RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sədaqət andı Dek 27, 2023 | 14:47 / Mətbuatda çıxışlar

Çoxdandır ürəyimdə bir arzum var. İstəyirəm ki, yolum Dağıstana düşsə, hökmən Buynakska gedim. Orada şəhərin mərkəzindəki köhnə qəbiristanlıqda əziz bir məzarı tapım, o məzara salam verim, baş əyim. O məzara ki, orada qiymətli bir azərbaycanlı uyuyur - Mirzə Əbdürrəhim Talıbov. Amma hər dəfə bu arzu ürəyimdən keçəndə məni bir nigaran duyğu da narahat edir. Bəri başdan onun narahatlığını çəkirəm ki, birdən gedib məzarı taparam və görərəm ki, qəbir baxımsız haldadır, üstünə gəlib-gedən, diqqət yetirən olmadığından kol-kos basıb, dağılıb getməkdədir. Ya da acınacaqlısı...

Görəsən, orada - Dağıstanda, Buynakskda Mirzə Əbdürrəhim Talıbovun məzarını axırıncı dəfə hansı azərbaycanlı ziyarət edib? Bu fədakar azərbaycanlını nə dərəcədə tanıyırıq? Amma gərək tanıyaq, özü də lazımınca, bütün yönləriylə. Çünki o, Azərbaycanın, millətimizin işığını artırmaq yolunda can qoymuşlardandır. Mirzə Fətəli Axundzadədən sonra Yaxın Şərqdə və əlbəttə ki, Azərbaycanda təzə ədəbiyyatın, bədii sözdəki yeniləşmənin bayraqdarı Mirzə Əbdürrəhim Talıbov olub. Azərbaycan ədəbiyyatına müasir biçimli, Avropa tipli romanı birinci gətirən də Mirzə Əbdürrəhim Talıbovdur. XX yüzilin ortalarında işıq üzü görmüş "Məşrutə dövründə Azərbaycan şəxsiyyətləri" adlı əsərində Mehdi Müctəhidi yazırdı ki, son yüz ildə İrandan çıxmış mütəfəkkirlər arasında mütləq birincilik Mirzə Əbdürrəhim Talıbova məxsusdur və Azərbaycan, azərbaycanlılar onunla iftixar edə bilərlər. Mirzə Əbdürrəhim Talıbovu Şərqin Jan Jak Russosu, Volteri adlandırmışdılar. Bəs biz - bugünün azərbaycanlıları millətimizin, yurdumuzun iftixar qaynağı olan belə bir şəxsiyyətə layiq olduğu qədər niyə bələd deyilik? Azərbaycana, millətimizə başucalığı gətirmiş və gətirməkdə davam edən belə şəxsiyyətləri gərək isə yaxşı tanıyaq, onların ehtiramını saxlayaq, onları həmişə ucalarda tutaq. Çünki belə müstəsnalarımızı yaxşı tanıdıqca, onlara ehtiram bəslədikcə, onları ucalarda tutduqca biz özümüz də bir millət və yurd olaraq daha yüksəklərə qalxa biləcəyik.

Mirzə Əbdürrəhim Talıbov ad-sanı, şöhrəti Azərbaycan, İran, Anadolu çərçivələrindən kənara yayılmış şəxsiyyət idi. Bunun əyani sübutlarından biri: 1896-cı ildə məşhur şərqşünas alim, akademik Fyodr Yevgeniyeviç Korş Mirzə Əbdürrəhim Talıbovu Xarkov Universitetinə mühazirələr oxumağa dəvət edir. Mirzə Əbdürrəhim Talıbov bir neçə gün ərzində Xarkov Universitetinin professorları, müəllimləri, eləcə də o toplantılara dəvət olunan Xarkov ziyalıları qarşısında çıxışlar edir. Onun əngin biliklərlə dolu, bir-birindən dərin, cəlbedici məruzələri dinləyənləri necə valeh edirsə, o dövrün məşhur professorlarından olan təbib Leonard Hirşman Mirzə Əbdürrəhim Talıbovun şərəfinə ziyafətlər təşkil edir. Həmin ziyafətlərdən birində professor Leonard Hirşman Mirzə Əbdürrəhim Talıbovun şərəfinə badə qaldırır və söyləyir ki, "açığı, mən bir qədər tərəddüd içərisindəyəm. Bilmirəm bir müsəlman ziyalının şərəfinə badə qaldırmaq nə dərəcədə düzdür. Amma çalışacağam ki, qızıl ortanı tutum. Şərabı içirik, o, insana ləzzət verir, ruhunu oxşayır. Əgər qəlbində hansısa ağır hisslər varsa, onları qovur, əhval-i ruhiyyəni yüksəldir. Bu günlər ərzində Mirzə Əbdürrəhim Talıbovun mühazirələrini dinləyirdik. Qulaq asdıqca ruhumuz dincəlirdi. Bizi daxildən narahat edən hansısa fikirlər varsa, onları da həmin saatlar içərisində unudur, başqa bir aləmə düşürdük. Onun söhbətlərindən, onun biliyinin genişliyindən, onun verdiyi məlumatlardan feyziyab olaraq ləzzət alırdıq. Bizə ən gözəl şərabı içdiyimiz halda aldığımız ləzzət qədər zövq nəsib olurdu. Amma şərab müsəlman aləmində də var, orta əsrlərin Şərq şairləri də meydən, şərabdan yazmışlar. Ancaq Şərq şairlərinin bəhs etdiyi mey, bizim şərabdan fərqli olaraq, ilahi meydir, insanı ruh aləminə aparan, ülviyyət məqamına yetirən, onu içəridən zənginləşdirən mey. Bu günlər ərzində Mirzə Əbdürrəhim Talıbovu dinlədikcə sanki həm də o ilahi meyi nuş edirdik, içəridən zənginləşirdik, ruh aləminə gedirdik, ülviyyət dünyasına gedirdik. Mən bu badəni arxada qalan günlər ərzində bizi parlaq nitqi, dərin zəkası ilə heyran etmiş Mirzə Əbdürrəhim Talıbov cənablarının şərəfinə qaldırarkən onu da düşünürəm ki, o, heç zaman tükənməyəcək. Yalnız bu gün deyil, gələcək zamanların içərisində də əsərləri ilə insanlara zövq verməkdə, onları içəridən zənginləşdirməkdə davam edəcək".

Bu hərarətli qiymətvermənin dilə gətirildiyi ziyafət XIX yüzilin sonlarında - 1896-cı ildə baş verib və ötən müddətdə əsrlər əvəzlənib, minilliklər dəyişib. Mirzə Əbdürrəhim Talıbovun əsərləri ilk növbədə öz zəmanəsinə ünvanlansa da, həmin kitabları bu gün vərəqlədikcə professor Hirşmanın o vaxt yaşadığı hisslərlə oxşar duyğu və düşüncələr bu gün bizim də varlığımıza dolur. O zövq ki yüz ildən də bir az əvvəl aqil insanlar Mirzə Əbdürrəhim Talıbovdan alırdılar, indi biz, XXI əsrin insanları da onun kitablarını vərəqlədikcə canlı insanla üz-üzə dayanmış kimi olur, həmin zövqü, eyni feyzi alırıq.

Millətin cəfakeş və təmənnasız müəllimlərindən olmaq yükünü boynuna vicdan borcu olaraq könüllü götürmüş Mirzə Əbdürrəhim Talıbov kimi vətənsevərləri gərək insanımız məktəbdən, dərsliklərdən tanımağa başlaya. Əksərini tanımırıqsa məktəb, onun dərsliyi təqsirkar deyil, günah elə Talıbovun və Talıbovların özündədir. Deməli, millət balalarını umulan səviyyədə yetişdirə bilməyə ya gücləri, ya ömür möhlətləri çatmayıb.

O, 1834-cü ildə Təbrizdə, müqəddəs bir məkanda - min ildən bəri Azərbaycanın ən seçkin övladlarının uyuduğu Məqbərət uş-şüəranın yerləşdiyi Kuy-e Sorxabda təvəllüd tapmışdı. Bir nəccar - dülgər ailəsində doğulsa da, uşaq yaşlarından onda elmə, öyrənməyə sonsuz həvəs vardı və əslində bu, nəslindən, əslindən-kökündən gəlirdi. Mirzə Əbdürrəhim uşaq yaşlarından farsca və ərəbcəni mükəmməl öyrənməkdən savayı, müxtəlif elm sahələrinə də meyl edir, ona ruhən daha yaxın olan ədəbiyyat və tarixdən əlavə, fizika, kimya, astronomiya, digər dəqiq elmlər sahəsində də dolğun bilik qazanmağa can atır. Elmlərə belə şövqünün nəticəsidir ki, sonralar yaratdığı kamil bədii əsərlər öz yerində, amma fizika, kimya ilə əlaqədar da dəyərli kitablar ortaya qoymağa müvəffəq olur, üstəlik, astronomiyaya dair qiymətli bir əsəri də farscaya tərcümə edərək şərhlər yazır ki, müasirləri həmin risaləni rahat anlaya bilsinlər.

Lap cavan yaşlarından Mirzə Əbdürrəhimə daxili azadlıq, qoynunda bulunduğu mühitə sığmazlıq xas imiş. Bir tərəfdən bu duyğuların təsiri, o biri yandan təhsilini artırmaq niyyətilə cavan yaşlarında gəlib çıxır Tiflisə. Burada o, ruscanı, ingiliscəni, fransızcanı öyrənir, rus və dünya ədəbiyyatının çox nümunələri ilə tanış olaraq bir az da zənginləşir. Həm axarında olduğu mühit, həm də aldığı yeni biliklər Mirzə Əbdürrəhim Talıbovu Şərq-Qərb adamına çevirir, onun simasında Azərbaycan ziyalısının yeni tipinin parlaq bir təmsilçisi - varlığında Avropa ilə Asiyanı birləşdirən, təfəkküründə həm müsəlman düşüncə tərzini yaşadan, həm də həyata, hadisələrə avropalı kimi baxmağa qadir olan şəxsiyyət yetişirdi. Hər insan valideynləri ilə yanaşı, öz mühitinin balasıdır. Tiflisə gəlib çıxana qədər Mirzə Əbdürrəhim sadəcə müsəlman Şərqinin oxumuş bir cavanı idi. Bu köhnə Qafqaz şəhərinə varid olur və yeni zamanın övladı kimi bişkinləşməyə başlayır, Tiflis mühiti onu tamam başqa biçimdə tərbiyə edir. Məhz içərisində yaranan şərqli-qərbli qovuşuğu, həmin vəhdətin ona bağışladığı yenilikçi düşüncə tərzi onu təzə zamanın Mirzə Fətəlisinə döndərir. Amma Mirzə Əbdürrəhim hərtərəfli ağıl sahibi, tədbirli adamdı. Anlayırdı ki, bu, həyatdır, irəliləmək, yaşamaq, biliklərə daha artıq yiyələnmək, o biliklərin ifadəsi üçün meydan da qazanmaqdan ötrü babat maddi imkan da vacibdir. Ona görə də Mirzə Əbdürrəhim Talıbov təhsilini başa vurunca Məmmədəli Şeybani İbrahimbəyovun poçt idarəsində işə düzəlir. Məmmədəli Şeybani poçt idarələrinin sahibi olmaqla yanaşı, yol çəkməklə də məşğul olur, yol icarədarlığı da edirdi. Poçt idarəsində işləyə-işləyə fərasətli Mirzə Əbdürrəhim tezliklə yol çəkmək işinin sirlərinə də yiyələnir və bir müddət sonra isə artıq özü müstəqil yol tikintisi idarəsi qurur. Çox keçmir ki, o, Qafqaz-Stavropol yolunu inşa edir və bu, maddi vəziyyətini xeyli yaxşılaşdırır. Amma Mirzə Əbdürrəhimə ilk gəncliyindən mühüm bir keyfiyyət də xas idi - qazandığını bölüşmək nəcibliyi, əliaçıqlıq, imkanı daxilində hamıya faydası dəyəcək işlər görmək şövqü. Ticarətlə məşğul olduqca, əlinə asta-asta pul gəldikcə topladığı vəsaitin böyük bir hissəsini biliklərini genişləndirməyə, əlyazmalar, kitablar toplamağa yönəldirdisə, digər hissəsini xeyriyyəçi əməllərə sərf edirdi. Və belə savab əməllərini Mirzə Əbdürrəhim cavanlığından ömrünün sonuna qədər davam etdirdi.

Tiflisdən ayrılandan az sonra Dağıstana - Xasavyurda köçmüşdü. Elə Xasavyurdda oturuşunca orada bir məktəb, bir məscid inşa etdirmişdi. Kimsə rica etməmişdi ki, ehtiyacımız var, bunu et. Heç sərvəti başından aşanlardan da deyildi. Ürəyi yönəldirdi, boşluğu duyurdu, könlü hökm edirdi ki, et, o da edirdi. Həm də bilirdi ki, burada çox qalası deyil, fərqində deyildi ki, burada müvəqqətidir, çıxıb ayrı bir yerə gedəcək. Məktəb qalacaqdı, məscid qalacaqdı və xidmətini göstərəcəkdi. Mirzə Əbdürrəhimə bu, bəs idi. O, xeyriyyəçi və yaxşı adam kimi görünməkçün yox, mahiyyətilə belə olduğundan bu cür hərəkət edirdi. Çox keçmir ki, Xasavyurddan ayrılır, köçür sonralar Buynaksk adlandırılacaq Temirxanşuraya.

...Mirzə Əbdürrəhim Talıbov cavan yaşlarında İrandan ayrılaraq Tiflisə gəlsə, sonra Dağıstanda yerləşsə də, ömrü boyu İran da, Azərbaycan da daim onunla idi. Və oralarda baş verən hadisələri daim izləyirdi. Daha artıq - baş verənlərə onun bilavasitə təsiri də vardı. Talıbov sadəcə bir ədib, universal zəkalı alim deyildi. Həm də cəmiyyətşünas, siyasətçi idi. Onun siyasətə dair silsilə məqalə və kitabları bir yana, amma bilavasitə siyasi fəaliyyətləri də vardı. İranda Məşrutə hərəkatı baş verəndə onun başlıca beyin mərkəzlərindən biri elə Mirzə Əbdürrəhim Talıbov idi. Buna görə Mirzə Əbdürrəhimi Volterə də oxşadırlar və bu bənzətmə də səbəbsiz deyildi. O məşhur fransız ədibi qoca yaşlarında İsveçrədə xudmani bir qəsəbədə yaşayırdı. Böyük Fransa inqilabını hazırlayanlar mütəmadi onun yanındaydılar - gəlib-gedir, Volterdən məsləhətlər alırdılar. Eynən Mirzə Əbdürrəhim Talıbov da Məşrutə dönəmində o cürdü. Oturmuşdu Dağıstanda - Temirxanşurada, Azərbaycan ziyalıları, İranın mütərəqqi düşünən aparıcı insanları hey onunla məşvərətə yollanırdılar. "Molla Nəsrəddin" jurnalından bəhs edənlərin dilində haqlı olaraq ənənəviləşmiş bir dəyərləndirmə var ki, bu dərgi Azərbaycanın, Yaxın və Orta Şərqin ziyalanması, inqilabiləşməsi səmtində bir ordunun edə biləcəyi qədər nəhəng iş görüb. Eyni qiyməti Məşrutə hərəkatı haqqında düşünərkən Mirzə Əbdürrəhim Talıbovun fəaliyyətlərinə də tərəddüdsüz aid etmək mümkündür. Məşrutə hərəkatı və məşrutəçilər haqqında İranda da, dünyada da kitabxana dolduracaq qədər bolluca araşdırmalar, məqalələr, kitablar var. Bəlli Məşrutə ədəbiyyatı qatarında Mehdi Məlikzadənin yeddi cildlik "İran məşrutə tarixi" adlı tədqiqatı xüsusi sanballığı ilə ağırçəkililər cərgəsindədir və həmin mükəmməl araşdırmada Mirzə Əbdürrəhim Talıbova məxsusi diqqət yönəldən müəllif yazır ki, o, bilavasitə təsirləri və əsərləri ilə Məşrutə hərəkatına ən çox təsir göstərənlərdəndir. Vurğulayır ki, Mirzə Əbdürrəhim Talıbov sadə bir dillə istibdadın fəsadlarını və İran xalqlarının təməddün karvanından geridə qalmasını onların qulaqlarına pıçıldayırdı.

Zahirən Talıbov Bakıdan da, Təbrizdən də xeyli aralıda idi. Ancaq Dağıstandakı bütün başqa işlərini görə-görə sanki daim elə həm Bakıda, həm Təbrizdə - otaylı-butaylı Azərbaycanda idi. Onun həm Azərbaycan, həm də İran aparıcı qüvvələrinin fasiləsiz nəzər nöqtəsində olmasının tutalğaları bəs deyincədir - 1903-1904-cü illərdə Firidun bəy Köçərli "Azərbaycan ədəbiyyatı tarixi"ni işləyərkən davamlı olaraq Mirzə Əbdürrəhim ağaya, təbii ki, içərisi suallarla dolu məktublar yazır, müfəssəl də cavablar alırdı. Mirzə Əbdürrəhim Talıbov ona həm tərcümeyi-halını, həm də əsərlərindən nümunələri göndərmişdi.

1909-cu ilin 5 oktyabrı - İranın tanınmış ziyalılarından və siyasətçilərindən olan, oçağkı Azərbaycan düşüncə aləminin qabaqcıl simaları ilə də sıx təmas saxlayan Yəhya Dövlətabadi günlərin birində gəlir Petrovskiyə - Mahaçqalaya, orada da bir fayton tutub dikəlir Temirxanşuraya. Məşrutə hərəkatının əsas zəka daşıyıcılarından olan Yəhya Dövlətabadi ora Mirzə Əbdürrəhim Talıbovun ziyarətinə tələsirdi. Bir tərəfdən ictimai-siyasi mühitin Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi artıq yetişmiş, sözü eşidilən seçilmişlərilə oturub-duran Yəhya Dövlətabadi digər tərəfdən Əbdürrəhim Talıbovdan da tövsiyələr almağı zəruri sayırdı.

Yəhya Dövlətabadinin faytonu soraq-soraq gəlib yetişir Talıbovun malikanəsinə və o vaxtlar Mirzə Əbdürrəhim artıq yaşlı idi, gözləri də xeyli zəifləmişdi. Hələ 1902-ci ildə gözlərini müalicə etdirmək üçün Berlinə də səfər eləmişdi, ancaq canlı şahidlərin yazılı təsdiqləri də bizə gəlib çatıb ki, Ustadın gözləri nə qədər zəifləmişdisə də, son anınacan yazmaqdan, oxumaqdan nə doydu, nə əl götürdü. Şahidlərin xatirələrində bu qüssəli xəbər də qalır ki, Talıbovun görməsi o qədər zəifləyibmiş, bir mətni oxumaqçün kağızı gözlərinə üç barmaq qədər yaxınlaşdırmalı olurmuş.

Ancaq Yəhya Dövlətabadinin gəlməsini eşidincə elə bil gözünün də işığı artan Əbdürrəhim ağa aşağı enir, əziz qonağı özü qarşılayır. Deyir ki, nə yaxşı təşrif gətirdiniz, sizin gəlişinizi çox gözləyirdim. Eşitmişdim ki, Dağıstandasınız, əgər məni görmədən getsəydiniz, çox pərişan olardım.

Yəhya Dövlətabadi ilə bu görüş Mirzə Əbdürrəhim Talıbov üçün yalnız çoxdan tanıdığı, İranın fikir həyatındakı öncüllərdən olan və qəlbinə, ruhuna yaxın şəxsiyyətlə ünsiyyət dəqiqələri kimi cəlbedici deyildi. Həmin görüşün Mirzə Əbdürrəhim Talıbovçün əsas əhəmiyyət bunda idi ki, Məşrutə hərəkatının mövcud vəziyyəti ilə əlaqədar ən son məlumatları ilk qaynaqdan əldə etmək fürsəti qazanmışdı və bu, bir girəvə idi ki, qonağı vasitəsilə o da hərəkatın bir az da coşması, daha nəticəli ola bilməsi üçün tövsiyələrini versin, öyüdlərini etsin.

Özü İrandan uzaqda ola-ola Talıbovun Məşrutə hərəkatının həlledici simalarından biri məqamına yüksəlməsinin digər təsdiqi də odur ki, 1907-ci ildə Təbriz əhalisi onu İranın Birinci Məclisinə millət vəkili seçmişdi. Mirzə Əbdürrəhim Talıbov əvvəlcə xalqın bu seçiminə məmnuniyyətlə "hə" desə də, az sonra İran Milli Məclisində iştirakdan imtina edir. Yeni başlanan XX yüzildə İran həyatının çalxantılı 1904-1911-ci illərinə dair xatirələrini əks etdirdiyi "Tarix-e bidari-ye iraniyan" ("İranlıların oyanış tarixi") sərlövhəli əsərində Nazim ül-İslami Kermani, söz yox ki, adı Məşrutə hərəkatının açar sözlərindən və rəmzlərindən birinə çevrilmiş Mirzə Əbdürrəhim Talıbov kimi önəmli şəxsiyyətdən yan keçə bilməzdi. O, həmin dövrdə Talıbovun qələmindən çıxmış "Səfine-yi Talibi ya Ketab-e Əhməd"ini Məşrutə məfkurəsinin şəkillənməsində yeri olan üç-dörd əsərdən biri kimi yada salır, ancaq Mirzə Əbdürrəhim ağanın İranın birinci Millət Məclisindən imtina etməsinin səbəbini göstərərkən bunu Talıbovun əvvəlki inqilabi ideyalarından əl çəkməsi ilə izah edərkən, əlbəttə ki, yanılır. Çünki həqiqətdə belə yox, tam əksinə idi. 1906-cı ildəki həmin imtinadan bir il əvvəl Mirzə Əbdürrəhim Talıbovun "Azadlıq haqqında izahat" adlı kitabı işıq üzü görmüşdü. Orada açıqca bəyan eləmişdi ki, məşrutiyyət və mütləqiyyət qətiyyən bir yerə sığmaz. 1907-ci ildə təbrizlilərin onu İranın Birinci Milli Məclisinə yekdilliklə millət vəkili seçməsindən az sonra imtinasının cəmiyyət içərisində doğurduğu fikir müxtəlifliyinə aydınlıq gətirmək üçün Mirzə Əbdürrəhim Talıbov Milli Məclisə yüz sözdən ibarət bir teleqram göndərir. Sözünü şax - mərdi-mərdanə deyir. Yazır ki, mütləq şah və Məclis bir yerdə ola bilməz. Ya Məclis, ya mütləqiyyət. Təbii ki, Mirzə Əbdürrəhim Talıbovun inqilab saçan bu düşüncələri şahlıq rejimini yerində qurcuxdurmaya bilməzdi və onun əleyhinə yeni bir dalğa kükrəyir. Hakimiyyətin birbaşa tapşırığı ilə Məhəmməd Faizi və Şeyx Fəzlullah kimi əmmaməli jandarmlar Mirzə Əbdürrəhim Talıbovu kafir elan edirlər. Lakin təkfirlər Mirzə Əbdürrəhim Talıbov kimi cəsarətli, inqilabi düşüncələrində sarsılmaz olan mətin insanı yolundan döndərə bilərdimi? Əlbəttə ki, yox. Və bəyan edir ki, məmləkətinin və millətinin səadətini istəyən padşah məmləkətin idarə edilməsinə xalqı dəvət etməlidir. Xalqı dəvət etməsə, xalq özü dəvətsiz gələr və onda da başqa nəğmə oxuyar.

...Kədərli gündə, çətin anda insanın ilk yadına düşən doğmalar, simsarlar olur. 1911-ci il fevral ayının 26-da Mirzə Əbdürrəhim Talıbovun həyatının son saatı çatmışdı. Həyat yoldaşı Xanbikə xanım həmin hüznlü anlarda həyəcan içərisində ilk teleqramları Bakıya, Mirzə Əbdürrəhim Talıbovun Bakıdakı məsləkdaşlarına, dostlarına yollayır və müdhiş ayrılığa həsr edilən ilk kədər yazısı "Səda" qəzetində yer alır. Qəzetin baş redaktoru Haşım bəy Vəzirov "Vəfat-i ustad, fəryad-i şagird" adlı məqaləsində yalnız görkəmli ədibin ölümünə sonsuz kədərini ifadə etmir, həm də xatirələrə dalır, ustad haqqında məhəbbətlə söz açaraq iki il əvvəl Temirxanşurada Mirzə Əbdürrəhim Talıbovun evində gördüyü misilsiz qonaqpərvərlikdən bəhs edir. Bir-birinin ardınca Bakı qəzetlərində bu millət itkisi ilə bağlı vida yazıları dərc edildikcə acı xəbər asta-asta Azərbaycandan kənara da yayılır, İstanbulda çıxan "Şəms" qəzeti Talıbovun əbədi gedişini "ədəbiyyatın parlaq bir ulduzunun sönməsi" kimi mənalandırır. Üstündən iki gün keçincə Bakıda, yenə həmin "Səda" qəzetində Seyid Məhəmməd Tağızadənin Mirzə Əbdürrəhim Talıbov haqqında geniş məqaləsi işıq üzü görür. Müəllif tarıma çəkilmiş hisslərlə yazdığı məqaləsini bu riqqətoyadıcı sözlərlə bitirirdi: "Ey pir-e həqiqət! Məzarında asudə yat. Vətən balalarının qəlbində əkdiyin toxumlar, sanma ki, puç olar. And olsun qibləgahın olan vətənə! Bir gün o toxumlar yenidən yaşıllanacaq. Amalınca və arzunca məhsul verəcəklər. Asudə yat, ey pir-e duagu-ye Vətən! (Ey vətən duaçısı olan azman - R.H.) Bir gün duaların vətən övladının hümməti ilə müstəcəb olacaq. O vaxt sənin şərəfinə bayramlar yapılacaq, qəlb-i Vətəndə mücəssəmələrin, heykəllərin qoyulacaq".

Mirzə Əbdürrəhim Talıbovun - o böyük vətən övladının şərəfinə bayramların yapılacağı, heykəllərin ucalacağı günlər hələ gəlməyib. Amma o günlərin də uzaq olmayan sabahlarda mütləq gələcəyinə də şübhə yoxdur!

...Biliklərlə dolu Mirzə Əbdürrəhim Talıbov yazmağa, yəqin ki, erkən başlamışdı. Ancaq çap olunmağı xeyli sonralara, yaşlı vaxtlarına təsadüf etdi. Əllisini arxada qoyandan sonra irihəcmli əsərləri ard-arda ortaya çıxmağa başladı. Ahıl vaxtında böyük ədəbiyyata səsli-küylü əsəriylə gələn Mirzə Əbdürrəhimin ədəbi yolu başlanğıcdan sərgüzəştli alındı. 1888-ci ildə İranda "Əlhimar yəhmilu Əsfar" adlı, amma qısaca "əl-Himar" kimi şöhrətlənən bir kitab işıq üzü görür. Bu, əslində Mirzə Əbdürrəhim Talıbovun böyük ədəbiyyatda siftəsi idi. Ancaq kitabın üstündə müəllifin adı göstərilməmişdi. Sadəcə belə bir qeyd vardı ki, guya bu kitab ayrı bir dildən farscaya tərcümə edilib. Ona görə də sonralar "Kitab yüklü eşşək" adı ilə məşhurlaşacaq həmin əsərin Mirzə Əbdürrəhim Talıbova aid olmadığı haqqında mübahisələr də gedəcək. Ancaq ədəbiyyat tarixində belə qəziyyələrə az rast gəlinməyib ki, əsl müəlliflər hansı tarixi səbəblərdənsə adlarını pərdə dalında saxlayıblar, təxəllüslər, ləqəblər ardında gizləniblər. Mirzə Fətəli Axundzadə də guya "Kəmalüddövlə məktubları"nı özünün yazmadığını, farscadan Azərbaycan dilinə tərcümə etdiyini bəyan edir. Əslində isə o, əsərindəki sərt deyişlərin, zəmanəyə müxalif baxışların, dikbaş səslənişlərin vəd etdiyi təhlükələrdən sığortalanmaqçün bu fəndə əl atmışdı. Eyni şəkildə də Mirzə Əbdürrəhim Talıbov. Sələfi Mirzə Fətəlidən də xatalı bir gedişatın burulğanları arasındaykən onun da bu əsərini adam arasına çıxararkən şəxsiyyətini məxfi saxlamaqdan başqa çarəsi yoxdu. Di gəl, bu ehtimal da bir zamanlar geniş yayılıbmış ki, guya Talıbov bu əsəri qədim yunan ədibi Apuleyin "Metamorfozlar, yaxud qızıl eşşək" əsərindən iqtibas edib - ya tərcümə sayılmalıdır, ya da oradan götürülən süjetin yeni işlənməsi. Yaxud belə fərzetmələrə də təsadüf edilib ki, guya bu əsərin sahibi Məhəmmədhəsən xan Etimadüssəltənə imiş, bir paraları isə əsərin fransız yazıçısı Pol de Kuka aidliyi gümanına düşüblər. Çox da ki, deyiblər, nə olsun ki, yazıblar. Həm Apuleyin, həm Pol de Kukun yazdıqları, həm də "Kitab yüklü eşşək" göz qabağındadır. Onları da oxu, bunu da. Nə var-nə var, orada da, burada da Allahın o məsum heyvanının xoş sədası ucalır deyə bu kitab obirinin təkrarıdır iddiasını irəli sürmək əsla tənqidə dözməz. Çünki "Kitab yüklü eşşək" səhifə-səhifə oxunduqca və "Qızıl eşşək"lə tutuşdurulduqca əlavə heç bir iddiaya yer qalmır - tam bakirə bir mətn. Digər yerli mümkün müəlliflər məsələsinə gəlincə, burda da Talıbovla qarşıdurmada digərləri uduzur. Talıbovun bu əsəri ruhu, fəlsəfəsi, yazı tərzi ilə onun digər əsərləri ilə vəhdətdədir, hamısı bir-birinə bağlıdır. Əhvalat vaqe olur Güney Azərbaycanda. Nəql edilən ibrətli hekayət bir adamla - Mirzə Cəfərxanla bir uzunqulağın söhbətləşməsidir. Adətən uzunqulaq bizlərdə dədə-babadan qanmazlıq timsalı hesab edilib. Lakin bu əsər xəbərdarlıq edir ki, qərar verməyə tələsməyin, adama da baxın, uzunqulağı da eşidin, ondan sonra insafla çıxardığınız nəticəni dilə gətirin. Talıbovun uzunqulağı ağıllı-ağıllı danışır və elə hikmətləri ərz edir ki, onların müqabilində adam özünü elə uzunqulaq yerində hiss edir. Mirzə Cəfərxana uzunqulaq nə deyirdi? Deyirdi ki, siz - Allahın nitq qabiliyyəti bəxş etdiyi insanlardan biz - dilsiz heyvanların əsas fərqi ondan ibarətdir ki, biz eşşəklər icma halında yaşayanda bərabər oluruq. Ancaq siz insanlar bir yerə yığılanda, icma halında ömür sürməyə başlayanda cızığınızdan çıxırsınız, hər hansı faydanı dadınca dərhal çalışırsınız ki, ətrafdakıları o mənfəətdən məhrum edəsiniz, həmin faydanı öz inhisarınıza alasınız. Bundan ötrü lazım gələndə onlara təcavüz də edirsiniz, zülm də verirsiniz. Və uzunqulaq dayanmırdı, adamla ulaq müqayisələrini davam etdirirdi. Deyirdi ki, biz eşşəklərin siz insanlardan bir üstünlüyü də var, biz qismətimizə bir nemət düşəndə yeyib ondan ləzzət alırıq və fikirləşirik ki, neməti verən Allahdır, yenə payımızı yetirəcək. Siz insanlar isə əlinizə bir nemət düşüb ondan faydalandığınız zaman bizim kimi bundan zövq almaq əvəzinə daha yeni nemətləri qamarlayıb toplamaq barədə düşüncələrə girişirsiniz.

Eşşək danışdıqca onun danılması müşkül söhbətləri insan xislətinin, cəmiyyət həyatının budanıb, yontanıb cilalanmalı çox eybəcərliklərini üzə çıxarırdı. Dövr elə dövr, zaman elə zaman, mühit elə mühit idi ki, eşşək nə qədər istəyir belə danışa bilərdi, eşşəyə nə var, o, azaddır, adamın bu mətləbləri açıq deməsi isə eşşəklik sayılırdı və belə ucadan eşşəklik eləməyin cəzası da ağır idi. Odur ki, belə şəraitdə gərək eşşəyi qalxan edəydin, eşşəyi bu sayaq danışdıranın da kim olmasını elə ört-basdır edəydin ki, başın salamat, qulağın dinc qalaydı.

Odur ki, bu ilk mətbu bədii əsərində Mirzə Əbdürrəhim Talıbov adını gizlətmişdi, amma guya bu əsərini başqa bir dildən farscaya tərcümə etdiyini yazanda, ola bilsin ki, elə doğrusunu demişdi. Hadisələr Güney Azərbaycanda cərəyan edir və hekayət farsca olmağına baxmayaraq, əsər boyu ara-sıra Azərbaycan ifadələri, el sözləri, sırf Cənub ləhcəsinə xas deyişlər yer almaqdadır. Ola da bilər ki, Mirzə Əbdürrəhim Talıbov bu əsərini əvvəlcə ana dilində yazıb, sonra farscaya çevirib.

Və yeri gəlmişkən Talıbovla bağlı bu ümdə həqiqəti də yadda saxlamağın yeri var - Mirzə Əbdürrəhim bir sıra Şərq və Qərb dillərini ana dili səviyyəsində təmiz bilsə də, azərbaycancanı onların hamısından üstün tuturdu və danışığında istifadə etdiyi də yalnız ana dili idi. Bunu Mirzə Əbdürrəhim Talıbovu görmüş, onunla ünsiyyətdə olmuş çox insanların xatirələri təsdiqləməkdədir. Bir ədibin, qələm, düşüncə, duyğu adamının böyüklüyünün, yurduna və xalqına sədaqətinin ən bariz göstəricisi isə ən əvvəl onun öz doğma dilinə sevgisi və həmin məhəbbətin əməldəki ifadəsidir.

El üçün ağlayan göz kor olar, - deyiblər. Bunu el söyləməyib, bunu o adamlar uydurublar ki, el üçün ağlayanların az olmasında maraqlı imişlər. Danılmaz gerçəkdir - el yolunu tutub gedənlərin ayağına daşlar dəydiyi də az olmur, el naminə köksünü irəli verənlərin neştərlərə məruz qaldığına da tarixdə nisgilli örnəklər nə qədər desən. Ancaq o millət cəfakeşlərinin xoşbəxtliyi bundadır ki, heç vaxt tək qalmırlar, həmişə məslək qardaşları olur, daim onlara arxa olan, dayaq duran başqa elsevərlər də tapılır. Əbdürrəhim Talıbov ömrü boyu el üçün yanan bir insan oldu və həmişə də bəxtiyar, mübarizələrində ona görə ardıcıl idi ki, uzun ömrü boyunca bir ləhzə də məsləkdaşlarsız, əqidədaşlarsız, duyğudaşlarsız qalmadı.

O, 1907-ci ildə İranda istibdada qarşı səsini cəsarətlə qaldıranda, hakimiyyət əleyhinə sözünü açıq və ucadan kişi kimi söyləyəndə və yazanda hakimiyyətin əli ilə riyakar ruhanilərin vasitəsilə ona qarşı təkfir başlandı. Lakin cılız bir dəstə Mirzə Əbdürrəhim Talıbovu kafir elan edəndə daha möhtəşəm bir dəstə İstanbulda, Tehranda, Təbrizdə, Bakıda qeyzlə səsini ucaltdı. Qəzet səhifələrində ləngimədən görünən silsilə yazılarda kafirlikdə ittiham edilən Talıbovun mütəfəkkirliyindən iftixarla söz açıldı. Əhməd bəy Ağaoğlu "İrşad" qəzetində yazırdı ki, sinni 80-ə çatmış və bu 80 illik ömrünün 50 ilini milləti oyatmaq üçün həyəcan zınqırovu çalmış və nəhayətdə İran xalqlarının ayılmasına nail olmuş Mirzə Əbdürrəhim Talıbova necə kafir demək olar? Elə həmin "İrşad" qəzetində bir neçə gün sonra "əl-Mücahid İsfahani" imzası ilə "Təbrizdən" başlıqlı daha bir məqalə dərc edilir. Müəllif soruşurdu ki, illərlə qeyrəti, alın təri, halal zəhməti ilə sərmayə toplamaq, topladığı bu sərmayəni öz canı ilə bərabər bu Vətən və millət yolunda sərf etmək məgər küfrdür? Əsl kafir o adamlardır ki, Allaha ibadət və millətə xidmət üçün nəzərdə tutulmuş minbəri dükana döndərərək bir ticarətgaha çeviriblər.

Əli bəy Hüseynzadə də Mirzə Əbdürrəhim Talıbovun yanında idi. Onun səsi "Füyuzat"dan gəlirdi. O da oxucuya - xalqın aydınlarına üz tutaraq soruşurdu ki, qəfildən Haqq dərgahından səs gəlsə, qeybdən gələn o səda soruşsa ki, siz kafir olmağa razısınız, yoxsa Vətənin məhv olmağına - hansını seçərsiniz? Və Əli bəy Hüseynzadə qoyduğu sualı elə özü də cavablandırırdı ki, mən bilmirəm siz hansı cavabı verərsiniz, amma Əbdürrəhim Talıbov hansı cavabı verər, onu bilirəm. Əbdürrəhim Talıbov zahirən müsəlman olub, batinən kafir olanlardan fərqli olaraq, heç vaxt Vətənin məhv olması ilə razılaşmaz!

Mirzə Əbdürrəhim Talıbovun müdafiəsinə kimlərin qalxması onun hansı dəyər olmasının bir ayrı sübutudur.

...Böyük yazıçıya əsl şöhrəti gətirən və müəyyən mənada onun şah əsəri adlandırıla biləcək kitabı "Səfine-yi Talibi"dir - "Talibinin gəmisi". Hər böyük yazıçının söz ümmanına çıxan hər yaşarı əsəri dəryada üzən gəmi kimidir. Və Əbdürrəhim Talıbovun "Səfine-yi Talibi"si çox limanlara çatıb, bundan sonra da neçə-neçə limanlara yetişəcək. İki cilddən ibarət idi bu əsər və İstanbulda 1894-cü ildə birinci, 1895-ci ildə ikinci cildi basıldı. Ədəbiyyat tariximizdə daim yaşamaq haqqı qazanmış bir başqa əsər də var - yeni zaman içərisindəki ilk romanlarımızdan biri - Hacı Zeynalabdin Marağayinin "Səyahətname-yi İbrahim bəy"i. Əsərin qəhrəmanı İbrahim bəy Misirdən İrana səyahət edir və yolüstü gəlib çıxır İstanbula. Burada atasının bir dostunun evində kitab rəfini gözdən keçirəndə "Səfine-yi Talibi" gözünə sataşır, götürüb başlayır oxumağa. Özü İrana getməyə hazırlaşdığından bu əsərdə İranın, Cənubi Azərbaycanın həyatından mənzərələrin təsvir edilməsi ona həm maraqlı, həm də çox yerinədüşmüş gəlir. Kitabı oxuyub sona çatır və başa düşür ki, bu nasir qətiyyən sadə adam deyil, çox bəsirətli yazıçıdır, amma heç də onun bütün fikirləriylə barışmaq olmaz. Odur ki, İrana səfəri ərəfəsində mütaliə etdiyi, döşünə yatan, eləcə də razılaşmadığı qənaətlərlə ləbələb bu əsər haqda təəssüratlarını isti-isti kağıza köçürməyə bilmir. Yazır ki, bu, çox kamil, fazil bir ədibdir, amma İran haqqında dediklərinin çoxuna şərik çıxmaq çətindir. İran haqqında yüksək fikirdə olan İbrahim bəyi narazı salan "Səfine-yi Talibi"də o ölkədəki yaramazlıqların açılıb-tökülməsi idi. Oxuduqlarına şəkk gətirən İbrahim bəy belə nəticə çıxarırdı ki, ya bu adam iranlı deyil, oraları görməyib, ya da səhvə yol verir, həqiqətləri təhrif edir. İbrahim bəy düzəlir yola, başlayır İrana səyahətini, ölkəni obaş-bubaş gəzib-dolanır və bütün gördüklərini görəndən sonra düşündüklərini qələmə alır. Deyir ki, o böyük ədibin qarşısında mən başı aşağı üzrxahlıq edirəm. Çünki mən təəssübkeşlik edərək onu haqsız saymışam, onun haqqında pis fikirləşmişəm və şahid olub anladım ki, əsl vətənpərvərlik alovu elə onun içərisində yanırmış.

...Mirzə Əbdürrəhim Talıbovun bu məşhur əsərinin iki adı vardı: "Səfine-yi Talibi", bir də "Əhmədin kitabı" və bu əsərin "Əhmədin kitabı" adlandırılması da bica deyildi, elə əsərin mahiyyəti ilə birbaşa bağlı idi. Çünki Əbdürrəhim Talıbovun bu əsərində ata ilə oğul üz-üzədir. Ata özüdür, oğlu da Əhməd. Övladına nəsihət verir, onu həyatın qəliz dolanbaclarında asudə irəliləyə bilməyə hazırlayır. Fəlsəfi yanaşanda tarixdə izi qalan hər böyük sənətkarın öz doğmaca övladına üz tutaraq söylədiyi istənilən ibrətli söz əslində onun millətə, Vətən balalarına müraciəti kimi qavranılmalıdır. Böyük ölçüdə millətin hər uşağı da elə sənətkarın öz balasıdır. Nizami Gəncəvi oğlu Məhəmmədə nəsihət edirdi. Ancaq oğlu Məhəmmədə verdiyi nəsihətlərin hər biri əslində ellik azərbaycanlılara, bir az da geniş - insanlığa aid deyilmi? Və Mirzə Əbdürrəhim Talıbovun qələmə aldığı "Kitab-i Əhməd", yəni öz oğluna üz tutaraq yazdığı əsər də təkcə Əhməd, yalnız Azərbaycan balaları yox, elə insanlıq üçün nəzərdə tutulmuş öyüdnamədir. "Səfine-yi Talibi"ni roman da adlandırırlar, uzun hekayət də, elmi-pedaqoji risalə də. Ancaq onun biçiminin necə müəyyənləşdirilməsi, üstünə hansı janr, hansı janr şəkli yazılmasından asılı olmayaraq mahiyyət əsərin cövhərindədir. Bu kitabı Jan Jak Russonun "Emil, ya tərbiyə haqqında"kı elmi-pedaqoji romanına da bərabər tuturlar. Gerçəkdə o əsərlə bu əsər arasında oxşarlıqlar çoxdur və Talıbov özü də etiraf eləyirmiş ki, Jan Jak Russodan ilhamlanıb. İlhamlanmağına ilhamlanıb, amma daha irəli gedib. Orada da valideyn övladına tərbiyə verir. Ancaq Jan Jak Russo tərbiyəni uşağı mühitdən, ətraf aləmdən ayıraraq, təcrid edərək verir. Həm də bir kənd yerində. Mirzə Əbdürrəhim Talıbovsa uşağı gətirir insanlar arasına, şəhərin qaynar mühitinə, onu addım-addım insanların, insan münasibətlərinin, cəmiyyət hadisələrinin burulğanlarından keçirir. Ona görə də bu əsər yalnız bir uşağa, bir gəncə, bir ailəyə verilən tərbiyə kitabı deyil, həm də cəmiyyət haqqındakı kitabdır və toplum haqqında burada Talıbovun elə düşüncələri əks olunub ki, oxuduqca müəllifin yalnız bir mahir ədib olduğuna yox, həm də müdrik cəmiyyətşünas, dərin siyasətçi olmasına şahid kəsilirsən. Paradoks kimi də səslənə bilər: mülahizə edirlər ki, insan həyatı boyu alacağı məlumatların ən mühüm hissəsini və bir insan kimi yetişmənin əsas dərslərini elə yeddi yaşınacan əldə edir. Və Mirzə Əbdürrəhim Talıbov da öz balasını əvvəlcə yeddi yaşına qədərki mərhələdə tərbiyə edir, sonra da başlanır ömrün yeddi yaşından sonra gələn ikinci hissəsi - təhsil illəri, dünyayla, kitabla tanışlıq, məlumatların çoxalması, həyatın daha mübhəm sirlərinə vaqif olmaq.

Və "Səfine-yi Talibi"nin, həmin ikicildliyin davamı olan üçüncü bir kitabı da Mirzə Əbdürrəhim bizlərə yadigar qoyub: "Məsail-ul həyat" - "Həyat məsələləri". Bu cilddə kadrlar dəyişir - əsərin qəhrəmanı balaca Əhməd yaşa dolub, böyüyüb, məktəbi bitirib, gedib Fransaya və ali təhsil alaraq vətənə qayıdır. İndi onu həyatın başqa sınaqları gözləyir və qəhrəmanını qədəm-qədəm həyat mərhələlərindən keçirə-keçirə Mirzə Əbdürrəhim Talıbov həm də bu qiymətli əsərində İranın oçağkı həyatının şəklini çəkir, elə mətləblərə toxunur ki, bu sətirləri yazan nəzərlərimizdə sadəcə qabil nasir deyil, usta yazıçı qələmli filosof, cəmiyyətşünas kimi yüksəlir. Mirzə Əbdürrəhim Talıbov həyatını yaşayacaq, dünyadan köçüb gedəcək, XX əsrin ortalarında Birləşmiş Millətlər Təşkilatı yaranacaq, onun Təhlükəsizlik Şurası olacaq, bir-birinin ardınca dünyanın bir çox beynəlxalq təşkilatları formalaşacaq. Bunlar hələ yoxdur. Amma Mirzə Əbdürrəhim Talıbovda bunların hamısı artıq işə başlayıb. O, balasının - Əhmədinin və bütün Əhmədlərin qoynunda xoşbəxt, firavan yaşayacağı gələcək azad cəmiyyət haqqında düşünür. Necə görür o cəmiyyəti? Mirzə Əbdürrəhim Talıbovun nəzərincə, vaxt ötdükcə dünyanın ayrı-ayrı ölkələri, dövlətləri bir-birinə yaxınlaşacaq və bir federasiyada qovuşacaq, onların qovuşduğu dövlətlər birliyinə Mirzə Əbdürrəhim Talıbov ad da qoyur: "Qızıl cumhur" - "Qızıl respublika". Və həmin altun cumhuru - qızıl respublikanı idarə edəcək qurumun da layihəsini cızır Mirzə Əbdürrəhim Talıbov. Onun nəzərincə, bu, Millətlər Məclisi, dünya parlamenti olacaq, həmin parlamentdə ölkələrin hamısından seçilmiş vəkillər toplaşacaq, birləşərək bu qızıl cumhuru idarə edəcək, dünya daha yaşamalı olacaq, insanlar bərabərcə, təhlükəsiz, sıxıntısız, səadətli günlərdə ömür sürəcək.

Bu, Mirzə Əbdürrəhim Talıbovun xəyallarında yaratdığı dünya idi, düşüncələrində qurduğu sağlam Yer Kürəsi idi.

Bəlkə də ayrı bir zaman içərisində Mirzə Əbdürrəhim Talıbov kimi Vətən pərvanələrinin ömürləri boyu apardıqları usanmaz mübarizələr kimlərəsə sadəcə romantika, şeiriyyət kimi gələr. Amma ömür yollarını an-an izlədikcə ona şahid olursan ki, həm Mirzə Əbdürrəhim Talıbov, həm də onun məslək, əqidə qardaşı olmuş sıra-sıra unudulmazlarçün bunlar ömürləri uzunu qəlbən inandıqları, bir gün gerçəkləşəcəyinə ümid və inam bəslədikləri ülvi ideallar olmuşdur.

...1903-1904-cü illərdə Firidun bəy Köçərliyə ard-arda Mirzə Əbdürrəhim Talıbov bir neçə məktub göndərmişdi. Həmin məktublardan birində şeirlərindən söz açırdı və yazırdı ki, mənim çox şeirim yoxdur, üst-üstə yığsam, 300 beytdən artıq olmaz.

İndi, o məktubun yazılmasından, göndərilməsindən, oxunmasından 120 ildən də artıq zaman sovuşarkən, büsbütün ayrı bir dünyada yaşadığımız günlərdə Talıbovun 300 beytdən artıq o köhnə şeirlərini bir-bir oxuyuram və görürəm ki, əksərinin mövzusu eynidir - məhəbbətli misralardır. Ancaq bu eşq bir gəncin bir gözələ atəşin sevgisi deyil, bu beytlərin çoxunun hədəfi olan Gözəl hamımızın ən tükənməz istəklərimizin yönəldiyi doğma Vətəndir.

Mirzə Əbdürrəhim Talıbov Güney Azərbaycandan, İrandan cavan yaşlarında ayrılmışdı. Amma İranda onun minlərlə, milyonlarla soydaşı yaşamaqda davam edirdi. Talıbov diləyirdi ki, İran azadlığın, bərabərliyin, haqqın bərqərar olduğu ölkəyə çevrilsin, onun soydaşları da xoşbəxt ömür sürsünlər. O, Vətəni bütövlüyü ilə sevirdi, ilahi məhəbbətlə sevirdi və həmin məhəbbətin əks-sədası bu sətirlərdən də gəlməkdədir:

Ey Vətən, səndən savay bir başqa qibləm yox, yəqin,

Kəbəni, Tanrını saymam, olmasa kuyin sənin.

Bəlkə də bir başqa şairin qələmində sadəcə rəvan şeir sətirləri olan bu misralar Mirzə Əbdürrəhim Talıbovun təqdimində bir öhdəlik və əhd idi. Vətən qarşısında öhdəlik, millət qarşısında əhd, vətən və millət qarşısında içilən sədaqət andı. Böyük azərbaycanlı Mirzə Əbdürrəhim Talıbov cavan yaşından ömrünün son saatınacan Vətən və millət qarşısındakı o müqəddəs andına, o ali öhdəliyinə, o saf əhdinə sadiq qaldı.

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook