RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 06, 2018 | 23:07 / Axşam görüşləri
Məslək şəhidi: "Axşam görüşləri" verilişinin böyük Azərbaycan ziyalısı Heydər Hüseynova həsr edilmiş buraxılışının anonsu

Onların ikisinin də məhv edilməklərinin əsas səbəbi böyükülükləri olub. 
Sadəcə böyüklükləri yox, çox böyük olmaları!
Ruhulla Axundov da, Heydər Hüseynov da düşüncələrinin miqyası, biliklərinin səviyyəsi, zəka qüdrəti, kütlələrə təsir etmək gücü ilə Azərbaycana rəhbərlik etməyə qadir və layiq şəxsiyyətlər idi!
Onların yönəldəcəyi Azərbaycan sovet Azərbaycanı olaraq qalsa da, tam ayrı bir şəkildə inkişaf edərdi, bu xalqa fitrətən nəsib olmuş coşqun istedad və həmin istedad nurunun daşıyıcıları çiçək kimi açardılar, millət və yurd elə yüksələrdi ki, ona tam yaraşan çox səadətlərə haçandır ki, çatmış olardı.
Anlayıram, həm də xüsusi xidmət orqanlarının arxivlərində illər boyu yüzlərlə qovluğu dərindən-dərinə araşdırandan sonra dəlillərə əsasən bu həqiqəti bilirəm və gəldiyim 2 mühüm qənaət var. 
Birincisi odur ki, 1920-ci illərdən, sovetlərin gəlişindən sonra başlamış, 1930-40-cı illərdə xüsusü azğınlıqla tüğyan etmiş siyasi repressiyalar qaçılmaz idi, burada ixtiyar sahibi milli respublikaların başçıları deyil, birbaşa Kreml özü idi. 
Hansı zümrəyə məxsus insanlar, hansı ağırlığa malik şəxsiyyətlər getməlidir, hansı səviyyə sürgünə, hansı həbsə, hansı dərhal güllənməyə uyğundur – bunun fərmanı Moskvadan gəlirdi. Amma yerdəki kəmfürsət icraşılar da bu gedişatda özlərinə rəqib, şəxsi düşmən saydıqları ayrı-ayrı insanları da aradan götürürdülər. 
Ruhulla Axundov məhz Azərbaycanda Birinci şəxs olmaq ehtimalını daşıdığından, hətta bununla bağlı Kremldə müəyyən rəylərin də olmasından Azərbaycanın ovaxtkı birincisi hali idi. Ona görə o zavallını, bunca seçkin bir millət balasını ən əzazil tərzdə yox etdi. 
Onunla oturub-duranlar, yaxın olanlar da elə həmin cür dəhşətli aqibətə urcah edildilər. 
Ruhulla Axundovla Heydər Hüseynov təxminən eyni çəki dərəcəsində idilər. 
Sanki tale Ruhulladan sonra Heydəri yeni bir bəxt girəvəsi kimi bu xalqa nəsib etmişdi.
Yaşı heç 40-a çatmamış o, yeni yaranan Azərbaycan Elmlər Akademiyasının rəhbəri idi. 
Yəni əslində əsas qurucu məhz o idi. 
İlk akademiklərimizdən biri olaraq onu eyni titula layiq görülən təsisçilərin əksərindən fərqləndirən bu idi ki, digərlərinin heç elmi dərəcəsi olmadığı halda o, peşəkar alim, rəsmən elmlər doktoru idi. 
Cavan yaşında canlı klassik kimi dəyərləndirilirdi!
Yaşlı müəllimləri, hərəsi bir zirvə olan Nikolay Yakovleviç Marr, Aleksandr Osipoviç Makovelski, Panteleymon Krestoviç Juze (Bəndəli ibn Salib əl-Cauzi), Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq ona elmdə ilk addımlarını atdığı vaxtlardan artıq oturuşmuş, bişkin alim kimi yanaşırdılar. 
Müəllimlərindən biri, akademik Feyzulla Qasımzadənin sözləri müəyyən mənada elə digər müəllimlərinin də fikri kimi qavranıla bilər: “Heydər mənim şərəfim, başımın tacıdır”,
Bu isə sadiq gənclik dostu , ən qəddar əyyamlarda belə mərdanəliklə aralarındakı etibarı qorumağı bacarmış akademik Məmməd Arifin Heydər Hüseynovun hansı ruhun, hansı qaynar yaradıcılıq eşqinin sahibi olması haqda müşahidəsidir: “Onun qəlbində dinclik nə olduğunu bilməyən bir fəaliyyət mənbəyi daim alovlanırdı”.
Heydər Hüseynov 1908-ci ildə İrəvanda doğulmuşdu. Elə 1 yaşında ikən atasını itirmişdi.
Hacı Nəcəfin vəfatından sonra daha bir itkiylə üzləşən, ermənilər tərəfindən oğlu da qətlə yetirilən Məşədi Gülsüm xanım 3 yetim uşağı və salamat qalmış digər 3 oğlu ilə birgə çox sıxıntılara məruz qalır.
1918-ci il qırğınları vaxtı Ermənistandan zorla salamat qurtararaq didərgin düşür, olmazın müsibətlərdən sonra 1920-ci ildə nəhayət ki, Bakıya gəlib yetişir.
Elə uzun qaçqınlıq, yurd-yuvasızlıq, şəraitsizlik ucbatından sabahın böyük alimi, ailəninsevimlisi Heydər yalnız 12 yaşında ikən Bakıda ilk dəfə məktəbə, birinci sinfə getməyə imkan tapır. 
Elə məktəbdə oxuya-oxuya da 16 yaşından başlayır işləməyə, çörəkpulu qazanmağa.
Düyünlü bəxti sınağı sınağ, ağır imtahanı başqa daha müdhiş imtahanın ardınca nəfəs dərməmiş göndərirdi.
Bakıya gələndən vur-tut 6 il sonra Heydər anasını da itirir.
1927-ci ildə Azərbaycan Dövlət Universitetinə qəbul ediləndə 19 yaşı vardı və 2 fakultəni bitirir burada. Həm pedaqoji, həm şərqşünaslıq.
1935-ci ildə isə o artıq Azərbaycandakı ilk ana dilli fəlsəfə dərsliklərinin müəllifi idi. 
Birinci kitabısa bundan da qabaq – hələ 24 yaşında ikən işıq üzü görmüşdü: “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”. 
Dərsliyin üstündə onun adı müəllimi Feyzulla Qasımzadənin adı ilə yanaşı idi. 
Heydər Hüseynova 42 il yaşamağa imkan veriblər. 
Yazıb-yaratdıqlarısa, ömrün son 16 ilinin bəhrəsdir.
1930-cu illərin sonları, 1940-cı illərin əvvəllərində bu imza SSRİ-də mötəbər bir alimi nişan verirdi.
Bir zamanlar sovet şərqşünaslarının şeyxi adlandırılmış, bu gün artıq korifey kimi dünyada məşhur İ. Kraçkovski kimi zirvə Heydər Hüseynova heyranlığını gizlətmir, onun “XIX əsrdə Azəraycanın ictimai və fəlsəfi fikir tarixindən” əsərini çox yüksək qiymətləndirirdi.
Üstündən neçə onillər keçib. Bizim günlərdə oxuyursan həmin kitabı, yenə köhnəlməyib, dəyərini hifz edir. 
O tarixi simalar ki onları birinci dəfə belə dərin elmi yanaşmalarla Heydər Hüseynov təhlil etmişdi, indi onların hər biri haqqında bir deyil, bir neçə monoqrafiya, bolluca məqalələr var. Lakin Heydər Hüseynovun yazdıqları yenə istinad nöqtəsi, ədalətli, dəqiq, doğru elmi qiymətləndirmənin örnəyi kimi gücünü saxlyır.
Hələ nə ömür yaşamışdı ki!
Hələ qələmi yeni cilalanırdı, hələ məxəzlərə yeni baş vururdu, hələ ürəyində nə qədər arzuları, niyyətləri vardı, hələ nələr yarada bilərdi!
Əlimizdən görün kimləri alıblar, bu cür dahilərin yolunu yarımçıq qırmaqla görün millətin belini necə sındırıblar!
Bizə belə yaralar vurmuş iliyinəcən “xalq düşməni” olan məlunlara heç vaxt bəraət yoxdur!
Dünənin cəlladlarını öyəndə, dərdlərin soyumasına ümid edərək onlara bəraət vermək, nə təhərsə haqq qazandırmaq , daha eybəcəri – bu gün də elələrinə pərəstiş yaratmaq xülyasına düşəndə həmin adamyeyənlərin yalnız siyasi sistemin, ideologiyanın hökmü ilə deyil, həm də şəxsi qisasçılıq zəminində, öz hikkəsini soyutmaq naminə, mümkün rəqibini kənarlaşdırmaq xatirinə Heydər Hüseynov kimi ulduzları söndürdüklərini heç vəchlə yaddan çıxarmayın. 
Büün bunları nəzərə alaraq Mircəfər Bağırov özü öz cəzasını daha insaflı müəyyənləşdirmişdi: “Güllələmək azdır, məni şaqqalamaq gərəkdir”.
Fəqət 100 o cürünün şaqqalanması ilə Allahın nadir əsərləri olan Ruhulla Axundov, Əhməd Ömərbəyov-Pepinov, Heydər Hüseynov... qayıtmır axı!.
1942-ci ilin martında yazdığı, Nizami Gəncəvinin “İqbalnamə”sinə həsr etdiyi və faşizm üzırində qələbənin elan edilməsindən düz bircə həftə sonra çapa imzalanmış “Ədəbi qeydlər” adlı kitabındakı məqaləsini böyük alim Heydər Hüseynov şairin vəsiyyət, gələcək nəsillərdən iltimas kimi səslənən öz misraları ilə bitirirdi:
Dünyada bikəsdir qoru hər zaman,
Gecəli-gündüzlü dərddən-bəladan.
Heydər Hüseynov şairin nigaranlığını bölüşərək indi onsuz qalmış, artıq hamımızın olan bu saf gövhəri – “İskəndərnamə”ni göz bəbəyi kimi qorumağa, yaşatmağa, sevməyə səsləyirdi.
Heydər Hüseynovu, atalarını ən incə məhəbbətlə sevən, onun narahat xatirəsini hər an diri saxlayan bəxtsiz balaları bir-bir getdilər dünyadan.
Biz hələ yaşayırıq, varıq.
Bu millətin böyük ruhu naminə heç vaxt qoymayaq ki, məslək şəhidi Heydər Hüseynovun adı, xatirəsi, əsərləri kimsəsiz, sevgisiz, qayğısız qalsın!..
Aprel ayının 8-də saat 21.30-da və aprelin 10-da saat 23-də Azərbycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” böyük Azərbaycan ziyalısı Heydər Hüseynova həsr ediləcək və sizə 1994-cü ilin noyabrında unudulmaz alimin qızı mərhum Sara Hüseynova ilə lentə aldığım söhbətimizi təqdim edəcəyəm.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook