RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 13, 2018 | 20:17 / Axşam görüşləri
Sadə Sirr: "Axşam görüşləri" verilişinin SSRİ Xalq artisti Lütfiyar İmanovun 90 illik yubileyinə həsr edilmiş buraxılışının anonsu

Hər adamın 1 sifəti olur. 
Onun 30 sifəti vardı. 
Hamı çoxüzlü, cilddən-cildə girən adamdan qaçır.
Amma insanlar ona doğru can atırdılar. 
30 sifəti olduğuna görə bir gün belə, ertəsi gün başqa cür olurdu. Gah mehriban, gah qəzəbli, gah xeyirxah, gah qəddar, gah igid, gah qorxaq.
Adətən qiyafəsini, xasiyyətini, təbiətini dəyişən adamlardan gec-tez, bir az tanıyan kimi insanlar ikrah edirlər.
Lakin tanıdıqca insanlar ona daha artıq bənd olurdular.
Pinəçiliyi də bacarırdı, rəssamlığı da vardı, yaxşı dərzi idi, aşpazlığına da söz ola bilməzdi.
Bu peşələrə uşaqlıq çağlarından yiyələnmişdi və hansının ardınca getsə, işi avand olacaqdı.
Aşpazlığı ki lap yaxşı bilirdi – bunu peşəkar aşpaz olan atasından öyrənmişdi.
Digər qabiliyyətlərini bir qırağa qoyub çəkməçiliyin adrınca getsəydi, barmaqla göstərilən usta kimi tanınardı.
Dərzilərin qıt, xarici geyim-kecimin az tapıldığı vaxtlarda bədənə düppədüz oturan kostyumlar tikən zövqlü ustanın müştərisi əskik olmazdı. Lakin o, bu bacarığını da başqalarına yox, tək özünə sərf elədi. Ayrı adamlar kimi mağazadan aldığı pencəyə, şalvara, köynəyə yüngülvari əl gəzdirəndən sonra onları elə şıq hala gətirdi ki, məsələdən bixəbərlər həsəd qarışıq təəccüblərini gizlətmədilər: “Nə təhər olur bu? Eyni dükandan almışıq, sənin əynində qutu kimi oturub, bizim əynimizdən tökülür...”.
Bu qəribə adam hamı kimi ola bilmirdi. Lap istəsə də, ürəyindən keçsə də ola bilmirdi.
Məsələn, hamı bilir istiot nədir, ancaq onun dilinə dəyməmişdi. Ölənəcən də istiot nədir, tanımadı.
Ayrı adama “dəli” desən, qeyzlənər.
Ona “dəli” deyəndə döşünə yatardı, sevinərdi.
Onun elə sifətləri qədər də adı vardı.
Bir gün Rövşən idi, başqa gün Rudolf.
Sifəti, adı ilə yanaşı milliyyətini, dinini də tez-tez dəyişmək onunçün man deyildi.
Baxmayaraq ki, atasının adı Müslüm idi, bu gün müsəlman Əlyar, sabah xristian Rudolf olmaq onunçün su içmək kimi asan idi.
Yaxşı qələmi, yazmağı da vardı.
Amma yazmağından daha yaxşı oxumağı idi.
Pinəçilikdə, dəzilikdə, rəssamlıqda, aşpazlıqda ona bərabər, ondan qat-qat üstün olanlar çox idisə də, oxumaqda tayı-bərabəri yox idi.
Həmin səbəbdən də çəkməçi, dərzi, rəssam deyil, oxuyan olmuşdu.
Oxumaq yolunu da xordan başlamışdı.
Di gəl, Allah ona elə səs vermişdi ki, bu avaz başqalarının səsinə qarışaraq xorda itib-batası səs deyildi.
Bu səs elə səs idi ki, Azərbaycana sıığmadı, sərhədləri adladı, dünyanı qarış-qarış gəzdi.
Səsinin xatirinə o özünü dünyanın çox ləzzətlərindən məhrum elədi.
Oxumaqdan aldığı zövq, oxumaqla insanlara verdiyi ruh dincliyi həyatının ən çətin, ən narahat anlarında da onu bəxtiyarların bəxtiyarına çevirə bildi.
Bu bənzəri hələ-hələ rast gəlinməyən insan böyük sənətkar, SSRİ xalq arttisti, uzun sənət həyatı boyunca Azərbaycan və dünya səhnələrində məşhur bəstəkarların operalarında 30 əsas surəti ifa etmiş, saysız-hesabsız nəğməyə yeni ömür bağışlamış, yaradıcılığı ilə yurdumuzu və mənəviyyat dünyamızı ona qədər olandan daha gözəl etməyə müyəssər olmuş unudlmaz müğənnimiz Lütfiyar İmanov idi.
Çox surətlər yaratsa da, onun şah əsəri, özünün də ən çox sevdiyi Koroğlu idi.
İftixarla söylərdi ki, mən 40 ildir yalnız Koroğlu deyiləm, həm də onun 7777 dəlisindən biriyəm.
Və sirr elə burdadır.
Lütfiyar ola bilməkçün, ucqar bir kənddən gəlib sənətdə ən uca zirvəyə qalxmaq, dünyada etiraf edilməkçün gərək dəlicəsinə sevməyi, məsləkinin fədakar aşiqi olmağı bacarasan.
O bacardı!
Və oldu!
Aprelin 15-də saat 21.30-da və aprelin 17-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişində 90 yaşını onsuz qarşıladığımız qiymətli sənətkar Lütfiyar İmanovu anacağıq.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook