RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə“İslam həmrəyliyi və dinlərarası dialoqun sülh və multikultural həyata töhfəsi” ...

“İslam həmrəyliyi və dinlərarası dialoqun sülh və multikultural həyata töhfəsi”
adlı beynəlxalq konfransda

Rafael Hüseynovun 
çıxışı

Madrid, 6 noyabar, 2017

Min il əvvəl ölkələr və şəhərlər arasındakı məsafələr indikindən qat-qat uzun idi. Əslində dünya həmin dünyadır, nə böyüyüb, nə kiçilib. Sadəcə, məsafələri qısaltmağa qadir olan vasitələr dəyişib. Lakin hələ təyyarələrin, qatarların, sürətli gəmilərin olmadığı həmin uzaq orta əsrlərdə də gözəl İspaniya oçağkı mədəni dünyanın dörd bucağına bütün başqa Avropa ölkələrinə nisbətən daha yaxın idi. Çünki bu yaxınlaşmanı təmin edən çox ciddi vasitələr və səbəblər vardı. 
X əsrdə Avropanın indi irəli getmiş neçə ölkəsində hələ kağızın nə olduğunu bilmirdilərsə də, İspaniyada, Əndəlüsün paytaxtı Kardovada çoxlu kitab dükanı, daimi fəaliyyət göstərən 17 kitabxana vardı. Mənim ölkəm Azərbaycanla İspaniya arasında məsafə min kilometrlərlədir. Amma tarixi məxəzlər sübut edir ki, ö dövrdə Əndəlüsdə yazıb-yaradan alim və şairləri bizdə yaxşı tanıyırdılar və Azərbaycan alim və şairlərinin əlyazma kitabları da Kardovaya gəlib çatırdı. XIII əsrdə Azərbaycanın böyük riyaziyatçısı, astronomu və ədibi, indi Ayda adına krater olan Nəsirəddin Tusi Marağa şəhərində rəsədxana və Akademiya yaratmışdı. Orada çalışan və dünyanın müxtəlif ölkələrindən olan alimlərin sırasında Əndəlüsdən gələnlər də vardı. Latın dili kimi ərəb və fars dilləri o zamanlarda ortaq elm və poeziya dilinə çevrilmişdi. Orta Asiyadan Hindistana, İspaniyadan Qafqazlara qədər nəhəng bir ərazini yığcamlaşdıran və yaxın edən islam mədəniyyəti, ortaq mənəvi dəyərlər vardı. İslam sivilizasiyası bir çox xalqların birgə yaratdığı müştərək irs idi və rəngarəng, zəngin sərvət dilləri, dinləri, adət və ənənələri fərqli olan xalqları və onların təmsilçilərini bir-birinə çox uyğun, yaxın, doğma edirdi. Məhz bu yaxınlığın, ortaqlığın sayəsində doqquzuncu yüzilin əvvəllərində artıq İspaniya Avropanın intellektual mərkəzi sayılırdı və Əndəlüsə “qitənin mirvarisi” deyirdilər. X-XI yüzillərin Əndəlüsündə 700 məscid vardısa, onların yanında sinaqoq da, kilsələr də hər gün ibadətə gələn insanları qarşılayıdı. Mənim Vətənimdə, paytaxt Bakıda ümumi ərazisi 20 hektar olan və qala divarları ilə əhatə olunmuş köhnə şəhər mövcuddur. 1000 il əvvəl olduğu kimi orada yenə həyat qaynayır. İspaniyada olduğu kimi oralarda da IX –X əsrlərdə dinlər və mədəniyyətlər sadəcə mehriban dialoqa girməmişdilər, birlikdə idilər, bir-birlərinə dayaq idilər. “İçəri şəhər” adlanan həmin yerdə atəşpərəstlik məbədi, kilsə və məscidlər bir-birinin lap yanındadır, aralarındakı məsafə bir neçə metrlə ölçülür. Amma indi XXI əsrdir, 2001-ci ildən etibarən mən hər il bir neçə dəfə Azərbaycan Milli Məclisinin nümayəndəsi kimi üzvü olduğum Avropa Şurasının tolantılarında iştirak etməkçün Fransada, Strasburq şəhərində oluram və orada hərdən törədilə biləcək təxribatların qarşısını almaqdan ötrü Allah evlərinin qarşısında əli silahlı dayanmış polisləri görəndə istər-istəməz kədərlənirəm. Axı bizim tarixin sınaqlarından keçib-gəlmiş mötəbər dinlər və mədəniyyətlərarsı dialoq modellərimiz, çoxmədəniyyətli mühitlərdə rahat və bir-birindən bəhrələnərək yaşamağa doğru yolları göstərən tarixi təcrübələrimiz var. Niyə onlar indi işləmir, yaxud nədən bu vasitələr indi arzulanan səviyyədə fəaliyyətdə deyil? Zənnimcə, ona görə ki, sistemli şəkildə bunlara qarşı tətbiq edilən məkr mexanizmləri var. Müəyyən siyasi qüvvələr ardıcıl iş aparırlar ki, islamofobiya da ortada olsun, dinlər, mədəniyyətlər, xalqlar arsında da münaqişələr soyumasın. Çünki parçalayanda, nifaq toxumları səpəndə o siyasi qüvvələrə müxtəlif qara niyyətlərini həyata keçirməkçün münbit şərait yaranır. İncə araşdırılsa bu da üzə çıxar ki, ayrı-ayrı dinlərə məxsus müqəddəslərin və dəyərlərin təhqir olunması, terror aktları və çeşidli təxribatların ardında adətən bu və ya digər dinə mənsub olan hansısa fanatiklər deyil, məhz dünyanı qarşdırmağa çalışan ayrı-ayrı siyasi-ideoloji mərkəzlər durur. 
Nə etməli, çıxış yolları haradadır? Çox baş sındırmağa, çarə axtarışları üçün uzun düşüncələrə ehtiyac yoxdur. Etibarlı, zaman boyu yoxlanmış yetətincə işlək mexanizmlər, faydalı düsturlar var. Müsəlman aləminin müasir dünyada Məhəmməd peyğəmbərdən sonra ən məşhur və tanınan, əsərləri yüzlərlə dillərə çevrilmiş XIII əsrin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Rumi “Məsnəvi”sində insanlar, xalqlar arasında anlaşılmazlıqların, təzadların, fərqliliyin səbəbini də göstərib, ondan qurtulamağın və birliyə nail olmağın da “qızıl qaydası”nı bəyan edib. 800 yaşlı bu məsləhət və tövsiyyə qüvvəsini tam halda saxlamaqdadır: 
همزبانی خویشی و پیوندی است
مرد با نا محرمان چون بندی است
ای بسا هندو و ترک همزبان
ای بسا دو ترک چون بیگانگان
پس زبان محرمی خود دیگرست
همدلی از همزبانی بهتر ست
(Eyni dillilik doğmalıq, birlik deməkdir. Bir insan ruhən ona yaxın olmayanın yanında əsir olan kimidir. Eyni dildə danışırmış kimi ruhən yaxın olan o qədər hindli və türk var ki! Və çoxlu da türk var ki, bir-birinə büsbütün baiganədir. Beləcə, qarşılıqlı anlaşmanın dili tamam başqadır. Qəlbən eyni olmaq, eyni dildə daşamaqdan daha üstündür).
Son dövrün ən işlək ifadələrindən biri “tolereantlıq” sözüdür. Mahiyyətinə dalınırsa bu analyış o qədər də ürəkaçan deyil. Mənim düşüncəmə görə, mühit o qədər sağlam olmalıdır, cəmiyyət həyatında elə yüksək davranış, əxlaq, mənəviyyat səviyyəsinə çatmalıyıq ki, sadəcə bizimlə eyni olmayana səbrizimizi basaraq dözməyi uğur saymayaq. Bizdən olmayanı, bizdən fərqlini də özümüz kimi qəbul eməyimiz gündəlik həyat şərtinə çevriləndən sonra hamımızın ortaq yuva kimi mehriban, sülh içərisində yaşadığımız mühiti qazana bilərik. Azərbaycan dünyada ən müxtəlif dinlər və mədəniyyətlərin ahəngdar qovuşuğunu bərqərar etmiş bir ölkə kimi tanınır. Üstəlik, 2017-ci il də Azərbaycanda İslam həmrəyliyi ili elan edilmişdi. Yəni başa çatmaqda olan 2017-ci il bizim üçün həm bütün dünya müsəlmanları ilə, həm də digər dinlər və mədəniyyətlərlə xoş münasibət və əlaqələrin xüsusi dövlət proqramı çərçivəsinədə silsilə layihələrin gerçəkləşdirildiyi zaman kəsiyi kimi yadda qalır. Lakin bir böyük həqiqət var. Nə qədər bəyənatlar verirsən ver, özünün multikultural dəyərlərə sadaqətindən nə qədər danışırsan danış, bu mövzularda nə qədər tədbirlər keçirirsən keçir, əgər səndə bütün bunların ənənəsi, tarixi yaddaşdan gələn təməlləri yoxdursa, müsbət nəticələrə yetişmək çox müşküldür. Ona görə də hər xalq, hər ölkə mütləq ən əvvəl öz keçmişinə baxmalı, dünənlərdə var olan belə ənənələri, vərdişləri, dərsləri bərpa etməyə, yeni günün tələblərinə uyğunlaşdıraraq davam etdirməyə çalışmalıdır. Bu halda uğurlar hökmən bizi daha tez tapacaq.
Məhəmməd peyğəmbər: “Allah gözəldir və gözəl olanı sevir” söyləyib və bu dünya Qadir Allahın gözəllik qanunları ilə yaradaraq bəşəriyyətə əmanət etdiyi ortaq evimizdir. İnsanı sevək, əl-ələ, ürək-ürəyə olaq, bu minvalla da həm dünyamızı, həm özümüzü qoruyaq!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook