RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Fərhad günü Dek 27, 2023 | 14:56 / Görüşlər
Ona artıq yaşı 20-ni keçəndən sonra Bakıda, Moskvada aldığı ali təhsilə görə diplomlar verildi.
Lakin Fərhada bunlardan da mötəbər, bunlardan da ali olan bir neçə universitetin diplomları hələ uşaqlıq, yeniyetməlik illərindən qismət olmuşdu.
1950-60-cı illərdə – Fərhad Bədəlbəylinin orta məktəbdə oxuduğu, ali təhsil aldığı dövrlərdə Azərbaycanda bir iniversitet, bir konservatoriya vardı.
Amma Fərhad Şəmsi Bədəlbəylinin evində böyüyürdü.
Fərhad hər gün maestro Niyazinin qonaq-qaralı mənzilində idi.
Onun mütəmadi gedib-gəldiyi və sayı xeyli çox olan ünvanlardan yalnız elə bu ikicəsi özündə neçə-neçə universitetləri birləşdirən akademiyalar kimi idi.
Fərhad bu inversitetlərdə həm yaxşı musiqiçi, həm yaxşı insan, həm yaxşı ziyalı, həm də yaxşı vətəndaş olmağın dərslərini alırdı.
Bu “universitetlərin” yerli müəllimləri Niyazi, Qara Qarayev, Şəmsi və Əfrasiyab Bədəlbəylilər, Lütfəli Abdullayev... hərəsi bir zirvə olan müstəsna şəxsiyyətlər idisə, az qala hər həftə “gəlmə ustadlar” da olurdu.
O çağkı Sovet İttifaqının, dünyanın ən məşhur musiqiçiləri, yazıçıları, aktyorlarl, ictimai xadimləri!
Elə nadir insanlar ki, başqaları onların yalnız adını eşitmişdi, ya üzünü teleekranlarda görmüşdü.
Tale Fərhadasa onlarla həmsöhbət olmaq, onları dinləmək, onlardan öyrənmək bəxtiyarlığını kiçik yaşlarından bağışlamışdı.
Fitri istedadı öz yerində, Allahın verdiyi qabiliyyətlərin yanında özündə də lap başlanğıcdan var olan usanmadan çalışmaq, işləməkdən doymamaq şakəri Fərhadı dünyanı dərk etməyə başladığı həmin çağlardan qeyri-adiləşdirirdi.
Belə müdriklərin əhatəsində, belə məktəblərin içərisində böyüyüb-yetişən insan necə müstəsna olmasın!
Xüsusən də illər ötəndən, bütün bu əfsanəvi kimi görünən şəxsiyyətlər əbədiyyətə qovuşandan sonra!
Onların xatirəsini və dərslərini yaddaşında, qəlbində daşımaq, onlardan miras qalan öyüdlərin ülgüsü ilə ömür sürmək Fərhadı nadirdən nadir körpüyə çevirib.
...Hər səhər işə gəlir. Musiqi Akademiyasına.
Hər səhər bu əziz ünvana çatarkən onu ilk qarşılayan və Fərhadın ilk salam verdiyi Üzeyir bəy olur.
Hər səhər növbəti dəfə Üzeyir bəylə qarşılaşarkən Fərhad sanki həmin anacan yaşadığı həyatı təzədən xəyalından keçirir.
Hər səhər Üzeyir bəylə görüş ona sanki yenidən xatırladır ki, sən kimsən, hansı yolu gedirsən, hansı məsuliyyəti daşıyırsan, hansı irsin davamçısısan, bizim edə bilmədiyimiz hansı işləri hökmən yerinə yetirməlisən.
...Nə qədər ki, insan yaşayır, nəfəs gedib-gəlir diləklər, niyyətlər tükənən deyil.
Fərhad hələ cavan insandır. İçərisi yeni-yeni yaradıcılıq layihələri, konsertlər, səfərlər, təzə görüşlərin arzuları ilə doludur.
Lakin arzunun da böyüyü, kiçiyi, ən vacibi, növbədə nisbətən arxa sırada dayananı da olur.
Fərhad Bədəlbəylinin ömrün son 30 ili boyunca ən vacib, ən əsas bir niyyəti vardı ki, həmin istək illərdir dilindən dəfə-dəfə səslənib.
Şuşada konsert vermək arzusu!
Maestro Niyazi hər ilin yayında başçılıq etdiyi simfonik orkestrlə Qarabağa yollanardı, Xankəndində konsertlər verərdi.
Lap çoxdandır ki, o əsir dağlarda, o bizsiz yamaclarda, o həsrətli düzlərdə musiqimiz eşidilmirdi, səsimiz gəlmirdi.
2018-ci ildə növbəti ad günü yaxınlaşarkən Fərhad haqda yazdığım esseni bu sözlərlə bitirirdim: “Fərhadın bəxtinə çoxlarının müyəssər olmadığı bir fürsət düşmüşdü. Bir neçə il öncə ona sülh missiyasının tərkibində işğal altındakı ərazilərimizə getmək, bizlərdən ötrü qəribsəmiş torpaqlara qədəm basmaq nəsib olmuşdu.
Həyatı boyu Fərhad sənət aləmində çox ilklərə imza atıb.
Kaş tale elə etsin ki, azadlığa qovuşan o doğma torpaqlara gedərək həyatının ən xoşbəxt konsertini vermək məsudluğu da Fərhad Bədəlbəyliyə ən yaxın sabahlarda qismət olsun!".
Xoşbəxt Fərhada azad Şuşanın havasıyla nəfəs almaq, azad Cıdır düzündə addımlamaq, bu xilas edilmiş əziz şəhərin köhnə məhəllələri ilə addımlamaq, azad Qarabağdakı konsertlərə qatılmaq da nəsib oldu!
Müşfiq "Mənim könlüm deyir ki, hələ bunlar nədir ki!" yazırdı.
Damarlarında axan saf qanla təpədən-dırnağa Vətən aşiqi olan Fərhad Bədəlbəylinin qismətində hələ yurdun və millətin çoxlu səadətli günlərinə və illərinə şahid olmaq məsudluğu var!
Dekabrın 27-si böyük sənətkarımız Fərhad Bədəlbəylinin doğum günüdür.
Məndən ötrü dekabrın 27-si Azərbaycan mədəni mühitində, ziyalılığımızda, mənim ömrümdə Fərhad günüdür.
Fərhad Bədəlbəyli bugünkü Azərbaycan gerçəkiliyində misli olmayan dəyərlərdəndir, varlığı ilə, çalışmaları ilə, təsir dalğası ilə bir çox işıqları sönməyə qoymayandır.
Mənim gözlərimdə Fərhad çox onillər öncəki gənc Fərhaddır. Amma həqiqət də budur ki, artıq 2023-cü il bitir və bütün ruhu ilə yenə cavan olan Fərhad artıq çoxdandır ki, klassikdir.
Musiqimizdə bu miqyasda, bu çəkidə, bu səviyyədə daha kim qaldı ki?!
Ömrünün yeni günü mübarək, əziz qardaşım!
Səninlə ilk gəncliyimizdən, artıq yarım əsrdən çoxdur ki, ürək-ürəyəyik. Arzulayıram ki, dostluğumuzun, qardaşlığımızın ən azı indiki yaşın qədər olan ildönümünü də birgə qarşılayaq!
 
Akademik Rafael Hüseynov
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook