RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 07, 2017 | 13:37 / Axşam görüşləri
Səttarxanın davam edən vəzifəsi: "Axşam görüşləri" verilişinin Səttarxanın 150 illiyinə həsr edilmiş buraxılışının anonsu

Hər adam haqqında hətta layiq olduğu tərifli sözü belə dilə, qələmə gətirməkdə çox vasvası olan böyük Mirzə Ələkbər Sabir bütöv şair ömrü boyunca yalnız bir nəfəri ürək dolusu vəsf edib, bircə kişi haqqında ən tərifli kəlmələri ucadan bəyan etməkdən qızırqanmayıb. 
Sabir, millətinin şərəfini müstəsna rəşadəti ilə ucalara yüksəltmiş cəsur sərkərdəyə “Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!” söyləyirdi, məhz belə mərd, uzaqgörən, tədbirli övladların sayəsində millətin istiqbalının lağlağı deyil, istiqlal içərisində parlayacağına ümid bəsləyirdi.
1908-ci il ojtyabr ayının 20-si idi, “Molla Nəsrəddin” toplusunun 42-ci sayı işıq üzü görmüşdü və orada “Məczub” imzası ilə “Səttar xan” adlı bir şeir də dərc edilmişdi. 
Gün o gün, vaxt o vaxt idi ki, tək Qafqazlarda deyil, dünya boyunca qəzet-jurnallar Səttarxanı öyürdrü. Rusiyada çıxan “Novoe vremya” onu “xalq qəhrəmanı” adlandırır, İtaliya mətbuatı “Səttarxan İranın Qaribaldisidir” yazırdı.
“Məczub” “cəzb” sözündəndir. Cəzb olunmuş, məcnun deməkdir və Səttarxanın, onun fədailərinin insanın ixtiyarını əlindən alacaq qədər qəhrəmanlığı idi ki, Sabiri cazibəsinə salmış, bunca coşqulu misralar yaratmağa və şeiri də “məczub” deyə imzalamağa sövq etmişdi:
İştə Səttarxan, baxız, bir növ iqdamat edib,
Bir vəzir ü şahı yox, dünyanı yeksər mat edib,
İrzi-islamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinim himməti-valayi-Səttarxanədir.
Bir başqa millət və istiqlal aşiqi, Azərbaycan sevdalısı Məhəmməd Əmin Rəsulzadə 1905-1911-ci illər Məşrutə inqilabının öndəri Səttarxanı “Millətin bətnindən yetişmiş olan qəhrəman”, “İran tarixi-təcəddüdünün unudulmaz bir siması” adlandırır, 1914-cü il noyabrında “İqbal” qəzetinin 786-cı sayında “Sərdari-milli”nin vəfatı dolayısı ilə dərc olunan vida məqaləsində onunla Təbrizdə, inqilabın qələbəsindən dərhal sonra baş vermiş görüşünü xatırlayır, qəlbinə çox yatmış sözlərini yada salırdı. 
Səttarxan Məhəmməd Əmin Rəsulzadəyə belə deyibmiş: “Artıq bizim vəzifəmiz bitdi. Bizimki əsgərlik idi. Vəzifəmiz dəxi köhnəni yıxmaq və dağıtmaq idi. Bu yolda əlimizdən gəldiyini elədik. Yıxa bildiyimiz qədər yıxdıq. İndi tikmək zamanı gəlmişdir. Bunun üçün başqa qüvvətlər, yəni alimlər və mütəqənninlər lazımdır. Böylə emar ediciləri hər yerdə olsa tapmalı və onların arxasında durmalı və işləyin deməliyiz”.
Yox, Səttarxan kimi millətpərvərlərin vəzifəsi əslində heç zaman bitmir. Onlar dünyaya millətə xidmət üçün ezam olunurlar və bu xidməti yalnız ömürləri içərisində deyil, həyatdan gedəndən sonra belə yadigar qoyduqları sözlərlə, əməllərlə, dərslərlə davam etdirirlər.
Yolu yaşadıqca Səttarxan da sağdır, bitməyən vəzifəsini yenə irəlilətməkdə, ürəkdaşlarını, məsləkdaşlarını daxilən səfərbər etməkdədir!..
İyulun 9-da saat 21-30-da və iyulun 11-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi ölməz millət qəhrəmanı Səttarxanın 150 illiyinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook