RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəGördüyünü deyə bilmə xoşbəxtliyi

Sözün düzünü demək də, yazmaq da həmişə çətin olub. 
Dünyanın hər yerində və bütün zamanlarda. 
Bəzən elə təəssürat yaranıb ki, guya haralardasa həqiqətin böyüyünü də, düşüncəndən, qəlbindən keçənləri də tam həcmdə ifadə edə bilərsən, sənə gözün üstündə qaşın var söyləyən olmaz. 
Dili daha bağlı, gözü daha qıpıq, səsini çıxara bilməyən ölkənin insanları uzaqdan- uzağa onlara həsəd də aparıblar. 
Amma nahaq! 
Gendən gülümsəyən sərablar adətən boş xəyaldan başqa bir şey olmur.
Guya hər gördüyünü və duyduğunu, hər bildiyini və bildirmək istədiyini dilə və qələmə gətirmək yolunda azad sandığınız yerlərdə həm əl altından, həm də aşkarca bir ucdan elə manelər yaradılıb ki, o məkanlarda ömür sürənləri azad sayıb həsədlə köks ötürənlər hər təfərrüatdan agah olsaydılar, “yenə bizə şükür” deyərdilər.
Azadlığı verəndə, uçmaqçün üfüqləri sərbəst elan edəndə heç vaxt vacib “əmma”nı yaddan çıxarmayıblar. 
Sərbəstliyin, asudəliyin hədlərini, sərhədlərini də hökmən cızıblar. 
“Əlbəttə azadsan, lakin bu verilmiş cızığın içində!”.
Tarixin qəmli səhifələri nə qədər desən! Sözün düzünü, gerçəyin xalisini söyləyənləri, qələmə alanları zaman-zaman zindanlara da atıblar, sürgünlərdə də çərlədiblər, dərisini də soyublar, daşqalaq da ediblər, tonqalda da yandırıblar, çarmıxa da çəkiblər, gülləyə də tuş salıblar.
“Desəm öldürərlər, deməsəm ölləm” çıxılmazlığı düşüncə və söz adamını həmişə ömür boyu sıxıntısına tabşamalı olduğu dar çəkmə kimi incidib, ürəyini qabar, beynini döyənək edib.
Beləcə, nə qədər deyilməli söz deyilməmiş, nə qədər yazılmalı fikir yazılmamış qalıb.
Amma müdrik elimiz “Aşıq gördüyünü çağırar” da söyləyib axı.
Ta qədimlərdəm elə bil xalq ozana, aşığa ürəkdən tikan çıxarmaq səlahiyyəti verib, heç kəsin deyə bilmədiyi həqiqətləri ondan eşitməyi umub.
Və köksü sazlı ozanlarımız bu etimadı, bu el ümidini doğruldub, müdam el-el gəzib, gördüyünü saza-sözə qovuşdurub, təkcə çalğısı-oxusi ilə insanlara zövq verməklə kifayətlənməyib, həm də söylədiklri ilə ürəkləri və düşüncələri oyaq saxlamağa da müvəffəq olub.
Ona görə də ellərimiz həqiqətin özünü, gerçəyin pərdəsizini, doğrunun cövhərini dilindən, qələmindən əskik etməyən ozanlara “haqq aşığı” deyib.
Dünyanı və insanı olduğu kimi görməyi bacaran, sözə sığal çəkərək bu gerçəkləri inci kimi sapa düzən, sərin su kimi təşnə dodaqlara, yanğılı könüllərə səpən haqq aşıqları yaşayıb, yaradıb, bu fani dünyadan köç edib gedib.
Hansınınsa qəbrinin yeri bəlli, hansınınsa məzarı naməlum.
Fəqət bircə kəlməsi də diri qalan heç bir haqq aşığı unudulub getməyib, millətin mehriban, minnətdar yaddaşında əbədilik sevgi yuvası qazanıb. 
“Haqq” həm Haqq-Təala, Allah deməkdir, həm də həqiqət. 
Həqiqətə sadiq olmaq elə Xudavənd-i aləmin xoşladığı əməli yerinə yetirmək, Pərvərdigara da layiqli bəndə olmaq anlamındadır.
Aşıq hətta istəsə belə HAQQ AŞIĞI ola bilməyəndə demək, mütləq araya İblis girib.
Şərin ayaq tutduğu belə gedişatda suç aşıqda deyil, Şeytandadır, onun qarşıdırdığı zəmanədə, onun rəvac verdiyi siyasətdədir.
Nə acı ki, biz bu kədərli aqibəti də yaşamışıq.
XX yüzil gəlib, taxta sovetlər çıxıb. 
Qırmızılar gələn kimi milli olan, əsil olan çox nəsnələrə düşmən çıxıb, haqqı deyənin dilini kəsməyə, “həqiqət yalnız mənimkidir” düşüncəsini beyinlərə həkk etməyə çalışıb.
Bu, elə hökm edən kimi həyata keçəsi, elə elan edilməklə, tələblə baş tutası niyyət deyildi. 
O səbəbdən başlayıblar başını azca dik qaldıranları, səsi bir az bərk çıxanları, doğrunu onların arzuladığı kimi deyil, öz anladığı kimi dilə gətirənləri təqib etməyə.
Təqib də sadəcə güdmək, başına ağıl qoymağa çalışmaq, danlamaq, düz yola gətirməkdən ibarət deyildi.
Məsələni bolşevik amansızlığı və əzazilliyi ilə birdəfəlik və qəddarlıqla həll edirdilər. 
Nəsil-nəsil insanları bu səbəbə görə Allahın bəşərə əta etdiyi ən ali nemətdən – həyatdan məhrum ediblər.
Qurbanların içərisində isə Haqq Aşıqları da olub.
Gözlərini qan örtmüş Qırmızı Şeytan – Sovetlər bu qanın mütləq bir gün onu tutacağının fərqində olmadan aşıq qanı tökməyə də cəsarət etib.
Qısma-boğmayla, qorxu-hürküylə anlatmaq istəyib ki, aşıq gördüyünü çağırmaz, aşıq görməsi məsləhət olanı görməli, deyilməsi məsləhət olanı çağırmalıdır.
...Qonşumuz olmuş, tez-tez təmas saxladığım qocaman bir el aşığının dilindən 30-40 bundan qabaq tez-tez eşitdiyim sözlər heç yadımdan çıxmır. Deyərdi ki, Allah həmin Allahdır, dünya həmin dünyadır.
Allahın həmin Allah olmasına sözüm yox, dünya dəyişir axı!
Dünya, mənə görə, yalnız dağ-daş, yol-irız, həyət-baca deyil. Dünya ilk növbədə axarında olduğu vaxt, həmin vaxtın təklif etdiyi düşüncə, duyğu ab-havasıdır.
Aşığı yenmək istəyən mənfur dövranlar sovuşub gedib. 
Ancaq düyünlü zamanların acı yelləri də etdiyini edə bilib. 
Əyyamlar varmış ki, aşıq xalq üçün hər şey imiş – həm məsləhətçi, ağasaqqal, həm yolgöstərən, müşkül açan, həm kitab, həm toy-düyün, həm kino, həm teatr.
Yeni zamanlar gəlib və dövran özü aşıqla bir çox məqamlarda rəqabətə girişib.
Yenə Haqq Aşığı deyə biləcəyimiz saz-söz ustalarımız varmı? 
Bizdə, bütün türk dünyasında bu şərəfə layiq sayıla biləcək nə qədər sənətkar var?
Bu sualın cavabını nə mən bilirəm, nə siz. 
Sualım zamanadır, ondan soruşuram və cavabı da bizli-bizsiz O verəcək!
Bildiyim bir böyük gerçək isə budur ki, hər halda bizdə də, bütün türk dünyasında da həqiqətin səfiri olmağa qadir, saza-sözə ilahi məhəbbət bəsləyən cavanlı-qocalı çox, lap çox sənətkarlarımız var, yaşayır, yaradır...
Köhnə zamanların çətin sınaqılarından keçərək XXI yüili yaşayan sazımız, sözümüz, aşığımız qəddini düzəldib, dikəlib, yenə yüksəlib.
Alnına millətdən gələn gördüyünü çağırmaq tapşırığı yazılan,taleyinə ürəyini bolşaldaraq bəxtiyar olmaq və bununla başqalarını da xoşbəxt etmək məsudluğu düşən el aşığı böyük yolunu davam etdirməkdədir.
Dədəmiz Qorqud yurda alxış etmişdi: “Elinizdə çalıb-çağıran ozan olsun!”.
Hər sözü kimi bu sözü də Allah dərgahına yetişib, eşidilib və dua müstəcəb olub.
Aşıq elimizlədir!
Və həmişə də belə olsun!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook