Həqiqətən, yüz il, əsr yarım tarix üçün böyük vaxt deyilmiş. 110-120 il qabaq bağda hər gün həyat qaynayırmış. Hələ heç indiki kimi gül-çiçəyi, ağacları da yoxmuş. Bakı Qala divarlarından dışarı çıxmağa başlayandan bura elə adamlar yığılan yer olmuşdu.
Qoşa qala qapısından az aralıda, qala divarlarının (cəmdə deməyimlə gördüyünüzün fərqinə görə mənim yanıldığımı zənn etməyin. Vaxtilə indikindən içəridə bir qat da divar varmış, elə ötən əsrdəcə sökülənlər sökülüb, bizim günlərdə də bir zamanlar sökülmüşün yerinə içəridən restoranlardan ibarət "divar" çəkilib) yaxınlığındakı bu məkanda XX yüzilin əvvəllərində "Kaspi" mətbəəsi yerləşirdi. Hər gün Əlimərdan bəy Topçubaşov ora işə gəlirdi və redaksiya Azərbaycan ziyalılığının ən seçkin elçilərinin vaxtaşırı üz tutduğu ünvan idi.
Bir əsr, əsr yarım bir tərəfdən baxanda xeyli uzaqda görünür. Ancaq ayrı bir baxımdan yanaşanda, xatirələrin cığırına düşəndə sanki yüz illik, əsr yarımlıq vaxt bizə xeyli yaxınlaşır. İndi sözdə adama çox uzaq kimi gələn 1911-ci ilin son iyun günlərində, iyulun lap əvvəlində Sabir indi heykəlinin ucaldığı yerdən keçərək yolun o tayındakı "İslamiyyə" mehmanxanasına gedirmiş. Bir neçə gün gecələdiyi "İslamiyyə"də hansı otaqda qalırmış, o da bəllidir - 18-ci nömrə. Tarix belə yaxındır. İndi sanki 1982-ci il də bugündən xeyli aralıdadı. Zarafat-zarafat, 40 ildən artıq zaman keçib, o vaxtdan bəri dünya başqalaşıb, nəsillər dəyişib. Həmin ili Sabirə aidiyyəti olan tarix kimi ona görə yada salıram ki, həmin ildən qalan bir foto var. Görkəmli şərqşünas alimimiz Əkrəm Cəfər, Mirzə Ələkbərin oğlu Məmmədsəlim Tahirli, bir də mən Sabir heykəlinin yanında dayanmışıq. Oradan televiziyaya, aparıcısı olduğum, rusca efirə gedən "Azərbaycan poeziyasının antologiyası" verilişinin yazılışına gedəcəkdik. Veriliş iki həftə sonra göstəriləcəkdi, amma növbəti həftədə işıq üzü görəcək "Danışır və göstərir Bakı" adlı proqram qəzetində buraxılışımızın Sabirə həsr edilməsi ilə bağlı soraqça yazacaqdım. Ona görə də həmin qəzetin fotomüxbirini də, qonaqlarımı da dəvət etmişdim ki, burada şəkil çəkdirib studiyaya sonra yola düşək. Fotoçu bir qədər gecikirdi, bağda gəzə-gəzə söhbət edirdik, Məmmədsəlim müəllim atası ilə bağlı xatirələri bölüşürdü, Sabir köhnə əyyamlardan ayrılmışdı, gəlib olmuşdu müasirimiz, söz gəlib çıxmışdı şairin heykəlinin üzərinə.
...1911-ci ilin iyulunda Azərbaycan böyük kədər yaşadı. İyulun 12-də Şamaxıda Mirzə Ələkbər Sabir vəfat etmişdi. Sabiri tanıyanlar, sevənlər az deyildi. Ata-baba yurdu Şamaxıda da, Bakıda da, Azərbaycanın müxtəlif guşələrində də, üstəlik, Orta Asiyada da, İranda da. Amma əksəri yazı-pozu bilməyənlər olduğundan Azərbaycanın çox insanı ona hələ əsl nəhəngliyi ilə, sahib olduğu tükənməz gücə yaraşan biçimdə bələd deyildi. 1911-ci ilin o qızmar iyulunda, böyük Sabirlə əbədi ayrılığın acısı o çağın mətbuatının səhifələrində köhnəlmədən qalmaqdadır. Azərbaycanın ən tanınmış qələm adamları, ən üstün ziyalıları Sabirin qiymətini verməyə cəhd edirdilər. Həmin çoxsaylı və qəmli yazılar arasında biri də vardı ki, şairin vəfatından düz 9 gün sonra dərc edilmişdi və sərlövhəsi də "Sabirin heykəli" idi. 1911-ci il iyul ayının 21-də "Məlumat" qəzetindəki o yazının müəllifi milliyyətcə tatar olan Eynətullayev idi. Ad yazmayıb, məqaləsini elə bu soyadla imzalayıb. Həmin imza elə bu təhər odövrkü Azərbaycan mətbuatında tez-tez görünürdü. Eynətullayev qibtəsini gizlətmədən yazırdı ki, Qərb məmləkətlərində millətin içərisindən çıxan mümtaz övladları, yaratdıqlarıyla, qurduqlarıyla xalqın tərbiyəsinə xidmət edənləri əziz tutur, onlara abidələr ucaldırlar. Heyifsilənirdi ki, bizdə belə bir adət yoxdur, ürək yanğısıyla təəssüflənirdi ki, bizlərdəsə belə işlər görmək üçün maddi imkanlılar Qərbdəkilərdən bəlkə də qat-qat çoxdur, vaysınırdı ki, fəqət biz mənəvi dəyərlərə qiymət vermək məqamı yetəndə yerə yıxılmış şir kimiyik. Eynətullayevin Sabiri öyən və oxşayan o ağı yazısı böyük şairə Azərbaycanda abidə qoyulması haqqında böyük arzunun ilk ifadəsi idi. Hərçənd həmin günəcən Azərbaycanda heç bir şairə heykəl qoyulmamışdı, ümumiyyətlə, hər hansı şəxsiyyətə aid abidəmiz yox idi.
Sabir itkisinin xəbəri yayılınca, böyüklüyünü anlayan hər kəs onun vaxtsız gedişinə acıyırdı, lakin bu dərdə ona bütün tanıyanlardan daha yaxın olan sadiq dostu Abbas Səhhətdən artıq dərdlənib yanan olmazdı. Səhhət sevimli sirdaşının ölümünə gözüyaşlı məqalələr yazdı, şeirlər qoşdu və Sabirin gec-tez heykəlləşəcəyinə ilk və ən çox inananlardan birincisi də elə Səhhət idi ki, vardı:
Ey mücəssəm duyğu, ey ülvi bəşər,
Ey çamurlar içrə düşmüş saf zər.
Sabirə heykəlləşmiş duyğu deyən, onu ölümə məhkum adi insanlardan saymayıb ülvi bəşər adlandıran, palçıqlı mühitə düşmüş təmiz qızıl hesab edən Səhhətin gözü önündə Sabirin bütün ömrü-günü keçmişdi, o, şairin zəhərini içdiyi bütün güzəran nisgillərindən agah idi və məhz ustadın müstəsnalığına əmin olduğundan onun layiq olduğu zirvələrə yetişəcəyinə, elə yalnız könüllərdəki məcazi deyil, gerçək heykəlinin də ucalacağına inanırdı:
Tən ü lən eylərsə hər nadan sənə,
Ya müsaid olmasa dövran sənə,
Qəm yemə, təxfif ver alamına,
Az keçər heykəl yaparlar namına.
Zəmanən sənə tən gəlməsə də, hər qanmaz səni lənətləyib qaxınclar vursa da, ələmlərini toxtat - deyə əziz Sabirinin ruhunu ovudan Səhhət həm də peyğəmbərcə dəqiq görübmüş. Həqiqətən, az keçdi və o gün Azərbaycanın ən mübarək bayramlarından biri kimi gəldi - 1922-ci il aprel ayının 28-i.
"Aprel ayının 28-i" və "bayram" kəlmələrini yanaşı işlətməyim sizi çaşdırmasın. Bu, acı həqiqətdir ki, müstəqilliyimizin 2 yaşına çatmadan yarımçıq qırıldığı, Azərbaycanın sovetləşməsinin başlandığı gün - aprel ayının 28-i sovet dönəmində, 70 il boyunca millətimizə, yurdumuza bir bayram kimi sırınmışdı. Amma 1922-ci ildə həmin gündə bu millətin tarixində elə, doğrudan da, həmişə fəxrlə anılmağa layiq başqa bir hadisə də baş vermişdi. Bu, xeyiri ilə şəri daim yanbayan olan dünyadır. O il, o gün Azərbaycanda şairə ilk dəfə abidə qoyulub, Bakıda Sabirin heykəli ucaldılıb. Dadaş Bünyadzadə, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Hənəfi Zeynallı, Cəlil Məmmədquluzadə, Tağı Şahbazi Simurq yığışıblarmış və həmin nadir gündə onların hamısını o bayram içində birgə göstərən tək foto da qalıb - Sabir heykəlinin açılışıdır. Şairin o heykəli ayaq üstə idi, əksi həmin çağların saxlancı olan bir açıqcada qalmaqdadır. Abidəni 1908-ci ildən Bakıda yaşayan, Florensiya Sənət Akademiyasını bitirmiş heykəltaraş Yakov Keylixis düzəltmişdi. Qəzetlərdə bu abidənin açılışı ilə bağlı dərc edilən məqalələrdə o da vurğulanırdı ki, bu gündən həmin məkan həm də Sabir bağı olacaq. Ancaq o gün tək heykəlin açılışı olsa da, çıxan məqalələrdən birinin adı "İki heykəl" idi. Heykəllərdən biri ucaldılmışdı - Sabirin abidəsi, amma digər bir abidə də yıxılmışdı. Bəs o dağıdılan hansı abidə idi? Uçurdulanı 1854-cü ildə qurmuşdular. Həmin abidə çar generalı Pavel Sisianovun şərəfinə inşa edilmiş üstü yazılı xatirə dirəyi idi. O Pavel Sisianovun ki, 1804-cü ildə Gəncəni qanına qəltan etmişdi, o Sisianovun ki, Cavad xanın qatili idi, o Sisianovun ki, soyuqqanlı amansızlıqla xanın bütün ailəsinin və Gəncənin neçə mərd övladının axırına çıxmışdı.
Sisianov Bakıya 1806-cı ilin fevralında yerimişdi ki, Hüseynqulu xandan şəhərin açarlarını təhvil alsın və Bakı xanı da ona razılıq ismarışı göndərmişdi, açarların təhvil veriləcəyi görüş yerini də təyin etmişdi - sonralar Azərnəşr binasının qərar tutacağı, o vaxtsa düzənlik olan məkanı. Təşəxxüslə şərtləşilən yerə gəlib at belində açarları gözləyən Pavel Sisianova Hüseynqulu xan Bakının qıfıl-kilidi əvəzinə ölüm göndərmişdi.
Hüseynqulu xan sirr qırağa sızmasın deyə qəti məxfi tapşırığın icrasını ən yaxın adamına - əmisi oğluna həvalə etmişdi.
Hüseynqulu xanın Qoşa qala qapısından çıxan əmisi oğlu İbrahim bəy qurbanına doğru yaxınlaşmağa başlayır və lap yaxına çatan kimi iki ölümcül atəş açır. Pavel Sisianov yerindəcə qalır.
Bu cəllad Gəncədə digər şəhidlərlə yanaşı Cavad xanın oğlu Hüseynqulu xanı da öldürmüşdü.
Cavad xanın oğlunun adaşı, Bakı xanı Hüseynqulu xan imperiya məkanına buludsuz gündə sədası ildırım çaxışı kimi səs salan dikbaş qətllə elə həmin qisası da almış olur.
Və 1856-cı ildə orada - Pavel Sisianovun qətlə yetirildiyi həndəvərdə qətlə yetirilmiş generalın adını qəhrəman kimi əbədiləşdirmək, yəqin, həm də işğalçıdan zəbt etdiyi yerdəkilərə daimi göz dağı olaraq qalmasından ötrü obelisk ucaldılır və həmin abidə onillər boyu - 1922-ci il aprel ayının 28-nə qədər özünü buraların sahibi sayan yadellilərin hədə nişanəsi kimi dikəlməkdə davam edir (ancaq imperiyanın yaxındakı göz deşən həqiqətləri görməyə aciz olan nəzərləri və yekəxana beyninə batmırdı ki, bu abidə həm də yerli camaatçün işğalçının nəhayətdəki qaçılmaz aqibəti, nə qədər yekəpər olsa da, düşmənə yenilməmək, amansız intiqama müdam hazır olmaq dərsi və çağırışıdır).
Və gerçəkdə millət ləyaqəti baxımından o gün bir deyil, iki bayramdı - 1922-ci ilin aprelində "Kommunist" qəzetində dərc edilən xəbərdə Sabir heykəlinin ucaldılmasından əvvəl Sisianovun abidəsinin yıxılmasından söz açılırdı.
(Həmişə təəccüblənmişəm, necə olub ki, Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətdə olduğu 2 ilə yaxın müddətdə Azərbaycan xalqının düşməni Pavel Sisianova abidəni ləğv etmək kimsənin ağlına gəlməyib və nə qədər qəribə olsa da, bu təhqiramiz nişangahı bolşeviklər uçurmuşlar. Söz yox ki, bu, məqsədə çatmaqçün tədbirli tərpənib incə siyasətlə Sisianovu bolşeviklərin düşmən hesab etdiyi çarizmin nökəri kimi qələmə verən Nəriman Nərimanovun ağıllı addımları sayəsində mümkünləşmişdi. Elə "Kommunist"dəki yazıda da hər ehtimala qarşı bu hadisəni sosializmin daha bir təntənəsi kimi təqdim edərək xüsusi vurğulamışdılar ki, fəhlə-kəndlilərin deyil, çarizmin adamı olan Pavel Sisianovun uçurulan abidəsinin əvəzinə millətin təmsilçisi, xalqın içərisindən çıxmış böyük şair Sabirin heykəli qoyulub.
Həmin Sabir heykəli orada 1958-ci ilə qədər qalırdı. Şairin qarşıdan gələn 100 illiyi təntənələri ərəfəsində düşünülən tədbirlər sırasında onun bədii cəhətdən daha mükəmməl, yeni möhtəşəm heykəlinin ucaldılması fikri də vardı və yaratdığı gözəl əsərlə bu niyyəti də görkəmli heykəltaraş Cəlal Qaryağdı gerçəkləşdirir.
...Abbas Səhhət, şəksiz ki, XX əsrin əvvəlləri Azərbaycan ədəbi düşüncəsinin ən seçkin simalarından idi və onun hansı böyüklükdə olmasını müəyyən etmək üçün sərrast Sabir dəyərləndirməsi bəs edər - nəhəng Sabir özündən 12 yaş kiçik olan Səhhəti ustadı hesab edirdi. Ağızdan-ağıza ötürülən şişirtmə söz deyil, bu fikrin yazılı təsdiqi qalır - Salman Mümtazın Sabirə verdiyi sual və aldığı cavab ibrətlidir; Səhhət haqqında soruşur və Sabir də qayıdır ki, yaşda mən böyüyəm, başda o.
Abbas Səhhət 1911-ci ildə Sabirlə ayrılığın atəşi hələ səngiməmiş yazdığı məqaləsində Sabirin əvəzedilməzliyinə sübut olası bir silsilə vacib məqamlara toxunurdu.
O, bir müddət Parisdə yaşamışdı - fransız ədəbiyyatını da, fransızcanı da yaxşı bilirdi, birbaşa orijinaldan etdiyi gözəl tərcümələri də vardı və həmin məqaləsində Sabirə avropalı gözü ilə baxmağa cəhd göstərir, şairi fransız ədibi Şatobrianla müqayisə edirdi. Burbonlar xanədanının kralı XVIII Lui deyibmiş ki, Şatobrianın Burbonlar sülaləsini Napoleon Bonapartla müqayisə edən əsəri mənə bir ordudan artıq xidmət edib. Abbas Səhhət həmin ifadəni Sabirə yönəldərək təsdiqləyirdi ki, eyni şəkildə Sabirin ömrünün son 5 ilində yazdıqları da Məşrutə inqilabına bir ordudan artıq xidmət edib.
Sonralar çox ədəbiyyatşünaslarımız Səhhətin Sabirlə bağlı söylədiyi bu fikri öz fikirləri kimi başqa ədəbi hadisələr, o sıradan "Molla Nəsrəddin" dərgisi haqqında işlətmişlər. Yaxud, Abbas Səhhətin həmin məqaləsindəki Sabirlə bağlı başqa bir dəyərləndirməsini Cəfər Cabbarlı Mirzə Fətəli haqqındakı məşhur məqaləsində istifadə edir. Səhhət bəyan edirdi ki, Sabir köhnə ədəbiyyatın içərisindən çıxsa da, büsbütün yeni bir ədəbiyyat yaratdı və o köhnə ədəbiyyatla yeni ədəbiyyatın arasında elə bir uçurum vücuda gətirdi ki, daha bu yeni ədəbiyyatdan o köhnə ədəbiyyata doğru atlanmaq heç kəsin qüdrətində olmadı.
Sabirin hansı böyüklüyə, hansı miqyaslara sahib olduğunu əyani olaraq ortaya qoymaqçün Abbas Səhhət müqayisələrə əl atırdı - fransız ədibi Viktor Hüqonu yada salır, rus yazıçılarından Qoqolu, Saltıkov-Şedrini xatırlayır və bildirirdi ki, onların əsərləri hələ bizim mühitə yetərincə bəlli olmadığından Sabiri onlarla tutuşdurmaq istəsək, şairimizin əsl əzəməti hiss edilməyəcək. Ona görə də Səhhət qarşılaşdırmanı Azərbaycanın oçağkı ədəbi ictimaiyyətinin daha yaxşı xəbərdar olduğu ədiblərlə (həm də ən yüksək zirvələrlə) aparırdı, Sabiri 60 min beytlik "Şahnamə" icadçısı Əbülqasım Firdovsi ilə, türk şairi, satirik, həcvgu Əşrəflə müqayisə edirdi. Sabirin "Şahnamə"dən vəzni olduğu kimi saxlamaqla etdiyi tərcüməni örnək gətirərək Abbas Səhhət nəticə çıxarırdı ki, yanaşı qoyulanda bu tərcümə elə şeirin əsli qədər güclü səslənir və həm farscanı, həm türkcəni, bütövlükdə həm fars, həm Azərbaycan ədəbiyyatını yetərincə bilən hər kəs Sabirin bu tərcüməsini oxuyunca o qənaətə gələr ki, Firdovsi "Şahnamə"ni türkcə qələmə almış olsaydı, məhz bu cür yazardı.
Sabirin müstəsnalığını, söz içərisindən söz çıxara bilmək, bəlli sözə tamam ayrı don geydirmək qüdrətini nümayiş etdirməkçün Səhhət başqa tutuşdurmalara da gedirdi.
O, "Füyuzat"da "Dəli şair" imzası ilə çıxmış şeirin bir beytini təzmin edərək ona cavab yazmış Sabirin ustalığına heyran qalmışdı. Həmin şeir belə başlanırdı ki:
Səmadan bir mələk heyrətlə der: "İnsanlar! İnsanlar!
Nədir bu ruy-i ərzi qaplamış al qanlar, insanlar?!"
Bu sətirlərdə üzünü insanlara tutaraq dərdini bölüşən, könlünü açan bir mələk idi, Sabirin "Molla Nəsrəddin"də dərc edilən cavab şeirində isə insanlara müraciət edən şeytandı və Sabir həqiqətlərə büsbütün ayrı bir görüm bucağından yanaşaraq istehza ilə deyirdi:
Səmadan bir dəli şeytan deyər: "İnsanlar! İnsanlar!
Nədir dünyanı tutmuş elmlər, irfanlar, insanlar?!"
Sabir bu şeirində də, başqa satiralarında da eyhamla danışırdı, "yat" deyəndə əslində insanları oyanmağa çağırırdı, "oxuma" deyəndə öyrənməyə səsləyirdi, "qanma" deyəndə dərkə, anlamağa dəvət edirdi. Burada "elmdən, irfandan uzaq durun" səslənəndə də sancırdı ki, insan olmaq istəyirsinizsə, biliyin, mərifətin, irfanın ardınca düşün.
Və həmin şeirin atalar sözü kimi müdrik, amma həm də ürək göynədərək birbaşa hədəfə vuran misraları da vardı:
Sevərmi əhl-i istibdad millət huşiyar olsun,
Buna razı olurmu bir neçə vicdanlar, insanlar?!
Sabir haqqında ona qiymətlərin ən yüksəyini verən bu qədər qənaətlərini bölüşəndən sonra da Səhhətin ürəyi soyumurdu və etiraf edirdi ki, bu nəhənglikdə şairə gərək onun nəhəngliyinə uyğun gələn qələm qiymət verə, bu iş mənlik deyil.
Və Sabir haqqında ona yaraşan əsl böyük yazını doğurmaq vəzifəsini buraxırdı ustadı Firidun bəy Köçərlinin öhdəsinə...
Ey məni təhdid edən min dürlü təkidat ilə,
Öylə "xortdan gəldi, dur qaç" sözlərin get tiflə de.
Yəni bu cür sözlərlə sən uşaqları qorxuda bilərsən, belə cılız hədələmələr, bu təhər uşaqyana vahimələndirmələr bizlərə kar etməz.
Sabirin bu misraları səbəbsiz yaranmamışdı. Təhlükə hiss edincə, ən təxirsiz tədbir kimi, onu qorxutmaq istəyənləri hərəkətə keçənədək qabaqlamağı qət etmişdi, onların canına vicvicə salmağı daha kəsə yol sayaraq sözünü mərd-mərdanə "Molla Nəsrəddin"dən car çəkmişdi.
O vaxtlar idi ki, zavallı Sabir güc-bəlayla Balaxanı məktəbində iş tapmışdı. Necə müəllimlik edirmiş, bunu da təsəvvür eləmək çətin deyil. Nə xoşbəxtmiş onun dərsində əyləşən şagirdlər! Sabir onlara Azərbaycan dilindən dərs deyirmiş, qrammatikanı tədris edirmiş və bir də farscanı öyrədirmiş. O məşhur uşaq şeirlərini Sabir məhz Balaxanı məktəbində dərs deyərkən yazıb. Əlinin altında işinə yarayacaq, canına yatan dərsliklər yoxdu, bu şeirləri yaradırmış ki, uşaqların rahat əzbərləyəcəyi, yaddaşlarına biryolluq hopacaq (elə özünüzdən götürün, həmin qoşquların hər biri uşaqlıqda necə əzbərləmişsinizsə, bu gün də yaddaşınızda eynən diri deyilmi?) vətən havalı, ana dilimizin saflığını, duruluğunu daşıyan nəğmə kimi qoşqularımız olsun. "Nəğmə kimi"ni də bica yazmıram. Sabir həmin mənzumələrini şagirdlərinə elə sadəcə şeir kimi əzbərlətdirmirmiş, həm də mahnı kimi oxutdururmuş. Və Şairin oğlu Məmmədsəlim Tahirli 1980-ci ilin əvvəllərində bunları özü mənə söyləyirdi, Sabirin hamımıza tanış məktəb şərqilərini avazla ifa edirdi (və mən də hamısını lentə alırdım ki, bu sübutlar tarixdə qalsın). Sabir şair idi, bəstəkar deyildi ki! Ancaq zövqlü adamdı və o vaxtlar bəlli olan, indi çoxu unudulmuş müəyyən təsniflərin, el havalarının melodiyasını götürüb yazdığı şeirlərlə qovuşdururmuş, uşaqlara öyrədirmiş, təbii ki, nəğməyə çevrilən şeirlər uşaqların yadında daha asan qalırmış. İndi də hərdən köhnə kasetləri qaldırıb Məmmədsəlim müəllimin səsində həmin şərqiləri dinləyəndə bunu da düşünürəm ki, Sabir o nəcib hərəkəti ilə həm də bir neçə zərif xalq musiqi incisini unuduluşdan xilas edib.
Sabir adi kənd məktəbindəki müəllimliyinə də belə daxili vüsət bəxş etməyi bacarırdı, ancaq bəxtiqara dahiyə, böyük Millət Müəlliminə balaca kənd məktəbindəki müəllimliyi də çox görürlərmiş. 1910-cu ildə "Günəş" qəzetində o çağın ziyalılarından Baxış Əhmədovun bir məqaləsi dərc edilib. Məqsəd Sabiri müdafiədir, Sabiri hədələyənlərin özlərinə barmaq silkələyir. Adını, soyadını gizlədən, imzasını "Qırmızıköynək" kimi göstərən bir nəfər Sabir haqqında müxtəlif ünvanlara, o sıradan "Günəş" qəzetinə məktublar yazıb göndərir, tələb edirmiş ki, Tahirzadəni Balaxanı məktəbindən qovun, bu adamdan müəllim çıxmaz. Baxış Əhmədov da cavab verirdi ki, biz Sabiri Balaxanı məktəbinə elm-i riyaziyyədən dərs deməyə dəvət etməmişik, o, burada coğrafiya və hesab dərsi də demir. Sabiri dəvət eləmişik ki, o, şəriətdən, sərfdən, fars dilindən və Azərbaycan lisanından uşaqlara dərs desin. O, müqtədir bir müəllimdir, işinin öhdəsindən yaxşı gəlir və gələcək də.
Məqalə müəllifi bu sözlərlə həm o "donos" yazana və həm də başqa o cür düşünənlərə açıqca elan edirdi: Sabir bu məktəbdə qalacaq və işləyəcək.
Amma Baxış Əhmədov o məqaləsində başqa təfərrüatlara da varırdı və kədərli söhbət olsa da, bunu da yada salmağın yeri var. Açıram köhnə arxivləri, qaldırıram yüz ildən də oyananın sənədlərini, görürəm ki, insan az dəyişib, parlayanların, işığı bol olanların ayağının altını qazanlar, onlara küdurət bəsləyənlər, o faydalıların əlini işdən soyutmaqçün əlləşənlər, ümumən, daha canqurtaranı - heç olmamalarını istəyənlər sırtıq alaq otları kimi o vaxt da sağda-solda nə qədər desən dəbərişirmişlər.
Sabir kimi pak bir vücud, Allahın yaratdığı bir parça nur olan istedad barəsində o cür qara-qura yazanları, əl altından murdar namərdliklər edənləri necə bu millətdən hesab edəsən?
Baxış Əhmədov həmin məqaləsində faş edirdi ki, Sabir əleyhinə məktubları yazan guya onları Balaxanıdan göndərdiyini bildirsə də, biz araşdırmışıq, xəttini də müəyyənləşdirmişik, məktubları hansı poçtdan atdığını da aşkarlamışıq, adamın kimliyini bilirik və ona xəbərdarlıq edirik.
Sabiri hürküdüb Balaxanıdan didərgin salmaq istəyən şəxs məktublarını təsadüfən "Qırmızıköynək" deyə imzalamırdı. Sabirə möhlət də müəyyənləşdirirdi ki, bir aya buralardan çıxıb getməsən, səni qanına qəltan edəcəyik.
İndi "Günəş" qəzeti həmin donosbaz qoçunun özünə möhlət qoyurdu ki, sənə bir həftə vaxt veririk, ya bu müddətdə qəzetə məktub yaz, rəsmən üzr istə, ya da Sabirlə görüş, ondan şifahi olaraq üzrxahlıq dilə. Kimliyini bilirik, əks təqdirdə bütün yazdıqlarını toplayıb məhkəməyə müraciət edəcəyik.
Sabirin təsəllisi bu idi ki, tənha qalmayıb. Yan-yörəsində o cür əqrəblər nə qədər çox idisə də, belə etibarlı məsləkdaşlar, gərəkli gündə dabanına tüpürməyib köksünü qabağa verənlər də az deyildi. Sabirin hərəsi bir ayna olan şeirlərindən hövllənən ağcaqanadxislətlilər tükənən deyil, yəqin, sabah da o löyün həşərat zəhərini tökməkdə davam edəcək. Ancaq mütləq və mütləq Sabiri və sabirliyi sevənlər, ürəkdən müdafiəyə qalxanlar, qoruyub-yaşadanlar dəfələrcə çox və qat-qat güclü olacaq!
...1911-ci il avqust ayının 25-də "Kaspi"də Sabirin vəfatının 40-cı gündönümü münasibətilə Mehdi bəy Hacınskinin "Müsəlmanlara" başlıqlı məqaləsi dərc edilmişdi və o, can yanğısı ilə hamıya, ən əvvəlsə məsləkdaşlara müraciət edirdi ki, şair bu dünyada körpəcə bir oğlunu yadigar qoyaraq gedib. O uşağa Sabir qədər baxacaq, onun qayğısını çəkəcək ikinci bir adam ola bilməz. Sabirin etməli olduğu işi biz görək. Gəlin Sabirə, onun ailəsinə kömək üçün vəsait toplayaq.
Mehdi bəy Hacınski hansısa məbləği cəmləyib Sabirin ailəsinə təqdim etməyi yox, ikiqat fayda verəcək təklif irəli sürürdü. Deyirdi ki, yığılan vəsait hesabına Sabirin əsərlərini nəşr etdirək, kitabın gətirdiyi gəlir də ailəsinin məsrəflərinə sərf olunsun. Başqa sözlə, elə edilsin ki, ailəsinin qayğısını yenə Sabir öz qələmi ilə, öz zəhməti ilə çəkmiş olsun.
Üstündən üçcə gün keçmiş "İrşad" qəzetində "İdarəyə məktub" sərlövhəli yazı yer alır, altında da bir qadının imzası - Sara Vəzirova. O, Bakıdakı ikinci rus-müsəlman ünas (qız) məktəbinin müdiri idi və daha mühümü - Nəcəf bəy Vəzirovun qızı idi. Yazırdı ki, Mehdi bəyin "Kaspi"də dərc edilən müraciətini oxuyandan sonra qərara aldım ki, çox da böyük olmayan məvacibimdən 5 manat ayırıb Sabirin əsərlərinin çapı üçün göndərim və öz növbəsində Sara xanım da çağırış edirdi ki, hər kəs bu xeyirxah işə gücü çatan qədər yardım ayırsın.
Mətbuat səhifələrində sənədləşmiş, tarixləşmiş bu çağırışları və başladılmış vəsaittoplama əhvalatını məqsədli xatırlayıram. Çünki dövrümüzdə bəzi öz aləmində guya çoxbilmiş olanlar bu cür təşəbbüsləri görməyərək XX əsrin əvvəllərində mətbuatımıza xəbis niyyətlərlə ötürülmüş bir saxta yazını ortaya çıxarmışdılar ki, sən demə, o vaxt Sabirin "Hophopnamə"sini buraxmaqçün vəsait toplamaq elanı veriləndə azərbaycanlıların içərisindən kifayət qədər qeyrətli adamlar tapılmayıbmış və erməni qadınları guya lazım olan miqdarı yığaraq nəşrin baş tutmasına dayaq durublarmış. Bu, milləti aşağılamaq, özündən pisikdirmək, guya xalqımızın üstün insanlarına qiymət verməməsini gözə dürtməkçün uydurulmuş cəfəngiyatdır. Vaxtında düşmənin, istəməyənlərimizin məkrli məqsədi ilə belə bir təxribatı ortaya tolazlaması anlaşılandır. Bic də tərpəniblər, qondarma xəbəri qəzetə də soxuşdurublar ki, gələcəkdə istinad edə bilmələrindən ötrü tarixə düşsün. Onlar edib-edib, bəs bizim millətə ləkə atan belə qara-quraya uyub 100 il sonra onu xortlatmağımızın adı nədir?
Sabir də tənqid edirdi, gözünə dəyən bütün nöqsanları ifşaya can atırdı, islah arzulayırdı, ancaq tənqidini edə-edə, qüsurları aça-aça, həm də xalqını sonsuz məhəbbətlə sevdiyini hər an göstərirdi, xalqının ülviyyətini hamının görməsinə çalışırdı.
Millət və cəmiyyət kəm-kəsirlərindən qəlb həyəcanı ilə yazmış Sabir də, Mirzə Cəlil də, eyni yolun digər yolçuları da tənqidlərini edə-edə xalqın böyüklüyünə inanırdılar, əmin idilər və bunu elə qələmləriylə də təsdiq edirdilər ki, bu xalq möhtəşəmdir, elə böyükdür ki, o cür naqisliklər bu millətin əzəmətinə heç vaxt kölgə sala bilməz.
Bu gün və dünən cəmiyyətimizdə, mühitimizdə, varlığımızda olan əyər-əskikləri, kəm-kəsirləri, nöqsanları deyək də, yazaq da, bəyan da edək. Bu, böyüklükdür. Amma bundan daha artıq böyüklük də odur ki, nöqsanlara göz yummayaq, bu xalqın, bu məmləkətin, bu dövlətin möhtəşəmliyini də layiqincə əks etdirən səhifələri də ortaya çıxarmaqdan heç vaxt vaz keçməyək.
...Sabirin bir məharəti də, sərhədləri dəqiq görməsi və bilməsi, həm də yalnız yaxşıyla yamanın yox, yaxşıyla daha yaxşının, pislə daha pis olanın hüdudlarını da dəqiqliyi ilə duymaq qabiliyyəti idi.
Axı o, həm də tariximizdə qalan ilk jurnalistlərdən biridir. Qələmindən məhz bir jurnalist, qəzetçi kimi çıxmış məqalələri də əlimizdədir. O məqalələrdən biri ikihissəlidir və "İki oğru" adlanır. Sabir o oğruyla bu oğrunu müqayisə edir. Üzdən baxanda oğru oğrudur, o da çırpışdırıb, bu da əkişdirib, sanki eyni qələti ediblər, hər ikisinin suçu birdir.
Sabirsə həmin yazılarında oğruyla oğru arasında da fərq qoyurdu. Təsdiqləyir ki, bəli, oğurluq pis şeydi, hər oğru mahiyyətcə oğrudur, amma oğrunun da insafı-mürvəti tamam itirmişi olan kimi, abrını-həyasını hələ yerli-dibli əldən verməmişi də var. Sabir bu mətləbini həyati dəlillərlə, Azərbaycanın iki kəndində baş vermiş hadisəylə nəql və şərh edirdi. Kəndlərin adını da çəkir, mən üstündən keçirəm ki, indi də var olan o yaşayış məntəqələrindəki camaatın qəlbinə toxunmasın. Hərçənd, o hadisənin o kəndin indiki camaatına heç bir aidiyyəti yoxdur. Əhvalat o kənddə deyil, bir başqa kənddə də vaqe ola bilərdi. Amma Sabir dəqiqlik üçün, yəni bütün bunların həqiqətən baş verdiyini göstərmək üçün o yerlərin adını müxbir səliqəsi ilə yazılarında verib. Xəbər verir ki, kəndlərdən birində oğru iri külfətin sığındığı balaca, kasıbdan-kasıb bir komaya girir, bir çətən külfətin bürünüb yatdığı tək yorğanı götürüb gedir. Sabir qınayırdı və həm də yalnız bu oğrunu deyil, başqalarının haqqını baltanı dibindən çalaraq, bütün olanını əlindən alaraq soyanları töhmət edirdi ki, ay oğru qardaş, oğru olanda nə olar, insanda insaf da gərəkdir, o boyda ailənin bircə yorğanı vardı, onu da sən yağmalayıb getdin, bəs bundan sonra o biçarələr payızın soyuğunda, qışın sazağında başlarına nə çarə qılsınlar?
Və ardınca Sabir bir başqa - nisbətən üzü bəri oğrunu təsvir edir. Deyir, bu oğru qonşunun çəpərini aşıb bağa hoppanmaq, oradan gözü tutacaq nəyisə götürüb xəlvətcə aradan çıxmağı qəsd edibmiş. Ancaq çəpəri aşanda şiş çubuqlardan biri batır onun qarnına, ha əlləşir, ha çabalayır, çıxa bilmir, bu arada evin yiyəsi həyətdə görünür. Oğru köməyə səsləyərsə, həmin adam gəlib onu rahatca qurtara bilərmiş, lakin oğru utanır, qorxduğuna görə deyil, tutduğu əməlin qəbahətindən xəcalət çəkdiyi üçün səsini çıxarmır. Evin sahibi bir az həyətdə dolaşıb çıxıb gedir. Oğru da qalır qarnına girmiş həmin çubuğa ilişik halda, qanı axıb tökülür, tədricən taqəti tükənir və sabahı gün çəpərin başında cəsədini tapırlar.
Və qələmini tənqid üçün sıyıranda rəhmsiz olan Sabir bu yerdə - iki naqis hərəkəti tutuşduranda, o oğruyla bu oğrunu müqayisə edəndə mərhəmətli idi, o yerdə ki hələ ümid işığı sozalırdı, o səmtə daha şəfqətlə baxırdı.
...40 ildən də bir az əvvəl, 1982-ci ilin oktyabrında dayanmışdıq indiki Sabir bağında və həmin günün yadigarı olan ağ-qara foto elə keyfiyyətlidir ki, hər dəfə baxanda zənn edirəm sanki indi həmin anlardayam.
Məmmədsəlim Tahirli mənə bu abidənin açıldığı gündən danışırdı. 1922-ci il aprel ayının 28-dən. O vaxt artıq 10 yaşında imiş, baş verənlər olduğu kimi yadındadır. Deyir, abidəni açmışdılar, təntənəli mərasim keçirilmişdi, gözəl nitqlər söylənmişdi, uçmağa qanadımız yoxdu, evimizdə bayram idi. Ertəsi gün səhər tezdən yenə qaçdım abidəyə baxmağa, baxdıqca da sevinirdim, doya bilmirdim, həmin gün də, sabahı da hey o tərəfə qaçırdım. Növbəti gün bərk yağış başlamışdı, ancaq selləmə yağışa baxmayaraq, yenə həvəs üstün gəldi, yenə də heykələ baxmağa yollanmışdım. Gəlib çatdım, gördüyümdən dəhşətə gəldim. Abidə ovulub tökülürdü. Heykəlin açıqda yerləşəcəyini nəzərə almadan onu gipsdən düzəldiblərmiş, odur ki, elə birinci bərk yağışdan sonra bu hala düşmüşdü.
Balaca Məmmədsəlim leysanın altında yüyürür qonşuları, o çağlarda Azərbaycan hökumətinin rəhbərlərindən biri, Ali İqtisadi Şura və Xalq Komissarları Sovetinin sədr müavini olmaqla yanaşı nazir - xalq ərzaq komissarı vəzifəsini daşıyan Dadaş Bünyadzadəgilə.
"Dedim ki, Dadaş əmi, atam əriyir. O da gəldi, baxdı, gördü ki, həqiqətən, yağış heykəli əməlli-başlı zədələyib. Bu gedişlə sabaha heykəl tamam təhrif olacaq. Ona görə də bir neçə gündən sonra tədbir görməyə başladılar. Az müddət sonra həmin məkanda eyni heykəl artıq betondan ucaldıldı".
Məmmədsəlim müəllim qırx neçə il əvvəl belə yada salırdı, bu günsə o xatirə büsbütün ayrı - rəmzi düşüncələr oyadır. Sabir yaşadığı ömürlə, doğurduğu irslə lap çoxdan heykəlləşib, bu yurdun köksündə, bu millətin bağrının başında həmişə ucalacaq abidəyə dönüb. Və bundan sonra nə qədər yağışlar yağa, nə qədər qasırğalar coşa, nə qədər tufanlar qopa, o abidəyə heç nə edə bilməz. Azərbaycan insanının ruhunda və düşüncəsində böyük Sabirin əbədi heykəli həmişə vüqarla yüksələcək.
Seyl-i tən öylə təməvvüclə alıb dövr ü bərim,
Bənzərəm bir qocaman dağa ki, dəryada durar.
Nə qəm, uğratsa da bir gün məni ifnayə zaman,
Mən gedərsəmsə məramım yenə dünyada durar.
Ən qatışıq dövrlərdə, yüz cür təqiblərlə üz-üzə qaldığı, ətrafını şahə qalxan dalğalar bürüdüyü çalxantılı zamanlarda sabahlardan arxayındısa, sadəcə ümidlə deyil, inamla belə söyləyirdisə, demək, bu günləri də, vüqarla dikələn abidəsini də Sabir elə o vaxtdan görürmüş!
Akademik Rafael Hüseynov