RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəƏziz surət

Onunla mən şəxsən tanış olmamışam, həyatda bircə dəfə də olsun qarşılaşmamışıq. Amma o mənə çox əziz olan iki qiymətli azərbaycanlının həyatına xüsusi rəng, məna, işıq bağışlamış insandır. 
Həmin iki qiymətli azərbaycanlı böyük Heydər Əliyevlə İlham Əliyevdir. 
Əslində “böyük” ifadəsini elə İlham Əliyevin də adının qarşısında rahatca, layiqli dəyərləndirmə kimi işlətmək olar. Sadəcə, Heydər Əliyevin adı olan yerdə nə qədər güclü olsa belə, ikinci başqasını da kimliyindən asılı olmayaraq “böyük” adlandırmaq o qədər də düzgün səslənmir. 
Heydər Əliyev müstəsna idi və mən özümü xoşbəxt sayıram ki, onunla təmaslarım olub, onlu anları, həmin ünsiyyət dəqiqələrindən götürdüyüm dərsləri daim yaddaşımda daşıyıram.
İlham Əliyevin misilsiz zəka, iti ağıl sahibi olduğunu həm uzaqdan, həm yaxından dəfə-dəfə müşahidə etmişəm və sevinirəm ki, millətimin belə üstün təfəkkürlü, qabil övladı var. 
O iki seçkin şəxsiyyətin hər birinin ömrümdə nurlu izləri var, mənə dəyər veriblər, diqqət göstəriblər, mən onlara məhəbbət, ehtiram bəsləmişəm, bəsləyirəm və bu duyğular qəlbimdə həmişə var olacaq. 
Olarmı ki onların həyatının ən əziz insanına elə onlara olan qədər sayğı bəsləməyim?!
Aprelin 28-i Zərifə xanım Əliyevanın ad günüdür.
Unudulmaz Heydər Əliyevin ömür dostunun, Prezident İlham Əliyevin anasının doğum günü!
Nə qədər qəribə olsa da, Zərifə xanım Əliyevanın adını ilk dəfə uşaqlıqda evimizdə eşitmişdim.
Heydər Əliyev 1969-cu ilin yayında Azərbaycana rəhbər seçiləndə mən orta məktəbdə oxuyurdum və o, ali partiya rəhbərliyinə Dövlət Təhlükəsizlik Komitəsindən gəldiyindən kütlələrə geniş tanış olan bir ad deyildi. Lakin Zərifə xanımı Kürdəmirdə bilənlər bilirmiş, tanıyırmış və Zərifə xanıma görə də həyat yoldaşının kim olmasından agah imişlər. 
Heydər Əliyevin hər cür tərifli, təmtəraqlı, yüksək təqdimatlarını mən də az eşitməmişəm, hər biriniz də eşidibsiniz. Fəqət ilk dəfə məktəbliykən evimizdə ağsaqqallarımdan eşitdiyim təqdimat tam təkrarsızdır və heyif ki, bunu sağlığında ulu öndərə çatdırmağıma imkan olmadı. (Yəqin ki, hətta imkan olsaydı da yəqin deməyə çətinlik çəkərdim): “Mərkəzi Komitənin bu təzə Birinci Katibi o vaxt Kürdəmirə traxoma ilə mübarizə aparmağa gələnlərdən olan qızın həyat yoldaşıdır”.
Zərifə xanım göz həkimi idi və cavan çağlarında traxomanın geniş yayıldığı Kürdəmirə gəlmiş həkimlər heyətində o da varmış, bizim tərəflərdə olduğu müddətdə neçə insana şəfa da bağışlamağa, neçəsini dünya işığına həsrət qalmaqdan xilas etməyə də müvəffəq olubmuş.
İndi bu qeydləri sizinlə bölüşməkdə məqsədim Zərifə xanım haqqında xüsusi bir yazı ortaya qoymaq deyil. Onun növbəti ad günüdür, gələn ilsə təxminən yubileydir, müəyyən mənada yuvarlaq sayılası tarix gəlir – 2018-in 28 aprelində Zərifə xanımın 95 yaşı onsuz tamam olacaq. 
İndi, gecə çağında ürəyimdən keçdi ki, budəfəki ad günündə Zərifə xanımla bağlı, son bir neçə ildə yazdığımız 3 nəğməni ilk dəfə qovuşduraraq, bir yerdə diqqətə çatdırım.
O nəğmələrin 3-nün də sözünü mən yazmışam. 
“Zəriflik” mahnısını bəstəkarı Faiq Sücəddinov, “Vəfa dərsi” ilə “Zərifdən zərif”inki isə Oqtay Rəcəbovdur.
“Zəriflik” Heydər Əliyevin dilindən yazılmış, bir növ məşhur “Sənsiz” romansının dalğasını özündə yaşadan və xəyalən Zərifə xanıma müracət kimi səslənən nəğmədir.
“Vəfa dərsi” isə sanki Zərifə xanımın dilindən Heydər Əliyevə müraciətdir.
Və bu iki nəğmə bir sarsılmaz məhəbbətin, sədaqətin, vəfanın, etibarın tarixçəsidir.
Bu qısa nəğmələrdə bütöv ömrün hekayəti var.
Birinci nəğməni xalq artisti Azər Zeynalov, ikincini gənc müğənni Ülviyyə Tağıyeva ürəklə, istadadla oxuyub.
Üçüncü nəğmə – “Zərifdən zərif” isə Zərifə xanım Əliyevanın özü haqqındadır. Hardasa portret nəğmədir və bunu da digər gənc müğənni Nurlan Növrəsli məlahətlə canlandırmağı bacarıb.
…Mən bu sətirləri Bakıdan uzaqlarda, Strasburqda yazıram, gecə saat 1-dir, artıq aprelin 28-i bura da çatıb, Bakıya isə burdan da əvvəl yetişib.
Yaşamalı adları daim canlı saxlamaq, yurdun, millətin dünənində və taleyində yeri olanları ən azı onların doğum və xatirə günlərində anmaq bir borcdur.
Arzulayıram ki, bu nəcib qədirbilmə hissi heç vaxt insanlarımızı tərk etməsin!
Zərifə xanımın da, Heydər USTADın da ruhları şad olsun!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook