RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
İyul 20, 2018 | 17:46 / Axşam görüşləri
İlqar Muradov haqqında üç etüd: "Axşam görüşləri" verilişinin dəyərli sənətkarımız, müğənni, əməkdar artist İlqar Muradova həsr edilmiş buraxılışının anonsu

HAY-KÜYLÜ TOYLARDA DİNCLİK ADASI

Azərbaycan toylarında, Şadlıq saraylarımızda çalınıb-oxyunan musiqinin böyük dünya siyasətinə, Avropa Şurası kimi əsas vəzifəsi demokrarik dəyərlərin və insan haqlarının müdafiəsi olan mötəbər quruma, qitənin 47 ölkəsini birləşdirən bir mühüm təşkilata aidiyyəti nədir?
Bu sualın hətta qoyuluşu belə təəccüb doğurar ki, o hara, bu hara?
Amma sən saydığını say, gör şadlıq sarayları nə çalır. 
Bir neçə il öncə həmin Avropa Şurası Parlament Assambleyasında o vaxt mövcud olan Ətraf mühit, kənd təsərrüfatı, regional məsələlər komitəsinin xətti ilə mənə bir məruzə hazırlamaq tapşırıldı.
AŞPA-da məruzəçi olmaq çox məsuliyyətli işdir. 
Hər məruzənin araya-ərsəyə gəlməsinə adətən il yarım, iki il vaxt ayrılır. Hər məruzə ciddi, elmi sanbalı olan bir araşdırma-hesabatdır ki, ilk variantı tamamlandıqdan sonra dəfələrlə müzakirə edilir, fikir mübadilələrinə mütəxəssislər, tanınmış alim və siyasətçilər cəlb olunur. 
Nəhayət, Parlament Assambleyasının açıq müzakirəsinə çıxarılan məruzənin səsə qoyularaq qəbul edilən qətnaməsi Avropa Şurası Nazirlər Komitəsi tərəfindən üzv ölkələrə göndərilir ki, bu müddəalar gələcək fəaliyyətlərdə nəzərə alınsın.
Hazırlamalı olduğum məruzə “Səs və işıq çirkləndirmələri” adlanırdı və məsələ bir ekologiya problemi kimi qoyulsa da, onun insan haqlarına birbaşa dəxli vardı.
İctimai yerlərdə səsin hansı həddə olmasından tutmuş, binaların işıqlandırılmasındakı parlaqlıq səviyyəsinə qədər incəliklər araşdırılırdı. 
Hətta bizə kömək üçün ayrılmış səs və işıq mütəxəssisləri ayrıca hesablamalar apararaq mümkün meyarları da müəyyənləşdirmişdilər ki, son olaraq bunları da əsas mətnə əlavə etdik.
Yəni öz cib telefonundan istifadə etmək sənin haqqındır. Lakin bir teatr tamaşasında, ya konsertdə o telefonun qəfil çalınan zəngləri, yaxud sənin ucadan danışığın başqalarına mane olursa, və ya gecənin bir aləmində öz evində divarın o tayındakı qonşuları vecinə almayaraq televizorun səsini zilə qaldırırsansa, ya şəhərdə sənin maşınının siqnalı həddən artıq gur səslənirsə, deməli, sən sərhədi pozursan. Azadlığın sənin üçün ayrılmış cızığından çıxaraq başqasının sərhədini aşır, haqqına müdaxilə edirsən.
Beləliklə, üzdən adi görünən bir məsələdə insan hüquqlarına dürüst riayətlə bağlı xeyli mühüm məqamlar ortaya çıxır.
Azərbaycanın həyətlərdə, evlərdə, restoranlarda baş tutan keçmiş toyları unudulmayıb. 
Əksinə, bəlkə də indi daha tez-tez yada düşür.
Birincisi, toylara əvvəllər indiki qədər adam çağırmazdılar. Adətən yaxınları, doğmaları, simsarları, qonşuları, ən azı, yaxşı tanıdıqlarını dəvət edərdilər. 
İkincisi də, ağız deyəni qulaq əziyyətsiz eşidə bildiyinə görə toy məclisləri həm də bir xoş ünsiyyət, təmas məkanına çevrilərdi.
İndiki toylardasa, təəssüf ki, çox vaxt musiqinin nərəsi, yalan olmasın, adamın qulaq pərdələrini deşəcək şiddətdə yayılır, nə bir kəslə kəlmə kəsməyə macalın, nə qəlbə yatan bir söz söyləməyə və eşitməyə imkanın olur. 
O şiddətdə olan musiqidən, hətta ən cansyatsn əsər olsa belə adam balası kimi feyz almaq da, aydındır ki, mümkünsüzdür.
Əvəzində isə toydan xeyli sonra da beynindən həmin həngamənin uğultusu çəkilmir.
Müğənni İlqar Muradov da başqa oxuyanlarımız kimi toylara, şənliklərə dəvət olunur, oxuyur.
Əgər həmin toyu idarə edən tək müğənni İlqar olursa, toy sahibinin də, qonaqların da bəxti gətirir.
Çünki İlqarın oxu manerası, seçdiyi nəğmələr elədir ki, hamısına bir xudmanilik, həzinlik, bəzən deyişlərin lap pıçıltı səviyyəsindəki ifadəsi xasdır, o mahnılarda müasir toylarımızın adətkərdəsi olduğu qara-qışqırıqdan, hay-küydən əsər-əlamət yoxdur.
Həmin səmimiyyətlə dolu nəğmələrin əksərindən ürəyə bir sərinlik, dinclik səpilir sanki.
Belə də alınır ki, bəzən toyu idarə edən başqa musiqi qrupu olur. 
Bir neçə əlavə müğənni də dəvət edilir ki, danışığa uyğun olaraq bəlli saatda gəlib öz paylarını oxuyub gedirlər.
Bu cür toylarda da İlqarın adı elan edilincə inanıram ki, səsgücləndiricilərin, mikrofonların şahə qaldırdığı səs horrasından bayaqdan başları şişmiş bir çox qonağın sifətinə ilıq təbəssüm qonur, rahatlıq çökür ki, hə, indi 
istirahət edəcəyik. 
Yəni həm qulağımız dincələcək ki, az öncəki uğultudan sonra bir az sakitlik yaranacaq, məclis toxtayacaq, həm də ürəyimiz sakitləşəcək ki, sözlərini də, musiqisini də asudəcə qavrayacağımız xəfif musiqini eşidəcəyik. 
O hay-küylü toyların içində də, elə müasir Azərbaycan musiqi həyatının axarında da İlqar Muradov bir sevimli ada kimidir.
Məlum və məşhur mahnıdakı ifadənin əksinə olaraq “uzaq yaşıl adaə” deyil, yaxın ada – doğmalıq, mehribanlıq, gözəllik saçan, həmişə umulan bir səs adası...

DRONQONUN İLK NƏĞMƏSİ

Yazıçı Çingiz Abdullayevin adı da, əsərləri də çoxdan Azərbaycan hüdudlarından kənarlara çıxıb.
Ölkəmizdə də, sərhədlərimizdən uzaqlarda da onu sevənlər, hər yeni əsərini gözləyənlər çoxdur.
Bilmirəm digər yerlərdə də belələri varmı, yoxmu. Amma özümüzdə Çingizin şöhrətinə dodaq büzən, onun yazıçı istedadına tənqidi yanaşan, əsərləri barədə bir az qibtə, bir az da lap açıq paxıllıq qatışıq fikir söyləyənlər də var. 
Qıraqdan-qırağa eşitməmişəm, bunlara bilavasitə şahid olmuşam, ona görə də bilirəm ki, Çingiz Abdullayevin oxucularının arasında bu qəbil adamların hər çeşidindən var.
Yazıçı hamınınkıdır. 
Sevə də bilərsiniz, söyə də, tənqid də etməkdə, tərifləməkdə də sərbəstsiniz.
Lap həsəd də aparın, dodaq da büzün, amma insafı da unutmayın, danılmaz həqiqətləri də etiraf etməyi bacarın.
Bu yazıçının adı Çingiz, atasının adı Akif, soyadı Abdullayev.
Bütün mahiyyətiylə təpədən dırnağa azərbaycanlı olan istedadlı bir qələm sahibi.
Son 30-40 il ərzində heç bir Azərbaycan yazıçısına (istisnasız olaraq heç bir!) bir yaradıcı kimi bu qədər nəhəng coğrafiyanı fəth etmək, belə möhtəşəm oxucu auditoriyası qazanmaq nəsib olmayıb.
Bütün başqa tərəfləri qoyaq bir yana – axı Çingizin əsərlərinin yayıldığı bu genişdən geniş məkandakı yüz milyonlarla oxucu Azərbaycan yazıçısının əsərini oxuduğunu bilib, bir çoxu elə Çingizin vasitəsilə yurdumuzu, millətimizi tanıyıb.
Bunu, lütfən, heç vaxt yaddan çıxarmayın!
İindiyədək Çingizin Azərbaycan, rus və bir çox xarici dillərdə olan 200-yə yaxın adda 600-dən çox kitabı 30 milyona yaxın tirajla nəşr edilib.
Dədə Qorquddan üzü bu yana, ən məşhur klassiklərimiz də daxil olmaqla, heç bir ədibimizə belə uğur nəsib olmayıb.
Bütün başqa yaxşı və yaman hissləri bəsləyin, halal xoşunuz (halal sayıla bilən nöqtəyə qədər)!
Amma bütün bu gerçəkləri də bilin, bilincə etiraf edin, Azərbaycana iftixar sayılası bu nailiyyətlərlə qürurlanın.
Axı bunlar bir nəfərin qazandıqlarıdırsa da, əslində bütöv millətin uğuru deməkdir.
Və Çingiz həm bizim ədəbiyyatımıza, həm də dünya söz xəzinəsinə məşhurdan məşhur bir obraz da bağışlayıb.
Əsərlərinin qəhrəmanı Dronqo surətini.
Dronqo bir zərif quşun adıdır.
Bir quş ki, bülbül sayaq, sığırçın kimi, tutuquşulartək oxumağı sevir, ən müxtəlif səsləri yamsılamağı bacarır.
Çingiz Abdullayevin romanlarında Dronqo cəsur, bilikli, iti müşahidəli kəşfiyyatçı, sanki insanın qəlbinə girərək özünü onun yerinə qoymağı bacaran və bu vəsilə ilə də onun içərisindəki sirləri duymağa qabil üstün zəka sahibi, təhlilçi, insanşünasdır.
Çingizin qəhrəmanı Dronqo adaşı olan xırdaca nəğməkar quşdan fərqli olaraq heç vaxt oxumayıb.
Nə bizə bəlli Çingiz Abdullayev romanlarında, nə də həmin romanlar əsasında çəkilmiş filmlərdə.
Ancaq Dronqo gec-tez oxumalı imiş və oxudu da.
İlqar Muradov heç vaxt aktyorluq etməyib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Çingiz Abdullayevin “Quba kapriççiosu” romanı əsasında “Xeyir və şərin rəqsi” adlı tammetrajlı bədii filmin çəkilişləri ərəfəsində rollara akyorlar axtarılanda Dronqo surətini yaratmaqçün xeyli yerli və yetərincə məşhur əcnəbi aktyorlar nəzərdə tutulmuşdu.
Fəqət filmin rejissoru Yavər Rzayevin gözü və ürəyi hansı cazibə iləsə İlqarı tutmuşdu və hamını da inandıra bildi ki, ən doğru seçim onunkudur.
Film epizod-epizod çəkildikcə əvvəlcə şəkk eləyənlər də gördülər ki, axı deyəsən elə Yavər haqlıdır.
Filmdə İlqarın danışığını eşitməyəcəksiniz.
Ona görə yox ki, rol sözsüzdür. 
Eşitməyəcəksiniz o səbəbdən ki, Dronqo rolunu İlqar Muradov oynasa da, səsləndirən mərhum Fuad Poladovdur.
Amma filmdən İlqarın səsi hər halda gəlir.
O bir mahnı oxuyur.
Və bu dəfə Dronqonun məhz İlqar Muradov olması ssenari müəllifini də, rejissoru da ilhamlandırıb ki, fürsəti qaçırmasınlar.
Bu nəğməylə film bir qədər də gözəlləşib, təsirliləşib.
Və beləcə uzun illərdən sonra bir başqa haqq da yerini alıb ki, Çingiz Abdullayevin Dronqosu axırı ki, təbiətin o zərif məxluqunun, şərqilər ötən, cəh-cəh vuran adaşı dronqo quşunun da borcundan çıxıb.
Həm İlqar Muradov ilk dəfə təxminən peşəkar aktyora dönüb, həm də roman səhifələrində və ekranlarda illərcə susan Dronqo ilk dəfə oxuyub...

SEVGİNİN YAZILMAMIŞ QANUNU

Artıq o nəğmələrin sayı 800 ətrafındadır. 
Bir az çox, bir qədər az. 
Amma yeniləri gəlir, yol davam edir və söz yox ki, illər sonra bu rəqəm 1000-ə də çata bilər, həmin həddi aşar da.
Bu qədər nəğmə birlikdə artıq göstəricidir. 
Bu qədər nəğmə həm tarix, həm coğrafiyadır.
Həm yalnız ifaçının özünün deyil, onun yaşadığı illərdəki cəmiyyətin mədəni səviyyəsi, zövq göstəricisidir, həm də dilimizin, şeirimizin, musiqimizin çağdaş mənzərəsi.
Tarixdir o mənada ki, 1980-ci illərdən bəri yaranan, lentə alınan, oxunan o mahnılar arıq 40 ilə yaxınlaşan bir dövrü əhatə edir. 
40 ilsə, sürətli zəmanəmizin gözündə heç də balaca vaxt deyil. 
Bu zaman kəsiyi ərzində bir neçə nəsil dəyişib. Bəstəçilərin, şairlərin, ifaçıların və onların dinləyicilərinin tərkibi başqalaşıb, yeniləşib. 
Elə bu 800 nəğməni tarixcə, yazılış ardıcıllığı baxımından sıralayıb üzdəncə nəzərdən keçirəndə ötülmüş yol, uğurlar, kəsirlər, dəyişən baxışlar, seyrələn sıralar haqqında qənaət əldə etmək olur.
Coğrafiyadır o mənada ki, bu nəğmələrdə bütün Azərbaycan var.
İlqar özü Naxçıvanda doğulub, ibtidai, orta, ali təhsilini orda alıb, musiqidə hansı səmtə üz tutacağı, yolu, xətti elə orada müəyyənləşib.
Bakıya gələndə, böyük musiqi həyatına qovuşanda artıq yeniyetməlik arxada idi, yaşı 20-ni keçmişdi, sonacan olmasa da, hər halda sənətdə nə istədiyini, necə irəliləyəcəyini dərk etmiş musiqiçi idi.
Səmt olaraq o, estrada musiqisini seçmişdi, oxu tərzinə şansonluq xas idi.
1950-60-cı illərdə Tofiq Quliyevlə, Rauf Hacıyevlə, Zakir Bağırovla və onların digər məsləkdaşlarının səyləri ilə şəkillənmiş şəhər mahnıları tipi yolunun lap başlanğıcından İlqarın üslubuna çevrilirdi.
Etiraz edən olar ki, mahnının nə şəhərlisi, nə kəndlisi. 
Zahirən bəlkə də hə. Amma mahiyyətə varınca görürsən ki, şəhər mədəni ab-havası, şəhər ovqatı, şəhərin geyim-kecimi, davranışları, adətləri, dəbləri fərqlidir.
Səsləri, işıqları, rəngləri bol, gündəlik yaşayışı daha qaynar, insanlarının əyləncələri və dincəlmə məkanları, maraqları, çalışmaları və düçüncələri ilə daha rəngarəng olan Bakı, əlbəttə ki, əyalətdən fərqlidir. 
Bütün bunlarsa elə məziyyətlərdir ki, şeirə də, musiqiyə də, nəğməyə də təsir etməyə, bütövlükdə zövqə də hopmaya bilmir.
Səbəbsiz deyil ki, həssas cazmen və estrada xiridarı Rafiq Babayev gənc İlqar Muradovla Naxçıvanda rastlaşandan, onda gördüyünü görəndən sonra söyləmişdi ki, sənin yerin paytaxtdır, Bakıya gəl.
Onda hələ 1981-ci il idi.
Naxçıvandan yaxşı müğənnilər də, xanəndələr də, bəstəkarlar da çıxıb.
Lakin ordan oxusu İlqar biçimli müğənnilər daha əvvəllərdə olmayıb.
Öz janrında, öz üslubunda İlqar tam fərqlənən, yenidir və bu sarıdan yetişdiyi bölgədən gələn ilkdir.
Və İlqar xalq mahnıları da oxuyub, bəstəkar nəğmələri də, bunların ikisinin aralığında dayanan peşəkara yaxın həvəskarların qoşduqlarını da.
Onillər əzrində elə çoxrəngli, çoxçalarlı bir palitra alınıb ki, orada Azərbaycan dörd bucağı ilə cilvələnməkdədir. 
Nə mən deyirəm, nə İlqar Muradov iddia edir ki, bu mahnların bir bəstəkarlıq, ya poeziya nümunəsi olaraq hamısının musiqisi və sözü yaxşıdır. 
Əlası da var, ortababaı da, zəifi də. 
İlqar alicənab, yumşaq təbiətli insandır. Etirazçıllıq onun həlim təbiətinə çox da uyğun olan keyfiyyət deyil. Fəqət heç İlqar olmasın. Həyatdır, bəzən elə şərait yaranır, sözünü sındıra bilmədiyin elə adam xahiş edir ki, lap at çölə olduğunu anladığın, lap yerli-dibli bəyənmədiyin nəğməni də ifa etməyə vadar qalırsan.
Şövkət Ələkbərova ki müğənnilərimizin ən üstünlərindən idi! 
O da bir dəfə mənə etiraf etdi ki, hərdən lap təcrübəli bəstəkarlar elə mahnı gətirir ki, mənlik olmur. Nə sözü, nə musiqisi qəlbimə yatır. Ancaq qəlbinə dəymək istəmirəm, özümü məcbur edib oxuyuram.
Lakin bir cəhət ki, Bülbül, Şökət Ələkbərova, Mirzə Babayev, Gülağa Məmmədov kimi böyük müğənnilərə xas idi, ustadlardan gələn dərs kimi İlqara da nəsib olub.
Necə ki, örnək klassiklərimiz, o da ürəyinə yatmayan mahnıları belə candərdi oxumur. 
Hər halda çalışır ki, bacardığı qədər onu özününküləşdirsin, ora ürək artırsın, duyğu artırsın, istilik əlavə etsin.
İlqar bütün bunları edəndən sonra hətta təəccüblənir də: “Görürsən bir həvəskarın qoşduğu mahnı bəzən elə alınır ki, hamı düşünür bunu təcrübəli, mahi bir bəstəkar yazıb. Mahnı sevilir də, tez-tez arzulanır da...”.
Əslində isə təəccübə nə hacət! Yox, elə öz-özünə o təhər alınmır, bunu edən edir.
Hamınız şahidsiniz ki, bir neçə müğənninin ifasında diqqəti xüsusi çəkməmiş bir mahnı hansısa ifada qəfilcə elə parlayır ki, sanki indiyəcən heç ifa edilməyibmiş.
Ayrı müğənnilər də oxuyur, həmin lətafət alınmır.
Mizrə Babayev “Limanda”nı oxuyub. Bir başqası deyil, 100 başqası oxusun, o gözəllik alınmayacaq. Ya Hacıbaba Hüseynovun “Durna”sı. Ya Rübabə Muradovanın “Gəl bizə yar”ı. 
Bunları min dəfələrlə yüzlərlə müğənni oxuyub, oxuyur. Hacıbabanın təqdimatında, Rübabənin avazında və yozumunda olan incilərəsə çatan yoxdur. 
Nərminə Məmmədovadan sonra “Kərkük nəğmələri”ni oxumağa cəhd edən az olmayıb. Amma nə fayda! Kim Nərminədən daha artlq sevilməyi bacarıb ki!
Flora Kərimovanın, İlhamə Qluyevanın, Elmira Rəhimovanın, Akif İslamzadənin üstü onların vurduğu möhürlü, başqa ifalarda adama az qala yad gələn nəğmələri xatırlayın.
Bütün bunlar ürək məsələsidir, duyum, yanaşma, yozum, çatdırma zərifliyidir ki, səni sən edir və sənin yaratdığını üstünləşdirir.
İlqar Muradov da beləcə. Nə oxuyursa onu elə İlqarlaşdırır ki, bu işığı hər ifasında mütləq sezirsən.
Həmin 800 və sabah təbii ki, miqdarı daha da çoxalacaq İlqar nəğmələrindən hansıları onillər sonra da yaşayacaq, indiki kimi seviləcək, diri ömrünü davam etdirəcək?
Bu, yalnız vaxtın dürüst cavab verə biləcəyi sualdır. 
Çünki sənət əsərlərinin davam edən ömrü bəzən onun özünün məziyyətlərindən savayı, içərisinə düşdüyü yeni dövrün tələblərindən, zövqlərindən, umacaqlarından da asılı olur.
Di gəl İlqarın nəğmələri ilə əlaqədar gələcəyə bağlı bir qəti cavab elə indidən bəllidir.
Bu həqiqət də odur ki, həmin ifalardan sabahlara neçəsi çatır çatsın, lap bircəsi olsa belə, dinləyənə müğənni İlqar Muradovun səmimiyyətindən deyəcək, məsuliyyətindən söz açacaq, sənətə münasibətindəki ciddiyyətindən bəhs edəcək və təsdiqləyəcək ki, bu insan nə oxuyubsa, sevərək oxuyub, nə oxuyubsa, gözləri önündə ona qulaq asanları tutaraq, onların hər birinə məhəbbətlə, sayğıyla oxuyub.
Bu isə yazılmamış qanundur ki, saf sevginin cavabı elə o cür təmənnasız məhəbbət olur!
İlqar Muradovun qismətində bu xoşbəxt yazı indi də var, gələcəkdə də hökmən olacaq!

İyulun 22-də saat 21.30-da və iyulun 24-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi dəyərli sənətkarımız, müğənni, əməkdar artist İlqar Muradova həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook