RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
May 11, 2018 | 15:59 / Axşam görüşləri
26-nın 20-də biri və əbədiyyət: "Axşam görüşləri" verilişinin görkəmli sənətkar Sabir Əliyevin xatirəsinə həsr edilmiş buraxılışının anonsu

Bir zamanlar yaşadığı köhnə Bakı həyətində, həmin yadigar mənzildə indi onun xatirəsini canlı saxlayan muzey yerləşir. 
Əslində bu muzey o parlaq maestronun adı ilə bağlı olsa da, onun özünün həmişə qəlbən sevdiyi, həyatının mənası olmuş violonçelə həsr edilmiş muzey də sayıla bilər.
Mstislav Rostrapoviç 1975-ci ildə Sovet İttifaqından birdəfəlik getmişdi və sanki qürbətlərə sığınmış siyasi mühacirə daha heç vaxt təzədən bu tərəflərə qayıtmaq nəsib olmayacaqdı.
Amma dünya dəyişdi, SSRİ tar-mar oldu, sərhədlər açıldı, kazarma sosializminin qara kabusu asta-asta dağılmağa üz qoydu.
Və Mstislav Rostrapoviç də ömrünün əsas hissəsinin keçdiyi, doğulduğu, boya-başa çatdığı, sənətdə özünü təsdiqlədiyi yerlərə təzədən döndü.
1996-cı ildə unudulmaz Heydər Əliyev məşhur Slavanı Azərbaycana dəvət etmişdi ki, ustadın 70 illiyinin bayramı burada keçirilsin.
Üzeyir Hacıbəyli adına konservatoriyanın (indiki Musiqi Akademiyasının) səhnəsində idi.
Və son dərəcə təsirli sözlər sözyləyirdi: “Bura – konservatoriya mənə çox əzizdir. Çünki burada mənim əziz dostum Sabir Əliyev işləyib. O, böyük sənətkar idi və Azərbaycan violonçel məktəbini yaradan da məhz Sabir Əliyevdir”.
…Uzaq 1930-cu illərdə, hələ konservatoriyanın nəzdindəki musiqi məktəbində oxuduğu vaxtlarda ondakı sabahın dəyərli musiqiçisi işığını Üzeyir bəy görmüşdü.
Həqiqətən də böyük, müstəsna olmaqçün istedaddan savayı insanda seçdiyi yola, amala, sənətə çılğıncasına vurğunluq da gərəkdir. 
Bu yoxdursa, nə qədər istedadlı olursan-ol ən birinci yox, lap yaxşı halda, sadəcə, yaxşılardan biri olacaqsan.
Sabir Əliyev ömrü boyu ağrı çəkə-çəkə yaşadı.
Və daim də çalışdı ki, kənardakılar onun ağrılarını duymasın, onun ağrılarından bir başqasına pay düşməsin.
Axı içərində çəkdiklərini büruzə verəndə gendən görüb-duyub sənə həmdərd olmaq istəyən, halına yanan hər mərhəmətli insanla istər-istəməz öz acını paylaşmış olursan.
Sabir Əliyevsə ağrılara qalib gələrək səhnəyə çıxırdı, gülümsəyirdi, çalırdı və gözəllik yaradırdı.
İnsanlara ümid, sevinc, ruh dincliyi paylayırdı.
Onurğasındakı nasazlıq uşaqlıq çağlarından onu incidirdi.
Ayaq üstə dayanıb ifa eləyərkən beli ağrıdığından uşaqlıq illərində evdə tapşırııqları yerinə yetirəndə, məşq edəndə hərdən çarpayıda, döşəmədə uzanaraq çalarmış.
Tarixə ən dözümlü violonçel ifaçısı kimi düşən musiqiçi əslən Cənubi Afrikadan olan Karel Henndir ki, 2014-cü ilin dekabrında fasiləsiz olaraq düz 26 saat çalıb. Dünyada heç vaxt və heç kəs belə uzun müddətdə violonçel çala bilmədiyinə görə Karel Hennin bu göstərcisi Ginnesin rekordlar kitabına daxil edilib.
İnsafsızca qısa ömür sürmüş xalq artisti, professor Sabir Əliyevdən (1928-1983) bizə miras qalmış lent yazılarının hamısının dəqiqələrini üst-üstə gəlsək, o rekordun 20-də biri qədər alınar.
Ancaq nə yaxşı ki, heç olmazsa bu incilər qalır.
Onları an-an dinlədikcə axarında yaşadığın bütün adiliklərdən, bozluqlardan, yeknəsəqliklərdən ayrılaraq məftunedici gözəllik dünyasına qovuşursan.
Elə bir gözəllik aləminə ki, hər saniyəsində əbədiyyət qədər genişlik var!..
Mayın 13-də saat 21.30-da və mayın 15-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi bu yaz günlərində 90 yaşını onsuz qarşıladığımız görkəmli sənətkar Sabir Əliyevin xatirəsinə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook