RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəBaba 80 yaşlı nəvəni necə fotoqraf etdi?

Baba – XX əsrin əvvəllərinin məşhur Bakı fotoqrafı Lavrenti Georgiyeviç Breqadze (1876-1967).
Nəvə – Moskvada yaşayıb-işləyən görkəmli kimyaçı alim, professor Vladimir Breqadze.
Yəqin heç Vladimir İosifoviçin yatanda yuxusuna da girməzdi ki, o, yaşı səksənə çatanda rəsmən peşəkar fotoqraflar cərgəsinə qəbul ediləcək və bu hadisə baş verəcək bir vaxtlar babasının fotoqraf kimi şöhrətləndiyi, öz atası İosif Lavrentiyeviçin doğulduğu, təhsil aldığı, əmək həyatına başladığı həmin cənub şəhərində.
Bakıda kimyaçıların beynəlxalq konfransında iştirak etməyə gəlmişdi. 
Elmi tədbir yekunlaşandan sonra, Bakıdan ayrılmazdan qabaq Vladimir İosifoviç xanımı Lüdmila Aleksandrovna ilə bir daha yanıma gəldi.
Əvvəlcə muzeyi seyr etdilər. Heyran qaldılar. 
V.İ. Breqadze muzeyin “Yaddaşlar kitabı”na xoş təssüratları barədə minnətdar sətirlər yazdı.
Və sonra onu bir neçə sürpriz gözləyirdi.
Əvvəlcə, Azərbaycan Fotoqraflar Cəmiyyətinin sədri Mirnaib mənim iş otağımda Vladimir İosifoviçə onun bu Cəmiyyətin fəxri üzvlüyünə qəbul edilməsi haqda sənədi təqdim etdi.
Söz yox, ömrü boyu professorun xeyli təltifləri olub, o, vaxtilə həm SSRİ, həm də Rusiya Federasiyasının Dövlət Mükafatlarını alıb, nə qədər diplomlara layiq görülüb. 
Ancaq həyəcanından hiss edirdim və özü də etiraf etdi ki, babasının xatirəsini yaşadan sevimli Bakıda təqdim edilən bu Üzvlük Fərmanı onu indiyəcən aldığı bütün diplomlardan daha artıq riqqətləndirdi...
Bakının məşhur fotosalnaməçisi Lavrenti Breqadzenin arxivdən taparaq surətini çıxardığımız nadir bir əsərini – Bakının neft mədənlərində çəkilmiş panoram fotonu da çərçivələdərək qonağımıza hədiyyə etdik.
...Kimyaçıların Bakı konfransına dünyanın başqa ölklərindən də gələnlər vardı. Təbii ki, konfrans gedişində heç də onların hamısı ilə yaxından tanış olmaq fürsəti yaranmır. Birinin plenar iclasda çıxışını eşidirsən, birinin konfransın tezisləri toplusunda məruzəsi haqda qısa bilgini oxuyursan, iclaslar bölmələrdə davam edəndə sənə aid bölmədəki alimlərlə nisbətən yaxınlşasan da, digər seksiyalarda məruzələri olanlardan nisbətən aralı düşürsən. 
Uzaqbaşı, ümumi ziyafətlərdə hansısa sifətlər yadında qalır.
Vaxtilə Bakl Dövlət Universitetində, Azərbaycan Milli Elmlər Akademiyasında çalışmış, sonra Türkiyəyə köçmüş, qardaş ölkədə kimya elminin inkişafına əhəmiyyətli töhfələr vermiş, indi Karsda yaşayıb işləyən mənim köhnə dostum professor Hacalı Nəcəfoğlu də bu konfransın iştirakçıları sırasında idi.
Bakıda idisə, söz yox, məni mütləq görməli idi.
Muzeydə bu 2 dəyərli alim daha konfransdakı kimi uzaqdan-uzağa deyil, yaxından görüşdülər, mehriban ünsiyyətləri yarandı və bu savab işimiz də yəqin gələcəkdə elm üçün yeni bəhrələrlə nəticələnəcək uğurlu bir yaxınlaşmanın təməlini qoydu.
Başqa sürprizsə, öz ayağı ilə gəlib çıxdı.
Bir Bakı sakini bu görüşdən neçə saat öncə telefonumu taparaq mənə zəng vurmuşdu.
–Adım Zaurdur. ATV kanalında sizin fotoqraf Lavrenti Breqadze hada söhbətinizi eşitdim. Bizim evdə babamdan qalma bir böyük şəkil var, onu da həmin Breqadze çəkib, istəyirəm gətirəm baxasınız, imkan olsa, elə həmin fotoqrafın nəvəsi ilə də görüşmək istərdim.
Zaur Allahverdiyev gəldi və şəkli də gətirdi. Dedi bu şəkil atam Ağalara öz atasından yadigar qalmışdı. 
Zaurun babası Soltan Ağagül oğlu bəhai imiş və bu fotodan bəhailiyin əsasını qoymuş Bəhaullahın böyük oğlu Əbdülbəhanın surəti baxırdı.
Fotonun altında Lavrenti Breqadzenin imzası və tarix də vardı: 7 aprel,1914-cü il.
Əlbəttə, Zaur ailələ içərisində danışılanlara və imzaya əsasən söyləyirdi ki, bu fotonu Breqadze çəkib.
Nəsə şübhələndim, tarixləri tutuşdurdum. 
1914-cü ildə Əbdülbəhanın(1844-1921) artıq 70 yaşı varmış, şəkildəkisə cavan oğlan idi.
Görünür, həm də yaxşı rəssamlıq qabiliyyəti olan Lavrenti Breqadze ona Parisdə təqdim olunan fotonu hansısa Bakı zəngininin sifarişi ilə 5 nüsxədə böyüdübmüş, həmin surətlərdən biri də gəlib çıxıbmış Allahverdiyevlər ailəsinə.
Professor Vladimir İosifoviçə bu təsadüfi görüş, babasının daha bir naməlum əsəri ilə rastlaşmaq da xüsusi məmnunluq bağışladı. 
Onu ən çox təsirləndirən isə bu idi ki, sadə bir azərbaycanlı ailəsində də Lavrenti Breqadzenin adını bilənlər, əl işlərini qoruyub saxlayanlar var.
Amma bu təsadüf məndə bir ayrı düşüncə və ümid də oyatdı. 
Fikirləşdim ki, Bakıda və bütün Azərbaycan boyu evlərdə, kimlərdəsə tariximizin çox maraqlı səhifələrini yaşadan hansısa əlyazmalar, cünglər, bəyazlar yəqin ki, hələ lap çoxdur. 
Lakin 1950-60-cı illərdə olan sayaq belə inciləri tapmaq nanminə kənd-kənd gəzmək, soraqlamaq vərdişi nəsə səngiyib.
Bəlkə nə qədər ki, tarix yadigarları tamam itib-batmayıb cəhdlər eləmək, Azərbaycan boyu köhnə əlyazmaların axtarışına çıxmaq fayda verərdi?!.
Onu bilirəm ki, bir türkiyəli əlyazmaşünas elə bu son illərdə rayon-rayon dolaşaraq xeyli ucuz qiymətə onlarla deyil, yüzlərlə əlyazma yığa bilmişdi ki, onların arasında bir qismi xüsusi ədəbi-tarixi-fəlsəfi əhəmiyyət daşıyırdı.
Ondan da xəbərim var ki, sonra həmin əlyazmaların bir hissəsini xeyli bahasına ayrı-ayrı elmi mərkəzlərinmiz satın aldı.
Bəlkə özümüz də tərpənək?!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook