamlarda ömür sürəsən. Onda da ki, bütün başqa əngəllərdən savayı, şura hökumətinin qəddar düşmən saydıqları sırasında doğma qardaşın ola, onda da ki, sovet hökumətinin "xalq düşməni" ilə damğalayıb güllələdiklərinin bir çoxu sənin sirdaşın, evinin daimi qonaqları olmuş ola.

Bu gedişatda yaşamaq, hətta üstəlik, yazıb-yaratmağı davam etdirmək, adam arasına çıxardığın hər sətrini əvvəlcə yüz dəfə öz içərində senzuradan keçirmək, danışdığın hər sözü də söyləməzdən qabaq çək-çevir etmək gündəlik çəkilən məşəqqət idi. Ayrı yol yox idi, qismətinlə barışmalı və bu şəraitdə də gözəlliklər yaratmalı idin.

...Şaiqi Şaiq eləyən Allahın bəxş etdiyi fitri istedaddan savayı, həm də zəhmətkeşliyi idi. Özünün sözləridir ki, ilk gəncliyində bir ara el ədəbiyyatını, xalq söyləmələrini, nağılları, ata sözlərini, tapmacaları, sayaçı sözləri yığmağa başlayıbmış və günlərin birində ürəyindən keçir ki, buranın camaatından bir az uzaqda yaranmış şifahi xalq ədəbiyyatımızı da buralara yaxınlaşdırsın. Qərara alır ki, başlasın Cənubi Azərbaycan nağılları toplamağa. Ancaq necə? Artıq ixtiyar çağlarında xatırlayırdı ki, evimizin yanındakı tində əslən cənubdan olan hamballar oturardılar. Bir gün yaxınlaşdım, hamballarla tanış oldum və gördüm ki, hərəsi xeyli nağıl bilir. Evdə anamla danışdım, bir neçə gün dalbadal onlar üçün yaxşı yeməklər bişirtdirdim. Bir-bir onları dəvət eləyirdim evimizə, əvvəlcə yaxşıca yedirib-içirdirdim, sonra da dəftəri qoyurdum qarşıma, qələmi götürürdüm, hamballardan rica eləyirdim ki, bildikləri nağılları söyləsinlər, onlar danışırdılar, mən də yazırdım.

Şaiqin doğurduqları ona görə içəridən böyük oldu, ona görə millətin döşünə yatdı, ona görə dumduru el sözünün bənzəri kimi qavranıldı ki, birbaşa xalq sözünün bulağından su içmişdi. Ona görə Şaiq bu ucalığa dikələ bildi ki, lazım gələndə hambaldan da öyrənməyi özünə əskiklik saymadı.

Cavanlığından el ədəbiyyatına meyl eləməsinin, nağılları, dastanları, el sözlərini əzizləyə-əzizləyə toplamasının ona bağışladığı bir ayrı keyfiyyət də oldu. Nağılları bilinməz zamanların içərisində el ağsaqqalları, el ağbirçəkləri doğurmuşdu.

Abdulla Şaiq də qərblilərin məşhur Hans Xristian Anderseni, Şarl Perrosu, Qrimm qardaşları, Astrid Lindqreni, Redyard Kiplinqi kimi yeni zamanın Azərbaycan nağıllarını yaratdı. Abdulla Şaiqin bizə yadigar qoyub getdiyi kitabları vərəqləyirsən. Bu əsərlərdə artıq zərbülməsələ, qanadlı ifadələrə, atalar sözlərinə çevrilmiş sıra-sıra kəlamlarla rastlaşırsan. Abdulla Şaiq böyük yazıçı idi, böyük şair idi, böyük tərcüməçi idi, böyük müəllim idi. Bunlar hamısı öz yerində. Ancaq varlığı ilə, qələmi ilə və nurlu görünüşü ilə o həm də bir el ağsaqqalı, el müdriki idi. Bircə dəqiqəlik canlı səsi və təsviri qalıb, məktəblilərin arasındadır, danışır, uşaqlara elə onların doğma babası kimi müraciət edir: "Əziz balalarım! Sizinlə hər dəfə görüşəndə cavanlaşıram, mənə qüvvət gəlir. Odur ki, sizin üçün yazıb-yaratmaqdan doymuram. Qocalığıma baxmayaraq, mən indi də sizin üçün əsərlər yazıram. Bu yaxınlarda "Köhnə dünya" adlı yeni əsərimi yazıb qurtarmışam. Mən əminəm ki, siz vətənimizin ən qabaqcıl vətəndaşları olacaq, mən də sizin bu xoşbəxt həyatınızı əks etdirən əsərlər yazacağam. Yaxşı oxuyun. Ancaq oxumaq və çalışmaqla xalqa, vətənə layiq insan olmaq olar".

Şaiqin indi muzeyə çevrilmiş mənzili bir vaxtlar daim qonaqlarla dolu olanda indi orada bir rəfə qoyulmuş naxışlı kuzə içi dolu halda tez-tez masaya gələrdi. Bu kuzəni 1940-cı illərdə Abdulla Şaiqə gürcü dostları bağışlamışdılar. Kuzəni Şaiqin evində görən dostu rəssam Əzim Əzimzadə isə xeyli baxandan sonra zarafatla "gəl bu kuzəni azərbaycanlılaşdıraq" deyə əl atmışdı fırçaya. Ondan bu kuzənin üstündəki naxışlar yadigar qalıb, bir də Şaiqin həmin əsnada yazdığı və kuzənin üstünə qonan iki bənd şeir - biri kuzənin, digəri, o biri üzündə olan iki Xəyyamanə dördlük.

Bu kuzənin xamırı alınmış el bağından,

Bəlkə də o yapılmış gözəllər torpağından.

Bu torpaqlar altında yaqut dodaqlar yatır.

O nəfəsi duyuram kuzənin dodağından.

Əsl nişapurlu ustadın rübailəri havasındadır. Axı Xəyyam da deyirdi dünyada heç şey itmir, o kuzə ki ondan şərab içirik, o kuzə ki onun qulpundan tutmuşuq, o da bəlkə haçansa bir gözəlin qollarıymış və belə kuzələr ölüb getmiş, yerlə bir olmuş nəsil-nəsil insanların torpaqlarından yaranıb.

Xəyyam - "Dünən bir dulusçunun emalatxanasına getmişdim, orada susmuş və danışan iki min kuzə gördüm" deyirdi və xəbər verirdi ki, qəfilcə həmin kuzələrdən biri insan kimi nitqə gələrək kuzədüzəldənin, kuzəsatanın, kuzəalanın harada olmasını soruşdu. Dil açıb danışan kuzənun çatdırmaq istədiyi mətləb bu idi ki, harada olmalarını soruşduğu o adamlar haçansa torpaq üstündə yaşayıblar, sonra torpağın altına gedərək özləri də torpağa çevriliblər və günlərin birində həmin gildən kuzələr yapılıb. Beləcə, sıra-sıra düzülmüş bu kuzələr əslində bir zamanlar ömür sürmüş insanlar deməkdir. Elə Abdulla Şaiq də kuzənin bu üzündəki dördlüyündə Xəyyam deyəni bir başqa tərzdə söyləyib. Çevirirəm kuzənin o biri üzünü. Orada da başqa bir dördlük, tam Şaiqanə deyiliş:

Dünyada bəxtiyardır əkdiyini biçənlər,

Bu həyat səhnəsindən vicdan ilə keçənlər.

Biz hər zaman içərkən keçmişi yad eylədik,

Bizi də yad eyləsin bizdən sonra içənlər.

1946-cı ildə yazıb bu şeirləri Abdulla Şaiq. Təbii, haradasa çap olunmaq üçün yox, elə bu kuzənin üstündə qalmaq üçün. İndi təsəvvür edirəm ki, bu evdəki məclislərdə, o məclislərə ki, Azərbaycanın sinəsi sözlə dolu olan qaymaqları toplaşardı, şərabla dolub-boşalan bu kuzə masa üstündə qaldıqca hər dəfə istər-istəməz nəzərlər bu misralara da sataşırmış, bu dördlüklər də dönə-dönə ucadan səslənirmiş, bəlkə hansısa növbəti sağlıqlarçün körpüyə dönürmüş.

Şərab gəlirmiş-gedirmiş, o məclisləri bəzəyən kuzə öz ömrünü yaşayırmış. Kuzələri, piyalələri, badələri yaşadan onların içərisinə tökülən mayedir - sudur, meydir, şərabdır. Çoxdandır ki, Şaiqin həmin kuzəsinə mey tökülmür, ancaq kuzə yaşayır. İndi kuzəni yaşadan, ona dirilik verən üstündəki Şaiq misralarıdır.

...Cavan yaşından klassikə çevrilmiş Abdulla Şaiq klassik irslə çox bağlı idi. 1939-cu ildə Azərbaycan böyük bayramın astanasında idi. 1941-ci ildə dahi azərbaycanlı Nizami Gəncəvinin 800 yaşı tamam olacaqdı. Bu münasibətlə Azərbaycanda artıq yubiley hazırlıqları gedirdi. O, çərçivədə qərara alınmışdı ki, "Xəmsə"yə daxil olan beş məsnəvi ana dilimizə tərcümə edilsin. Bu işə Azərbaycanın oçağkı ədəbi meydanda ən öndə olan şairlərini cəlb eləmişdilər. İlk növbədə Səməd Vurğunu, Rəsul Rzanı, Süleyman Rüstəmi və digərlərini. Təbii ki, yada düşənlərin ən birincisi elə Abdulla Şaiq idi. Abdulla Şaiqi o tərcüməçilər arasında üstün eləyən bir keyfiyyət də ondan ibarət idi ki, o, farscanı mükəmməl bilirdi. Abdulla Şaiqə "İsgəndərnamə"dən "Şərəfnamə" hissəsini tərcümə etməyi tapşırdılar və tərcümələr içərisində hamıdan əvvəl yekunlaşdırılan da elə Şaiqinki oldu - artıq 1940-cı ildə onun "İsgəndərnamə"si işıq üzü görmüşdü. Ancaq digər Nizami tərcüməçilərindən fərqli olaraq, Şaiq həm də peşəkar müəllim idi və üz tutduğu istənilən sahədə, istənilən işdə müəllimlik damarı hərəkətə gəlirdi və sövq-təbii olaraq hər işə bir az hündürdən baxır, müəllim miqyasları ilə yanaşırdı. Nizamiyə münasibətdə də qənaəti bu idi ki, biz əgər Nizaminin əsərlərini ədəbi dövriyyəyə artıq yeni bir zaman içərisində təzədən qaytarırıqsa, onun xalqa çatması yolunda da genişmiqyaslı tədbirlərə əl atmalıyıq. Xalq deyəndə isə ən əvvəl Abdulla Şaiqin nəzərində canlanan sabah bu xalqın önündə gedəcək nəsillər, millətin gələcəyi olan uşaqlar, gənclik idi. Onlar ona görə Nizami poemalarından və artıq yalnız "İsgəndərnamə"dən də deyil, bütün "Xəmsə"dən ayrı-ayrı süjetləri seçərək onların əsasında uşaqlarçün əsərlər yazmağa başladı. Öncə "Sehrli üzük", ardınca "Zalım padşah və əkinçi", bundan sonra "Sultan Səncər və qarı" adlı əsərlərini yazdı. Bunların hər biri balaca poema sayıla bilərdi. Sadə dillə yazılmışdı. Nizaminin misralarındakı gerçəkləri artıq duru, saf, həm də yeni nəslin asudəcə qəbul edəcəyi üslubda və dildə gününün oxucularına, ən əvvəlsə, söz yox ki, yeniyetmələrə təqdim etdi. Ancaq Nizami təşəbbüslərini bununla da bitmiş hesab etmədi. 1946-cı ildə onun qələmindən çıxan "Fitnə" pyesi Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyuldu. 1945-ci ildə isə Şaiq daha bir Nizami soraqlı əsərini bitirmişdi - "Nüşabə". Onu da "İsgəndərnamə"nin motivləri əsasında araya-ərsəyə gətirmişdi. O dövrdə Nizami ilə görülən böyük işlərin hamısı dövlət sifarişi idi. Tərcümələr də, bizim və digər respublikalardan olan alimlərin tədqiqat əsərləri də, rəsmlər, heykəllər, bəstələr də. Şaiqin etdiklərinin sifarişçisi isə onun öz qəlbi idi, qələmə almışdı. Şaiqin "Nüşabə"si artıq nə uşaqlar, nə yeniyetmələr, nə gənclər üçün idi. Yəni gənclərə də, yeniyetmələrə də, uşaqlara da bu əsərin aidiyyəti vardı, amma bu, artıq böyüklər üçün yazılmış əsərdi və 1946-cı ildə Dram Teatrı pyesin məşqlərinə başladı. İki əsas surəti iki ulduz yaradacaqdı - Nüşabə rolunda Mərziyyə Davudova, İsgəndəri isə Rza Əfqanlı oynamalı idi. Amma tamaşada digər böyük aktyorlarımızın iştirakı da nəzərdə tutulurdu. Heyətdə Mirzağa Əliyev, Ələsgər Ələkbərov, Ağasadıq Gəraybəyli və digər görkəmli sənətkarlar yer alırdı. Əsər 1946-cı ilin iyununda səhnəyə çıxdı və Azərbaycanın mədəni həyatında ciddi əks-səda doğurdu, respublikanın teatr həyatının bayramı kimi qarşılandı. Ancaq Abdulla Şaiqin yazdığı "Nüşabə" təkanını Nizami Gəncəvinin "İsgəndərnamə"sindən alırdısa da, pyesdə Şaiqin özünün vətənpərvərlik duyğularını, vətənçi baxışlarını əks etdirən geniş üfüq vardı.

Babalardan süzüldü saf qanımız,

Nə qədər var həyatımız, canımız.

Qəlbimizdir bölünməyən Vətənim,

O mənimdir, o mənimdir, o mənim.

"Nüşabə" pyesi vətən eşqi ilə daşan və şahidlərin xatırlamasınca, o tamaşaları seyr eləyənləri vəcdə gətirən bu misralarla bitirdi. Başqa bir şairin dilində, qələmində bu misralar bəlkə elə adi vətənpərvər sözlər kimi səslənərdi. Ancaq Şaiqin qələmində, dilində bu misraların mənası büsbütün dəyişirdi, siyasi məna çalarları kəsb edirdi. Şaiqin qəhrəmanları səhnədən onun diliylə "Bölünməyən Vətənim" deyirdi və "vətənim" səslənirdi. O çağlarda - bütün sovet onillərində "vətən" deyəndə Azərbaycan nəzərdə tutulmurdu ki! Vətən rəsmən Sovet İttifaqı idi! Rəsmi yazılarda, kitablarda harada "vətən" yazırdınsa, SSRİ nəzərdə tutulurdu. Hətta xatirimə gəlir ki, lap çox sonralar, 1970-ci illərin əvvəllərində tələbə ikən Azərbaycan Radiosunun Xarici verilişlər redaksiyasında Güney Azərbaycan üçün hazırlanan bir proqramda çıxışçının dilindən yazdığım mətndə Quzey Azərbaycanı düşünərək "Vətənim" deyimini işlətmişdim, heç senzora çatmamış redaksiyadaca redaktor bu ifadənin üstündən xətt çəkərək "Sovet Azərbaycanı" yazdı, "qayda belədir" dedi.

Ancaq Abdulla Şaiq "Vətənim" söyləyərək elə Azərbaycanı, "Bölünməyən Vətənim" deyərək otaylı-butaylı Azərbaycanı düşünürdü və səhnədəki qəhrəmanlarının dili ilə tamaşaçısını da bu cür düşünməyə dəvət edirdi.

XXI əsrin bərpa edilmiş müstəqillik dövründə doğularaq böyümüş insanlarını bu yozumlar təəccübləndirə də bilər ki, belə deyişlərdə qeyri-adi olan nə var ki? Tam qeyri-adi idi və hətta o illərdə Şaiqin bu cür riskli misraları yazmasının vəd etdiyi təhlükələr də vardı. Şaiq onsuz da adı "qara siyahılar"da keçən, daimi xəfiyyə nəzarətində olan şəxs idi. Onun hər yeni əsərinə, hər sözünə yalnız nəzarətçi redaktorlar, ədəbiyyatçılar kimi yox, həm də bu deyişlərdən başqa iylər, ayrı rənglər, ayrı məntiqlər tutmağa mail çekist gözləri, qulaqları, burunları ilə yanaşırdılar. Ancaq Şaiq açıqda siyasətdən nə qədər çox uzaq dursa da, siyasi müzakirələrə qətiyyən qarışmasa, əksinə, belə söhbətlərin düşdüyü yığıncaqlardan kəlmə kəsmədən tələsik aralansa da, ürək dinc dayanmırdı, məqam yetişincə könlündəki vətənlə, millətlə bağlı ümdə istəkləri misralara çevirirdi, insanlara ötürürdü. Səbəb yenə odur ki, müəllim idi. Bilirdi ki, insanlar bu əsərlərdən həm də vətəni sevməyi, həm də vətəni necə sevməyi, həm də vətənə necə xidmət etməyi öyrənir, yurdu və özlərini daha dərindən tanımağa başlayırlar.

Abdulla Şaiq məktəb adamı idi, ancaq vaxt ötdükcə həm də oldu teatr adamı. Azərbaycan Milli Teatrının da, Gənc Tamaşaçılar Teatrının da, Kukla Teatrının da səhnələri illərcə Şaiqin əsərləri ilə bəzəndi. Şaiq məktəbdə sonacan deyib qurtarmadıqlarını, kitablarında axıracan ifadə etmədiklərini teatr səhnələrində qoyulan tamaşalarla insanlara çatdırırdı. Onun aləmində səhnə də bir ayrı dərs otağı, teatr da bir başqa və daha tez təsir edə bilən məktəbdi.

Abdulla Şaiqin saysız şagirdlərindən biri də görkəmli yazıçımız Mehdi Hüseyn idi və illər sonra o, ustadının dərslərini xatırlayanda ilk ağlına gələn birinci dərs və sonra Şaiqin bütün dərslərinin gedişində təkrarlanan mənzərə olmuşdu. Yazırdı ki, Şaiq girdi sinfə, başladı danışmağa, hamımız sanki sehrlənmişdik. O danışırdı, biz də yazırdıq, içəridə elə sakitlik vardı ki, kağızın üstündə gəzən qələmin səsi də eşidilirdi.

Şaiqin əsərlərinin Azərbaycan teatrlarında tamaşalarında da həmişə belə olurdu. Zaldakıların hamısı böyüklü-kiçikli qulaq kəsilirdi. Bu anlarda onların hamısı Şaiqin dünyasında olurdu. İstəmirdilər ki, hər hansı bir kənar səs onları o ülvi, o əsrarəngiz aləmdən ayırsın.

...Azərbaycan teatrının beşiyi başında dayananlardan olmuş Nəcəf bəy Vəzirov adama uzaq tarix kimi gəlir. Lakin Şaiqin xatirələri bir böyüdücü şüşə kimi onu sanki gətirib qoyur gözümüzün qarşısında. Şaiq yada salır ki, 1909-cu il idi, Nijni Kladbişenski küçəsi ilə başıaşağı gedirdim, fikirli idim, birdən kimsə arxadan yapışdı qolumdan, çevrildim, gördüm Nəcəf bəy Vəzirov. Şaiq dəqiqləşdirir ki, Nəcəf bəyi mən Bakıya gəldiyim vaxtlardan - XX əsrin lap əvvəllərindən tanıyırdım, müxtəlif qəzetlərdə onun "Dərviş" imzası ilə felyetonları dərc edilirdi, mənə də, oxuyanların hamısına da xoş təsir bağışlayırdı, onun danışığı da elə yazısı kimi sadə, şirin idi. Yeni əsr başlanırdı, mətbuat həyatı kimi, teatr həyatı da qaynayırdı. Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", "Daldan atılan daş topuğa dəyər" komediyaları camaatın çox xoşuna gəlirdi. O şuxluq, o məzə ki həmin komediyalarda vardı, elə Nəcəf bəy Vəzirovun danışığında da hiss olunurdu.

Şaiqin xatırlamasınca, Nəcəf bəy ona adətən nəvazişlə "şair bala" deyə müraciət edərmiş və elə həmin gün Nijni Kladbişenski küçəsində rastlaşarkən də ənənəvi "şair bala" əzizləməsi ilə başlayaraq qayıdır ki, sənin anan Mehri xanım mənim həyat yoldaşım Xurşid xanımın ürəyinə çox yatır. İstəyirəm ki, bu yayı bir yerdə istirahət eləyək, bunu evdə söylə, gör anan nə deyir.

Şaiq bunu da əlavə edir ki, biz Nəcəf bəy Vəzirovgillə qonşuluqda, üzbəüz binalarda yaşayırdıq, axşam evə gələndə Nəcəf bəyin sözlərini evdə anama çatdırdım, o da məmnuniyyətlə razılıq verdi və 1909-cu ilin yayında Dağıstandakı Daşlaqar yaylağına yola düşdük, Nəcəf bəy Vəzirovun ailəsi idi, müəllim Əlicabbar Orucəliyevin külfəti, bir də biz. Səfalı Daşlaqarda olduğumuz vaxtda Nəcəf bəy bizə bir qonaqlıq da verdi - yaxşı plov asılmışdı, dağların qoynunda əyləşmişdik, gendən çayın şırıltısı gəlirdi, ətrafdakı meşənin yaşıllığı, başı dumanlı dağların füsunkarlığı insanı heyran qoyurdu, plov çəkilib gəldi süfrəyə, Nəcəf bəy qədəhi qaldırdı, üzünü tutdu mənə ki, şair bala, elə bu dağların qoynunda sən bir sağlıq de, özü də şeirlə de ki, yadımızda qalsın.

O nəsil insanların, o millət seçmələrinin nəinki bir-birləriylə məhrəm söhbətləri, hətta badə qaldırıb dedikləri sağlıqlara da həmişə bir şairanəlik, tarixdə qalmaq haqqı olmaq keyfiyyəti xasmış və həmin dağlar qoynundakı məclisdə Şaiqin Nəcəf bəyin şərəfinə bədahətən söylədiyi 4 misra da unudulmamalı söz yadigarları qəbilindəndir. Dağların saf havası, yaşılın yüz cür çaları ilə göz oxşayan meşələr, çayın musiqi kimi səslənən ahəngdar axışı, dağların mavi-bəyaz dumanda itən zirvələri, illər sonra Şaiqin etiraf etdiyi kimi, onu elə vəcdə gətirir ki, sözlərini şeirlə demək barədə Nəcəf bəyin ona etdiyi qəfil təklifdən tutulub-eləmir, elə dərhal söyləyir:

Heyranam Daşlaqarın dağlığına,

Meşə-ormanlarına, bağlığına.

Baxınız bir plovun ağlığına,

İçəyin Nəcəf bəyin sağlığına.

Gülüşürlər, Nəcəf bəy qucaqlayıb Şaiqi öpür və həmin dağlar qoynunda deyə-gülə keçən ziyafəti bütün anlarıyla ömrü boyu unutmayan Şaiq Nəcəf bəylə bağlı xatirəsində buna da diqqət yönəldirdi ki, Vəzirov həmişə şux, çöhrəsindən təbəssüm əskik olmayan insan idi, ancaq "Müsibət-i Fəxrəddin"i görəndə onu da düşündüm ki, komediyalar müəllifi, həmişə çöhrəsi təbəssümlü, dilindən məzəli söz əskik olmayan bu kişinin içərisində həm də dərin bir kədər, millət ağrıları varmış.

Abdulla Şaiqin Nəcəf bəy Vəzirova şeir həsr etməsi bircə o yaylaq qonaqlığı ilə bitməmişdi. Ustad haqqında Şaiq ikinci şeir də yazmışdı. Amma bu dəfə daha bədahətən və zarafatla yox. 1913-cü il noyabr ayının 15-də Bakıda Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyinə həsr edilmiş məclis keçiriləcəkdi. Abdulla Şaiq o vaxt Balaxanıdakı qız məktəbində də dərs deyirmiş. Məktəbin müdiriyyəti Şaiqə sifariş edir ki, bu yubiley münasibətilə Nəcəf bəyə həsr olunmuş şeir yazsın. Və özü də sədaqətli maarifpərvər olan Abdulla Şaiq böyük maarifçi Nəcəf bəy Vəzirova onun gerçəkdən də layiq olduğu təsirli misralar həsr edir:

Bu millət üçün geniş,

parlaq, sən aydın bir cığır açdın,

O yollarda işıqlardan çiçəklər,

pöhrələr saçdın.

Və Şaiq artıq yaşlaşmış Nəcəf bəylə son görüşünü də yaddan çıxarmamışdı. Deyir, "Kommunist" qəzeti redaksiyasına getmişdim, o vaxt "Kommunist" qəzetinə Məmməd Səid Ordubadi rəhbərlik edirdi, onunla məni Şəfiqə xanım Əfəndizadə tanış eləmişdi. Girdim otağa. Məmməd Səid Ordubadi əyləşmişdi, Nəcəf bəy Vəzirov da orada idi, Əbdürrəhim bəy Haqverdiyev də gəlmişdi. Söhbət əsnasında birdən Ordubadi masasının üstündəki zəngi basdı, katibə içəri girdi, Səid əfəndi üz tutaraq dedi ki, sən o arxivin açarını gətir bura. Katibə təəccüb içərisində soruşanda ki, Səid əfəndi, hansı arxivin, Nəcəf bəy qımışdı, çünki Ordubadinin işarəsini göydə tutmuşdu, bizə müraciətlə dedi ki, bilirsiniz Səid əfəndi hansı arxivin açarını deyir? Oturmuşuq burada, hamımız arxiv adamıyıq. Mən də, Əbdürrəhim bəy də, elə Səid əfəndinin özü də, bizdən cavan olmasına baxmayaraq, elə Şaiq də. Səid əfəndi başqa arxivin yox, katibədən tarix arxivinin açarını istəyir.

Millətə taleyin bəxşişi olan belə parlaq şəxsiyyətlər tarixin arxivində, zamanın yaddaşında, vaxt muzeyində həmişə yaşayan surətlərdir. O arxivə açarı gərək millət paslanmağa qoymaya. Tarix arxivinin qapısı gərək mütəmadi açıla ki, o misilsizlərin səsi də bugünümüzdən daha çox eşidilə. Şaiqin xalqa bir xidməti də bu olub ki, bizə tarix arxivinin qapısının qıfılına düşən açarı da əmanət edib. Ömrünün sonlarına doğru o, XIX yüzilin axırlarından ta XX yüzilin ortalarınadək olan dövrdə ömründən keçmiş insanlar və hadisələr haqqında yaddaşlarını qələmə alaraq zəmanəsinin gerçəkçi güzgüsü sayıla biləcək xatirələr salnaməsi yaratdı. Bu açarla tarix qapısına yaxınlaşınca ömür-gününə yaxşı bələd olduğun xeyli tanış simanı bir ayrı cilvədə görürsən.

...O film hələ çəkilməyib, ancaq həmin film gərək çəkilə və Azərbaycanda hər insan da gərək o filmə tamaşa edə. Böyük müəllim haqqındakı filmə! Azərbaycanda hər ailənin yaxşı müəllimə ehtiyacı var. Hər ailədən, hər nəsildən sıra-sıra uşaqlar məktəbə gedir, kitab oxuyur, dərs öyrənir. Sabahımız onlardır, bu yurdu və milləti irəli aparmaq vəzifəsi onların çiynindədir. Ona görə məktəbimiz gərək güclü ola. Məktəbimizin güclü olması üçünsə gərək müəllimlərimiz qabil ola.

Şaiq sıradan olan müəllim deyildi, böyük müəllim idi və o cür müəllimlər haqqında hər insana dərs olacaq hekayətlər də ibrət götürməkçün gərək daim qulaqlarda səslənə, göz önündə ola.

1923-cü il dekabr ayının 27-də, o gün ki Şaiqin müəllimlik fəaliyyətinin 20 ili bayram ediləcəkdi, onun müxtəlif yaş nəsillərindən olan şagirdlərinin ən seçmələri yollanırlar Şaiqin evinə - Yuxarı Dağlıq, indiki Şaiq küçəsinə. O mülkdə ki, Şaiqi Şaiq eləyən illərin hamısını ustad orada yaşamışdı. Şaiq enir aşağı, şagirdləri icazə vermirlər ki, o, Yuxarı Dağlıq küçəsindən - yaşadığı evdən İstiqlaliyyət küçəsinə - tədbirin keçirildiyi məkanadək olan məsafəni piyada getsin. Onu alırlar çiyinlərinə. İndiki İqtisad Universitetinin, vaxtilə Bakı Dövlət Universitetinin yerləşdiyi o bina ki, orada Şaiqin nümunə məktəbi vardı, yubilyarı gətirirlər ora. Şaiqi şagirdlərinin çiyinlərinə qaldıran sadəcə yubilyara sonsuz ehtiram deyildi - o uşaqların hər biri Şaiqə övlad məhəbbəti bəsləyirdi. Azərbaycanda ilk dəfə müəllim şərəfinə keçirilən həmin yubiley mərasiminin davam etdiyi dəqiqələrdə bir qanqaraçılıq da yaranır. Qəfildən elektrik kəsilir, işıqlar sönür, zal qaranlığa qərq olur. O gün, 1923-cü ilin 27 dekabrında o zalda toplaşanlar Azərbaycanın üzdə olan simaları idi. Yüksək dövlət, hökumət vəzifəsi tutanlardan tanınmış ədiblərə, alimlərə, müəllimlərə qədər. Və onların əksəriyyətinin də müəllimi elə Şaiq özü olmuşdu. İşıqlar sönüb. Neyləməli? Heç kim heç bir göstəriş verə bilmir. Şagirdləri qalxırlar ayağa. Şagirdləri - yalnız gənclər, yeniyetmələr yox, nisbətən yaşlılar - Şaiqin 10, 15, 20 il əvvəl dərs dedikləri də ayağa qalxırlar, tərk edirlər zalı. Yollanırlar İçərişəhər tərəfə. Onların bir çoxu elə qala divarlarının arasında yaşayırdılar. Çox keçmir, hərə evindən bir çıraq gətirir, zalın eninə-uzununa divarlar boyu onlarla neft lampası düzülür. Çıraqlar yanırdı, indi zal əvvəlkindən də işıqlı idi, hər zaman olduğundan və olacağından qat-qat nurlu idi və ilk dəfə idi adi neft lampalarının yanması bu qədər insanı qəhərləndirirdi...

Bu, millət naminə yaşamışların, millət adına təmənnasız xidmət göstərmişlərin iqbalıdır. Abdulla Şaiqin və Şaiq olmaq mərtəbəsinə ucala bilən hər azərbaycanlının qismətində əslində o çıraqlar var.

Sən millət üçün yanmısansa, hətta kimlərsə bunu görmək istəməsə, gizlətməyə, ört-basdır etməyə çalışsa belə, qəm yemə, əmin ol ki, o əməklər heç zaman unudulmayacaq, çəkdiyin zəhmətlər heç vaxt qaranlığa qərq olmayacaq. Elin çırağı da həmişə sənin adının, əməllərinin üzərinə şəfəqini səpəcək. Sübutu - yaratdıqları və munis surəti həmişə işıq içərisində yaşayan Abdulla Şaiq; örnəyi - 1923-cü ilin bir qış gecəsində İçərişəhərdən qaranlıq çökmüş zala axışaraq oranı gündüzə döndərmiş neft lampalarının sevgi qatarı...

 Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook