Çətin sualın sadə cavabı: "Axşam görüşləri" verilişinin tarzən, əməkdar artist Valeh Rəhimova həsr edilmiş buraxılışının anonsu
Oturmuşdular üzbəüz.
Necə ki, onlardan əvvəl də yüzillər boyu nəsil-nəsil şagirdlər bu cür nəsil-nəsli ustadların qarşısında oturardı.
Əvvəl ustad çaldı.
Çalırdı, çaldıqca da arada indi hansı guşədə, hansı şöbədə gəzişdiyini qısaca deyib keçirdi.
O cür ki, ustad çalırdı, o şöbələr, o guşələr ki, onu ağsaqqal tarzən bircə-bircə çalıb göstərirdi, onlardan hansınısa elə hər gün radioda-televiziyada, toyda-düyündə başqaları da çalıb-oxuyurdu. Amma ustadın çalıb-göstərdiklərinin içərisində elə guşələr, elə keçidlər, elə gəzişmələr, elə xırdalıqlar, elə barmaqlar vardı ki, şagird onların adını birinci dəfə eşidirdi və ən məşhur çalıb-oxuyanların ifasında da bunlar yox idi.
Ustad çalıb qurtadı, “Hə, indi sən başla”, -- dedi.
Və şagird tarı aldı sinəsinə.
Şagird deyəndə ki, bu sözə görə elə təsəvvür yaranar o balaca məktəblidir. Yox, artıq cavan oğlan idi, ailələri də şeirlə, qəzəliyyatla, muğamatla nəfəs alan bir ocaq idi, ustadın yanına gəlib çatanacan çox incəlikləri də mənimsəmişdi, tarı da yaxşı çala bilirdi. Ustadına da elə sadəcə “müəllim”, “”ustad” deyil, yaxın, doğma adama müraciət edən sayaq “Bəhram dayı” deyirdi.
Çünki bütün Azərbaycanda məşhur olan bu sanballı sənətkarı lap uşaqlıq yaşlarından, evlərinin, nəsillərinin doğma, məhrəm adamı kimi tanıyıb sevmişdi.
Şagird çalarmış, ustad dinləyərmiş, arada sözü olanda deyərmiş, iradını tutarmış, lakin bircə dəfə də olsun onun çalğısını yarıda dayandırmazmış.
Lap nəyisə səhv çalsa da.
Başa salarmış ki, tutalım, məclisdə çalırsan, ya səhnədəsən, nəsə səhv elədin, ya simin qırıldı, işini yarımçıq qoymayacaqsan ki! O qədər çox bilməlisən ki, lap yanılanda da, barmağın azanda da, çalğını elə səmtə döndərə biləsən ki, dinləyən zənn eləsin elə bu cür də olmalıymış.
Bir dəfə şagird müəlliminin ona heç kəsin bilmədiyi çox xırdalıqları öyrətməsindən ürəklənərək naməlumları, unudulmuşları bir az da çox əxz eləmək niyyəti ilə qayıdır ki, Bəhram dayı, olarmı mənə o yaddan çıxmış guşələri, şöbələri daha çox öyrdəsiniz? Muğamları qədimlərdə çalıb-oxunan bütün genişliyi ilə çalasınız, mən də öyrənim?
Ustad gülümsünür: “Niyə olmur! Sabahdan dərsi sən istəyən kimi keçərik”.
Ertəsi gün şagird iri bir ev maqnitofonunu da özüylə daşıyıb gətirir ustadgilə.
Ustad matnitofonu görəndə soruşur ki, bu nədir özünə yük edib gətirmisən?
-- Bəhram dayı, icazə verdiniz axı. Gətirmişəm ki, çaldıqlarınızı yazım , o qədimi şöbələri evdə dinləyib bir az da yaxşı qavrayım.
--Yox a bala, elə olmaz. Bu muğamatdır. Onu maqnitofonla öyrənmək olmaz. Gərək bu səslər sənin ürəyinə, beyninə yazıla. Yoxsa muğamat bu qədər müddət yaşamazdı ki! Hər səs, hər şöbə, hər guşə sənin ürəyinə girməsə, ömürlük səninlə qala bilməz. Mən çalacağam, sən qulaq asacaqsan, nə götürdün sənindir, nə götürmədin mənim. Bu sənəti əzbərləməklə yox, səninki edib beyninə, qəlbinə həkk eləməklə mənimsəmək olar. Əzbərləməklə, uzaq başı yaxşı tutuquşu olmaq olar.
(Unudulmaz tarzənimiz, xalq artisti Bəhram Mansurovun o sözlərinin düşüncəsi, aşıladığı gerçəklər dərindir. XIII yüzildə Səfiəddin Urməvi, XIV-XV yüzillərdə ömür sürən, yazıb-yaradan Əbdülqadir Marağayi, onlardan əvvəl və sonra saysız musiqşünslatrımız, muğam bilginlərimiz vardı.
Orta çağın bəlli risalələrində həmin dövrün müsəlman Şərqində hamılıqla qəbul edilmiş özəl bir not sistemi, musiqinin kağız üzərində yazılaşdırma üsulları da əksini tapıb.
Yəni sözümün canı odur ki, səsyazma texnolojilərinin ortaya çıxmasına qalan zaman hələ uzun və uzaq idisə də, azı 700-800 il qabaq artıq muğamın yazıya köçürülməsi qaydaları, yolları bəlli idi. Fəqət babalarımız bu səmtə deyil, ayrı istiqamətə üstünlük veriblər. Şifahi ötürülmə ənənəsini daha doğru sayıblar. Bununla da muğamın bütün tarixlər boyu kökünü, təməlini qorumaqla daim improvizə üçün üfüqlər açan bir musiqi kimi qalmasına münbit meydan yaradıblar.
Başlıca gizlinc, muğamın əbədi yaşarılığı və köhəlməzliyinin əsas sirri də elə bundadır!).
...Tarzən Valeh Rəhimov muğamları öyrənirdi, xoşbəxt idi, çünki qarşısındakı ustad nəhəng idi və ona sadəcə çalğı yollarını başa salmırdı, həm də muğamatın əzəli sirlərini, hikmətlərini açırdı.
Elə sirlər ki, onalara vaqif olmadan nə sənətin dərinlərinə gütmək mümkündür, nə də insan kimi kamilləşmək...
Oktyabrın 14-də saat 21.30-da və oktyabrın 16-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” tarzən, əməkdar artist Valeh Rəhimova həsr ediləcək.