RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Yan 05, 2018 | 22:50 / Axşam görüşləri
110 yaşlı gənc: "Axşam görüşləri" verilişinin "Leyli və Məcnun" operasının 110 illiyinə həsr edilmiş buraxılışının anonsu

Onbirinci yüzillikdə Məcnunla Leylinin vəfatından 3 əsrdən artıq zaman keçirdi və onların atəşin sevgisi haqqında söhbətlərlər hələ təzəydi. 
İran şairi və səyyahı Nasir Xosrov (1004 - 1088) Xorasandan Məkkəyə aparan yolu 7 ilə piyada qət etdikdən sonra məşhur “Səfərnamə”sini qələmə almışdı və həmin kitabda yolüstü bu iki aşiqin məzarını ziyarət etdiyini də yazırdı.
O vaxtdan min ildən artıq zaman ötüb. Təbii, daha həmin qəbirdən əsər-əlamət yoxdur, Nasir Xosrovun yol boyu seyr etdiyi çox qalaları, möhtəşəm qəsrləri də əsrlər sovuşduqca torpaq ağuşuna çəkib. 
Hökmdür – gələnlər getməyə məhkumdur, Vaxtın küləkləri çox şeyləri sovurub aparır. Amma ilahi möcüzə budur ki, Məcnunla Leylinin eşqi on üç əsr əvvəl hansı təravətdə idisə, elə o təzəlikdə qalır, Qeys ibn Müləvvəhin istəklisi Leyliyə ünvanladığ şeirlər hansı qaynarlıqda idisə, həmin misralardakı atəş zərrəcə azalmayıb.
Bu soyumaz, səngiməz sevda hekayəti düz 110 il əvvəl yenidən dirildi.
O çağacan Leyli ilə Məcnun hekayətini insanlar yalnız kitablardan oxumuşdular və dünyada ilk dəfə idi ki, bu aşiqlər sanki canlanmış, səhnəyə qalxmışdılar.
22 yaşlı bir Azərbaycan gənci ilahi fəhmlə yalnız öz xalqının ilk operasını yaratmamışdı, həm də əsrlərcə kitab qəhrəmanları olan Leyli və Məcnunun bundan sonra dünya boyunca həm də səhnələrə, ekranlara qədəm basmasına yol açmışdı. 
1908-ci ilin yanvar günlərində Üzeyir Hacıbəyli də, qardaşı Ceyhun da, silahdaşları, məsləkdaşları Hüseyn Ərəblinski də, Əbdürrəhim bəy Haqverdiyev də, Hüseynqulu Sarabski də, Mirzə Muxtar da, Mirmahmud Kazımovski də, Qurban Pirimov da, Hacıbala Zamanov da, xaloğlusu Bədəl bəy Bədəlbəyli də... “Leyli və Məcnun”nun ilk tamaşasını doğuranların hər biri xoşbəxt idi. 
Onların cavan ömürlərinin ən qeyri-adi, ən fərəhli hadisəsi baş vermişdi. 
Hətta o ilk tamaşada səhnədə görünməmiş, amma hər halda əvvəldən-axıracan səhnədə olmuş, tamaşanının içtirakçıları ilə birgə eyni həyəcanları yaşamış, birinci “Leyli və Məcnun”da suflyorluq etmiş Ələbbbas Rzayev sonrakı uzun teatr həyatında çoxlu maraqlı, yaddaqalan səhifələri yaşasa da, məhz həmin günü səhnə ömrünün ən bəxtiyar anı kimi xatırlayırdı. 
İllər sonra o, “Leyli və Məcnun” operasının ilk tamaşasını anaraq "Teatr və Ərəblinski" adlı xatiratında yazırdı ki, xor "Şəb-i hicran"ı oxuyub qurtarandan sonra pərdə enəndə zaldan gurultulu alqış qopdu, pərdə dübarə qalxanda, Məcnun – Hüseynqulu Sarabski "Mahur-Hindi" muğamı üstündə Məhəmməd Füzulinin "Yandı canım hicri ilə vəsl-i rüx-i yar istərəm" qəzəlini elə məharətlə oxudu ki, mən suflyor budkasında özümü unutmuşdum...

Yanvarın 7-də saat 21.30-da və yanvarın 9-da saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində 2018-ci ildə sizinlə birinci görüşünə gələn “Axşam görüşləri” səhnəmizin həmişəcavan incisinə - Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının 110 illiyinə, həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook