RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 15, 2017 | 00:35 / Axşam görüşləri
İlk Gülçöhrənin təbəssümü: "Axşam görüşləri" verilişinin Şövkət Məmmədovanın xatirəsinə həsr edilmiş buraxılışının anonsu

O, Azərbaycan vokal sənətinin beşiyi başında duranlardandır.
Səhnəmizdə görünən ilk peşəkar qadın müğənnimiz də odur.
Adı sağlığındaca əfsanələşmiş Şövkət Məmmədova!
Onunla təxminən eyni vaxtlarda sənətə gələn, dünyanın məşhur operalarındakı qadın rollarının misilsiz ifaçısı olan başqa bir böyük qadın müğənnimiz də vardı – Fatma Muxtarova.
Amma Fatma xanım sənət yolunu Rusiyada başladı və Azərbayana gəlib çatanda artıq məşhur sənətkar idi və “dünyanın ən gözəl Karmeni” qiymətini qazanmışdı.
Şövkət xanımsa 1911-1912-ci illərdə İtaliyada, Milanda təhsil alaraq Azərbycana qayıdanda, Bakıda ilk dəfə səhnəyə çıxanda, Üzeyir bəyin "Ər və arvad"ından parçaları, Avropa bəstəkarlarının yazdığı ariyaları ifa edəndə hələ vur-tut 15 yaşı vardı.
Tale elə gətirdi ki, Şövkət xanıma musiqimizdəki bir çox ilklərə imza atmaq qismət oldu.
1938-ci ildə Azərbaycanın Moskvada keçirilən birinci Ədəbiyyat və Mədəniyyət Ongünlüyündən, o çağların ən mötəbər ümumittifaq tədbirindən Şövkət Məmmədova sənət qardaşları Üzeyir Hacıbəyli və Bülbüllə yanaşı ilk SSRİ xalq artistimiz kimi qayıtdı.
Gününə görə bu qeyri-adi hadisə sayılırdı və Sovet İttifaqında SSRİ xalq artistləri, xüsusən bu fəxri adı daşıyan qadınlar barmaqla sayılacaq qədər az idi. 1938-ci ildə bütün SSRİ-də cəmi 5 nəfər bu titulu qazanmışdı və nəzərə alsaq ki, bəstəkar Reynqold Qliyer də həmin ada Azərbaycanın təmsilçisi kimi, “Şahsənəm” operasına görə layiq görülmüşdü onda bu çətin, repressiya sarsıntıları ilə dolu ilin respublikamız üçün bütün acılarıyla yanaşı həm də sevinclər gətirən il olduğunu təsdiqləməliyik. Bircə bunu yada salmaq yetər ki, “Koroğlu”nun zəfəri olmasaydı, Üzeyir bəy həmin Dekadadan SSRİ xalq artisti kimi qayıtmasaydı, onu qorxunc siyasi girdabların faciəli şəkildə udacağına şübhə yox idi.
Yolunun lap başlanğıcından Üzeyir bəy Şövkət xanıma dayaq olmuşdu və Şövkət Məmmədova da Üzeyir bəyin səhnə əsərlərində neçə-neçə surətə həyat bağışladı.
Şövkət xanım “Arşın mal alan”dakı ilk qadın Gülçöhrəmiz idi. Bu əsər ilk dəfə 1912-ci ilin 25 oktyabrında (7 noyabr) tamaşaya qoyulanda Gülçöhrəni Əhməd Ağdamski ifa etmişdi və belə 1920-yə qədər davam etdi. 1920-ci illərin başlanğıcında Kiyevdə təhsilini başa vurub Vətənə dönən Şövkət Məmmədova Bakıdakı Qadınlar Klubunda həmin umulmaz ənənəyə son qoydu. Bizə ilk qadın Gülçöhrəmizi bağışladı və sonra çox illər boyu dəfələrlə Nigar, Şahsənəm, Gülzar, Gülçöhrə oldu.
Onun şəfqətli çöhrəsi keçmişlərdə olduğu kimi Azərbaycan sənət tarixinin ən gələcəkdəki ucalıqlarından da həmişə gülümsəyəcək.
Aprelin 16-da saat 21.30-da və aprelin 18-də (həmin gün elə onun ad günüdür) saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi 120 yaşı tamam olan unudulmaz sənətkarımız Şövkət Məmmədovaya həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook