Azərbaycan boyu sıra-sıra məktəblər, universitetlər var. Gələcəkdə, söz yox, o məktəblərin də, universitetlərin də miqdarı durmadan artacaq. Amma XX yüzildə Azərbaycanda yaranmış iki məktəb, iki universitet bütün məktəblərimizin, bütün universitetlərimizin hamısından həmişə seçiləcək, həmişə də ən uca mərtəbədə dayanacaq. Həm də bu iki məktəb, bu iki universitet yalnız Azərbaycan Respublikasının içərisində deyil, Azərbaycan Respublikasının hüdudlarından kənarlarda da onillər boyu məktəb, millətin universiteti olmaq kimi şərəfli bir vəzifəni ləyaqətlə yerinə yetirib.
1926-cı il noyabrın 6-da Azərbaycanda daha heç vaxt kəsilməyəcək radio yayımları başlandı. O gün ilk dəfə Azərbaycan radiosu "Danışır Bakı!" dedi. Ancaq o il noyabrın 26-sı Azərbaycan radiosunun doğum günü deyildi - milli radiomuzun yaranışı daha əvvəl baş vermişdi. 1919-cu ilin noyabrında Parisdə - Eyfel qülləsində Avropa radiostansiyası yerləşirdi və oradan - Avropa radiostansiyasından Gəncədəki radiostansiyaya qoşularaq Cümhuriyyət dönəmindəki ilk Azərbaycan parlamentinin - Məclis-iməbusanın sədri Əlimərdan bəy Topçubaşı milli radiomuzun fəaliyyətə başlaması münasibətilə xalqımızı təbrik etmişdi. 1926-cı ilin 6 noyabrında isə Azərbaycan radiosu artıq daimi yayınlarına başladı və o gündən bu çağacan da fasiləsiz olaraq hər gün xalqla birlikdədir, ölkənin hər səhəri 1926-cı ilin 6 noyabrından bugünəcən "Danışır Bakı" sözləri ilə başlayır.
1956-cı ildə isə Radioya ikinci məktəb qoşuldu, daha bir ümum-Azərbaycan universiteti fəaliyyətə başladı: 1956-cı il fevral ayının 14-də Azərbaycan televiziyası ilk yayımlarını etdi, mavi ekran qarşısında dayanan Azərbaycan insanı 1926-cı ildən sonra növbəti dəfə efir möcüzəsi ilə qarşılaşdı. Lakin bu aralıqda - milli radiomuzun ilk səslənişi ilə televiziyamızın əvvəlinci görsənişi arasında 1946-cı ilin aprelində Güney Azərbaycanda - Təbrizdə də Azərbaycan Milli Radiosu xalqın görüşünə gəldi, insanları riqqətə gətirən "Danışır Təbriz!" sədaları ilk dəfə eşidildi. Radiolandığımız 1926-cı ildən də, televiziyalandığımız 1956-dan da görün nə irilikdə vaxt sovuşub. Bu müddət ərzində Azərbaycan radiosu da, Azərbaycan televiziyası da xalqın xidmətində durmaq, bu xalq üçün ən geniş auditoriya olmaq, millətin hamılıqla etiraf edilən müəlliminə çevrilmək kimi şərəfli vəzifəni yalnız hər gün deyil, hər saat, hər dəqiqə yerinə yetirməyə çalışıb.
Və tale elə gətirib ki, mənim də ömrüm onillər öncə Azərbaycan radio-televiziyası ilə bağlanıb. Yol 1974-cü ildə Azərbaycan radiosundan başlanıb. O çağlar mən universitet tələbəsi idim, XI əsrdə yaşamış təsəvvüf şairi və filosof Baba Tahir Üryanı araşdırmağa başlamış, şeirlərini də farscadan ana dilimizə tərcümə eləmişdim və bu zərif dübeytilərin bir dəstəsini 1974-cü ilin aprelində "Azərbaycan" jurnalı kiçik müqəddiməmlə dərc etmişdi. Vəfatından doqquz əsrdən də artıq bir zaman keçəndən sonra Baba Tahir ilk dəfə çağdaş Azərbaycan insanı ilə danışmağa başlamışdı. Elə bundan lap az sonra - oktyabr ayında Azərbaycan radiosunda "Axtarışlar, tapıntılar" sırasından on dəqiqəlik birinci müstəqil verilişim səsləndi. Mətni redaksiyadan xahişimə uyğun olaraq diktor Aydın Qaradağlı oxuyurdu və mən o gün Azərbaycanın ən bəxtiyar insanı idim.
Ardınca isə 1975-ci ildə mən Azərbaycan televiziyasında müəllif və aparıcı olaraq ilk silsilə proqramlarımı - "Yaşıdlarımız", "Biz romantiklərik", "Yeddinci qitə", "Od kürəsi", "Necəsən, əziz dost"u hazırlamağa başladım və tədricən belə verilişlərin sayı artmağa başladı, təqribən hər həftə iki-üç dəfə efirdəydim. 1974-75-ci illərdən başlanan o yol bu gün də davam edir və həmin yolun ən parlaq hissəsi də artıq 48 il boyunca birgə olduğumuz "Axşam görüşləri" verilişidir. 1975-ci ildən indiyədək hər bazar günü səslənən "Axşam görüşləri"nin bu müddət ərzində zəngin səs xəzinəsi yaranıb. Azərbaycanın tarixində qalan qiymətli şəxsiyyətlərin əksəri bu verilişdən keçib. Yaşlı, qocaman müasirlərim olan, varlıqları, əməkləri, doğurduqları ilə tariximizin ayrılmaz parçasına çevrilmişlərin hər birini imkan düşdükcə radioya dəvət etmişəm, onlarla müsahibələr aparmışam, səslərini yazmışam, o insanlar ki məndən əvvəlki dövrlərdə yaşayıb-yaratmışdılar, onların səs yadigarlarını arayıb bulmuşam və daha köhnə əyyamlarda, ötmüş əsrlərdə ömür sürmüşlər barəsində də əlyazmalardan, arxivlərdən topladığım məlumatlar əsasında yazmışam, millətin tarixində qalmaq haqqı qazanmış belələrini də qəzet-jurnalda dərc olunmağın uzun vaxt aldığı çağlarda ləngimədən xalqa çatdırmışam, istəmişəm ki, onlar dünənin sükutuna qərq olub qalmasınlar, bizim günlərdə də diriliklərini, fayda verməkliklərini davam etdirsinlər. Bütün bunları edə-edə yeni günün istedadlı, təzə yetişən, ümidlər verən gənclərini də yaddan çıxarmamışam, "Axşam görüşləri"nin qapısını həmişə onlarçün açıq saxlamışam, belə qayğının sayəsində sonralar sənətdə mötəbər yerlərini tutacaqların neçəsinin də debütü "Axşam görüşləri"ndə baş verib. "Axşam görüşləri" yarım əsrə sığan müddətdə hər həftə bir nəfərin hazırladığı bir saatlıq proqram olaraq verdiyi digər faydaları, məzmununu bir kənara qoysaq belə, ən azı sürəkliliyinə görə yalnız Azərbaycanın deyil, dünya radioçuluğunun nadir, misli olmayan hadisəsidir. Dünyada ikincisi yoxdur.
Bu yol mənim ömrümün və Azərbaycan efirinin, Azərbaycan radiosunun şanlı bir parçasıdır. Öyünmək üçün demirəm, amma əlbəttə ki, bununla tam haqla qürur duymağa da dəyər. Azərbaycan efirinin də, dünya efirinin də tarixində bu, nadir bir hadisədir ki, bir insan 48 il boyunca bir verilişi, bir saat boyunca davam edən proqramı hazırlayır, tək müəllifidir, tək aparıcısıdır və 48 illik yol 50-yə doğru və ondan sonrakı illərə sarı irəliləməkdədir.
"Axşam görüşləri" verilişinin tarixi əslində 1961-ci ildən başlanır. Yazıçı Anar o vaxt bir ara Azərbaycan radiosunda işləmişdi və buradakı imzası hazırlamağa başladığı bir neçə yeni verilişdə qalmışdı. O illərdə Ümumittifaq radiosunun yetərincə populyar olan "Mayak" kanalında "Dobrıy veçer" - "Axşamınız xeyir" adlı istirahət konserti səslənərdi. Azərbaycan radio-televiziyasında da sovet onillərində Moskva teleradiosunu yamsılamaq şakəri vardı. Allahtərəfi, onlardan öyrəniləsi, nümunə götürüləsi, lap təqlid ediləsi xeyli peşəkar üstünlüklər də vardı. Azərbaycanda da qərara alırlar ki, Bakıda da Moskva radiosunun "Dobrıy veçer" proqramının oxşarı olan - "Axşamınız xeyir" adlı istirahət konserti yaradılsın. O konsert-verilişin ilk saylarını Anar hazırlayır. Baxmayaraq ki, əvvəlində məhz bu veriliş üçün yazılan "Axşam görüşləri" mahnısı səslənir, proqramın adı Moskvadakı verilişin adına uyğun olaraq, "Axşamınız xeyir. İstirahət konserti" yazılırdı. Qısa müddət sonra Anar radiodan gedir, az ötməmiş bu veriliş də efirdən yox olur. Ancaq 1970-ci illərin ortalarına doğru "Axşamınız xeyir. İstirahət konserti" yenidən bərpa edilmişdi, təəssüf ki, radionun ən sönük proqramları cərgəsində idi. Guya mətnli veriliş idi, ancaq radio əməkdaşlarının sırf qonorar almaqçün candərdi yazdığı yorucu təqdimatlar, ruscadan kələ-kötür tərcümə edilən uzun və maraqsız musiqili hekayələr "Axşamınız xeyir"i tamam gözdən salmışdı. Üstəlik, o çağlar Azərbaycan radiosunda "Arzu - musiqi poçtu" adlı başqa bir proqram da səslənirdi. Mahiyyətcə "Axşamınız xeyir"lə eyni şey idi. Müxtəlif rayonlardan dinləyicilər məktublar göndərirdilər, hansısa müğənninin ifasında hansısa mahnını, ya muğam parçasını dinləmək arzusu ilə. Uzun-uzadı həmin adlar sadalanırdı və arzulanan mahnı səsləndirilirdi. Xatirimdədir, o zamanlar səliqəli ardıcıllıqla çıxan və qarşıdakı yeddi gün ərzində həm radioda, həm televiziyada gedəcək verilişlərin proqramlarını əks etdirən qəzet hər kəs tərəfindən maraq göstərilərək aranılırdı və yeganə qəzet idi ki, bütün nömrələri bir həftə mənzillərdə göz qabağında olardı. Günlərin birində radioda proqram və buraxılış redaksiyası müdirinin masasının üstündə həmin qəzetin bir nüsxəsini gördüm ki, üstündə ovaxtkı sədr Qurban Yusifzadənin dərkənarı vardı. Yazırdı ki: "Axşamınız xeyir. İstirahət konserti" adlı veriliş başdan-başa xalturadır və efirə verilməsi dayandırılsın". Və bu irad elə haqlı idi ki, ona qarşı nəsə demək çətin idi. Amma baxdım ki, bu, bir fürsətdir. O zamanlar idi ki, mən Azərbaycan radiosu ilə əməkdaşlığa yenicə başlamışdım, həm musiqi, həm ədəbiyyat və incəsənət, həm uşaq redaksiyaları xətti ilə ayrı-ayrı balaca verilişlərimi, eləcə də müəyyən verilişlər içərisində süjetləri hazırlayırdım. Nəyi tapşırırdılarsa və özüm nəyisə təklif edirdimsə, razılıq verirdilər, mən də gedib hazırlayırdım. Yəni o redaksiyaların sifarişlərinə, istəklərinə bağlı idim. Mənsə istəyirdim ki, efir cədvəlində dayanıqlı yerim olsun, redaksiyalardan verilən sifarişlərin ümidinə qalmadan mütəmadi sabit proqramlarımı hazırlayım. Ona görə də "Axşamınız xeyir. İstirahət konserti" kimi ayda dörd dəfə hər bazar günü bəlli saatda səslənən proqram mənim üçün göydəndüşmə bir hədiyyə ola bilərdi. Proqram və buraxılış redaksiyasının müdiri Zöhrab Zeynalovdan xahiş etdim ki, sədrdən möhlət istəyin, mən bir-iki ay bu verilişi hazırlayım, elə edəcəm ki, o, sadəcə istirahət konserti olmasın, sanballı verilişə dönsün. Əgər bəyənilərsə, davam edər, xoşlarına gəlməzsə, yenə ixtiyar öz əlinizdədir, istədiyiniz vaxt dayandıra bilərsiniz.
Möhlət verildi. Mən də babayolundan istifadə edərək həvəslə işə girişdim. Birincisi, verilişin əsl adını qaytardım üstünə. Veriliş "Axşam görüşləri" mahnısı ilə başlayırdı - Şövkət xanım Ələkbərovanın məlahətlə oxuduğu, musiqisini Tofiq Quliyevin bəstələdiyi, sözlərini Rəsul Rzanın yazdığı nəğməylə. Demək, məntiqli olardı ki, elə verilişin adı da "Axşamınız xeyir" deyil, "Axşam görüşləri" olsun. Ad məsələsinin "hə"sini alandan sonra keçdim verilişin məzmununa. Verilişin adı "Axşam görüşləri" idisə, burada, daha keçmişdəki kimi, diktorun mətn oxuyub arada musiqi nömrələrinin səsləndirilməsi ilə kifayətlənmək yaramazdı, gərək hər verilişdə görüşlər də təşkil ediləydi. Başladım tanınmış müğənniləri, bəstəkarları, şairləri, sənət adamlarını, elm xadimlərini - hər dəfə birini, ikisini, üçünü dəvət etməyə. O dövrdə radioda yazılmamış qayda vardı: dəvət olunanlar hazır mətni üzündən oxuyardılar. Səbəb o deyildi ki, adamlarımız mikrofon qarşısında asudə danışmaqda acizdilər. Axı efirdə səslənən hər mətni əvvəlcə senzura təsdiq etməli idi. Hıqqana-hıqqana oxunan mətnlərə qulaq asmaq ürəyi darıxdırırdı, ən gözəl sözlər də təbiiliyini itirirdi. Mən başqa yol tutdum. Başladım qonaqlarla sərbəst söhbətlər edib lentə almağa, sonra həmin danışılanları kağıza köçürüb "qlavlit"in - Mətbuatda Dövlət Sirlərini mühafizə edən idarənin senzorlarının təsdiqinə aparmaqçün mətnləşdirməyə, həm də elə mətnləşdirirdim ki, qulp qoymağa girəvə qalmasın. Üz tutdum arxivlərə. XX yüzilin əvvəllərində "Qrammofon", "Sport-rekord", "Ekstrafon", "Pate qardaşları" və digər şirkətlərin buraxdığı valları yığmağa, köhnə xanəndə və sazəndələrimizin o vallardakı oxularını, çalğılarını təmizləyərək indinin musiqisevərlərinə yetirməyə. Amma yalnız oxuları, çalğıları yox. İllər ayrılığından sonra ilk dəfə səslənən bu ifaları həmin sənətkarlar haqqında maraqlı hekayətlər müşayiət edirdi. Bu biçimdə "Axşam görüşləri" bir ay səsləndi, iki ay keçdi, üç ay ötdü, başladı axın-axın dinləyici məktubları gəlməyə və daha rəhbərlikdən səs çıxmadı, bu o deməkdi ki, verilişə yaşıl işıq yandırılmışdı. Onda 1975-ci il idi. İndi 2023-cü il bitir. Və 1975-ci ildən başlanan həmin xətt bugünəcən eyni məsuliyyətlə, eyni ciddiliklə, eyni şövqlə davam etməkdədir. Çünki mən lap əvvəldən bu işi sadəcə veriliş hazırlamaq kimi qəbul etməmişəm, millət quruculuğu, tarix yaradıcılığı fəaliyyətlərinin vacib hissəsi saymışam.
1975-ci ildə o ilk verilişləri hazırlayanda mən tələbə idim. Universitetdə mənə "əlaçı" təqaüdü verilirdi, ancaq kirayədə yaşayırdım, cavan oğlandım, yüz cür xərc çıxırdı, konsertlərə, tamaşalara, hərdən futbola da gedirdim, bir sözlə, məsrəflərim çoxdu. Hər veriliş üçün, təbii ki, mənə müəyyən zəhməthaqqı yazılırdı, təkcə "Axşam görüşləri"nə görə, bütün vergilər çıxılandan sonra, ayda mənə 300 rubldan artıq pul verilirdi. Bu da o dövr üçün kifayət qədər yüksək maaşlardan sayıla bilərdi. Yəni "Axşam görüşləri" mənimçün həm də çörək ağacı idi. Ancaq radioda hazırladığım başqa verilişlər də vardı, televiziyada da proqramlar aparırdım, qəzetlərə də yazırdım və bütün bunlar üst-üstə yığılaraq ehtiyacsız, rahat yaşayışımı təmin edirdi, istədiyim kitabları ala bilirdim, lazım gələndə başqa şəhərlərə səfərlərə çıxa, ezamiyyətlərə gedə, axtarışlar apara bilirdim. Can yandırırdım, çalışırdım ki, "Axşam görüşləri"nin hər buraxılışı Azərbaycan efirində hadisəyə çevrilsin. Amma indi 1970-ci illərin sonlarını, o coşqun həvəslə hazırladığım "Axşam görüşləri"ni yada salanda içərimdən kədərli bir duyğu da keçir. O zaman Azərbaycan xalq musiqisi redaksiyasının müdiri unudulmaz musiqişünasımız Elxan Babayev idi. Elxanla dost idik, ara-sıra mənə xeyirxah məsləhətlərini də verirdi. Görəndə ki, mən hər verilişə beş-altı nəfər müxtəlif tanınmış sənətkarla sorğuları daxil edirəm, heyifsilənirdi, deyirdi, axı niyə israfçılıq edirsən? İş ondadır ki, müsahibələri almaq da indiki kimi rahat deyildi. Ağır səsyazanı çiynimə alıb düşərdim şəhərin canına. Hərçənd o reportyoru belə heç də həmişə vermirdilər. Müəyyən saatlar üçün ayırırdılıar, tez yazıb gətirib qaytarmalıydın. Kasetlərin sayı da məhdud idi. Bu ünvandan o ünvana, o ünvandan o biri ünvana şəhər boyu çovuyardım. Topladıqlarım adətən bir verilişə sığacaq həcmdən azı iki-üç dəfə çox olardı. Elxan da elə həmin səbəbdən məsləhət edirdi ki, bunların hamısı qiymətli adamlardır, hərəsini yarım saat, iyirmi dəqiqə, bəzisini qırx dəqiqə, bəzisini bir saat lentə alırsan, sonra vəziyyət elə alınır ki, onların hər birindən beş-altı dəqiqədən çox efirə verə bilmirsən. Sən nəzərdə tut ki, hər verilişdə beş-altı nəfəri yox, bir nəfəri, iki nəfəri verəcəksən. Onları yaz, yazdıqlarından da daha geniş istifadə elə. Məsləhətin doğruluğunu anlamağına anlayırdım, ancaq yenə içərim başqa söz deyirdi, yenə çalışırdım ki, üç nəfər, beş nəfər, on nəfər - ətrafımdakı o adamların hamısını imkan dairəsində daha çox danışdırım, daha çox yazım. Düzdür, əksərindən bütövlüklə istifadə edə bilmirdim, amma işlətmədiyim hissələri pozmurdum, nə qədər lent qıtlığı olsa da, hamısını saxlayırdım. O vaxtdan indiyəcən o lentlərin hamısı şəxsi arxivimdə qalmaqdadır. Artıq bu bir sərvətdir, milli yatıtdır. Və üstündən böyük zaman keçəndən sonra da, artıq unudulmaz insanların həyatda olmadığı çağlarda mən dönə-dönə o lentlərə qayıtmışam, qayıdıram və yəqin ki, gələcək illərdə də qayıdacağam. Qayıdıram və orada çox suallara cavablar tapıram. Dünənin çox qaranlıq səhifələri o müsahibələrin, o şahidlərin vasitəsilə canlanır, durulub aydınlanır, nə qədər məchul sualların cavablarını məhz o söhbətlərin içərisində tapıram. Yaxşı ki, vaxtında yazmışam. Zamanında - 70-ci illərin sonlarında onları qısa-qısa istifadə eləmişəm. Ancaq indi o müsahiblərin hər sözü, hər cümləsi mənim üçün əzizdir. Kədərləndirən nədir, ürək ağrıdan nədir? 1980-ci illərin sonları, 90-cı illərin əvvəllərindən mühitimizdə sanki dərin boşluq yaranmağa başladı. Nəhənglərimizi, zirvələrimizi sanki asta-asta, əslindəsə sürətlə itirməyə başladıq. Elə bil qara qasırğa qopdu, hamısını aldı apardı və onlarsız ruhən çox kasıblaşdıq. O insanların hərəsi yaradıcılığından savayı, varlıqları, təbiətləri etibarı ilə də şəxsiyyətlər, parlaq istedad sahibləri idilər. Ancaq o insanların bir başqa əvəzolunmaz üstünlükləri də vardı. O insanlar həm də varlıqları ilə mühit yaradırdılar. Hər biri ayrı-ayrılıqda və hamısı birlikdə. Niyazi bir bənzərsiz mühit idi, Şəmsi Bədəlbəyli bir ayrı mühit, Bəhram Mansurov ayrı mühit, Tofiq Quliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova, Cahangir Cahangirov, Cövdət Hacıyev, Rauf Hacıyev - hərəsi büsbütün fərqli mühit. Hansılarınsa arasından su keçmirdi, hansılarsa bir-biriylə yola getmirdi. Ancaq bu ziddiyyətlərlə bərabər də, onlar hamısı birlikdə bütöv, sağlam bir Azərbaycan ədəbi-mədəni-ziyalı mühitini vücuda gətirirdilər. Və mən özümü çox xoşbəxt hiss edirəm ki, onların hamısı ilə yaxın olmuşam, daxili məmnunluq duyuram ki, o nəhənglərin hamısının yolu "Axşam görüşləri"ndən keçib, onların hamısının "Axşam görüşləri"ndə qalan səsləri, mənim ömrümdə izləri var.
Lentli köhnə kaseti (o vaxt olanımız bu idi. İndi adama bunlar uzaq keçmiş kimi gəlir. Gec-tez üstünün şirəli qatı ovxalanıb töküləcək həmin lentləri köçürüb rəqəmsallaşdırmaqdan ötrü ayrıca iki qurğu almışam, amma indi nədirsə, ürəyimdən keçir ki, bu səslərə məhz köhnə kasetlərdən qulaq asım) taxıram maqnitofona, düyməni basıram, dünən gəlir bugünə, yox, mən o günlərə qayıdıram, bu əziz insanlardan, o çağlardan ötrü qəribsəyirəm: "Axşamınız xeyir, hörmətli dinləyicilər! Bir həftənin ayrılığı arxada qaldı, "Axşam görüşləri" yenə sizinlədir. Əvvəlcə istəyirəm ki, "Axşam görüşləri"ndəki bugünkü bələdçilərimizi - dəyərli qonaqlarımızı sizə təqdim edim".
Bu danışan mənəm, sütül bir cavan, yanımda əyləşən də bəstəkar Tofiq Quliyev. Tofiq Quliyev elə mətləblərdən bəhs edir ki, həmin söhbətləri edəndə dönüb məndən də gənc olub. 40 il əvvəlin yazısıdır, ondan bəri səsim də xeyli dəyişib: "Tofiq müəllim, çox-çox illər bundan irəli siz yeniyetmə bir oğlan idiniz və özü də tələbə ola-ola müəllimlik edən Asəf Zeynallının sinfində dərs alırdınız. Şübhəsiz ki, illər ötdükcə adamın yadından çox şeylər çıxa bilər. Amma elə xatirələr, elə anlar olur ki, onlar insanla birgə ömrün sonunacan qalır. Və mən inanıram ki, Asəf Zeynallı ilə bağlı elə anlar var ki, şübhəsiz, sizin yadınızda həmişəlik qalıb. Bu axşam onlardan hansılarınısa xatırlamanızı istərdim.
Tofiq Quliyev: Siz düz deyirsiniz. O zamandan yarım əsrdən çox vaxt keçib. Əlbəttə ki, mən o vaxt gənc yox, demək olar, uşaq idim. Çünki on iki-on üç yaşında oğlana biz hələ gənc demirik. Asəf məndən cəmi doqquz yaş böyük idi. Lakin müəllimim idi. O həm dərs verirdi, həm dərs oxuyurdu, həm də İşçi teatrının (bizdə belə teatr vardı, sonra köçürdülər o teatrı Gəncəyə, indi Cəfər Cabbarlı adına Dram Teatrıdır - R.H.) musiqi hissə müdiri idi. Asəf Zeynallı həyatdan elə cavan yaşda getdi ki, onun qısa bioqrafiyasına daxil olan əlamətdar hadisələrdən sanki yaradıcılığı haqqında məqalələr qələmə almış musiqişünaslar hər şeyi deyiblər. Ancaq keçmişləri xatırlayanda onun parlaq ömrünün çoxlarına bəlli olmayan xeyli səhifələri yada düşür. Mən Asəf Zeynallını çox sevirdim və məntiqlə gərək çox danışam. Lakin dediyim kimi, özüm uşaq olduğuma görə, yarım əsrdən artıq illər ötüb deyə ona görə də çox epizodlar hafizəmdən silinib. Asəf çox gözəl bir kişi idi, hündür boylu, gözəl sifətli, qəşəng, daim hərəkətdə, həmişə şux bir insan. Bir müəllim kimi eyni zamanda da çox mülayim xasiyyəti vardı. Mənim heç yadıma gəlmir ki, onun öz yoldaşlarından və yaxud tələbələrdən kimsə ondan incisin. Çünki bu adam həmişə sinfə üzügülər girərdi və təbəssümlə də çıxardı. Mən də, o vaxt mənimlə eyni sinifdə oxumuş Əminə Dilbazi də, Cövdət Hacıyev də indiyəcən Asəf müəllimin çöhrəsindən çəkilməyən mehriban təbəssümünü unuda bilmirik".
...1970-ci illərin ortaları, mən 18-19 yaşlı bir gənc, başım yenilikçi havalarla dolu, "Axşam görüşləri" yolumu başlayıram, qəsdim də budur ki, hökmən nəsə dəyişikliklər edim, yıpranmış qəlibləri sındırım. O zamansa Azərbaycan radiosunda oturuşmuş bir ənənə vardı ki, ayrı-ayrı diktor cütlükləri qanunmuş kimi müəyyən verilişləri oxuyurdular. Cütlüklərdən biri Gültəkin Cabbarlı ilə Aydın Qaradağlı idi, başqa bir cütlük Ramiz Mustafayevlə Züleyxa Hacıyeva, digər cütlük Fatma Cabbarova ilə Sabutay Hacıyev. Ənənəvi olaraq da mənəcən, yəni "Axşam görüşləri"nə qədərki "Axşamınız xeyir"in mətnini Ramiz Mustafayevlə Züleyxa Hacıyeva oxumuşdular. Ancaq mən istəyirdim elə edək ki, verilişlərin mətnlərini oxuyanlar aktyorlar olsun. Əvvələn ona görə ki, diktor səsləri hər gün efirdə idi, nə qədər yaxşı ifa etsələr də, qulaqları yağır etmiş səslərin umulan effekti alınmırdı, bu oxularda emosiya az, pafos çoxdu, yəni peşəkar xəbər diktorluğundan gələn xüsusiyyətlər. Mənsə bədii mətnlər yazırdım, bu mətnlər başqa səsləri, ayrı ifaları tələb edirdi. Başlıca məqsədim o idi ki, mətn oxunuşlarına aktyorları cəlb edim. Ancaq bunu redaksiyada söyləyəndə qəti etirazla qarşılandım: "Bizi iş yoldaşlarımızla üz-göz eləmə! Onlardan bu mətnləri alıb aktyorlara versək, qonorarda itkiləri olacaq, çox narazı qalarlar". İşi belə görəndə qərara aldım ki, hələlik heç olmazsa verilişimdə daha uyğun diktorları birləşdirim. Bir cütlükdən Aydın Qaradağlını, digərindən Züleyxa Hacıyevanı seçdim. Ancaq sabitləşmiş cütlüklərin parçalanması da ayrı bir həngamə qopardı. Musiqi redaksiyasında qayıtdılar ki, gördün, hələ aktyor dəvət etməmiş belə hay-küy qopur, gör ona getsəydin nələr olardı!"
Bütün başqa səbəblərdən savayı, mənim bu səs axtarışlarım köhnə diktorların izzət-i nəfsinə də toxunurdu ki, necə oldu bir cavan uşaq gəlib bizi verilişdən kənarlaşdırdı. Lakin hər halda ilk addımı ata bildim və buz sındı -Züleyxa Hacıyevanı saxladım, Ramiz Mustafayevi Aydın Qaradağlı ilə əvəz etdim. Başladılar oxumağa. Züleyxa Hacıyevanın da, Aydın Qaradağlının da ustalıqlarına, əlbəttə, söz ola bilməzdi. Ancaq mən daimi aparıcıları dəyişmək istəyəndə həm də onu düşünürdüm ki, bu verilişdəki iki səs radiomuzda gah o, gah bu verilişdən eşidilməsin, dinləyənlərə həm də bu verilişin bir nişanəsi kimi məhrəmləşsin. Günlərin birində bu istəyimdən xəbərdar olan qocaman diktorumuz Soltan Nəcəfov təklif etdi ki, "Axşam görüşləri"nə aparıcılığa Leyla Bədirbəyli ilə Əli Zeynalovu çağırım. Dəvət elədim, bir müddət onlar oxudular. Hər ikisi böyük sənətkardı, amma Əli Zeynalovda da, Leyla Bədirbəylidə də bizim köhnə teatr məktəbinə xas pafos aşkar duyulurdu. Arada eksperimentlər edirdim. Məsələn, Dadaş Şaraplı ilə bağlı verilişdəki süjetin mətnini oxuyurdular. Məktəbləri üçün səciyyəvi olan pafos hər cümlədə duyulanda xahiş edirdim ki, bir anlıq mətndən ayrılsınlar, o aktyorla bağlı xatirələrini söyləsinlər. Çünki həm Leyla xanım, həm də Əli müəllim Dadaş Şaraplını görmüşdülər, hətta Əli Zeynalov cavan yaşlarında Dadaş Şaraplı ilə eyni səhnədə çıxış da etmişdi. Elə ki başlayırdılar Allah-bəndə söhbəti etməyə, mətndən aralanmağa, danışıqları çox təbii alınırdı, olurdular özləri, sanki səsləri daha da istiləşirdi, xatirələrini bölüşməyi qurtarıb qayıdırdılar mətnə, yenidən səhnəyə çıxan kimi olurdular, əvvəlki təmtəraqlılıq, təntənəlilik, pafos yenə bərpa olunurdu. Əslində bu da onların təbii halı idi. Məktəbləri o təhərdi, içəriləri onlara səhnədə başqa cür olmağa imkan vermirdi. Odur ki, cavan nəsildən olan daha çevik, dəyişilə bilməyə daha mail aktyorlar tapmaq fikri beynimdən getdikcə daha qətiyyətlə keçirdi. Axtarışdaydım.
Aparıcı axtarışlarım dayanmamışdı. Bir ara Amaliya Pənahovanı dəvət elədim, bir neçə dəfə Şəfiqə Məmmədovanı, bir müddət Həsən Əblücü... Hamısının səsləri "Qızıl fond"dakı ayrı-ayrı "Axşam görüşləri"ndə qalır. Sınaqların növbəti mərhələsi bu oldu ki, Leyla Bədirbəylini saxladım, Əli Zeynalovu Səməndər Rzayevlə əvəz elədim. Səməndər Rzayev, şübhəsiz ki, Azərbaycan teatrının bütün tarixi boyu, mənim nəzərimcə, ən müstəsna aktyorlardandır. Başqa aktyor və diktorlardan fərqli olaraq, onun mətnlə işləməsinə xüsusi lüzum yoxdu, vərəqləri əlinə alıb, studiyaya daxil olub mikrofonun qabağında oturunca elə oxuyurdu ki, sanki bu mətni bir həftə boyunca hazırlayıb, hər cümləyə nüfuz edib, oradakı ruhu tutub. İbarələrin, kəlmələrin arxasındakı duyğuları, düşüncəni həssaslıqla tuta bilmək və bunu heç kəsin edə bilmədiyi məharətlə yapışıqlı səsinin əlvan çalarları ilə canlandırmaq Səməndər Rzayevin fövqəladə qabiliyyəti idi və ikinci belə adamı mən görməmişəm, arzulayıram ki, gələcəkdə olsun, amma ikinci Səməndər Rzayevin haçansa dünyaya gələcəyi, səhnəyə çıxacağı xülyadır. Təsəvvür edin ki, Mehdi Məmmədov kimi azman sənətkar, məşqlərdə kiminsə gecikməsinə, kiminsə hansısa məşqi buraxmasına dözməyən sərt təbiətli rejissor yeganə Səməndər Rzayevin şıltaqlarına göz yumur, ərköyünlüklərini güzəştə gedirdi. Çünki özü dahi idi və Səməndər Rzayevin dahiliyini dolğunluğu ilə anlayırdı (Və "dahi" sözünün nə qədər ağır çəkili bir söz olduğunu mən, əlbəttə ki, anlayıram və Mehdi Məmmədovu düşünərək də, Səməndər Rzayevə aid edərək də bu kəlməni işlədirəmsə, onların hər ikisinin bu kəlmənin uca mərtəbəsinə tam layiqliyinə içərimdə əminlik duyuram). ...Səməndər Rzayevlə Leyla Bədirbəyli "Axşam görüşləri"nin mətnlərini oxuyurdular. Amma yenə düşünürdüm ki, axıracan istədiyimə nail olmamışam. Hələ yenə aramaq lazımdır. Qərara aldım ki, Lelya xanımı dəyişək. Leyla xanımın əvəzinə Hökümə xanım Qurbanovanı dəvət etdim. Hökümə Qurbanova SSRİ Xalq artisti, Azərbaycan səhnəsinin tacı olan insanlardan biri idi. "Axşam görüşləri"nin mətnini oxumağı xahiş eləməzdən öncə rica etmişdim ki, verilişin bir neçə buraxılışına efirdən qulaq assın. Qulaq asmışdı, bəyənmişdi və demişdi ki, mən bu mətni oxuyacam. Başladı bir müddət Səməndər Rzayevlə oxumağa. Amma görürdüm ki, yox, bu da mən istəyən deyil. Şəksiz, Səməndər mətni özünə xas ustalıqla canlandırırdı. Ancaq Səməndər "Axşam görüşləri" ilə yanaşı, elə bazar günü daha əvvəlki saatlarda səslənən "Bulağ"ı da oxuyurdu. Səməndər ki "Bulağ"ı oxuyurdu və artıq səsinə də, ifa tərzinə də məhz "Bulağ"a görə bir elatlıq, kənd ab-havası çökmüşdü, məni sonacan təmin eləmirdi. Çünki istəyim "Axşam görüşləri"nin oxusunda bir şəhər ovqatına nail olmaqdı. Yəni Tofiq Quliyevin, Rauf Hacıyevin, Zakir Bağırovun mahnılarındakı, Mirzə Babayevin ifalarındakı Bakı, bu sevimli şəhərin işıqla daşan günləri "Axşam görüşləri" mətnlərinin oxunuşunda ilk andanca hiss edilsin. Ona görə Səməndərin də yerinə Şahmar Ələkbərovu dəvət elədim. Şahmar əsl axtardığımdı - məni tam qane edirdi. Gəzdiyim ruh bu səsdə vardı. Bu dəfə isə gördüm ki, Şahmarın ifası ilə Hökümə Qurbanovanın oxusu tən gəlmir. Çünki ayrı-ayrı məktəblər idi. Hiss edirdim ki, son nəticəyə yaxınam və gərək Hökümə Qurbanovanı dəyişəm. Bu müşkülsə əsla ağrısız həll olunmadı, rəsmi şikayətə qədər qalxdı və başım da ağrıdı.
Şahmar Ələkbərova ən uyğun səs olaraq Əminə Yusifqızını düşünürdüm və dəvət elədim, gəldi. İkisi mətni oxudu, elə ilk cümlələrdən sonra yəqinlik hasil etdim ki, çoxdan bəri aradığım məhz bu imiş. Beləliklə, Əminə Yusifqızı mətni oxuyub, mənim də xoşuma gəlib, redaksiyada da bəyəniblər, veriliş efirə də getdi, hamının da ürəyinə yatdı. Amma iş çoxluğunda başım qarışdı, əvvəlcədən Hökümə xanıma zəng edib üzrxahlıq edə bilmədim. O da təsadüfən verilişin həmin buraxılışına efirdən qulaq asır, görür ki, onun əvəzinə mətni Əminə Yusifqızı oxuyur. Bəlkə də Əminə Yusifqızının əvəzinə ayrı bir aktrisanı çağırmış olsaydım, ola bilsin, Hökümə xanımda bunca kəskin və qeyzli reaksiyanı oyatmayacaqmış. Sən demə, bunların arasında köhnədən münaqişə də varmış və Əminə xanımın Milli Dram Teatrından kənarlaşdırılmasının səbəbkarı da elə Hökümə xanım olubmuş. Hökümə xanım özü mənə zəng çaldı, nə qədər sakitləşdirmək istəsəm də, qəzəbi soyumadı. Redaksiya rəhbərliyinə zəng vurdu və götürüb Mərkəzi Komitəyə müraciət elədi. O zaman, yaxşı ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində bu sahəyə Vahid Əziz rəhbərlik edirdi. Vahid Əziz də köhnə dostumuz idi, gəldi radioya, maraqlandı ki, bu nə məsələdir? Digər tərəfdən də, Azərbaycan Musiqi verilişləri redaksiyasının baş redaktoru, unudulmaz dostumuz Hacı Məmmədov Fuad Poladovla yaxın idi. Fuad Poladovunsa Hökümə xanımın ailəsinə get-gəli vardı, Vəfa Fətullayeva ilə dostluq edirdilər. Fuad, öz növbəsində, Hökümə xanımı sakitləşdirdi, Vahid Əziz də öz xətti ilə bu məsələnin şişməsinə imkan vermədi, beləcə, böyük bir qanqaraçılıqdan canımız qurtardı.
Sonra illərcə Əminə Yusifqızı ilə Şahmar Ələkbərov "Axşam görüşləri"ni uğurla oxumağa başladılar və hər yazılış sadəcə mətn ifası deyildi, bir-birinə çox bağlı üç dostun bir-birinə güc, ilham, təzə həvəslər bağışlamaqla ötən fərəhli saatlarıydı. Amma günlərin birində Şahmar xəstələndi, hər şey sanki adicə diş ağrısından başladı, sonra çənə sümüyündə nəsə zəhrimar mərəz aşkarlandı. Yaşayırdı, işləyirdi, hələ bu arada Əlağa Vahid haqqında film də çəkdi, amma daha "Axşam görüşləri"nin mətnlərini oxuya bilmədi. Əminə tək qaldı.
İtirdik Şahmarı və ondan sonra mən ikinci bir adamı verilişə dəvət eləmək istəmədim, ürəyim gəlmədi... Verilişin mətnlərini bir müddət Əminə xanım tək oxudu, sonra o, uzun müddətə xaricə gedəsi oldu, mən də təqdimatların tərzini dəyişdim, daha əlavə diktor, aparıcı dəvət etməkdən vaz keçdim, verilişdə qonaqlarımla birgə adətən tək özüm oldum. Amma Şahmarla Əminə bugünəcən "Axşam görüşləri"ndə qalıblar.
Hər bazar günü "Axşam görüşləri" efirə gedəndə öncə verilişin mahnı başlığı səslənir, ilk akkordlardan sonra əvvəlcə qadın, ardınca kişi səsi "Axşam görüşləri" deyir. O qadın səsi Əminə Yusifqızınınkıdır, o kişi səsi Şahmar Ələkbərovunku. Və Şahmar Ələkbərov da, Əminə Yusifqızı da bu gün və bütün gələcək illərdə - nə qədər ki"Axşam görüşləri" səslənəcək və müəllif mən olacağam, bu verilişlə birgə qalacaqlar. Başlanğıcda daim Azərbaycan dinləyicisini ilkin onların mehriban, doğma səsləri salamlayacaq.
Akademik Rafael Hüseynov