RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəFələklə həmsöhbət

Yaxın adamı neçə il dindirməsən o dönüb yad ola bilər? 
Doğma bir kəsin halından nə müddət xəbər tutmasan, ona neçə əsr laqeyd qalsan izləri, soraqları itər?
Nəbzi məhəbbətlə vuran, misralarında istəkli bir insandan ayrılığın xiffəti, təzə görüşə səbirsiz ümid, könlünü verdiyi gözəli bütün gözəllərdən daha gözəl saymaq kimi sadəlövh, amma qəti inam çırpınan bu şeirdəki duyğulara solmayan təzəlik, köhnəlməzlik xasdırsa da, bu parça, əslində, xeyli qocadır.
Şirvanın hansısa aylı-ulduzlu bir yuxusuz gecəsində bu qəzəl böyük şairimiz Fələkinin qələmində doğulub.

Rüxün zülfün, ləbin çeşmin, xət ü xalın sənin, dildar
Alıb səbrim, gedib huşum, itib eyşim, nə iştah var.
Mənə qismət qəmin dərdin, nəsibim hicrinin dağı,
Başım küllü, ürək yanmış, əlim bomboş, gözüm ağlar.
Könüldə canda, ey yarım, yükün bu bitməz hicranın,
Nə müddətcə çəkim səncə, qalım giryan, olum bimar?
Gözümdən nur, bədəndən qan, gedib şadlıq, solub ilham,
Oçağdan ki, cüda düşdük, məni möhnət edibdir xar.


XII yüzildə. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövründə. O zamanda ki, Nizami Gəncəvi, Xaqani Şirvani, Məhsəti Gəncəvi kimi parlaq şeir günəşlərinin dörd bir yanında neçə-neçə nəhəng ulduz bərq vururdu – Nizam Təbrizi, Qasım Gəncəvi, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, Qiyasəddin Şirvani, Nərgizi Marağayi…
O günəşlərin möhtəşəmliyi bu ulduzların güclü işığını sanki azaldıb, elə öz əsrləri içərisində də bunlar layiq olduqları gerçək böyüklüyə uyğun qavranmayıblar. 
Nə etməli ki, dahilər əsrinin övladı olmağın istedad sahiblərinə belə soyuqluğu da qaçılmazdır. Səni sən edən də həmin dövr olur, səndən nəyisə əsirgəyən də həmin çağ.
Bəs dövr dəyişəndən, vaxtın sonrakı yüksəklərindən böyüklükləri aydınca seziləndən sonra niyə bu qəbil ulduzların öz mühitlərində yetərincə almadıqları qiymət yenə onlardan əsirgənib?
Var-dövlət bol olanda onu çöləmi tökərlər, ona biganəmi baxarlar? Axı Allah israfçılığı, bərəkətin qədrini bilməməyi günah sayır! 
Uşaqlığımızda bizi öyrətmişdilər ki, gördün yerə çörək tikəsi düşüb, dərhal götür, öp, gözünə sürt, sonra hündür bir yerə qoy. Bunu uşaqlıq illəri İkinci dünya müharibəsinin qəhətliyi əyyamlarına təsadüf etmiş, bir doyumluq çörək tapmayanda jmıx da yeməyə vadar qalmış, dualarında “Tanrı heç kəsi əppəklə imtahana çəkməsin” alxışı əskik olmayan valideynlərimiz öyrətmişdi bizə. 
Babalardan miras qalan Sözümüz də belədir. O Sözü və həmin Sözü Yaratmışları da əzizləməli, ağırlamalıyıq. Diqqətdən iraq düşənlərini gözümüzün üstünə, bağrımızın başına qaldırmalıyıq.

Vidayə olmadı imkan, gözəl yarımdan ayrıldım,
Qəmilə dərdə yar oldum, vəfadarımdan ayrıldım.
Mən ondan ayrılan dəmdə dözərdim möhnətə, dərdə,
Bu gün yalnız dözümdən yox, bütün varımdan ayrıldım.
Könül ağlar, fəqan eylər, fələk rəhm eyləməz əsla,
Sənin tək şadlığa, eyşə səbəbkarımdan ayrıldım.

Bu şeir də Fələki Şirvanidən saxlancdır.
Əsli farscadır. Bu və eləcə də Fələkinin əlimizə natamam halda gəlib çatmış ədəbi yatırının, demək olar ki, hamısı o çağın işlək şeir dili farscadadır. 
1941-ci ildə Nizaminin anadan olmasının 800 illiyinin təntənəylə qeyd ediləcəyi ərəfələrdə görülən savab işlərdən biri də bu olur ki, gəncəli dahinin müasiri olmuş azərbaycanlı şairlərin də əsərlərindən ibarət bir toplu buraxılması nəzərdə tutulur. Elə həmin çərçivədə ilk dəfə olaraq Əbül-Üla Gəncəvinin, Qivami Mütərrizinin, İzzəddin Şirvaninin, Mücirəddin Beyləqaninin… əlyazmalara qısılıb uyuyan şeirləri ana dilimizə çevrilir və xalqla görüşə gəlir. Fələki onlardan biriydi. 1940-cı ildə Fələkini ilk dindirib onu dilimizdə danışdıran Əliağa Vahid olmuşdu. Vur-tut 5-6 kiçik parça. Mənbələrsə Fələkinin zəngin bir ədəbi mirası olduğunu təsdiqləyir. 
Məşhur söz sərrafı və təzkirəçi Şəmsəddin Sami bəy 1896-cı ildə İstanbulda nəşr edilmiş “Qamus ul-əlam”ında Fələkinin mükəmməl bir “Divan”ının varlığından xəbər verirdi. Ondan düz 200 il əvvəlsə – 1696-cı ildə fransız araşdırıcısı M.D`Erbelo “Şərq kitabxanası, yaxud universal lüğət” ünvanlı kitabında Fələki irsinin 14 min beyt olduğuna şəhadət verirdi.
İndiyəcən dünyanın əlyazma xəzinələrində həmin irsin axtarışına çıxmamışıq. Pərakəndə yox, məqsədyönlü, səmtlənmiş ciddi arama niyyətindən söz gedir. Axtarsaydıq, tapardıq. Amma hər halda şairin bugünə bəlli olan 2 min beyt civarındakı irsi də ayrıca bir kitab ola bilərdi. Ə.Vahidin 1940-cı ildə etdiyi bir neçə tərcümədən sonra təzədən Fələkiyə qayıtmaq, onun yadigarlarını ayrıca bir şeir məcmuəsinə çevirərək hamınınkı etmək yada düşməyib.
1981-ci ildə Azərbaycan televiziyasında Fələkiylə bağlı veriliş hazırlayırdım. Xanəndə Hacıbaba Hüseynovdan xahiş elədim ki, muğam üstündə bir-iki şeir oxusun. Amma Vahiddə cəmi bircə qəzəlin bütöv tərcüməsi vardı, qalanlar yarımçıq parçalardı. Hacıbaba ustadın təkidiylə daha 2 qəzəli onun muğam üstündə oxuması, bir neçə rübai və qəsidəni isə aktyorların səsləndirməsi üçün çevirdim. Tarzən Sərvər İbrahimovun, kamançaçı Elman Bədəlovun müşayiətilə həmin qəzəlləri Hacıbaba müəllim özünəməxsus məlahətlə ifa etdi. Heyif ki, ovaxtkı bir çox başqa verilişlər kimi, bu veriliş də canlı yayımlandığından, fondda qalmadı. Amma dostlar mənim xahişimlə verilişin səsini ev maqnitofonuna yazmışdılar və o lenti dəyərli yadigar kimi indi də saxlayır, hərdən ləzzət, həm də itirdiyimiz sənətçiləri həsrətlə anaraq dinləyirəm. 
Və həmin çəkilişdən 10 il sonra o hadisəni Hacıbaba müəllim gözlənilməz bir məkanda ustadına hesabat verirmiş kimi yada salmışdı. Hacıbaba Hüseynov haqqında Azərbaycantelefilmin xətti ilə “Ocaq başı” filmini çəkirdik. Epizodlardan biri Şamaxıda Seyid Əzimin qəbri üstündə lentə alınırdı. O çəkiliş anınacan 70 yaşlı Hacıbaba ustad ömrü boyu Bakıdan, Abşerondan kənara çıxmamışdı (necə ki, 70-ə yetişənəcən filarmoniya səhnəsinə də yolu kilidli olmuşdu) və nə qədər qəribə olsa da, Şamaxıya gəlişi həyatındakı ilk uzun və uzaq səfəri idi (sonra yol açıldı elə bil, tezliklə Kərbəlaya da getdi, Fransada da oldu…).
Pərəstiş etdiyi, müqəddəs bildiyi Seyid Əzimin məzarına çatan kimi ətrafındakı böyük dəstə adamı – çəkilişçiləri, yol yoldaşlarını, rayonda ona qoşulmuş həvəskarları büsbütün unudaraq Hacıbaba müəllim öz dünyasına qapıldı, əvvəlcə əzan verdi, sonra ustadıyla diri adamla söhbət edirmiş təki danışmağa başladı, minnətdarlıq etdi, “sənin qəzəllərini oxuyub, sənin çörəyini yeyirəm” deyərək halallıq istədi, hamımızı duyğulandıran, riqqətə gətirən sözlərinin içində Fələkinin də adını çəkdi: “Ağa, yəqin elə səninlə bu məzarlıqda yatan həmşəhərlin Fələkini mən 10 il əvvəl ilk dəfə tanıdım, ilk dəfə oxudum, elə bildim heç kim onu tanımır, amma sənin “Təzkirə”ni açanda gördüm ona “mövlana” deyirsən”, gördüm şeirlərini yığmısan, gördüm ona necə yüksək qiymət verirsən, ağladım. Camaat bizə “ustad” deyir, sən bilənin yüzdə birini bilmirikmiş, sən qiymət verdiklərinin çoxundan bixəbərikmiş. Cahilliyimizi bağışla, ağa”.
Muğam sənətimizin son klassiki Hacıbaba Hüseynov 4-cü sinfə qədər təhsil almışdı. Amma fitrətən ona töhfə edilmiş daxili zənginlik, oxuyub-öyrənmək yanğısı sayəsində çox biliklərə vaqif olmuşdu və artıq ömrün ixtiyar çağında qüdrətli bir şairimizi tanımalı olub vaxtında tanımadığı üçün keçirdiyi xəcalət hissini etiraf edirdi, bu bilməzliyinə görə öz vicdanı və mənəvi müəllimi qarşısında üzrxahlıq edirdi.
Mən günahı tanımayanlarda yox, tanıtmalı olanlarda görürəm.
Fələki haqqında indiyəcən yazılmış əsərlərin ən əhəmiyyətlisi 1929-cu ildə ortaya çıxıb. 1929-cu ildən sonra ondan yaxşısını yaza bilməmişiksə, bunun özü çox pisdir. Məsələnin daha qəmli tərəfi odur ki, həmin kitab Bakıda yox, Londonda nəşr edilib və əsəri azərbaycanlı yox, Hadi Həsən adlı bir əcnəbi alim meydana gətirib. Azərbaycanın, Şamaxının üzünü görməmiş həmin xarici alim Hadi Həsən 1929-cu ildəki “Fələki Şirvaninin dövrü, həyatı və əsərləri” adlı ikicildliyindən sonra 1950-ci ildə şairin yeni əldə etdiyi nadir bir “Divan”ı barəsində tədqiqatını, 1958-ci ildə isə Fələki irsi ilə bağlı təzə müşahidə və kəşflərini əhatə edən yazılarını elmi dövriyyəyə gətirir.
1967-ci ildə Tehranda Taheri Şəhab Fələkinin 30 qəsidə, 1 həbsiyyə, 3 tərkibbənd, 10 qəzəl tikəsi, 10 rübai, 7 qitə və daha 4 kiçik mənzumədən ibarət farsca “Divan”ını buraxır. Bunun da hamısı deyil, lap yarısı tərcümə edilsəydi, azərbaycanlıların kitab rəflərində ayrıca Fələki də olardı. Edilməyib. Belə hiss olunur ki, hələ heç növbədə də deyil.
1980-ci illərdə Fələkidən etdiyim tərcümələrə indi bu yazı üçün daha bir neçəsini artırdım. Lakin bununla yara sağalmır axı.

Canan eləməz əsla, əsla eləməz canan,
Şadan ürəyim bir dəm, bir dəm ürəyim şadan.
Hicranı yaxar qəlbi, qəlbi yaxar hicranı,
Yüz can gətirər vəsli, vəsli gətirər yüz can.
Dərdlər yetişər yardan, yardan yetişər dərdlər,
Dərman dilərəm ondan, ondan dilərəm dərman.
Gülşən bəzənər ondan, ondan bəzənər gülşən,
İnsan bu sayaq olmaz, olmaz bu sayaq insan.

Fələkinin çılğın ruhu bu musiqili, hər misrasının yarıdan sonra sözlərin əks sıralanması ilə xüsusi ahəng yaratdığı qəzəldə aşkarca sezilməkdədir. 
Həmişə cavan – 39 yaşında qalacaq Fələkinin gərək bütün şeirləri bu cür öz dilimizdə danışa!
XV əsr təzkirəçisi Dövlətşah Səmərqəndi xəbər verir ki, Fələkinin “Divan”ını Teymurləngin nəvəsi, hökmdarlığından savayı həm də astronom, ensiklopedik biliklərə malik alim olmuş Uluq bəyə (1394-1449) təqdim edəndə şeirləri oxuyub bəyəndi, amma təəccübünü də gizlətmədi: “Qəribə təxəllüsü var. Yaxşı bir şey vəd edən əlamət yoxdur bu təxəllüsdə”.
Fələkinin yaşayışından, taleyindən xəbərsiz ola-ola dərin Uluq bəy şairin gödək ömrünün çalxantılarını onun şeirləri ilə ilk ünsiyyətdəncə tuta bilmişdi.
İş ondadır ki, şairin təxəllüsünü eşidənlərin ilk ağlına gələn “fələk” sözünün “səma, göy” mənası olur. Ancaq “fələk” kəlməsinin başqa anlamları da var. Orta çağ Şərq mədrəsələrində tənbəl, ya dəcəl şagirdləri cəzalandıranda ayaqlarını falaqqaya salıb döydükləri çubuğa da “fələk” deyirdilər.
“Fələk” sözünün bir açması da “gəmi” deməkdir.
Tale Fələkiyə istedadı səxavətlə bağışladığı kimi, dərd-bəlanı da axın-axın qismət etdi. Bəxtin və zəmanənin çubuqları onu çox döyəclədi.
Amma Fələki bu təxəllüsü ömrünün sonrakı acılarını irəlicədən duyaraq qəbul etməmişdi.
Əmin Əhməd Razinin “Həft iqlim”, Lütfəli bəy Azərin “Atəşkədə”, Rzaqulu xan Hidayətin “Məcmə ül-füsəha” və digər təzkirələrdən damla-damla toplanan bilgiləri qovuşduranda şairin kimliyi bəlli olur: adı Məhəmməd Mömin, ləqəbi Nəcməddin, künyəsi Əbu-n-Nizam, təxəllüsü Fələki. 
O, 1126-cı ildə dünyaya gəlmiş, 1165-də vəfat etmişdir.
Təxəllüsü ilə bağlı təzkirələrin anlatdığı budur ki, yeniyetmə ikən bir münəccim qızına bənd olur, qızı tez-tez görməyin xatirinə həmin alimə şagird durur. Sevda baş tutmasa da, şairə bu təxəllüs yadigar qalır. Nücum elmində əldə etdiyi mükəmməl biliklər əsasında isə, yenə qaynaqların təsdiqinə görə, xüsusi risalə də yazır. Öz şeirlərinin verdiyi işarələrə və orta əsr salnaməçilərinin çatdırdığı məlumatlara görə, Fələki yalnız nücuma –astrologiyaya deyil, dövrünün daha 9 elminə kamil şəkildə bələdmiş.
Bir-birini təkrarlayan bir çox mənbələr, o sıradan ilklərdən biri olaraq Şeyx Azərin (vəfatı 1490) XV əsrdən qalan “Cəvahir əl-əsrar”ı Fələkinin Xaqaniylə dost olduğunu, Əbül-Üla Gəncəvidən eyni vaxtda dərs aldıqlarını yazır. Və iki dostun arasına eşq girir. Əbül-Üla Fələkinin də gözü düşən qızını Xaqaniyə nişanlayır. Pəjmürdə Fələkinin ürəyini almaqçün isə Əbül-Üla ona 20 min dirhəm verərək: “Sən bu pula mənim qızımdan da qat-qat gözəl olan 50 türk kəniz ala bilərsən”, – deyir.
Bu əhvalatı həm təzkirələrdən oxumuş, həm də Şamaxıda dillərdə dolaşan bir rəvayət olaraq eşitmiş Seyid Əzim “Təzkirə”sində Xaqaniylə Fələkinin sevgi çəkişməsinin sonluğunu belə təsvir edir: “Fələki şərməndə olub, haman məbləği qəbul eyləməyib, ustadın əlindən öpüb, hüzurundan mürəxxəs oldu”.
Ürəyindəki fırtınanı üzə çıxarmayaraq ustadın hüzurundan nəzakətlə mürəxxəs olmaq mümkündür, amma könüldəki sevda atəşindən qurtulmaq nə çətin!

Vəslinlə həmdəm olmağa imkanım olmasa,
Bir ayrı kəs bu dünyada dildarım olmasın.
Sordun ki, məndən ayrı nə cürsən? Eşit, deyim:
Bir gündəyəm ki, heç belə əğyarım olmasın.
Çatmaq, gülüm, sənə, nə edim, qismət olmadı,
Səndən kənarda bağ ilə gülzarım olmasın.
Xar eylədin, fələk, Fələki düşdü möhnətə,
Baxsam əgər sənin üzünə, arım olmasın.

Sevgi oxları daşa dəyənəcən də Fələki fələklərlə həmsöhbət idi. Amma o hələ göylərin dərinlərindəki gizlinləri axtarırdı, səyyarələrin yerdəkilərə bəlli olmayan əsrarını araşdırırdı, gecələr uzunu göz-gözə olduğu ulduzlarla elmin qəliz dilində həsb-hal edirdi. Eşq onu bərkə-boşa salandan sonra şeirlərinə bir kədər dumanı endi və Fələki fələkləri də ayrı cür görməyə, fələklərlə başqa tərzdə danışmağa başladı. Əvvəl nücumçu Fələki üçün göylər bir kitab idisə, fələklər onunçün axtardığı mübhəm sualların cavabları, gizlənmiş vərəqlər kimiydisə, indi asiman onunçün qəzavü qədər lövhəsi, şikayət yeri oldu. Dünənəcən fələklərlə oynayan Fələki indi fələkləri ləkəli iqbal aynası sayaraq göylərdən giley-güzara, ahu zara başladı:

Nə xeyri var çəkəm eşqin qəmini dünyada mən,
Hə fələklər uyuşur bu Fələkiylə, nə də sən.

Həyatın hələ yalnız müqəddiməsi yaşanırdı, Fələkiyə isə ömür artıq sona yaxınlaşan kimi görünürdü:

Arzum bu idi ki, səndən alım kam,
Ömür tamam oldu, tapmadım aram.
Məni bədnam etdin, vəslə yetmədim,
Eyvah, qisasımı almasa əyyam!

Amma qarşıda həyatın hələ daha sərt üzləri, daha sancılı büdrəmələri vardı. 
Fələkini başqa bir sevgili – saray cəzb edirdi…
Orta çağda saray şairə lazım idi. Və əlbəttə ki, üstün düşüncəli alimlər, qüdrətli sənət adamları da saraya gərək idi. Ağıl və istedad sahiblərinin saraya gərək olmasının məntiqi sadədir. Saraydakı əli qələmli insanlar dövlətin, məmləkətin və hökmdarın qüdrətini möhkəmlədən, şöhrətini artıran, tarixdə qalışını təmin edən vasitələr idi və sənətkarları saraya yığan, onlara nəvaziş göstərən taxt-tac sahibləri, təbii ki, nə etdiklərini, niyə etdiklərini yaxşı anlayırdılar. Amma qələm sahiblərinə saray bəlkə onların saraya lazım olduğundan da çox gərək idi. 
Özünütəsdiq, tanınma, məmləkətdən uzaqlarda da şöhrətlənmək üçün sarayın himayəsinə, maddi dayağına ehtiyac böyük idi. Məhz sarayın yaratdığı imkan sayəsində gününə görə böyük vəsait tələb edən bahalı umacaqları – şairin, alimin əsərlərinin gözəl xətlə, yaxşı kağızda yazılması, miniatürlənməsi, naxışlanması, üzünün köçürülərək nüsxələnməsi, cildlənməsi, digər ölkələrin xəzinələrinə qiymətli hədiyyələr kimi göndərilməsi, başqa sözlə, əsərin coğrafiyasının genişlənməsi təmin oluna bilirdi. 
Dünya əvəz-əvəz dünyasıydı. Qurban verməsən, qazana bilmirdin (bəlkə indi o cür deyil?!). Sən yazdığın qəsidələrdə qayğıkeşin olan hökmdarı mədh edirdin, hansısa məsnəvini onun adına bağışlayırdın, müqabilində bütün başqa əsərlərinin səndən sonra əsrlərcə yaşamasına da zəmin yaratmış olurdun. Şəksiz, həmin XII əsrdə də, ondan əvvəl və sonra da saraya gedib çıxa bilməmiş, ya bunu istəməmiş onlarla, yüzlərlə yetkin şairlər, alimlər, nəqqaşlar, musiqiçilər varmış. 
Onların yalnız kiçik bir qisminin, maddi imkanları az-çox babat olanlarının, əsərlərini köçürtdürüb yaymaq imkanına malik olan barmaqla sayılacaq qədər az bir hissəsinin doğurduqlarından nələrsə indiyəcən hifz edilib, adları da əsərləriylə birgə salamat qalıb. Əksəriyyəti isə, nə yazıq ki, tarixin dünənində qayıdışsız əriyərək qeyb olub. Əvəzində sarayla bu və ya digər dərəcədə bağlı olan hətta bir çox ortabab şairlərin belə əsərləri tarixin uzun və dolanbac yollarını xətərsiz qət etməyə müvəffəq olub.
Saraya gedib çıxmaq, hökmdar diqqətiylə şərəflənmək asan iş deyildi. Sarayda bu sahəyə nəzarət edən məmurlar hər yeni gələnə, xüsusən namizəd istedadlıdırsa, rəqib gözü ilə baxırdılar, belələrinin dərbara aparan yollarını qapatmaqçün dəridən-qabıqdan çıxırdılar, saraya gəlib düşənlərə də daha məkrlilər, daha təcrübəlilər mütəmadi dərin quyular qazmağa hazır olurdular.
Orta əsr müəllifi Qiyasəddin Xandəmir (1475–1535) “Həbib üs-seyər” əsərində saraydakı “mədəni” didişmələrin və badalaqgəlmələrin ibrətli və həm də xeyli dərəcədə səciyyəvi olan bir örnəyini təsvir edir. Sultan Səncər sarayında məlik üş-şüəra olan Müizzi (vəfatı 1127), mənbənin söyləməsincə, çox güclü yaddaş sahibiymiş. İstənilən şeiri, nə uzunluqda olur-olsun, bircə kərə eşidən kimi əzbərləyirmiş. Eyni qabiliyyət oğlunda varmış. Müizzinin oğlu bir şeiri ikinci dinləyişdən yaddaşına hopdururmuş. Və Müizzi qurduğu oyunları oynamağı yaxşı bacaran bir nökər də tapıbmış. Qulluqçu da ağası kimi hafizədən şikayətçi deyilmiş, uzağı 3 dəfə eşidən kimi təzə şeiri yadında saxlayırmış. Müizzi Allahın ona verdiyi bu fərasətin vasitəsilə şeytana yaraşan işlər də görürmüş. Saraya üz tutan, sultana təqdim olunan yeni bir şairi vurmağı lazım biləndə tələsini işə salırmış. Təzəgələn şeirini oxuyunca Müizzi qayıdırmış ki, bu adam saxtakardır, mənim çoxdan yazdığım qəsidəni öz əsəri kimi qələmə verir. Və başlayırmış şeiri başdan-sonacan əzbər deməyə. Şeiri söyləyib sona çatınca əlavə edirmiş ki, hətta bu şeir lap çoxdan oğlumun da əzbərindədir. Oğlu da şeiri deyirmiş. Və hiyləgər Müizzi son zərbəni vururmuş: “Daha mən onu demirəm ki, bu köhnə şeirimi nökərim də məndən pis bilmir”. Və nökər də kəmali-ədəblə şeiri söyləyəndə ətrafdakılar bir yana, həmin şeirin əsl müəllifi belə öz-özündən şübhələnməyə başlayırmış. 
Və günlərin birində daş qayaya rast gəlir. Sonralar orta çağın ən ötülməz qəsidə ustası kimi ad-san qazanacaq Ənvəri Əbivərdi (1126–1187/91) bu kələkdən duyuq düşdüyündən səlcuq hökmdarına təqdim olunduğu əsnada şeirinin ilk 3-4 beytini oxuyaraq qəfilcə dayanır, sarayın baş şairinə sarı çevrilir: “Əgər bu şeirə iddianız varsa, ardını bilirsinizsə, rica edirəm söyləyin”…
Bir şairçün gəlib saray ailəsinə qatılmağın yolu bu cür daş-kəsəkliydisə, görün o girdabda baş tapmaq nə qədər müşkül idi.
Və gənc, biliklərlə daşan, ilhamı köksünə sığmayan Fələkini də tale gətirib çıxarır saraya. İçərisi də, çölü də boz olanlar həmişə necədirlərsə, səkkiz əsr qabaq da o təhər idilər. Fələki kimi parlaqların marığa yatan paxılları, bədxahları heç vaxt uzaqda olmur ki! Daim xıltlı vücudlarıyla kölgə kimi həndəvərdə sülənirlər. 
Fələkinin hər bəyənilən qəsidəsi, ona ünvanlanan hər hökmdar “əhsən”i həsədlə alışanları hər dəfə daha artıq cırnadır, daha artıq qızışdırır. 
Əlbəttə, ev yıxmaq da özünəməxsus bir dramaturgiya tələb edir və başlanır Fələkinin ətrafında hörümçək toru toxunmağa. Dahi dramaturq Şekspir “intriqa zəiflərin gücüdür” deyəndə haqlıydı. Və saray intriqalarının bir incə tərəfi də odur ki, bu tamaşada baş rolu səhnədə olanlar deyil, pərdə arxasında qalanlar, lazımi məqamda məharətlə suflyorluq etməyi bacaranlar oynayırlar. Şirvanşah III Mənuçöhrün sevimlisi olan Fələkini gözdən necə salırlarsa, qeyzlənən hökmdar onu dövlət düşməni, hakimiyyətə xəyanət etmiş bir cani kimi Şabran zindanına atdırır.
Taleyin bu zərbəsi Fələkinin bütün həyat fəlsəfəsini dəyişir – ona arxa çevirmiş fələklərlə savaşa başlayır, daha sadəcə gileylənmir, şikayətlənmir, ümidsizləşir, bəxtindən də, zəmanədən də, insanlardan da, vətənindən də küsür. 
Və elə zindanda ikən niskilli “Həbsiyyə”sini yazır:

Heç kəs ilə həyatda karım yox,
Kara gəlmək üçün də yarım yox.
Taleyimdən cahanda naümidəm,
Ümidim yox, ümidvarım yox.
Belə nəhs ulduzumla dünyada,
Bir üzü nurlu ruzigarım yox.
Bağımı tapdalayıb xəzan küləyi,
Ah, neynim ki, növbaharım yox.
Sanki divanəyəm bu zəncirdə,
Əlləri bağlı, ixtiyarım yox.
Bu diyarda deyirdim ömr edərəm,
Sən demə, bəs ki heç diyarım yox.
Belə bir zindanın içində daha,
Dözməyə artıq iqtidarım yox.
Hər nəyim var idi fəna oldu,
Yoxa çıxmış həyatda varım yox.
Canımı saxlamağa zindanda,
Duadan başqa arzularım yox.

Amma dualar da kömək etmir. Nicatsızlıq, sarsıntılar, alışmadığı məşəqqətli həbs həyatı Fələkini sındırır. Xəstəlik tapır. Onun təqsirsizliyinə inanaraqmı, ya zindanda ölməsini istəmədiklərindənmi, bir müddət sonra azadlığa buraxırlar. 
39 yaşlı QOCA həbsxanadan çıxır. 
Üzgün, tənha, təklənmiş, içəridən sönmüş:

Bir balam, bir özüm, daha heç kəs,
El-obamdan mənim qalarım yox.
Düşmüşəm bəndə çarəsiz, bikəs,
Qapını açmağa açarım yox.

Və məftunu olduğu, bir zamanlar dillərini bilib onlarla öz dilində danışdığı qərib ulduzlardan biri kimi axıb gedir Fələki. Son açarıyla ölümün qapısını açır.
Və xaqanın axırına çıxdığı Fələkinin vida mərsiyyəsini Xaqani yazır:

Doğdu Fələki əks-səda tək sənətimdən,
On elmilə doqquz göyün əsrarına agah.
Bir əks-səda tək sönərək getdi o erkən,
Ahım kimi tez bitdi onun ömrü də nagah.
Bir asqıraq ilə canı uçdu bədənindən,
Can almağa gəlmiş də dedi: “Rəhm elə, Allah!”.

(Xaqaninin dönə-dönə nəşr edilmiş “Əsərləri”ndə bu şeirin M.Soltan tərəfindən edilmiş tərcüməsi qədərincə dəqiq olmadığından orijinaldan təzədən, həm də əruzda çevirməyi münasib hesab etdik – R.H.).
Hər şeir nə qədər mücərrəd görünsə, nə qədər günüylə uyuşmaz təsiri oyatsa da, mütləq öz vaxtıyla bağlıdır və diqqətli nəzərlər o misraların həmin sətirlərin yarandığı günün mənzərələrini görə, səslərini eşidə bilir. 
Fələkinin adlarla, hadisələrlə, tarixlərlə qaynayıb-qarışmış qəsidələri bu gün əvəzsiz tarixi sənədlər, XII yüzildəki Azərbaycanı, Qafqazı, Yaxın və Orta Şərqi öyrənməkçün mötəbər mənbələrdir. Amma Fələkinin yadigarları indi yalnız tarixi öyrənməyə yardım edən vasitə kimi işə yarasaydı, bu ömrün də, bu irsin də böyük mənası, siqləti azalmış olardı.
Fələkinin solmaz yaz ətirli bahariyyələri, köhnəlməz məhəbbətin saf duyğularını yaşadan sevgi şeirləri bu gün də elə təzədir ki, elə bil səkkiz əsrdən də bir az əvvəl deyil, lap təzəcə yazılıb.
...Zamanında “Şəms üş-şüəra” – Şairlərin Günəşi adlandırılmış Fələki Şirvaninin indi də XII əsrdəki sayaq bir Günəş kimi işıq saça bilməsi üçün ona köməyimiz gərəkdir.
Ən azı şeirlərinin dolğun bir toplusunu ana dilimizdə nəşr etmək bu nəcib işin başlanğıcı ola bilər.
...”Ehkam un-nücum” adlı risaləsi ilə zəmanəsinin astronomları cərgəsində yüksək məqamını təsdiqləmiş, şeirlərində də ulduzlar sayrışan ULDUZ ŞAİR Fələki Şirvaniyə göstərməyə borclu olduğumuz bir diqqət də var.
Bu ölməz alim və şairin ata yurdunda min ən əvvəlki kimi yenə göyün sirlərini araşdıran ulduzşünas tədqiqatçılar çalışır, Şamaxıda astrofizika rəsədxanası gündəlik fəaliyyətdədir.
O elm mərkəzi ilə Şirvanın orta çağdakı məşhur astronom övladının adlarının qovuşmasının əsl vaxtı deyilmi?
Advermələrdə, ulu şəxsiyyətlərin xatirələrini əbədiləşdirməkdə gərək həmişə tarixi həqiqətlərə və məntiqə riayət edək.
Şamaxı Astrofizika Rəsədxanasına Nəsirəddin Tusinin adını qoymuşuq. Halbuki o məkana Fələki Şirvaninin adı daha uyğun gəlir. Nəsirəddin Tusiyə gəlincə – 1974-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində kosmos araşdırmaları ilə məşğul olan “Kaspi” Elmi Mərkəzi vardı. 1981-ci ildə onun təməlində Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi yaradıldı və bunun əsasında da 1992-ci ildə Azərbaycan Milli Aerokosmik Agentliyi quruldu ki, 2006-cı ildən Müdafiə Sınayesi Nazirliyinin tabeliyində fəaliyyətlərini davam etdirməkdədir. Məhz Azərbaycan Milli Aerokosmik Agentliyinə Nəsirəddin Tusinin adı birləşsə, bu daha yerində olardı. 
Fələki Şirvani səkkiz əsrdən çoxdur ki, fələklərlə və ürəklərlə həmsöhbətdir.
Və ötmüş çağın isbat etdiyi bir gerçək də budur ki, o böyük azərbaycanlının insan insan oğlu ilə məhrəm təmasları elə göylər və yerlər durduqca davam edəcək.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook