RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Gəraybəylinin əl atmadığı yaraqlar və daim işlətdiyi silah Apr 03, 2024 | 18:53 / Mətbuatda çıxışlar

Bir var gerçək həyatın içərisindəki insan, bir də var səhnədə surəti yaradılan adam. O da, bu da həyatın axarındadır. O, həqiqi, bu isə məcazi - təxəyyülün yaratdığı həyatın qoynunda. Amma əsl sənətkarlıq odur ki, onları bir-birinə bacardıqca yaxınlaşdırasan, oxşarlaşdırasan, gücün çatdığı qədər eyniləşdirəsən. Ağasadıq Gəraybəyli səhnəyə hər çıxışında buna səy edirdi və istəyinə yetirdi də. Və bunun çox səbəbləri sırasında vacib bir amil də vardı - məşq.

İnsan dünya işığına göz açana qədər doqquz ay və neçəsə günlər ana bətnində qalır, gəlişə hazırlaşır. Yaxşı aktyor isə yaradacağı surəti səhnəyə gətirənəcən elə gerçək insanın dünyaya gətirmək kimi onu aylarca "öz bətnində" gəzdirsə də, bir dəfə "doğmaqla" iş bitmir. Gərək hər dəfə - lap on və yüz dəfələrlə həmin rolu təkrar oynasa da, vacibdir ki, hər dəfə yenidən o surəti təzədən doğuşa hazırlaya.

Ağasadığı Ağasadıq edən həm də bu idi ki, yolunun əvvəlindən ömrünün sonunadək ağır zəhmət və əziyyət çəkməkdən yorulmadı, usanmadı, çiyrinmədi. Bu son söz bəlkə bu yerdə bir az sərt səslənir, amma həqiqətdir ki, təkrar-təkrar görülən istənilən hətta canayatan iş də əvvəl-axır insanı bıqdıra bilir. Onda qalmış belə iş, özü də yetərincə ağır əmək 80 ilə yaxın bir müddətdə çəkilmiş ola.

2023-cü il martın 2-də Milli Dram Teatrında, Ağasadıq Gəraybəylinin səhnəyə çıxmazdan əvvəlki son daimi məkanında, bir növ, onun uçuş zolağında - qrim otağında Xalq artisti Nurəddin Mehdixanlı ilə oturmuşduq və məhz onunla həmin otaqda əyləşməyimiz də səbəbsiz deyildi. Daha əvvəl bu otaq daha üç xalq artistininki olmuşdu: Ağasadıq Gəraybəylinin (1897-1988), Həsənağa Turabovun (1938-2003), Əlabbas Qədirovun (1946-2006). İndi Nurəddin orada tək hazırlaşır, 1980-ci illərin sonlarındasa həmin qrim otağını Ağasadıq müəllimlə bölüşürmüşlər. Deyir, hətta bu qədər vaxt keçsə də, divan həminki divandır, hər gələndə Ağasadıq müəllim divanın nə sağ, nə sol tərəfində deyil, tən ortasında əyləşərmiş. Axır vaxtlar gözü zəifləyəndən sonra onu adətən oğlu Çingiz bu otağadək gətirib təhvil verib gedərmiş. Ağasadıq müəllimin artıq teatrda olduğunu eşidincə Telman Adıgözəlov (1953-2010) özünü çatdırarmış. Onun boynuna könüllü götürdüyü nəcib bir öhdəlik vardı - çıxışına az qalmış böyük aktyoru qrim otağından səhnəyədək aparmaq.

1980-ci illərin ortalarında Ağasadıq Gəraybəyli teatrın ən qocaman aktyoru idi və onunla eyni tamaşada oynayanların əksərindən yarım əsr yaşlı idi. Ancaq yaşından asılı olmayaraq oynayacağı hər növbəti tamaşaya istisnasız olaraq hamıdan tez gəlirmiş. Lap keçmişlərdəki adəti üzrə saatlarla erkən. Keçmişlərdəkinə nisbətən vaxtın sürətləri dəyişmişdi və tamaşaya az qalmış özünü teatra çatdıran aktyorlar da qınanası deyildi - kinostudiyadakı işlər, ayrı-ayrı televiziyalardakı çəkilişlər, dublyajlar, haradasa dərs demək, əlbəttə ki, həm də ailə qayğıları, şəxsi məsələlər o qədər vaxt aparır ki, bizim günlərdə aktyorun teatra iki-üç saat əvvəldən gəlib özünü tamaşaya "kökləməsini" ummaq insafsızlıq olardı. Ancaq Ağasadığın mayası başqa cür yoğrulmuşdu və zaman indikindən də artıq sürət qazansaydı, bu püxtə sənətkarı dəyişmək gücündə deyildi. Hələ harasıdır - o, evdə də özünə elə teatrdakı qrim otağındakına bənzəyən bir guşə yaradıbmış. Nəinki sözlərini, hətta yapışdıracağı bığ-saqqalın, qrimin də məşqini edirmiş.

Bu "xəstəliy"in adı sonsuz eşq və tükənməz məsuliyyət, sənət və tamaşaçı qarşısında ali cavabdehlik duyğusudur.

Bütün əyaniliyi ilə Nurəddin Mehdixanlının gözünün qabağında idi ki, 1981-ci ildir, Əşrəf Quliyevin (1924-1994) quruluşunda "Əliqulu evlənir" gedir, Ağasadıq Gəraybəyli baş roldadır, Bəsti Cəfərova Nazlını oynayır, Nurəddinsə onun qızının nişanlısını. Əliqulu ilə qız xəlvəti görüşəndə nişanlısı - Nurəddin onları tutur, başlayır Əliqulunu qovlamağa və o da qaçıb canını qurtarmaq istəyir.

Nurəddin soyumayan təəccüblə anırdı: "O yaşda kişi elə qaçırdı ki, sanki cavan oğlandı. Yüyürüb girirdi telefon köşkünə, mən də həmin köşkün qapısı olan hissəni çevirirdim divar sarı ki, Əliqulu ilişib qalsın. O anlarda Ağasadıq müəllimim hərəkətləri elə qıvraq, reaksiyası elə cəld idi ki, gendən baxan elə bizi onunla tay-tuş zənn edərdi".

Bunları da, teatrın oçağkı bir çox başqa işçiləri kimi, Nurəddin də unuda bilmir, gizlətmədiyi heyrət və heyranlıqla xatırlayır: "Ağasadıq müəllimin yaşı artıq 85-i keçmişdi. Mərahim Fərzəlibəyovun birinci quruluşunda o, Qoca Knyaz rolunu oynayırdı. Papaqlı, yapıncılı, səhnə geyim-kecimində üç saat əvvəldən otururdu burada - qrim otağında, güzgünün qabağında. Mətnə-filana baxmırdı. Onsuz da mətni əzbər bilirdi. Özünü daxildən tamaşaya hazırlayırdı. Səhnəyə çıxmaq vaxtı yetişəndə Telmanla mən gəlirdik, girirdik Ağasadıq müəllimin qoluna, dəhlizlərdən keçirdik, səhnənin qırağına çatırdıq, ondan ayrılırdıq. Girirdi səhnəyə. Göz görmür, amma Ağasadıq müəllim səhnədə oynayanda, mizanları edəndə, çaşıb qalırdıq ki, ola bilməz, insan bu dəqiqliklə məsafəni bilə bilməz. Nə qədər irəliləmək lazımdır, məhz o qədər addım atırdı. Ən müşkülü bu idi ki, orada pilləkən də vardı. İki pillə düşürdü, daha iki addım atırdı, anlaşılmaz bir fəhmlə səhnədə bir tərəfdə qoyulmuş kresloya nə qədər yaxınlaşıb onun hansı hissəsinə əyləşəcək, onu elə aydınca görən adam kimi edirdi. Mat qalırdıq ki, axı Rafael Dadaşov (1946-2020 - R.H.) - Knyaz Usmiyev gələndə fırlanıb hansı tərəfdə dayanacağını bu kişi necə müəyyən edir. Axı bu insan görmür. Əyləşirdi kresloda, amiranə bir tərzdə, bir az da ləzgi ləhcəsiylə sözlərini deyirdi, sonra ayağa qalxırdı, yenə iki pilləkən enirdi, aralanırdı. Buna görə də o, hər dəfə səhnədən çıxanda Telman ərklə sataşırdı ki, Ağasadıq müəllim, boynunuza alın, deyəsən, axı siz bizi dolayırsınız, deyəsən, axı siz görürsünüz. Özünə xas, hamıya elə filmlərdəki məşhur obrazlarından tanış olan şirin deyiş tərzi ilə dərhal çımxırırdı: "Səfeh-səfeh danışma!" Aktyorun böyüklüyü budur, səhnənin hər santimetrini duyurdu, səhnənin eni, uzunu, hava məsafəsi, harada dayananda hava hansı istiqamətdən vurur, səs haradan gəlir, mən harada olmalıyam, bunlara qədər dəqiqliklə işləyirdi. Ona görə Ağasadıq müəllim də, onun nəslinin böyük aktyorlarının hər biri də çox nəhəng idilər. Elə nəhəng ki, biz heç vaxt onlara tay ola bilmərik".

Xalq artisti Nurəddin Mehdixanlının "Natəvan" tamaşasından yada saldığı həmin məqamı hər qırpımı ilə xatırlayıram. Hər dəfə Ağasadıq müəllimin hər addımını, nə gizlədim, həyəcanla, daxili narahatlıqla izləyirdim ki, birdən büdrəyər, hansı tərəfə getməyi düz müəyyənləşdirməz, pərtlik yaranar. Ancaq elə sərrast, elə dəqiq oynayırdı ki, Ağasadıq müəllimin görməsinin nə vəziyyətdə olmasından xəbərdar olmayan tamaşaçılardan biri də əsla hər hansı əyər-əskik hiss etmirdi.

Üzdən baxanda bəlkə də çox sadə, bəsit görünə biləcək, amma edilməsi çətin Ağasadıq vərdişlərinin hamısının arxasında bir ömür uzunluqlu təcrübə, həyatın sınaqları, tarixin və taleyin öyrətdikləri dayanırdı.

Bu duyğulandıran, düşündürən sözləri Cəfər Cabbarlı (1899-1934) milli teatrımızın XX yüzilin əvvəllərində, çalxantılı zaman kəsiyində nahamvar yolları adlayaraq yeni bir inkişaf yoluna qədəm qoymağa can atdığı günlərin fikrinə dalarkən qələmə almışdı: "Yol yoxuşlu, sərt, çətin idi. İrəlidən ağır məşəqqət daşları yağırdı. Tam bu aralıq ortaya iki mübariz çıxdı. Onlar yerlərdə sürüklənən, iməkləyən, kimsəyə tanınmayan bu cocuğa yaxınlaşdılar. İki qüvvətli əl bu cocuğa sarı uzandı və o cocuq bir körpə sevinci ilə gülümsəyərək ayağa qalxdı. Bu əl uzadanlardan biri Hüseyn Ərəblinski (1881-1919 - R.H.), o biri Abbas Mirzə Şərifzadə (1893-1938 - R.H.) idi. O cocuq bu iki qüvvətli ələ söykənərək xırdaca ayaqlarıyla irəliləməyə başladı. Qarşıdakı yolsa hələ çox uzun idi".

Ağasadıq Gəraybəyli müasirimiz olan insan idi, Ərəblinski, Abbas Mirzə isə bizə yalnız indi yox, elə hələ Gəraybəylinin cavanlıq şövqü və ilhamı ilə yaşayıb-yaratdığı 1970-80-ci illərdə də vaxtın xeyli uzaqlarındakı klassiklərimiz kimi gəlirdilər. Elə onlar haqqındakı bu təsirli sözləri yazmış Cəfər Cabbarlı da artıq tarixdəki yerini tutmuş klassik olaraq qavranılırdı.

Hər gün əlini sıxa bildiyimiz Ağasadıq Gəraybəylinin böyük sənətə və səhnəyə gəlişi isə elə o əlçatmaz zirvələrlə bağlı olmuşdu.

Ağasadıq ustad bunca köhnə və uzaq, bunca yeni və yaxın idi.

Ağasadıq Gəraybəylinin yalnız çağdaş deyil, erkən yaşından həmkar, silahdaş, mübarizə yoldaşı olduğu Ərəblinski, Şərifzadə, Cabbarlı və müstəsnalar qafiləsinə aid bir çox əski aktyorlar, rejissorlar, ədiblər, sənət adamları və ictimai xadimlərlə əlaqədar elə isti xatirələri vardı ki, bunları yalnız o şəxsiyyətlərlə aralarından su keçməyəcək qədər yaxın olmuş dost söyləyə bilərdi. Və bu xatirələr o şəxsiyyətlərin ömür lövhələrini, portretlərini tamamlayan vacib cizgilər idi.

İyirminci yüzilin son onilliklərində Ağasadıq Gəraybəylidən savayı hansı aktyorumuz vardı ki, "Mən Ərəblinski ilə işləmişəm" deyə döşünə döyə bilsin? O isə bu həqiqəti iftixarla dilə gətirirdi. Ərəblinskinin rejissorluğu ilə səhnəyə gələn "Ağa Məhəmməd şah Qacar"da Ağasadıq olmuşdu Sadıq xan, "Nadir şah"da saray xanlarından biri. "Gaveyi-ahəngər"də ona kiçik rollardan biri tapşırılmışdı. Söyləyirdi ki, Ərəblinskinin qeyri-adi rejissorluq məharəti vardı. Onun adi məşqləri belə aktyorlara çox şey öyrədirdi.

İlk gəncliyindən ömrünün sonunadək Ağasadıq Gəraybəyli üçün Ərəblinski aktyor və insan olaraq dəyişməz ideal kimi qaldı. Məgər bu qənaətdə olan tək Ağasadıq idimi? O dövrün cavanlarının hər biri, Ağasadıq müəllimin söyləməsincə, Hüseyn Ərəblinskiyə büt kimi baxırdılar. Deyir, Ərəblinskinin hər çıxışını tamaşaçılar o yana qalsın, biz aktyorlar səbirsizliklə gözləyərdik, çünki onun ustalıqla yaratdığı hər rol yaşından asılı olmayaraq bütün aktyorlarçün məktəb idi; biz səhnə arxasına toplaşıb onun oyununu izləyərdik, pıçıltı ilə danışdığı sözlər də teatrın son sıralarında aydın eşidilirdi, Ərəblinski sözsüz, mətnsiz uzun çəkən pauzalarla elə vəziyyət yaradırdı ki, tamaşaçı cınqırını belə çəkmədən onu diqqətlə izləməyə vadar qalırdı, o özü üst-başına çox fikir verən idi, həmişə aktyorlardan da səliqəli geyinməyi tələb edərdi, deyərdi ki, camaat səliqəli geyinməyi aktyorlardan öyrənməlidir, kasıbçılıq eyib deyil, lakin pintilik, səliqəsiz geyinmək eyibdir.

Ərəblinskinin aktyor yoldaşlarına, xüsusən gənclərə istiqanlı münasibəti, nəvazişkarlığı ilə bağlı Ağasadıq Gəraybəyli bir əhvalatı da danışırdı. Deyirdi ki, 1918-ci ilin mart hadisələrində teatrımız yandırılmışdı, təmir işləri getdiyindən bir neçə vaxt biz dram tamaşalarını da Opera Teatrında verəsi olmuşduq; bir axşam bu teatrda "Qaçaq Kərəm" oynanırdı, mən tamaşada gənc zabit rolunda çıxış edirdim. Məni səhnədə güllə ilə vurmalı idilər. Adətən güllə açılmalı olan anda atəş səsi pərdə arxasından gələrdi, bunu xüsusi effektlə təşkil edərdilər, biz də səhnədə artıq o qopan atəşə uyğun hərəkət edərdik. Məqamı çatdı, vurulmalı olduğum saniyələr yetişdi, nədirsə, səhnə arxasından gələn budəfəki atəş səsi əvvəlki tamaşalara nisbətən həddən ziyadə gur alındı. Səsi eşidincə mən, qabaqcadan nəzərdə tutulduğu kimi, yerə sərildim, ancaq onu da hiss elədim ki, ağzıma nəsə girdi, o biri yandan da qarşı tərəfdəki aktyorun gözünün bərəldiyini, mənə həyəcanla, heyrətlə baxdığını gördüm. Yerə yıxılanda onu da hiss elədim ki, əynimdəki ağ kitel qan içindədir. Bunu görüncə Ərəblinski tez "Zanaves, zanaves, pərdə, pərdəni salın" qışqırıb özünü səhnəyə atdı, məni elə qan bürümüşdü ki, sanki elə doğrudan güllə ilə vurublar.

Ancaq "sanki"siz, elə gerçəkdən də mən əməlli-başlı yaralanıbmışam. Bizim rekvizitçi Boris səhnə arxasında güllə səsi yaratmaq üçün adətən patron gilizinə ovçu barıtı doldurduğu halda bu dəfə həmin barıtdan tapmadığından top üçün olan barıtdan istifadə edibmiş ki, nə fərqi var, barıt barıtdır da. Ancaq fərqi varmış, özü də lap çox. Nəticədə sadəcə atəş səsi əmələ gəlməyib, həqiqətən güclü partlayış baş vermişdi və giliz parçalarının bir-ikisi də səhnəyə uçaraq ağzımdan dəymişdi, məni qan aparması da buna görə baş vermişdi. Ərəblinski ləngimədən məni faytona əyləşdirib xəstəxanaya apardı, orada yaram müayinə edilərək dərman qoyulub sarınandan sonra yenə faytonla məni evimizə gətirdi. Səhərə qədər də yanımdan əl çəkmədi. Onun bu xeyirxahlığı, bu canıyanan münasibəti əbədilik yaddaşımda qalan dərslərdən biri oldu.

Ağasadıq müəllim söyləyirdi ki, 1960-cı ildə Akademik Dram Teatrı sabiq Tağıyev teatrından indiki binasına köçəndə hamıdan çox sevinən mən oldum - çünki köhnə məhəlləmizə yaxınlaşmışdıq. Deyirdi ki, indi hər dəfə teatra gələndə həm öz uşaqlığımı, həm də bizimlə qonşuluqda - ovaxtkı Serkovnaya, indiki Vidadi küçəsi ilə Mirzə Fətəli küçələrinin kəsişəcəyindəki binada yaşamış Hüseyn Ərəblinski istər-istəməz xatirimdən keçir...

Ağasadıq səhnəyə o vaxtda gəlmişdi və başlanan əsrin ilk onilliklərində Azərbaycan teatr həyatının elə səhifələrinə şahid kəsilmişdi ki, sağında-solundakı aktyorların, rejissorların çoxu sağkən əfsanə sayılan sənətkarlar idilər və dörd-beş onillik ötəndən sonra əfsanəliklərində qalan həmin parlaqların heç biri həyatda yox idi, ƏFSANƏLƏRİN son yadigarı kimi artıq özü də əfsanəyə çevrilmiş Gəraybəyli tək idi.

...Ağasadıq müəllim əslən istanbullu olan, hələ 1911-ci ildə Milan Sənət Akademiyasını bitirmiş, hər üç Qafqaz respublikasının və SSRİ-nin Xalq artisti, məşhur kino və teatr aktyoru Vaqram Papazyanla (1888-1968) da işləmişdi və onunla bağlı da xatirələri vardı. Deyirdi ki, o zaman lap gənc idim, Papazyanla ilk görüşlərimiz onun Türkiyədən bura təzəcə gəldiyi 1923-cü ildə Vladimir Ballyuzekin (1881-1957) Azərbaycan Foto-Kino İdarəsində ekranlaşdırdığı "Qız qalası" səssiz bədii filmi çəkilərkən oldu, orada Vaqram Papazyan əsas rolu - xanın surətini yaradırdı, mən isə vəziri oynayırdım.

Papazyanın aktyorluq məziyyətlərindən danışarkən söyləyirdi ki, o, filmə çəkilərkən də sanki səhnədə oynayırdı, xanın qəddarlığını, qaniçənliyini elə xəsis və sərrast boyalarla göstərə bilirdi ki, bəzən biz özümüz aktyor ola-ola filmin ayrı-ayrı epizodları çəkilərkən onu gördükdə vahiməyə düşürdük, həm də o, bu rolda standart, qəlibləşmiş mənfi qəhrəman obrazı yaratmırdı, əksinə, onun ifasında xan bütün zülmkarlığı, amansızlığı ilə yanaşı eyni zamanda öz təbii insani ehtirasları ilə də nəzəri cəlb edirdi.

Ağasadıq müəllim etiraf edirdi ki, film çəkildiyi zaman mən və mənim kimi o zaman gənc olan bir çox artistlər Papazyana böyük heyranlıqla tamaşa edərdik. Onun hər bir hərəkətini, ağıllı, mənalı baxışlarını, bir sözlə, insanı heyrətdə qoyacaq istedadını məftunluqla izləyərdik.

Aralarında xeyli yaş fərqi olmasına baxmayaraq, dostluq münasibətləri də yaranıbmış. Ağasadıq müəllim xatırlayırdı ki, bir gün Vaqram Bakıya gəlmişdi. Evə zəng çalıb dedi ki, "Otello" tamaşasında oynayacaq, istəyir mən də həmin tamaşada onunla tərəf-i müqabil olum - buna çox sevindim.

Tamaşaya biletlər adı o vaxt dillərdə əzbər olan Papazyana görə beş gün qabaqdan satılıb qurtarıbmış.

Bu da Ağasadıq müəllimin sözləridir: "Bakıda, elə bil ki, teatr bayramı idi. Tamaşaçılar yenə Papazyanın Azərbaycan artistləri ilə oynayıb möcüzə göstərəcəyini gözləyirdilər. Bu, belə də oldu. Papazyanın səhnəyə ilk gəlişi salonda ağlagəlməz bir həyəcan oyatdı. Tamaşaçılar onu sürəkli alqışlarla qarşıladılar. Həmin tamaşada mən Yaqonu oynayırdım. Doğrusunu deyim ki, Yaqonu oynamaqdan daha çox Otellonu oynayan Papazyanın çıxışına yaxşı mənada qibtə hissi ilə tamaşa edirdim. Tamaşanın sonunda zala toplaşanlar Papazyanı səhnədən buraxmırdılar. Görünür, onun "Otello"da Azərbaycan dilində oynaması tamaşaçılara xüsusi xoş təsir bağışlamışdı".

Tamaşadan sonra Ağasadıq Gəraybəyli qonaq aktyoru evə dəvət edir. O isə "Çoxdandır Bakıda olmamışam, istəyirəm ki, Xəzər sahilində gəzək. Çünki Bakının bulvarını çox sevirəm. Azərbaycanlılar xoşbəxtdirlər ki, onların Xəzər dənizi var, bu cür gözəl sahil bağı var", - deyir.

Ağasadıq müəllim söyləyirdi ki, bulvarda gəzə-gəzə başımız söhbətə necə qarışdısa, bir də gördük gecə yarısıdır...

...İlk gənclik illərindən birevli kimi olduqları Şərifzadələr ailəsi, bənzərsiz Abbas Mirzə ilə bağlı xatirələrində furqon həmişə olardı. Huşsuz deyildi ki, elə zənn edəm bunu mənə artıq bir neçə dəfə danışdığını unudub. Yox, qəsdən oradan başlayırdı, bu da onunçün bir könül ehtiyacı idi və hər dəfə həmin səhnəni danışanda nəsə gizli bir ləzzət aldığını da hiss edirdim.

Növbəti dəfə yenə XX yüzilin lap başlanğıcında, Şamaxının altını üstünə çevirən zəlzələdən sonra onları Bakıya gətirən furqondan, şəhərə çatanacan yol uzunu başlarına gələnlərdən bəhs edəndə zarafatla demişdim: "Ay Ağasadıq müəllim, hərdən məndə belə güman yaranır ki, 1873-cü ildə Azərbaycan teatrı doğulanda da siz varmışsınız". Zarafata zarafatla cavab vermişdi ki, "məni qocaltma!"

Sonra Abbas Mirzəylə Ağasadıq məşum 37 qasırğaları onları ayrı salanadək əl-ələ oldular. Danışırdı ki, bir vaxt mən ailəliklə "Tarqovıy pereulok" - "Ticarət döngəsi" deyilən küçədə yaşayırdım, kiçik birotaqlı mənzil idi, həyat yoldaşım müəllimə olduğundan hər gün saat 8-də dərsə çatmalı idi və iş belə gətirdi ki, bizim əkiz uşaqlarımız doğuldu, ona görə də yoldaşım məktəbə getdiyindən uşaqlara mən baxırdım, çox vaxt hətta məşqlərə gedəndə onları da özümlə götürməyə məcbur qalırdım. Məşqdə mənim yerim çatanda uşağın birini Mərziyə xanıma, o birini Abbas Mirzəyə verirdim - Çingizi Abbasa, Firəngizi Mərziyə xanıma...

...Nəriman Nərimanov (1870-1925) onun həmişə xüsusi ehtiramla, minnətdarlıqla yad etdiyi şəxsiyyətlərdən idi. Deyirdi ki, Doktor teatrımıza xüsusi hörmət bəsləyərdi. Çox məşğul olmasına baxmayaraq, tamaşalarımıza tez-tez gələrdi, gələndə də adətən ikinci sırada əyləşərdi, çox vaxt özü ilə Səməd ağa Ağamalıoğlunu (1867-1930), Əliheydər Qarayevi (1896-1938), Həmid Sultanovu (1889-1938) və qeyrilərini də gətirərdi. Bəzən səhnə arxasına keçib aktyorlarla hal-əhval tutardı. Çətin zamanlar idi. Yoxsulluqdu, aktyorların pal-paltarının nimdaşlığı da onu çox narahat edərdi. Elə gözucu bizi süzüncə bloknotunu çıxarıb kiməsə çəkmə, kiməsə kostyum yazardı, deyərdi ki, aparın bu kağızı verin Qara şəhərdəki filan anbara, burada yazılanı sizə pulsuz verəcəklər. Hətta bəzən konyak da yazardı. O vaxt konyak ancaq apteklərdə satılardı, özü də reseptsiz verməzdilər. Biz isə hər axşam dörd-beş əsər oynayardıq, bir aktyor hər gün üç-dörd rolda çıxış edərdi - gah komik, gah xarakterik, gah qəhrəman surətlər. Məni də, digərlərini də bu təhər gərgin iş rejimi taqətdən salsa da, illər ötdükcə anlayırdıq - məhz həmin qaçhaqaç, həmin nəfəs dərmədən çalışmaq qısa vaxt ərzində təcrübəmizin də artmasına, yetişməyimizə güclü təsirini göstərib.

Nəriman Nərimanov Ağasadıq müəllimin xatirələrində bir ayrı cilvədə görünürdü. Deyirdi ki, böyük qardaşım Ağalara gəlin gətirməli idik, maşın tapmadıq, o vaxt taksi-filan olmazdı, getdim yoldaş Nərimanovun evinə - indi Nərimanov muzeyi olan binada yaşayırdı - dedim, qardaşıma gəlin gətirəcəyik, maşın tapmırıq, sürücüsünü çağırtdırıb tapşırdı ki, mənə lazım deyilsən, get bu gecə Gəraybəylinin sərəncamında ol.

Ağasadıq müəllim bunu da söyləyirdi ki, onsuz da teatra qəlbən bağlı olan, həm də dramaturq Nərimanın Türk Tənqid-Təbliğ Teatrına xüsusi münasibəti bica deyildi - çünki həmin teatr 1921-ci ildə yoldaş Nərimanovun təşəbbüsü ilə yaranmışdı.

"Teatr indiki bulvarın girəcəyində, qabaqlar Fenomen kinoteatrının, sonrakı Kukla teatrının yerləşdiyi binada idi. Tənqid-Təbliğ Teatrının təşkili Hacıağa Abbasova tapşırılmışdı, kollektiv gənclərdən ibarətdi - məndim, Ağahüseyn Cavadov (1894-1981) idi, İsmayıl Talıblı (1898-1967), Əmir Dadaşlı, Məxfurə xanım (1901-1982), yəni Eva Olenskaya, cəmi 12 nəfərdik, repertuarımız bir, ya iki pərdəli olan tənqidi və təbliği əsərlərdi. Teatrımızın xüsusi bir mahnısı vardı ki, tamaşalar başlanmazdan əvvəl bütün iştirakçılar səhnə qarşısına çıxıb Hacıağa Abbasovun və Mirzağa Əliyevin də iştirakı ilə, bir növ, "Satiraqit" himninə çevrilmiş o nəğməni oxuyardı".

Şux sözü heç vaxt dilindən əskik olmayan Ağasadıq müəllim həmin illərin bir zərif sataşmasını, şux zarafatını da xatırladır. Deyir, öz aramızda Hacıağa Abbasovla Mirzağa Əliyevin ikisinin adını birləşdirib onlara "Hacmirzə" deyirdik. Teatrın mahnısı isə belə başlanırdı:

 

Satiraget aynadır açmağa xalqın gözün,

Görəcək bu aynada aşkarca hər kəs özün.

 

Ağasadıq müəllimin yadında o illərdə oynanan xırda tamaşaların adları da qalmışdı: "Ziyarətin nəticəsi", "Çərx-i fələk tərsinə dövran edir", "Dəli dərviş" və qeyriləri. Soruşmuşdum ki, onların sözlərindən yadınızda qalan varmı? Dərhal başlamışdı həmin pyeslərdən ayrı-ayrı parçaları əzbər söyləməyə. Vaxtaşırı oynadığı tamaşaları başdan-sonacan əzbər bilməsi, monoloqları, ayrı-ayrı dialoqları dəqiqliyi ilə yadda saxlaması təəccüblü deyil. Lakin 1920-ci illərin lap əvvəllərində oynadığı, üstündən onillər keçəndən sonra yaddan çıxması qaçılmaz olan pyeslərdən də parçaları belə dəqiqliklə yadda saxlaması mat qoymaya bilməzdi. Ağasadıq müəllim bunu da Nərimanovun onun boynundakı haqq-sayı kimi heç vaxt unutmayaraq söyləyirdi ki, yenə bir dəfə Doktor hökumət adamları ilə tamaşaya baxmağa gəlmişdi, bizimlə görüşəndə bir az tutqun olduğumu görüb hal-əhval tutanda anamın xəstə olduğunu söylədim, ertəsi gün axşam teatrdan evə qayıdanda gördüm ki, evimizə həkim gəlib, anamı müayinə edib, dərman da yazıb. Nəriman Nərimanov başını qaşımağa macalı olmadığı əsnada da mənim elə sözarası elədiyim müşkülümüzə də əncam çəkməyə girəvə tapmışdı, özümə bir söz demədən yoldaşlarımdan ünvanımızı soruşub öyrənmiş, anamın müalicəsi üçün həkim göndərmişdi.

...Ağasadıq Gəraybəyli o çağlar üçün yetərincə sanbalı olan, sənətkarın üzünə çox qapıları və imkanları açan Xalq artisti adına 1940-cı ildə layiq görülmüşdü. Bu ağır çəkili fəxri ad bütün sovet onillərində olmuşdu, indi də var. Həmin adı daşımışların əksəri də istedadı ilə, əməkləri ilə gerçəkdən də bu şərəfli adı daşımağa tam layiqdir. Ancaq keçmişdəki xalq artistləri bu titulu yalnız istedad, əməksevərlik, daim öz üzərlərində çalışmaq hesabına qazanmamışdılar, həm də fədakar olmuşdular, həm də mütəmadi xalqın ayağına getmişdilər, həm də həqiqətən illərcə xalqın qulluğunda durmuşdular.

Ağasadıq Gəraybəyli Xalq artisti adına layiq olmaq üçün 1940-cı ilə qədər də yetərincə əməklər çəkmişdi, ondan sonrakı onillər boyu da əsl Xalq artisti, xalqın xidmətçisi olmaq vəzifəsini ləyaqətlə daşıdı. Söhbət edirdi 1920-ci illərin əvvəllərindən. O çağlardan ki, rayonlara aktyorlardan, sənətçilərdən, ədiblərdən ibarət təbliğat briqadaları tez-tez göndərilərmiş. Deyirdi ki, bir gün bütün aktyor kollektivini Opera Teatrına dəvət elədilər. Söylədilər ki, Dadaş Bünyadzadə (1888-1938) sizinlə görüşəcək, bəzi tövsiyələrini verəcək. Ağasadıq Gəraybəyliyə o görüş əsnasında Şamaxı bölgəsinə yola düşəcək heyətə rəhbərlik tapşırılır. Bunu da o səbəbdən etmişdilər ki, Ağasadığın əslən Şamaxıdan olduğunu bilirdilər. Ağasadıqgil Şamaxı, Basqal və Lahıc əhalisinə mədəni xidmət göstərməli idilər. Briqada dörd nəfərdən ibarətmiş: Ağasadıq Gəraybəyli, Məcid Çaybasarski Şirvanlı, Əsgər Şövqi və Rüstəm Kazımov (1879-1943). Ağasadığa aktyorlar briqadasının rəhbəri kimi Nəriman Nərimanovun imzası ilə xüsusi vəsiqə verilibmiş. Həmin vəsiqədə tövsiyə edilirdi ki, bu sənədi təqdim edən şəxsə və onun briqadasına yerli təşkilatlar lazım olan bütün zəruri köməkləri göstərsin.

Ağasadıq müəllim danışırdı ki, gəlib çatdıq Kürdəmirə, qış fəsli idi, bizə ancaq öküz arabası verə bildilər. Sulu qar yağırdı, saqqız kimi qalın palçıqlı yollarla Ağsu yoxuşunu çox çətinliklə qalxıb Şamaxıya çatdıq. Başqa yer olmadığından bizə əsgərlərlə birgə kazarmada qalmağı məsləhət gördülər. Elə çıxışlarımızı da orada edəcəkdik. Bununçün kazarmanın bir tərəfində bəsit səhnə düzəltdik. Camaat toplaşardı, göstərəcəklərimizi göstərərdik, gələnlər dağılışandan sonra isə tamaşanı göstərdiyimiz səhnədəcə yatardıq.

Tamaşalardan əvvəl Bakıda aldıqları təlimata uyğun olaraq təbliğati çıxışlar edirmişlər, şura hökumətinin xalqa verdiyi azadlıqdan, yeni quruluşun insanlara bəxş edəcəyi xoş günlərdən söz açırmışlar, daha sonra keçirlərmiş şeirlərə, Şamaxıda olduqlarından da üstünlüyü Sabirin satiralarına verirlərmiş. Repertuarları da kiçik vodevillərmiş - "Ac həriflər", "Xor-xor", "Dursun Əli və Ballıbadı", "Bizim kirayənişin özünü öldürdü" və qeyriləri.

"Şəhərdə yeməkxana yox idi. Odur ki, əsgərlər üçün hazırlanan xörəklərdən bizə də verirdilər. Şamaxıdakı tamaşalarımızı göstərəndən sonra Basqala getməli idik. Bizə bir neçə at tapıb verdilər, sahiblərinə isə tapşırdılar ki, bələdçi kimi bizim yanımızda piyada getsinlər. Ara vermədən qar yağırdı. Soyuqdan qorunmaq üçün bizi Şamaxıdan yola salanda hərəmizə bir şüşə cecə arağı da vermişdilər. Ancaq yeməyə heç nəyimiz yox idi. Bu arağı nə ilə içəcəkdik, məlum deyildi. Ancaq arada meşədən keçərkən ağaclardan cır əzgil tapıb cecəni onunla içərdik ki, canımız bu şaxtada, sazaqda bir az isinsin. Ətrafa boylana-boylana, çox ehtiyatla gedirdik. Çünki bizi xəbərdar eləmişdilər ki, yolda bəzən ac canavarlar adamlara hücum edirlər. Qaranlıq çökürdü, lakin Basqala hələ çox vardı. Atların yorulduğu hiss olunurdu. Tez-tez sürüşürdülər. Bunun ucbatından çox vaxt düşüb piyada gedirdik. Nəhayət, geniş bir yoxuşa çatanda sol tərəfdə kəndin tək-tük sozalan işıqları göründü. At sahiblərinin dediyinə görə, bu, Kalva kəndi idi. Düşüb bu kənddə gecələməyi qərara aldıq. Kəndə gəlib revkomun evini soruşduq. Nişan verdilər. Çəpərin arxasından səslədik: "Yoldaş revkom, ay yoldaş revkom". Handan-hana qapı açıldı. Dedik ki, Bakıdan gəlmişik, yoldaş Nərimanov göndərib, Basqala gedirik, bizə səhərə qədər gecələməyə yer verin. Narazı-narazı qayıtdı ki, "Bu nədir, canım, gündə elə hey təzə-təzə adamlar qapımızı döyür ki, Bakıdan gəlmişik. Mənim sizə verməyə nə yerim var, nə də çörəyim. Bilmirəm məni kim revkom elədi? Olmuram revkom!" Bunları söyləyəndən sonra kişi deyinə-deyinə içəri girib qapını çırpdı. Səsimizə toplaşan kəndlilərdən bir neçəsi naəlac qaldığımızı görüb məsləhət elədilər ki, revkomun çavuşunun yanına gedək. O, yaxşı adamdır. Bəlkə bizə yer düzəldər. Onlar bizə çavuşun evini nişan verdilər. Həmin çavuşu tapıb ona revkomun bizi necə rədd etdiyini bildirdik. "Ay qardaş, biz uzaq yoldan gəlib yorulmuşuq, əldən düşmüşük. Xahiş edirik, pulu ilə bizə səhərə qədər qalmağa bir yer verin. Səhər onsuz da çıxıb gedəcəyik", - deyə yalvarmağa başladıq. Çavuş da qayıtdı ki, "Mən balaca adamam, nə edə bilərəm? Revkom sizi qəbul etməyəndən sonra mənim əlimdən nə gələr?" Naçar qalmışdıq, odur ki, bir balaca aktyorluq eləməyə başladıq. Ağsaqqalımız Rüstəm Kazımovu göstərib dedik ki, "Biz heç, axı bu qoca kişi seyid-peyğəmbər övladıdır. Heç olmazsa buna rəhm edin". Biz belə söyləyəndə çavuşun qapı ağzında dayanan və söhbətimizi dinləyən arvadı dilləndi: "A kişi, savabdır, nə olar, bir gecəliyə nə var ki, qoy gəlsinlər". Qadının sözü kişiyə təsir elədi və bizə gecələməyə icazə verdi. Atdan düşüb içəri keçdik. Daha gözləmək vaxtı deyildi. Soyuq lap iliyimizə qədər işləmişdi. Pal-paltarımız su içində idi. Qadın tez bir qucaq odun gətirib divar sobasını qaladı, çay qaynadıb, Allah verənindən nə vardısa gətirib qabağımıza qoydu. Səhər yuxudan duranda gördük ki, qadın çəkmələrimizin palçığını da yuyub, qapı ağzında cütləyib qoyub. Səhər çaydan sonra onlar bizi hörmətlə yola saldılar..."

Ağasadıq Gəraybəylinin və aktyor yoldaşlarının başına gəlmiş və hələ ardı da olan bu əhvalatı belə yerli-yataqlı səbəbsiz xatırlamıram. Ayrıntıları ilə yazıram ki, xalqa və sənətə xidmətə müqəddəs iş kimi baxmış belə insanları bir daha rəhmətlərlə anasınız.

Ağasadıq və onun kimi vurğunlar Xalq artisti adına, bu xalqın sənətçisi adlanmaq şərəfinə layiq olmaq üçün belə olmazın əziyyətlərdən keçmişdilər.

Həmin Şamaxı səfəri barədə söhbətlərini davam etdirərək Gəraybəyli deyirdi ki, ertəsi gün gəlib Basqala çatdıq. Nəzərimizi ilk cəlb edən kəndin mərkəzindəki çinar ağacı oldu. Ağac o qədər yoğun idi ki, içində çayçı dükanı açmışdılar. Basqalın revkomu gülər üzlü, xoş sifətli bir Bakı fəhləsi idi. Bizi hörmətlə qarşılayıb kabinetinə dəvət elədi. Vəsiqəmizi göstərib onu planımızla tanış etdik, o da gəlişimizdən razı olduğunu, sabahkı konsertimizin də lazımınca təşkil olunacağını vəd etdi. Çay içərkən Rüstəm Kazımov Kalva kəndinin revkomunun bizi necə qarşıladığından, lakin onun çavuşunun və arvadının bizə nə sayaq iltifat göstərdiyindən söhbət açdı.

Bu qəziyyənin əhvalatın Basqalın revkomuna necə ağır təsir etdiyini simasının ciddi şəkil almasından hiss etdik. O, bloknotunu götürüb nəsə qeyd etdi. Sonra adam göndərib şəhər əhalisindən tanıdığı bir neçə nəfəri çağırtdırdı, rica etdi ki, hərəmizi biri öz evinə qonaq aparsın. Ayrılanda sözləşdik ki, sabah saat 11-də onun kabinetində olaq. Səhər saat 11-də biz kabinetə girəndə isə kənarda büzüşüb oturmuş bir adam gördük. Revkom isə nəsə yazırdı. Gəldiyimizi görüb ayağa qalxdı, səmimi görüşərək bizə yer göstərdi, gecəni qaldığımız evlərdə necə dincəldiyimizdən ayrı-ayrı hər birimizdən soruşandan sonra ciddi vəziyyət alaraq sözə başladı: "Bu kişini görürsünüzmü? Bu, sizi qəbul etməyən, öz qapısından qaytaran Kalva kəndinin rəhbəri Əbdülhüseyn kişidir. Yoldaş Nəriman Nərimanovun imzası ilə sizə verilən vəsiqədə göstərilir ki, kim sizin briqadanıza lazımi yardım göstərməsə, vəzifəsini yerinə yetirməkdə səhlənkarlığa yol versə, ya işinizə maneçilik törətsə, elələri ən ağır cəzaya məhkum edilməlidir - hətta güllələnməyə qədər. Odur ki, yoldaş Gəraybəyli, bu mənim tapançam, - siyirtməsindən naqanı çıxarıb qoydu masanın üstünə, - bu sən. O da həmin adam, briqadanın rəhbəri kimi necə lazımdır, özün onun cəzasını ver".

Ağasadıq müəllim deyirdi ki, doğrusu, mən bir an yerimdə donub qaldım. Nə edəcəyimi, nə deyəcəyimi bilmədən gah kişiyə, gah tapançaya baxırdım. Birdən Kalvanın revkomu olan həmin kişi yerindən sıçrayaraq gəlib qabağımda diz çökdü, ağlaya-ağlaya yalvarmağa başladı: "Bilməmişəm, qanmamışam, bir qələtdir eləmişəm. Məni balalarınızın başına çevirin". Mən kişinin qolundan tutaraq "Qalx, biz adam öldürən deyilik. Ancaq bil ki, yaxşı iş görməmişən", - deyib kişini stulda oturtdum. Bizi Basqalda üç gün saxladılar. Tamaşalarımıza ətraf kəndlərdən də camaatı dəvət edirdilər. Biz oradan Lahıca getməli idik. Revkom ora getməyimizə razılıq vermirdi. İnad edirdi ki, yollar xatalıdır. Lahıca heç araba yolu da yoxdur, adi vaxtlarda belə ora ancaq atla sıldırım qayaların, dağların arası ilə gedib-gəlmək olur, indi isə bu qarda-çovğunda getmək əsla məsləhət deyil, bir də yolda canavarların adamlara hücum etmək hadisələri də olur. Fəqət biz getməli idik. Tapşırığı yerinə yetirməliydik. Xahiş elədik at versinlər, çünki bizə verilmiş atları sahibləri ilə birgə geriyə - Şamaxıya aparmışdılar. Əlqərəz, yola dikəldik, bizə səmti göstərmək üçün adam da qoşmuşdular. O adam bizi kəndin qırağınacan çıxarıb yolu göstərəndən sonra geri qayıtdı. Biz ağır-ağır irəliləyirdik, hər tərəf sis-duman içində idi və yolu-rızı güclə seçmək olurdu, sağ tərəfimiz qaya, sol tərəfimiz isə uçurum-dərə idi, atları çox ehtiyatla sürürdük. Qabaqda uca boylu Əsgər Şövqi, dalınca mən, məndən sonra Rüstəm əmi, axırda isə Məcid Çaybasarski gedirdik. Qəfildən qabaqda gedən Əsgər Şövqi "Görəsən, o yola düşən qaraltı nədir belə?" - deyib atdan düşdü. Biz də onun arxasınca atlarımızdan enib həmin qaraltıya yaxınlaşdıq, baxdıq ki, bir uzunboğaz çəkmənin yarısı qalmış tayıdır, ancaq içində ayaq da var. Demək, kimisə bu yalqız dağlarda canavarlar parçalayaraq çəkməsinin küncünə kimi gəmiriblərmiş. Bakılı balası revkomun bizə dediyi doğru imiş. Tez atlarımıza minib yüyəni geri çevirdik, Basqala doğru yol alıb oradan Şamaxıya gəldik, sonra da Bakıya döndük...

...Ağasadıq Gəraybəylinin teatrda və kinoda yaratdığı surətlər arasında hökmdarlar da vardı, sərkərdələr də, dəliqanlılar da. Həmin rollara uyğun olaraq, təbii ki, səhnədə belində silah da olurdu. Və günlərin birində inqilab havalı zamanın hökmü ilə artıq səhnədə deyil, gerçək həyatda Ağasadığın ixtiyarına əsl tapança da, o silahdan atəş açmaq səlahiyyəti də verilmişdi. Ancaq Ağasadıq Gəraybəyli ömrü boyu nə səhnədə üstündə olan yaraqları, nə də tətiyini basa biləcəyi o tapançanı işlətdi. Qan tökən, can alan silahlar Ağasadığın nəyinə lazım idi ki?! Allah ona həyatı uzunu işlətmək və özünün olmadığı çağlarda da paslanmaq bilmədən xidmətini davam etdirmək üçün başqa daha qüdrətli silah əta etmişdi - böyük sənət!

İnsan oğlunun bütün zamanlarda yaratdığı və susması həmişə daha artıq arzulanan ellik silahlardan fərqli olaraq dirilik bağışlayan, can və ruh verən bu silahın səslənməsi daim arzulanacaq, sevgilərlə qarşılanacaq.

Ağasadıq müəllimin bu sözü də unudulan deyil ki, bəzən insan üçün bir ömür belə ağırlıq edir, o ki qaldı ömründə saysız-hesabsız ömürlərin də yükünü çəkəsən.

Böyük sənət adlı silahı həmişə üstündə olmasaydı, Ağasadıq Gəraybəyli o ağırlıqda ömürlər yükünü həyatı boyu arxayınca necə daşıya bilərdi?!

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook