RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Apr 22, 2018 | 10:56 / Axşam görüşləri
Daşdakı yazı: "Axşam görüşləri" verilişinin görkəmli Azərbaycan xanəndəsi Məcid Behbudovun xatirəsinə həsr edilmiş buraxılışının anonsu

O, şuşalı idi və çox şuşalılar kimi bu şəhər ona elə dünyaya gəldiyi vaxtdan məlahətli səs bağışlamışdı. Amma düşünmürdü ki, gün gələr o da xanəndəlik edər, camaat qarşısına çıxar, toy-düyündə oxuyar.
Qarabağın elə onun kimi yaxşı səsi olan çox cavanları da oxumağı gündəlik həyatlarının yemək-içmək, at çapmaq, torpaqla əlləşmək kimi adi hadisəsi sayırdılar, “adam oxuyar da” deyirdilər.
Amma Göydəki Qələm ayrı yazı yazırmış!..
Varlı bir tacirin yanında işləyən, ağasının İrandan, Rusiyadan gətirdiyi parçaları boğçasına yığaraq məhəllə-məhəllə dolaşan, arşınmalçılıq edən Məcidin Behbudalı oğlunun o çağlar üçün ən böyük arzusu Şuşada bir bəzzaz dükanına sahib olmaq idi.
Ancaq həmin Göydəki Yazının Hökmüylə tale onu Qarabağın ən məşhur tarçısı Məşədi Zeynal Haqverdiyevlə rast saldı, bəxt onu sorağı Gəncədən Qafqaza, Orta Asiyaya, Anadoluyadək yayılmış Məşədi Cəmil Əmirovla görüşdürdü.
Bu bilgin, muğamat sərrafı sənətkarlarla yaxınlşandan sonra əvvəllər gəldiyi bir qənaətə qəlbən inandı ki, hər səsi olan, hər oxuya bilən xanəndə ola bilməzmiş.
Bu yolun yolçusu olmaqçün gərək lap çox biləsən, muğam dəryasının qəvvası olmaqçün daim öyrənəsən.
Özü də hər səndən bir az artıq biləndən yox, kamil ustadlardan dərs alasan.
...1912-ci ildə səsi onu gətirib çıxarmışdı Riqaya.
XX əsrin əvvəllərində Avropanın bir sıra şəhərlərində qızğın fəaliyyətə başlayan səsyazma şirkətlərindən biri də burada idi.
“Pate qardaşlarının şirkəti”, “Qrammofon”, “Ekstrafon”, “Sport rekord”, “Monarx rekord” və digər səsyazma şirkətləri artıq Qafqazın məşhur xanəndə və sazəndələrinin xeyli vallarını buraxmışdılar.
Bu ticarət yaxşı pul gətirirdi və həmin şirkətlər də maraqlı idilər ki, yeni səslər, təzə çalğılar tapsınlar, kataloqlarında yer alan ifaçıların sayını artırsınlar.
Məcid Behbudov onlarçün lap göydəndüşmə bir xanəndə idi.
Tiflisdə yaşadığından, vaxtaşırı yalnız Azərbaycan deyil, Gürcüstan toylarına da dəvət edildiyindən səlis danışdığı gürcü dilində də nəğmələri çox şirin ifa edirdi. Eləcə də erməni mahnılarını. Səsyazma şirkəti üçün tək Məcidi dəvət etmək elə yazılışa 3 xanəndə çağırmaq kimi bir şey idi.
Qoca xanəndə Məcid Behbudov təsəvvür edərdimi ki, üstündən onillər ötəndən sonra həmin vallarından biri artıq məşhur oxuyan kimi şöhrəti Azərbaycandan çox uzaqlara yayılmış Rəşidlə İranda görüşəcək.
Bu əhvalatı mənə unudulmaz Rəşid Behbudov özü danışmışdı.
Düz deyiblər ki, söz vaxtına çəkər.
1978-ci ilin apreli idi. O vaxtlar indiki Kukla teatrında yerləşən Mahnı teatrında Rəşid müəllimin söhbətini lentə alırdım.
Həmin söhbəti yazanacan 5-6 görüşümüz olmuşdu.
İlk 2 görüşümüzdə atası ilə bağlı xeyli danışmışdı mənə.
Sonra həmin söhbətlədən bir mətn düzəldib gətirmişdim ki, oxusun, lentə alaq.
Demişdi ki, belə olmaz, hər yazılan söz tarixdir, gələk mətni mənimsəyəm, əməlli-başlı hazırlaşam.
Sonrakı görüşümüzdə qayıtmışdı ki, hazırlamışam, amma hələ tam bişməyib, qoy bir az da işləyim.
Bəzi sözləri dəyişməyimi xahiş etmişdi, yadına düşən başqa əhvalatları da danışmışdı.
Nəhayət ki, böyük Rəşid Behbudovun təxminən bir mahnını lentə almaq üçün sərf etdiyi müddəti və çəkdiyi zəhmətlərə bərabər zaman və əməklər sayəsində atası Məcid Behbudovla bağlı xatirələrini tarixləşdirməyə müvəffəq olmuşdum.
Qalıq o yadigar söhbət.
İrana qastrol səfəri əsnasında Analı xanın evinə dəvət edilməsindən danışır.
Arada evin sahibəsi üzr istəyib otaqdan çıxır. Az sonra əlində 1 fotoşəkil, bir də köhnə val qayıdıb gəlir: “Mən hələ kiçik qız idim. Anamla Naxçıvanda toyda idik. Cavan, yaraşıqlı bir xanəndə oxuyurdu. Anama dedim ki, böyüyəndə, haçansa toyum olanda bu xanəndəni çağırarsınız.
Anam da o vaxt zarafat kimi qəbul edilən bu istəyimi unutmamışdı. Vaxt-vədə yetişib toyum olanda həmin xanəndəni tapıb gətirdilər.
Sonra bir neçə gün evimizdə qonaq da qaldı. Bu şəkilini və səsi yazılmış bu daşı (Rəşid müəllim bunu xüsusi vurğulayırdı ki, həmin xanım vala “daş” deyirdi) bizə hədiyyə etdi”.
Rəşid heyrət içində ayağa qalxıbmış.
Təəccübləniblərmiş ki, niyə bu xatirə onu belə həyəcanlandırdı.
“Bu fotodakı mənim atamdır. Bu “daş”da da onun oxuduğu “Zabul segah””...
Aprelin 22-də saat 21.30-da və aprelin 24-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi doğumunun 145 ili tamam olan görkəmli Azərbaycan xanəndəsi Məcid Behbudovun (1873-1945) xatirəsinə həsr ediləcək.

 
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook