RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyun 22, 2017 | 19:20 / Axşam görüşləri
Hərənin öz səadəti: "Axşam görüşləri" verilişinin tarzən Adil Bağırova həsr edilmiş buraxılışının anonsu

Gəlib səksəninə çatıb, mən bu sətirləri yazanda artıq neçə gündür ki, ömrün 81-ci ilinin saatı işləyir və o, xoşbəxtdir.
80-nə çatan, 81-nə adlayan və ömrün növbəti illərini qarşılamağa hazırlaşan insan özünü hansı halda xoşbəxt saya bilər?
Təbii ki, bunu hərə öz arşınıyla ölçür.
Biri yığıb-topladığı mal-dövlətinin həcmi ilə, digəri həmişə yüksək vəzifələr tutduğuna və hamıya üstdən aşağı nəzər sala bildiyinə görə, biri dünyadan doyunca ləzzət almaq imkanı olduğuna və bugünündə də həmin imkanın onda qaldığına görə, bir başqası (belələri də var mütləq) haçansa onu incitmişlərin, ona mane olmuşların, ona pislik etmişlərin hamısının da olmasa, əksərinin dünyadan köçünü çəkib getməsinə baxmayaraq özünün sağ-salamat qalmasına, haqq-ədalətin hər şeydə olmasa da, bir çox məsələlərdə yerini tapmasının şahidinə çevrildiyinə görə...
Ondurmu, yüzdürmü, mindirmi? Nə qədər insan var, o qədər də səbəb var. 
Amma 80-nə yetişəndə indi özündən neçə qat uca olan ağacları bir zamanlar əkdiyinə və indi onların boyuna altdan yuxarı baxıb fərəhlənmək, qürrələnmək imkanını taleyin ona nəsib etdiyinə görə də özünü xoşbəxt sayanlar var axı!
Tələbələrinin, yetirmələrinmin yüksəklərdən gələn sədasına şadlanaraq sevincindən qəhərlənmək fürsətini ona bağışlayan Tanrıya minnətdar olan, bununçün özünü bəxtiyar sayanlar da var axı!
Etdiyi bədxahlıqların, mədrümazarlıqların siyahısını tutan, bu qədər şər əməli müqabilində qoca yaşında da gur-gur guruldamaqda davam edə bildiyinə görə özünü məsud sananlar olduğu kimi, həyatı boyu səsiz-səmirsiz, xeyirxah əməllərini gözə soxmadan yaxşılıqlar, nəcibliklər edən, bunların müqabilində Allah yanında savablar qazandığına inandığna görə özünü xoşbəxtlərin xoşbəxti bilənlər də var axı!
Bəs xalq artisti, tarzən Adil Bağırov özünü nəyə görə bu yaşında xoşbəxt sayır, taleyin hansı töhfələrinə görə ömrü bihudə yaşamadığına əmindir, bu gün də uzaq dünənlərdəki hansı anların soyumaz ləzzəti ona yenə elə köhnə çağlardakı kimi ilham, güc verir, məmnunluq gətirir?
Hal əhli olmayan bunu anlamaz!
O özünü xoşbəxt sayır ki, indi hamının radiodan, televiziyadan izlədiyi, disklərdən dinlədiyi hansısa nəğməni böyük Şövkət Ələkbərova ilk dəfə onun 5 addımlığında dayanaraq oxuyub.
O özünü bəxtiyar bilir ki, Allah onu tarla qovuşdurub və 60-65 il əvvəl olduğu kimi bu sevimli sirdaşı yenə sinəsindədir.
O özünü məsud hesab edir ki, ömrü boyu halal, təmiz milli musiqi ifa edib və alın təri ilə qazandığı halal, təmiz məvacibi ilə ailə saxlayıb, bala böyüdüb, nə elinin, nə evinin qarşısında gözükölgəli olub.
Bilirəm belə xoşbəxtliyə rişxənd edən də ola bilər, həsəd aparan da.
Xoşbəxtliyi ölçməyə hərənin öz tərəzisi var.
Həsəd hissi mənə yaddır və belə hissiyyatı daşıyanlardan xoşum da gəlmir.
Ancaq bu yerdə mən o rişxənd edənlərin yox, həsəd aparanların yanındayam.
Adil Bağırovun yanındayam!
Özünü bütün qəlbi ilə işinə, yoluna həsr etməyi bacaranların yanındayam!
Azərbaycan Radiosunda FM 105 tezliyində iyunun 25-də saat 21.30-da və iyunun 27-də saat 23-də səslənəcək “Axşam görüşləri” verişi xalq artisti, tarzən Adil Bağırova həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook