RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Sen 01, 2018 | 21:16 / Axşam görüşləri
Cənnət içrə bir hür: "Axşam görüşləri" verilişinin Şərq şeirinin solmaz çiçəyi Leyliyə həsr edilmiş buraxılışının anonsu

Gözəl idimi Leyli, ya Qeysin heyran gözləri idi onu gözəllərin ən gözəli kimi görən?
Nizami Gəncəvi Qeysin baxışlarının Leylidə yalnız mütənasib olanları sezdiyi, Leyliyə aid hər nəsnəni gözəl təsəvvür etdiyi inamında idi:

Əgər bər dide-ye Məcnun neşini,
Beğeyr əz xubi-ye Leyli nəbini.

Leyliyə Məcnunun gözüylə baxsan,
Yalnız gözəllikdən taparsan nişan.

Füzulinin qələmində Leyli misli cahana gəlməmiş, zəkası da, nitqi də, zahiri də hər görəni dərhal valeh edən bir ziba idi:

Şahbaz baxışlı, ahu gözlü,
Şirin hərəkətli, şəhd sözlü.
Rah-i rəvişi müdam ğəmzə,
Başdan-ayağa tamam ğəmzə.
Ayruqca şəkil ü xoşca peykər,
Yaxşıca sənəm, gözəlcə dilbər.
Aləm sər-i muyinin tüfeyli,
Məhbube-yi aləm, adı Leyli.

Füzulinin Leylini müstəsna gözəl kimi təqdim etməsi məhəbbət dastanının tələbiylə şair ilhamının coşmasından doğurdu, ya həqiqi idi bu öygü?
O mənbələr ki, Füzulidən də 5-6 əsr əvvəlin yadigarıdır və indi qarşımızdadır, onlardan təbii ki, Ustad da yararlanmışdı və həmin qaynaqlar təsdiq edir ki, Leyli doğrudan da sözə sığmayacaq əndazədə gözəlmiş, həqiqətən də məlahət mülkünün sultanı adlanmaq haqqı varmış.
Köhnə əlyazmalar bizə VII yüzildə ömür sürmüş Qeys ibn Müləvvəhin – eşqin Məcnuna çevirdiyi o aşiqlər aşiqinin bilavasitə öz qələmindən çıxmış şeirlərini də çatdırıb.
Günlərin birində onun çadırının yanında atının yüyənini dartan çapar Qeysə Leylidən soraq gətirir. 
Məhz Leyli xəbəri çatdırdığına görə həmin adam dönüb olur Məcnunçün ən əziz şəxs, onun dilindən qopan hər Leyli soraqlı kəlmə isə baldan şirin.
Bu misralar Qeysin – Məcnunundur:

Leylidən yetdi soraq, nur çilə, ey göz buludu,
Tərifin az edibəm, mən xəsisəmmiş necə də!
Nə gözəldir o çapar ki. gəlişiylə şad edər,
Sanki bir güldür onun verdiyi hər xoş müjdə.

Amma məxəzlər bunu da pıçıldayır ki, Qeysi gözəlliyi ilə əfsunlamış Leyli də elə istəklisi kimi şair imiş və yel qanadlı illər onun da Məcnuna həsr etdiyi atəşli misraları bizim günlərədək uçurub:

Getdi Qeysim, yaşayır qəlbdə hər dərdi dərin,
Kaş salaydı yenə tale buralardan güzərin.
O gedən yara fəda eyləyərəm mən canımı,
Qorumazsa onu gər qadir olan Tanrı, bilin!

Müdrik Füzuli məhəbbət fəzasının əbədi göyərçinləri olan qoşa sevgiliyə – Məcnuna “Zülmət içrə nur”, Leyliyə “Cənnət içrə hur” demişdi.
Leylilə Məcnun sevgisinin yaşı 1300-ə çatıb. Lakin zaman qocalıb, onlar gənc qalıblar.
Zülmətlər içində nur kimi parlamaqda, eşq cənnətində mələklər kimi qanadlanmaqdadırlar!..

Sentyabr ayının 2-də saat 21.30-da və sentyabrın 4-də saat 23-də Azərbaycan Radiosunda FM 105 tezliyində səslənəcək “Axşam görüşləri” verilişi Şərq şeirinin solmaz çiçəyi Leyliyə həsr ediləcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook