RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ölümdən Bakıya qayıdış İyun 05, 2024 | 12:47 / Mətbuatda çıxışlar

O, elə parlaq idi ki, göz qamaşdıran bu işıq gendən görünməyə bilməzdi. Ancaq hansı daha üstün, hansı daha əngin qabiliyyətlərə sahib olduğunu, əlbəttə ki, onun özü kənardan baxanların hamısından daha yaxşı bilirdi. Dahilərin, tarixdəki müstəsnaların ömürlərini izləyib bəzən özləri haqqında təvazökarlıqdan uzaqlıq kimi qəbul edərək hansısa özünüöymələrə rast gəlsəniz, onları qınamayın. Axı heç kəs aysberqin görünməyən daha böyük qatını onların özlərindən artıq bilə bilməz.

İstedadla daşan Hüseyn Ərəblinski də agah idi ki, içərisində hələ zühur etməmiş hansı fırtınalar qaynamaqdadır. Ona görə də indi xeyli uzaqlarda qalmış günlərdə - 1907-ci ildə baş vermiş bir əhvalatı nəql etməyin yeri var. Körpümüz -olmuşların birbaşa şahidi, XX yüzilin əvvəllərinin həvəskar aktyorlarından və Ərəblinskinin silahdaşlarından olan, sonralar Azərbaycanda Əmək qəhrəmanı kimi tanınmış Murad Muradovun qələmə aldığı xatirələrdir ki, bizi Bakıdakı rus teatrında Şillerin "Qaçaqlar"ının oynanacağı axşama aparır. Ərəblinski səhnə yoldaşları Mehdi bəy Hacınski, Əbülfət Vəli və Muradı da götürərək teatrın premyeri Petrov-Krayevskinin baş rolda çıxacağı həmin tamaşaya baxmağa yollanır (XX yüzilin ilk onilliklərinin ən məşhur rus aktyoru olmuş Yevgeni Petrov-Krayevski 1875-ci il təvəllüdlü idi və mükəmməl də təhsil görmüşdü, 1989-cu ildə dram məktəbini məşhur Vladimir Nemiroviç-Dançenkonun sinfində bitirmişdi, 1899-cu ildə isə artıq Yaroslav şəhər teatrının truppasında fəaliyyətdə imiş, 1908-ci ildən Peterburq Xalq Evinin dram qrupunun aktyoru idi və 1924-cü ildə Rusiyada ilklərdən biri kimi Əməkdar artist adına layiq görülmüşdü. 1937-ci illərdə şiddətlənən siyasi repressiyaların qurbanlarından olduğu yazılan, xalqının teatr və kino tarixində silinməz izləri qalan bu görkəmli rus tragiki bir ara Bakıdakı rus teatrında da bir-birindən cazibəli surətlər yaratmışdı. Yəni bu qafilədən olan, mükəmməl məktəb görmüş güclü rus aktyorları və rejissorlarının o zaman Bakı teatrları ilə əməkdaşlığı, şəksiz ki, səhnəmizin və sənətkarlarımızın inkişafı üçün bir töhfə idi. Xatirələrin anlatdığı bir həqiqət də budur ki, teatrla bağlananlarımız XX yüzilin başlanğıcında bu münasib girəvədən bəhrələnməyə həvəslə can atırmışlar).

Murad Muradov yada salır ki, onlar həmin günlərdə Qoqolun "Evlənmək" pyesini hazırlayırlarmış, məşqləri rus rejissoru Valentinov aparırmış və "Qaçaqlar"ı seyr etmələrinin sabahı arada həmin tamaşa ilə bağlı söhbət edirlərmiş, Ərəblinski inamla Valentinova deyir ki, mən Frans rolunu Krayevskidən pis oynamazdım.

Bu, yetərincə dikbaş iddia idi və artıq Ərəblinskinin qabında nələr olduğuna bilavasitə iş gedişatından bələdliyindən Valentinov əsla ifrat özündənrazılıq kimi qəbul etmir. Qayıdır ki, yaxşı olardı bu əsəri siz də tamaşaya qoyasınız, amma kim tərcümə etsin? Mehdi bəy Hacınski dərhal: "Mən edərəm!" - deyə əsəri dilimizə çevirməyi öhdəsinə götürür və Ərəblinski ilə Valentinovun müştərək rejissorluğu ilə "Qaçaqlar" ilk dəfə Azərbaycan səhnəsinə çıxır. Frans Ərəblinski olur, Kralı Hacınski oynayır, təfərrüatları bizə çatdıran Muradovsa Şpigelberqi ifa edir. Şahid Muradovun bu ikicə cümləsinin çəkisi çox ağırdır: "Tamaşa gözəl keçdi. Fransın rolunu Ərəblinski böyük usta kimi apardı. Petrov-Krayevski gəlib onu təbrik etdi".

İftixar edin, əziz vətəndaşlarımız. Bu, heç bir teatr məktəbi görməmiş, yolunu çətinlikləri adlaya-adlaya yeni-yeni irəliləyən milli teatrımızın gənc artistinin müstəsna hünəri idi ki, yaxşı məktəb, böyük səhnələr, bir-birindən qüvvətli aktyorlar görmüş məşhur rus sənətkarı Petrov-Krayevski onun qüdrətini etiraf edirdi. Petrov-Krayevski Azərbaycan dilini bilmirdi, bizim aktyorların hazırladığı "Qaçaqlar"a baxmağa gəlmişdisə, bu, ya rejissor Valentinovun, ya Ərəblinskinin, ya da elə hər ikisinin birgə dəvəti idi. Valentinov Petrov-Krayevskinin də Fransını görmüşdü, ondan pis oynamayacağını bəyan edən Ərəblinskinin də sözü yadında idi, tamaşanı özü hazırladığından öncədən bilirdi ki, Ərəblinskinin təqdim edəcəyi rol hansı səviyyədədir, ona görə nəticə sarıdan irəlicədən arxayın idi. Nəticə də bu idi ki, dili bilməyə-bilməyə əsl peşəkar olaraq məşhur rus tragiki cavan Azərbaycan tragikinin istedadı qarşısında baş əymişdi!

Ancaq bununla bitmir. Ərəblinskinin məhəlli çərçivələrə sığmadığı, onun yalnız Azərbaycan deyil, teatr həyatı o çağlarda xeyli irəli getmiş Rusiyanın, Avropanın səviyyəsində qüdrətə malik aktyor olması haqda həmin Murad Muradovun başqa bir xatirəsi də qalıb. 1910-cu ildə üç illik hazırlıqdan sonra Azərbaycan səhnəsində ilk dəfə "Otello" oynanmışdı. Rollar hələ 1907-ci ildən bölünübmüş və baş rolda çıxacaq Ərəblinski məşqlərin getdiyi üç il ərzində dövrün məşhur artistləri, o çağlar Bakıdakı rus teatrında mütəmadi çıxış edən və rus səhnələrində Otellonun ən mahir ifaçılarından sayılan Mamont Dalski (əsl soyadı - Neyelov. 1865-1918-ci illər arası yaşamış bu görkəmli aktyor Rusiyanın məşhur Aleksandr adına İmperator Teatrında aparıcı artistlərdən olmuşdu, XX əsrin əvvəllərindən etibarən bir çox əyalətlərə qastrollara getmiş, bir müddət Bakıda da çalışmışdı), Yevgeni Petrov-Krayevski, Konstantin Şorşteyn (doğum tarixi bəlli olmayan bu məşhur rus aktyoru Dalski kimi hüquq təhsili alsa da, səhnəni seçmiş, 1922-ci ilədək davam edən həyatını teatra bağlamışdı. Yolunu Voronej Dram Teatrından başlayan Şorşteyn sonralar Rusiyanın bir çox səhnələrində çıxış etmiş, Orta Asiyada ilk rusdilli dram teatrını qurmuş, Bakıda da fəaliyyət göstərmişdi), Robert Adelheym (Robert və Rafael Adelheymlər iki qardaşmışlar və onların Bakıdakı çıxışlarından unudulmaz Əfrasiyab Bədəlbəyli heyranlıqla danışar, misilsiz başqalaşma istedadlarını xüsusi vurğulayardı. Robert 1860-1934, Rafael 1861-1938-ci illər arası yaşadı. Hər iki məşhur qardaş 1888-ci ildə Vyana Konservatoriyasını dram teatrı sinfi üzrə əla bitirmiş, Avstriyanın, Almaniyanın, İsveçrənin bir çox teatrlarında işlədikdən sonra 1890-cı ildə Rusiyaya qayıtmış, rus teatrı tarixinə parlaq imzalar atmağa müvəffəq olmuş, Bakıda da vaxtaşırı çıxışlar etmişlər) bu rolu necə yaratmalarını diqqətlə izləmişdi. Bunu da Murad Muradov təsdiqləyir, çünki Ərəblinskinin o qəbil tamaşalara çox zaman özüylə apardığı digər aktyor yoldaşlarının arasında o da olarmış: "Üç ilin ərzində bunlar kimi bir çox artistlərin oyununa tamaşa elədik. Hüseyn onların bütün oyun xüsusiyyətlərini nəzərdən keçirirdi. Ancaq 1910-cu ildə bu rolu bütün öz fikri ilə, öz mizanları ilə oynadı".

1910-cu ilin o payız günü dünyagörmüş ədib Nəcəf bəy Vəzirovu kövrəldəcək qədər köksəsığmaz fərəhlə doluymuş. Tamaşaçılar o qədər riqqətə gəliblərmiş ki, sadəcə alqışlamaqla ürəkləri soyumurmuş, hələ tamaşa bitməmiş minnətdarlıqlarını ifadə etməkçün pərdə ardına gəlibmişlər. Bunlar Murad Muradovun gözləri qarşısında baş vermişdi: "Bu əsərin tamaşasına Bakıda olan rus, erməni artistləri gəlmişdilər. Bütün yerli qəzet müxbirləri, ziyalılar, Haqverdiyev, Nəcəf bəy Vəzirov və qeyriləri də burada idilər. Üçüncü şəkildən sonra bu adamların çoxu səhnə arxasına gəldilər. Nəcəf bəy ağlayırdı, əlində dəsmalı göz yaşını silirdi. "Yaşayın-yaşayın!" deyə qrim otağına daxil olub Hüseyni qucaqladı və onun üzündən öpdü. Hüseynin üzü qara rənglə qrimlənmişdi. O rəng Nəcəf bəyin dodağına keçdi. O, ağ dəsmalı ilə dodağındakı rəngi sildi".

Mən çox arzulayıram ki, var olduğu bütün müddətcə müxtəlif künclərə qısılmış, indiyədək də öz şərəfli və zəngin irsinə layiq ayrıca binada yerləşməyən Azərbaycan teatrı muzeyinin haçansa özünə yaraşan əzəmətli iqamətgahı olacağı günlərdə üstü qara ləkəli bir ağ dəsmal ekspozisiyada ən görümlü yerdə qərar tutsun. Gələnlərin, qarşısında dayanaraq, millətin mədəniyyət tarixindəki bəxtiyar bir hadisəni göz yaşları ilə qarşılayan, teatrımızın təməl qoyucularından olan Nəcəf bəyi, qocaman ədibə və xalqa zamanında belə hüdudsuz sevinclər bağışlamağı bacarmış Ərəblinskinisayğı və məhəbbətlə, salam və rəhmətlə anmaq üçün!

Tamaşa günü "Teatralnoye obozreniye" jurnalı yazmışdı ki, müsəlman artistləri tərəfindən "Qaçaqlar" və "Müfəttiş"in oynanması Avropa səhnəsinə sübut etdi ki, gənc olsa da, müsəlmanlarda da lazımi səhnə qüvvələri vardır. Bu həqiqət oktyabrın 29-da Tağıyev teatrında "Nicat" cəmiyyətinin artistləri tərəfindən Haşım bəy Vəzirovun tərcümə etdiyi "Şekspir "Otello"sunun oynanması ilə təsdiq edildi".

Həmin Valentinov ki Ərəblinskinin cəsarətlə sinəsinə döyərək "Fransı Petrov-Krayevskidən pis oynamaram" sözlərini eşitmişdi, aktyorun vədinə necə əməl etdiyinə də şahid kəsilmişdi və indi də onun Otellosunu görürdü və içərisində bu Otellonu qabaqlar tamaşa etdikləri ilə tutuşdururdu, 1910-cu ilin 29 oktyabr axşamında həddən ziyadə təsirlənibmiş. O həyəcanlı anlarında nə söylədiyini də tarix üçün yenə Murad Muradovun xatirəsi qoruyub saxlayıb: "Hüseyn, əgər mənim imkanım olsaydı, səninlə hər yanı gəzər və bütün sənət aləminə Otellonu necə oynamaq lazım gəldiyini göstərərdim".

Görən, o məşhur rus aktyorlarından hansısa Ərəblinskinin Otellosuna baxmışdımı? Bu barədə köhnə mətbuatda və xatirələrdə bir soraq tapmırıq. Amma bundan az əvvəl - 1908-ci ildə rus premyeri, üstün Otello ifaçılarından olan Şorşteynin başqa bir etirafı olmuşdu. Rus artisti S.Lanskoyun süjetini Dağıstan həyatından alaraq yazdığı "Hürriyyət uğrunda qəzavat" pyesi Bakıda rus teatrında oynanıbmış və baş surəti - Əhməd bəy Şamxalı o zaman Azərbaycanda işləyən Şorşteyn ifa edibmiş. Murad Muradov yazır ki, birinci tamaşaya yenə Hüseynlə birgə getmişdik və baxandan sonra Ərəblinskinin sözü bu oldu ki, yox, Əhməd bəyin rolunu belə oynamaq olmaz, mən bu rolu ayrı cür oynayardım".

Elə sabahı günü pyesi Lanskoydan alıb Əbdürrəhim bəy Haqverdiyevə çatdırır ki, tərcümə etsin.

Və 1908-ci il noyabrın 28-də şəhər teatrında "Nicat" dram artistləri Ərəblinskinin rejissorluğu və baş rolda oyunu ilə "Qəzavat"ı göstərirlər.

Murad Muradov xatırlayır ki, premyera gecəsi Şorşteyn və tanınmış rus aktrisası Azarevskaya tamaşaçılar arasındaymış və Şorşteyn pərdə son dəfə bağlanınca gəlir səhnə arxasına: "Cənab Ərəblinski, Əhməd bəy rolunu necə yaratdığınıza görə mən sizin qarşınızda təzim etməliyəm. Siz bu rolu məndən qat-qat yaxşı oynadınız. Bir çox momentləri və hərəkətləri mən sizdən öyrənməli və oyunuma əlavə etməliyəm".

Bir daha təkrarlayıram ki, Şorşteyn XX yüzilin əvvəllərində Rusiyanın ən adlı-sanlı aktyorlarından idi və bu qiymətvermənin də mənası çox dərindir.

...Teatr ömrü boyunca səhnələrdə Hüseyn Ərəblinski çox surətlər yaradıb. Amma bəlkə də öz sözü ilə demək daha dəqiq olardı. Onun söylədiyidir ki, "səhnədə oynamazlar, səhnədə yaşayırlar". Ona görə də Ərəblinski səhnədə həmin surətlərin hər birini yalnız yaratmayıb, həm də yaşayıb. Amma bu silsilədə bir obraz da var ki, onun yanından sakitcə keçmək olmaz.

1914-cü il dekabr ayının 21-də iki müxtəlif qəzetdə - "İqbal"da və "İqdam"da iki yazı çıxıb, hər ikisi də eyni tamaşa haqqındadır. Dekabrın 19-da Tağıyev teatrında Şəmsəddin Sami bəyin "Gave-yiahəngər"i oynanmışdı. Bu, Firdovsinin "Şahnamə"sindən alınmış bir süjetdir ki, ahəngər -dəmirçi Gavə döşlüyünü çıxararaq bayrağa döndərmiş, xalqı ardınca apararaq güclü bir etiraz hərəkatına rəhbərlik etmişdi. Yəni mahiyyətcə "Gave-yiahəngər" inqilabi əsər idi və "İqbal" qəzeti də xəsislik etmədən Hüseyn Ərəblinskinin bu ifası haqqında əvvəllərdə oynadığı rollardan da daha yüksək tərifləri yağdıraraq qeyd edirdi ki, əgər əsərin müəllifi Şəmsəddin bəy tamaşanın getdiyi əsnada zalda olsaydı, Hüseyn Ərəblinskinin ifasını görsəydi, Gavəni belə görüb yazmış olduğunu mütləq etiraf edərdi.

Və qəzet həmin məqaləni belə tamamlayırdı ki, tamaşa çox parlaq keçdi, bundan gözəlini tələb eləmək olmaz.

"İqdam" qəzetinin məqaləsi də valeh təəssüratı bölüşərək yazırdı ki, Hüseyn Ərəblinski o qədər roluna girmişdi ki, səhnədə bir qızmış pəhləvana bənzəyirdi, hətta hiddətindən ağzı belə köpüklənməkdə idi.

Həmin tamaşada Pərviz surətini yaratmış Abbas Mirzə Şərifzadənin oyununa da qəzet yüksək qiymət verirdi: "Şərifzadə cənabları öhdəsinə aldığı rolu o qədər gözəl və o qədər mahiranə oynadı ki, Avropa səhnəsi görmüş bir artist haman rolu ancaq Şərifzadə kimi oynaya bilərdi".

Hüseyn Ərəblinski, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Hüseynqulu Sarabski və o çağın digər böyük aktyorlarının heç biri xüsusi teatr təhsili almamışdı və hazırlıqlı tamaşaçıları da, mütəxəssisləri də, kənardan gəlib onları seyr edən tanınmış rejissorları, aktyorlarıda mat qoyan o idi ki, belə kamilliyə yalnız istedadla yetişmək mümkünsüzdür. Və tam haqlı idilər! Allahın bəxş etdiyi vergi, fitri qabiliyyətlər, ilham öz yerində, ancaq bu fədakarlar gecə-gündüz usanmadan çalışırdılar. Hüseyn Ərəblinski də və o çağın "Ərəblinskilər" adlandırıla biləcək digər fədakar aktyorlarının coşqun istedadı alın təriylə yoğrulmasaydı, belə zirvələrə yetilməzdi!

...XIX əsrin sonları, XX yüzilliyin əvvəlləri həm də Azərbaycan kinosunun yaranıb inkişafa başladığı çağlardı. Bu, iftixar edilməli bir tarixdir ki, 1895-ci ildə Parisdə Ogüst və Lui Lümer qardaşları kinematoqrafı ixtira edəndən üçcə il sonra - 1898-də artıq Azərbaycanın özünün kinosu var. 1916-cı ildə isə Azərbaycanın ilk bədii filmi də yaranır. İbrahim bəy Musabəyovun povesti əsasında çəkilmiş "Neft və milyonlar səltənətində"də (rejissor Boris Svetlov) baş rolda (Lütfəli bəy) Hüseyn Ərəblinskidir. Doğrudur, kino hələ lal idi və Hüseyn Ərəblinskinin də bir aktyor kimi ən qabarıq güclərindən biri elə onun səsi idi. Ancaq o ilk səssiz Azərbaycan bədii filminə baxanlar lal kadrlar arxasından Ərəblinskinin sirayətedici səsini də eşidirmişlər. Həm məcazi mənada - çünki bu doğma səs artıq səhnələrdən əksəriyyətin beyninə hopmuşdu, amma həm də elə müstəqim anlamda - maestro Niyazinin anası Böyükxanım bir dəfə Zülfüqar bəylə həmin filmə baxdıqlarını, o gün Hüseyn Ərəblinskinin də, Cabbar Qaryağdıoğlunun da, Qurban Pirimovun da orada olduqlarını, Cəlil bəyin toy səhnəsinin səssiz kadrları görünəndə (bu anın fotosu da qalır) xanəndənin oxuduğunu, müəyyən hissələrdə isə Ərəblinskinin ayrı-ayrı parçaları söylədiyini unutmamışdı.

XX əsrin əvvəllərində yaranan, dönə-dönə maraqla baxılan səssiz filmlərimizdən biri də "Qız qalası" idi. Rejissor Vladimir Ballyuzekin 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində çəkdiyi və 1924-cü ildə ekranlara çıxan bu film doğulanda çoxdan idi ki, Ərəblinski həyatda yox idi. Həmin kinoşəkildə baş rolda o illərin ən məşhur teatr və kino aktyorlarından biri, əslən İstanbuldan olan Vaqram Papazyan çəkilmişdi. O, İstanbuldan Parisə köçərək bir müddət orada yaşamış, teatrlarda uğurla oynamış, qabil aktyor kimi ad çıxarmışdı və 1907-ci ildə Fransadan da ayrıldı, bir ara Azərbaycanda yaşadı, sonra da digər Qafqaz respublikalarında. Yeganə aktyordur ki, hər üç Qafqaz respublikasının Xalq artisti adına layiq görülmüşdü və eyni zamanda da SSRİ Xalq artisti idi. Zamanının çox şöhrətli sənətkarı olmuş, yalnız Sovet İttifaqında deyil, sərhədlərin qapalı zamanlarında da bir çox xarici ölkələrdə böyük sənətkar kimi adı dillərdə dolaşmış o erməni aktyoru bu yerdə anmağımıza səbəb onun Hüseyn Ərəblinski ilə bağlı xatirələridir. Təmaslarından 30-40 il sovuşandan sonra da onun Ərəblinskini necə məftunluqla xatırlaması düşündürücüdür. Yazırdı ki, 1907-ci ildən - Bakıya gəldiyim ilk vaxtlardan lap əvvəlinci tanış olduqlarımdan və tanış olduğum gündən də heyran qaldıqlarımdan birincisi Hüseyn Ərəblinski idi. Bildirirdi ki, sonralar Azərbaycan səhnəsinin bir güclü aktyorlarını görsə, onların xeylisi ilə eyni səhnəni bölüşsə, tərəf-i müqabil olsa da, Ərəblinskini Azərbaycan teatrının bir nömrəli aktyoru sayır. "Bu qəşəng gəncin ürəyi odlu lavaya bənzəyirdi. Mənim ən yaxın dostum və əzizim olan Ərəblinski zamanın amansız qanununa - qocalığıma baxmayaraq, indi də xatirimdədir. Onun Fransı və "Hamlet"dən bəzi səhnələr nadir ifaçılıq sənəti və aktyorun obraza necə nüfuz etməsi kimi müsbət keyfiyyətlər mənim xatirimdə dərin iz buraxmışdır. Ondan sonra Azərbaycan səhnəsində çox uğurları görüb sevinmişəm, çoxları ilə dostlaşmışam, onlardan heç birini unutmamışam. Amma Ərəblinskini doğma sənət qardaşım kimi qəlbimin dərinliyində yaşadıram".

Hüseyn Ərəblinskini tanımışların, görmüşlərin hamısı, sözləşiblərmiş kimi, onu "qeyri-adi aktyor" adlandırmışlar. Sıravi tamaşaçıların belə heyrətlə dəyərləndirməsi təəccüblü deyil. Ancaq Ərəblinski o nadirlərdən idi ki, ona istisnasız olaraq bütün sənət yoldaşları da, böyük sənətkarlar da heyran idilər. Sultan Məcid Qənizadə hələ müəllimlik etdiyi cavan çağlarında Hüseynbalanın əlindən yapışıb onu səhnəyə gətirən adam idi. Nağıl edirdi ki, 1905-ci ildə işləriylə əlaqədar köçüb Tiflisə gedəndən sonra xeyli müddət Ərəblinskini nə səhnədə görüb, nə də haqqında yazılanları oxuyubmuş, 1908-ci il martın 26-da Azərbaycan teatrı Tiflisə qastrola gələrək Kazyonnı teatrda tamaşalar verəndə ilk göstərdikləri "Ağa Məhəmməd şah Qacar" olur. Boynuna alırdı ki, teatrdan başı çıxan şəxs kimi "Ağa Məhəmməd şah Qacar"ın nə təhər mürəkkəb əsər olduğunu, həm də burada hansı tələbkar auditoriya qarşısında nümayiş etdiriləcəyini bildiyindən ifanın bəlkə də yaxşı alınmayacağına içərisində müəyyən şübhələr yaranıbmış. Bunu da açıq yazırdı ki, başlanğıcdan daxilən əks fikrə köklənmişdim.

Fəqət baxmışdı və səhnədə cərəyan edənlər onda büsbütün başqa qənaət oyatmışdı: "Hüseynin bu rolu lazımınca oynayacağını güman etməzdim. Ona görə də tamaşaya tənqid nəzəriylə baxmağa mail idim. Lakin səhvdə olduğumu iqrar etməli oldum. Əvvəllərdə gördüyüm napüxtə (yetişməmiş, bişməmiş -R.H.) Hüseyn indi sənətdə mahir və ifadədə təmkinli bir aktyor idi ki, onun haqqında təhsindən savay bir sözüm yox idi".

Sultan Məcid Qənizadə yada salırdı ki, sabahı gün Hüseyn mənim yanıma gəlmişdi, gileylənirdi ki, qohum-əqrəbası onu çox incidir, səhnəyə çıxmasına, aktyorluq etməsinə görə ondan çox narazıdırlar, ona həqarətlə "bığıqırxıq" deyirlər.

Sultan Məcid Qənizadə ədəbiyyata, dramaturgiyaya, teatra dərindən vaqif idi, təkcə yaxşı ilə pisin yox, yaxşıyla daha yaxşının fərqini incəliklə duyan idi.

Azərbaycan teatrının Tiflisdə qastrolda olduğu günlərin növbətisində yenə həmin Kazyonnı teatrda aktyorlarımız "Qaçaqlar"ı göstərmişdilər. Ərəblinski bu dəfə Karl Mooru oynamışdı. Həmişəki kimi suflyorsuz, hər zamankı sayaq ürəklə, şövqlə ifa etmişdi. Və Sultan Məcid Qənizadə qiymət verirdi. Təsdiq edirdi ki, "nəhayət əzəmətlə oynayırdı", hayıl-mayıllıqla, həm də bir müəllim fəxri ilə "Mübaliğə hesab olunmasa, deyə bilərəm ki, səhnə məktəbi və ya sair bir studiya görməmiş bir azərbaycanlı oğlu alman dahisinin nəqşiyyəsini Qərb artistlərinin çoxundan doğru oynamağa müvəffəq olurdu".

Beləcə, Hüseyn Ərəblinski göz qabağında durmadan yüksəlişdə idi. Ancaq elə lap əvvəldən də onu löyün-löyün qaratikanlar, qart qanqallar əlini-ayağını dalamaqla müşayiət etməkdə idi. Belə fitnəkarlıqların ən iyrənclərindən biri 1908-ci ilin noyabrında törədilmişdi. Ərəblinskinin aktyor həyatında əlamətdar bir hadisə gözlənilirmiş - ilk dəfə benefisi təşkil olunurmuş. Şeyx Şamil və silahdaşlarının çarizmə qarşı mübarizələrindən bəhs edən "Qəzavat"ın tərcüməçisi Əbdürrəhim bəy bir para başqa səbəblərlə bərabər, elə yaxınlaşan benefisi də nəzərə alaraq əlyazmanı aktyora təqdim edəndə yuxarı başdan bir cümlə də artırmışdı ki, "Hüseyn Ərəblinskiyə ithaf olunur". Tamaşa Hüseyn Ərəblinskinin həm rejissoru, həm aktyoru olduğu "Nicat" Maarif Cəmiyyətində hazırlanırdı, lakin haradansa bir mərdimazar pırtlayıb ortaya çıxır və götürüb Bakıda yaşayan ləzgilərə məktub göndərir ki, Şeyx Şamilin əleyhinə olan, onu ifşa edən bir əsər tamaşaya hazırlanır, ayıq olun. Bu bədxahlığı edən də oçağkı Bakı mətbuatında qərəzli yazıları ilə tez-tez könül bulandıran Mustafa bəy Əlibəyov imiş. Bakıda yaşayan bir dəstə nüfuzlu, hörmətli ləzgi həmin məktubu alınca hiddətlənərək üz tutmuşdular "Nicat"a. Ərəblinski onları təmkinlə qarşılayır, quruca izahlardansa təklif edir ki, əyləşsinlər, indicə başlanacaq məşqə baxsınlar. Ağsaqqal-qarasaqqal ləzgilərdən kimlər gəliblərmişsə oturub tamaşa edirlər, təsirli yerlərdə ağlayırlar və onlara göstərilən hissələr tamamlanınca ayağa qalxıb öz dərin təşəkkürlərini bildirirlər. Ərəblinski ləzgilərdən soruşur ki, burada Şeyx Şamil həzrətlərinə toxunan bir şey varmı? Birağızdan cavab verirlər ki, "Yoxdur, əsla yoxdur" və başlayırlar israr etməyə ki, "Qardaşlar, deyin görək, biz sizə nə bağışlayaq?"

Bu macəra mətbuata da çıxır və ləzgilərin seyr elədikləri məşqdən nə qədər məmnun qaldıqları "Tərəqqi" qəzetinin ayrıca məqaləsində də əksini tapır. Bu minvalla benefisə qanqaraçılığı qata biləcək təhlükənin qarşısı alınır.

"Tərəqqi" qəzeti 1908-ci il noyabr ayının 26-da xəbər verirdi ki, bu axşam "Nicat" cəmiyyəti xətti ilə Tağıyev teatrında Hüseyn Ərəblinskinin benefisi olacaq, "Qəzavat" oynanacaq. Qəzet əvvəlcə Hüseyn Ərəblinskinin tərcümeyi-halını verir, onun sənət yolundan bəhs edir və əlavə edirdi ki, dünyanın qabaqcıl ölkələrində mədəni xalqlar bu cür müqtədir sənətkarların benefislərini əsl xalq bayramına çevirir, toplanan vəsaitin böyük hissəsini də həmin aktyora hədiyyə edirlər. Ona görə də qəzet əhalini axşamkı benefisdə zalı tamaşaçı ilə doldurmağa səsləyirdi.

Benefis baş tutmuşdu, tamaşa uğurla oynanmışdı və sonrakı günlərdə mətbuatda - "Tərəqqi"də, "Bakinskaya Exo"da, "Tərcüman"da və digərlərində təqdirli yazılar dərc edilmişdi, "Qəzavat" tamaşası bütövlükdə və rejissor işi, ayrı-ayrı aktyorların ifası bitdə-bitdə təhlil edilirdi. Xəbislərin pəl vura bilmədiyi bayram alınmışdı və bu təntənədə mətbuatın məxsusi payı vardı.

Bu gün həmin əyyamların - XX əsrin əvvəllərinin mətbuatını qaldırıb teatr xəbərlərini oxuyanda istər-istəməz nigaran düşüncələrə də dalmalı olursan. Saralmış qəzetləri vərəq-vərəq çevirirsən, elə bir tamaşa yoxdur ki, hər dəfə onun barəsində bir neçə yazı dərc edilməsin. Məqalələr fərqlidir - dərini var, dayazı var, ədalətlisi, bəzən insafsızı gözə dəyir, hansındasa təhlillərdəki peşəkarlığa söz ola bilməz, hansılarındasa qərəz sezilir. Lakin əsas olan budur ki, mətbuat teatra biganə deyil, hər qəzet, jurnal öz bacardığı səviyyədə çalışır ki, tamaşaların, aktyorların qiymətini versin. Bu illərin qəzetləri ona da şahidlik edir ki, hətta aktyor qüdrəti yekdilliklə qəbul olunan Hüseyn Ərəblinski kimi nəhəng haqqında da heç də həmişə yalnız müsbət yazılar dərc edilməyib. Tutaq ki, "Nadir şah" oynanıb, üzdən təsvir edib keçmirlər, hər məqam ətrafında gəzişirlər, diqqət edirlər ki, Ərəblinski ilk pərdələrdənecə oynayırdı, son pərdələrdə necə idi. Bəzən əvvəlki pərdələrdə olan ifa təriflənir, aktyor göylərə qaldırılır, amma son pərdədə oyunun nisbətən sönük olduğu da nəzərdən qaçırılmır, işarə edilir ki, sanki bu, həmin Ərəblinski deyildi. O çağın qəzetlərində belə rəylər də var ki, suflyordan istifadə etməməyi özü üçün bir xətt olaraq tutmuş Hüseyn Ərəblinskini hansı tamaşadasa mətni yaxşı mənimsəmədiyinə görə qınayır. İnsandır, əlbəttə, ola bilərdi ki, təzə əsərmiş, aktyorun vaxtı çatmayıbmış, ya ayrı səbəblər ucbatından hələ mətni yaxşı əzbərləyə, həzm edə bilməyibmiş. Mətləb budur ki, mətbuat güzəştə getmir, aktyoru daim məsuliyyətli, səfərbər olmağa vadar edir ki, gendən baxan tələbkar gözlər var, bir ləhzə də sustalmaq, tempdən düşmək olmaz. Qəzetdə özü haqqında, öz ifası barədə müsbət bircə cümlə oxuyanda aktyor fərəhlənirdi, ikiqat ilhamla növbəti tamaşaya hazırlaşırdı. Tənqidlərsə onları özlərini yığışdırmağa, növbəti tamaşalara daha ciddi hazırlaşmağa səsləyirdi. Mətbuat bir barometr kimi idi, səmtləndirici, yolgöstərici idi. Üstündən 100 ildən artıq bir zaman keçib, inkişaf edərək haralara gəlib çatmışıq! İndi teatrlarımız çox, hər teatrımızda da nə qədər aktyor. Qəzetlərimiz, saytlarımız da kefin istəyən qədər. Ancaq mətbuatın teatra, sənətə bir əsr əvvəlki diqqəti ilə indikini heç müqayisə etməkmi olar?!

Aktyorun, sənətkarın dərmanı, vəcd qaynağı alqışdır. Mətbuat o alqışın bir çeşididir, bəlkə daha təsirli, daha vacib bir növü. XX əsrin əvvəllərinin mətbuatı, o yazılanlar olmasaydı, bu gün biz Ərəblinski və məsləkdaşlarını belə yaxından, belə aydın görə bilərdikmi?!

O köhnə aktyorlar zümrəsindən olan Əlabbas Rzayev də vardı. Ömrünün axırınacan həmin çağlarda çıxmış "Qafqaz" qəzetinin bir nömrəsini əziz yadigar kimi saxlayırdı. Orada heç adı da yox idi, amma orada özünün olmasını ki bilirdi! Söyləyirdi ki, Tiflisdə tamaşa oynayırdıq, sonra "Qafqaz"da Hüseyn Minasazovun bu haqda məqaləsi dərc edildi. Tamaşanı bütövlükdə tərifləyirdi, yazmışdı ki, Hüseyn Ərəblinski də yaxşı oynadı, amma qəribədir ki, onun danışığında Bakı ləhcəsi aşkarca hiss olunurdu, gərək belə olmayaydı.

Əslində Hüseyn Ərəblinskinin nitqi həmişə təmiz ədəbi dildə olar, ifasında zərrəcə şivə duyulmazmış, başqalarının da ifasında belə məsələlərə hədsiz vasvasılıqla yanaşanmış. Əlabbas Rzayev bu qəzeti ona görə saxlayıbmış ki, həmin sözlər əslində onun haqqında idi. Xatırlayır ki, həmin tamaşada Ərəblinski rejissor idi, heç səhnədə deyildi, rolu mən oynamışdım, afişada da adım "Avarski" kimi yazılmışdı, yəqin, qəzetdəki yanlışlığa da səhnə təxəllüslərinin səslənişindəki oxşarlıq bais olubmuş.

Beləcə, hətta yanlışlıq ucbatından adı qəzetə düşməyəndə də, söhbətin ondan getdiyini bilən aktyor o illərin yazılı sənədi olan qəzeti təbərrük kimi qoruyub saxlayırdı. Çünki bunların hər biri ömür qəlpələri, yaşanmış mübarizəli həyatın səhifələri idi.

...Ərəblinskinin çox gur, təlqinedici, aydın səsi varmış. Böyük arzusu imiş ki, bu səs yalnız Azərbaycan səhnələrindən ucalmasın. O dövrdə Rusiyanın müxtəlif şəhərlərində məşhur teatrlar, o teatrlarda çalışan bir-birindən qüdrətli aktyorlar vardı. Ürəyindən keçirmiş və bunu da çox dostlarına söyləyirmiş ki, rus aktyorlarla birlikdə həmin teatrlarda oynamaq, daha da tərəqqi edib kamilləşmək istəyir. Özündən daha cavanlara, səhnəyə yeni gələn gənclərə tövsiyə edərmiş ki, ruscanı yaxşı öyrənin. Deyirmiş ki, mən ruscanı daha yaxşı bilsəydim, çoxdan o teatrlarda oynayardım, böyük aktyorlarla bir yerdə işləməklə təcrübələrim, biliklərim, qabiliyyətlərim daha da cilalanardı. Gerçəkdə Ərəblinskinin ruscası rəvan idi və rusca yazışmalarında da bu dili gözəl bildiyi görünməkdədir - həmin məktubları qəşəng xətlə, sağlam ruscada yazıb, rusca danışığı sərbəstmiş. Ancaq özünə qarşı tələbkarlığı elə yüksək idi ki, səhnədəki nitqini bütün xırdalıqları ilə bir xalis rusun gözəl tələffüzü səviyyəsinə çatdırmağı umurmuş.

...Səhnədə olduğu müddətdə Hüseyn Ərəblinski dəfələrlə ölüm təhlükəsi ilə üzləşmişdi. Bir sürü nadan və rəzil onu həyatdan götürəcəkləri ilə hədələyirdi. Qorxutmağa çalışırdılar ki, teatrdan aralansın, səhnəyə çıxmasın, aktyorluq eləməsin. Aktyor yoldaşlarının birinin xatirəsi qalır. Deyir, günlərin birində Ərəblinskigilə getmişdim. Güzgünün aşağı hissəsində divarda bir ovuq gördüm, soruşdum ki, bu nədir? Dedi ki, güllə atmışdılar, məni öldürmək istəyirdilər, onun çapığıdır qalıb.

Bu və buna bənzər ölüm təhlükələri ilə dəfələrlə göz-gözə gəlmişdi, amma 1913-cü ilin avqustunda həyat onu daha ağır sınağa çəkir. Bu dəfə gerçək ölüm təhlükəsi qarşısında qalır və daha buna məhəl qoymamaq mümkün deyildi. Ayrı-ayrı kəmşüur insanların hərbə-zorbalarını qulaqardına vura bilərdi. Ancaq budəfəki "hədə" elə həddə idi ki, ona laqeyd qalmaq olmazdı. Bu, təbiətin vahiməli hədəsi idi. O, vərəm xəstəliyinə tutulmuşdu.

1913-cü il avqust ayının 21-də "Səda-yi həqq" qəzeti narahat məqalə dərc etmişdi: "Səhnə qurbanı".

Və bu adın özündə artıq bir ümidsizlik vardı. Həqiqətən də, vərəm o dövrdə ən dəhşətli xəstəliklərdən sayılırdı. Nəinki XX əsrin əvvəlində, hələ sonrakı bir neçə onildə də vərəm nicatsız azarlar sırasında idi. Babat imkanın olmasaydı, güclü müalicə alıb gen-bol qidalanmasaydın, vərəmin səni aparması labüd idi. Nə qarın dolusu yemək üçün cibində pul vardı, nə müalicə almaq üçün yetərli vəsaiti. Yardım edən, güclü bir dəstək verən olmasa, əlbəttə ki, xəstəlik axırına çıxacaqdı.

"Səda-yi həqq" qəzeti məlum Ərəblinskini bir dətanıdırdı. Yazırdı ki, Hüseyn Ərəblinski yaxşı aktyorların Avropada çatdığı səviyyəyə yetişmiş bir sənətkardır. Qəzet xalqa üz tuturdu, millətin kömək etməyə gücü çatanlarına səslənirdi ki, Ərəblinskiyə dar macalda yardım eləmək lazımdır. Yazırdı ki, Hüseyn Ərəblinski indi Suxumda, ya Abastumanda yaxşı müalicə olunarsa, əlbəttə ki, sağala bilər. Ona görə də imkanlı adamlar köməyini əsirgəməsin.

Bu həyəcanlı günlərdə digər qəzetlər də, Azərbaycan ziyalılığı da səs-səsə vermişdilər. "İqbal" qəzeti də bir daha Ərəblinskinin kimliyindən söz açırdı. Onun Azərbaycan səhnəsi və Azərbaycan mədəniyyətində, Azərbaycan insanlarının gözünün açılmasında hansı böyük xidmətləri olmasından ətraflı bəhs edirdi. "İqbal" qəzeti 1913-cü il 25 avqust sayında yazırdı ki, Hüseyn Ərəblinskinin Abastumanda, ya Suxumda müalicə alaraq tamam sağalmasından ötrü 700 manat pul lazımdır. Xeyriyyə cəmiyyətlərinə, qeyrətli azərbaycanlılara sual eləyirdi ki, doğrudanmı bir böyük sənətkarı xilas etmək üçün bu vəsaiti tapmaq mümkün olmayacaq? Növbəti sayında "İqbal" qəzeti həmin mövzuya bir də qayıdırdı. Yazırdı ki, bizim biganəliyimizin nəticəsidir ki, Sabir kimi bu qəbil nəhəng övladlarımızı itirə-itirə gedirik.

Elə həmin avqust günlərində rusca çıxan "Baku" qəzetində Hüseyn Minasazov da böyük aktyorun xəstəliyi ilə bağlı təşvişini əks etdirən məqalə yazmışdı, ürəkgöynədən bir məqama da toxunurdu ki, sən demə, hətta Hüseyn Ərəblinskinin ölüm ayağında olduğu o günlərində də hansısa idbarlar yenə mətbuatda, ayrı-ayrı dairələrdə onun əleyhinə cürbəcür dedi-qodular, qeybətlər yaymaqda davam edirlərmiş. Hüseyn Minasazov ad çəkmədən o xəbislərə üz tuturdu ki, Ərəblinskinin işi-peşəsi yaratdığı parlaq obrazlar vasitəsilə Azərbaycan insanını dünya ədəbiyyatının ən gözəl nümunələri ilə tanış etməkdən ibarət olub, sizin o nəcibliyin müqabilində minnətdarlığınız budurmu? Töhmətləyirdi ki, yaraşarmı bir ayağı burada, bir ayağı o dünyada olan insan haqqında belə günlərin içərisində də bu cür sözlər yazırsınız?

Və o illərin mətbuatını qaldıranda ürəksevindirən bir cəhətə hər halda şahid oluruq. Qəzetlərin böyük əksəriyyətində həmrəylik var. Əksər ziyalılar Hüseyn Ərəblinskini ölümün cəngindən xilas etməyə çağırırlar və 1913-cü il avqust ayının 31-də "Baku" qəzetində Hüseyn Ərəblinskinin özünün balaca bir yazısı dərc edilir. Hüseyn Ərəblinski bu məşum günlərdə dəstək göstərən, narahatlığını ifadə edən bütün insanlara təşəkkürünü izhar edir və ardınca da yazır ki, artıq məsələ həll olunub. Murtuza Muxtarov cənabları 700 manatı ödəməyi öhdəsinə götürüb və bunu da vəd edib ki, sonrakı müalicə xərclərini də qarşılayacaq.

Və onun müalicəsini başa vuraraq Bakıya sağ-salamat qayıtması haqqında da qəzetlərdə soraqlar var. "İqbal" qəzeti 1913-cü il dekabr ayının 19-da ayrıca məqalə dərc etmişdi: "Hüseyn Ərəblinskinin Bakıya vürudi".

Yazırdı ki, Hüseyn Ərəblinski müalicəsini başa vuraraq, tamamilə sağalaraq Bakıya qayıdıb, hətta bir az kökəlib. Və yaxın günlərdə yenidən səhnəyə çıxmaq əzmindədir.

Hüseyn Ərəblinski Suxuma müalicəyə sentyabrın 1-də getmişdi. Əvvəlcə vəziyyəti ümidsiz kimiymiş, çünki o dövrün qəzetlərində ilk günlərdə vəziyyətinin ağır olması haqqında da xəbərlər dərc edilir. Ancaq ayın 20-də artıq durumu nisbətən yüngülləşir. Elə azacıq dirçələn kimi Bakıya məktub göndərir. Hüseynqulu Sarabskiyə yazır ki, sizdən ötrü çox darıxıram. Bir-bir bütün aktyor yoldaşlarını soruşur.

Ərəblinski səhnəyə elə bağlı idi ki, onu teatr həyatından yalnız heysiz vücudunu çarpayıya yıxan ağır xəstəlik ayıra bilərdi. İndi o xəstəliklə də məhz ən əvvəl yenidən teatra qovuşmağın xatirinə ikiqat mübarizə aparırdı.

Sentyabrın 20-də, həmin məktubu yazdığı vaxt hələ sağalması çox uzaqdadır. Ancaq yenidən səhnəyə çıxmaq, yenə sevimli rollarını ifadə etmək eşqi bu məktubun hər sətrində duyulmaqdadır.

Akademik Rafael Hüseynov

525-ci qəzet

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook