RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəƏlli yaşlı körpü

Heyflər ki, bu cür fədakar, bu sayaq miqyaslı düşünən, araşdırdığı sahənin tələb etdiyi peşəkar vərdişlərə bunca ustalıqla yiyələnmiş, qaynaqlara Qərb tədqiqat meyarları ilə yanaşaraq onları bir Şərqli kimi bütün incəlikləriylə duyan araşdırıcılar lap az qalıb.
Türk xalqları ədəbiyyatlarının, özəlliklə də Azərbaycan söz sənətinin tarixi ilə bağlı xeyli qiymətli əsərin müəllifi olan köhnə dostum, böyük alim Əliyavuz Akpinarın çox illər öncə mənə bağışladığ “Azəri ədəbiyyatı araşdırmaları” kitabını Allah bilir neçənci dəfə yenidən vərəqləyirəm.
Tapıntılarla, dəqiq ümumiləşdirmələrlə, sərrast ifadələrlə, ədəbi kəşf sayılası müşahidələrlə dolu bu qiymətli əsərdəki tanış yazıları bir-bir adladıqca həm iftixar duyuram, həm də də izahsız xiffət keçir içərimdən.
Yaddaşımda Mehməd Fuad Köprülünün, İsmayıl Hikmətin, Firidun bəy Köçərlinin, Salman Mümtazın özləri və artıq xeyli uzaqlarda qalmış XX əsrin 20-ci illərində ədəbiyyatımız haqqında yazdıqları sayrışır.
Doktor Əliyavuz Akpinarın yazıları ilə o zirvə şəxsiyyətlərin yadigarlarını yaxınlaşdıran, qohumlaşdıran, eyni ruhdan törəməsini təsdiq edən bu araşdırmalardakı sanbaldır, dərinlikdir və ən mühümü – vicdandır!
Həm tarix, həm də millət qarşısında yüksək məsuliyyətin hər cümlədə hiss edilməsidir!
Əliyavuz Akpinar Türkiyənin, Azərbaycanın o möhtəşəm bilginlər qafiləsinin bugünümüzdə var olan, yaratmaqda, nurunu saçmaqda davam edən əks-sədalarından, nadir varislərindəndir.
Bu böyük yolu tutanda Yavuz hələ lap gənc idi, 20 yaşını yenicə başa vurmuşdu və ədəbiyyata könül vermiş karslı cavanı Bakı heyrətli cazibəsi ilə özünə sarı çəkirdi.
Oxuduğundan-bildiyindən gəldiyi qəti qənaət belə idi ki, Azərbaycana getməsə, araşdırmalarını bulağın qaynadığı məkanda aparmasa, heç vaxt ürəyi istəyən dərinliklərə baş vurmağa gücü çatmayacaq.
Türkiyədən obiri Azərbaycana – Güneyə getmək asan idi, müşkül olan bura – Sovet Azərbaycanına səfər etmək idi.
Dəfinələrsə məhz burada – sovet Azərbaycanında idi.
Həm bir-birindən dəyərli misilsiz qaynaqlar, həm də hərəsi bir xəzinə olan şairlər, yazıçılar, alimlər, gəzəri tarix biçimli diri klassiklər Bakıda idilər.
Çox da ki, bu yolçuluq kitab-dəftər hədəfli, oxumaq-öyrənmək niyyətli idi. 
Həssas ana ürəyi narahat idi ki, bu səfərdə təhlükələr də var.
Heç istəmirdi ki, Yavuz getsin.
Yalan olmasın, quşun quşluğuyla aşması müşkül olan qapalı sərhədlərin həm o, həm bu tayında ömür sürənlər qardaşlar idisə də, Kremlin Sovet İttifaqı boyu hər addıma və adama nəzarət edən iti gözləri və qulaqları, türkün türkə məhəbbətini az qala ideoloji düşmənçilik kimi yozan şübhəcil baxışları da vardı.
Səsi, surəti ürəyimə hopmuş istəkli dostumuz Vaqif Səmədoğlu üstün zəkalı, özünməxsus, filosofanə düşüncə tərzi olan və yetərincə də baməzə adam idi.
2000-ci ilin əvvəllərində Avropadan Milli Məclisimizə təşrif gətirmiş bir neçə siyasətçi ilə görüşürdük. 
Söhbət demokratiyadan, müstəqillikdən düşmüşdü və birdən Vaqif müəllim əlini cibinə salıb 20 dollarlıq əskinas çıxardı, “bu nədir?” – soruşdu: 
Təbii ki, həmsöhbətlər: “Amerika Birləşmiş Ştatları dolları”, – dedilər.
Vaqif cavabı qəbul etmədi : “Yox, elə deyil. Bizim nəzərimizdə bu həm də müstəqilliyin əlaməti, demokratiya nişanəsidir. Çünki sovet vaxtı olsaydı, məndə bu xarici valyutanın olmağının xəbərini alsaydılar, dərhal sorğu-suala tutacaqdılar ki, bu nədir, hardandır, ittiham edəcəksilər ki, əcnəbi pulun qaçaqmalçılığı ilə məşğulsan. Belə işin üstündəsə adamı həbs də edirdilər və həm də bu qəbil ağır cinayətləri Daxili İşlər Nazirliyi deyil, Dövlət Təhlükəsizlik Komitəsi – KQB araşdırırdı”.
Oğlunun Sovet İttifaqına getməsini rəva bilməyən ananın nigaranlığı haqlı idi.
Qətiyyən şübhəm yoxdur ki,Yavuzun Bakıya ilk gəlişlərində qəlbiqara rejim sözün birbaşa mənasında onun hər addımına ciddidən ciddi nəzarət edirmiş, hər hərəkətini, hər sözünü güdürmüş
3 dəfə gəldi, 5 dəfə gəldi, çox baxdılar, çox müşahidə etdilər və gördülər ki, bu cavanın buradan Türkiyəyə daşıdığı yük kitabdır, qəzetdir, jurnaldır, şəkildir. Buradan oraya apardığı məlumatlar Mirzə Fətəlidəndir, Mirzə Cəlildəndir, əyyami-qədimlərin olub-keçənlərindəndir. 
Bir sözlə, anladılar ki, bu sevdanın sovetə bir istisi-soyuğu, siyasətə aidiyyəti yoxdur.
Zahirən belə görünə bilərdi. Amma əslində vardı, özü də necə!
Əliyavuz Akpinarın 1960-cı illərin sonlarında, hələ Atatürk Universiteti Fənn-Ədəbiyyat Fakultəsi Türk Dili və Ədəbiyyatı Bölümündə Yeni Türk Ədəbiyyatı (Azərbaycan Ədəbiyyatı) araşdırma görəvlisi olarkən tədarükünü gördüyü və 1970-ci ildən başlanan Azərbaycan səfərlərinin çoxyönlü elmi faydalarından, bəhrələrindən savayı ayrıca bir vətənçi, millətçi siqləti də vardı.
Yavuz buralarda doğmalaşandan sonra hər gəlişində ətrafında dostlar toplaşırdı. 
Müxtəlif yaş nəsillərini təmsil edən, istedadlı, parlaq qələm sahibləri, fikir adamları, ötkün ziyalılar. 
Əvvələn, eyni şəhərdə yaşasalar da, bəzən aylarla görüşməyən, təmas tutmayan yaradıcı qüvvələr, özü də onların lap qaymaqları Yavuzun vasitəsiylə bir yerdə cəmləşirdilər. 
Birgə olmaq, səmimi ünsiyyətsə xeyli mürgülü fikirləri diksindirib oyadırdı, dilə, qələmə gətizdirirdi, sıra-sıra cəsarətli düşüncələrə ipucu verirdi.
İkincisi də, Yavuz onlarçün həsrətlisi olduqları Türkiyə demək idi.
Azərbaycan aydınları Yavuzdan İstanbulun, Ankaranın, Ərzurumun, Karsın, ölməz türk yazarlarının ətrini alırdılar.
Yavuz ordan bura əlimizə çatması adətən çox əngəllərlə bağlı olan, tütyə kimi qəbul etdiyimiz kitabları daşıyırdı.
Bu kitablar tarix idi, ədəbiyyat idi, sənət haqqında çeşidli nəşrlər idi, yanlarında da heyranı olduğumuz türk musiqisi yazılmış kasetlər.
Ancaq sovet dönəmində onların da bizlərə gələn yolu daş-kəsəkli idi axı!
O zamanlar bol olan (bu məsələnin yaxşı tərəfi) kitab dükanının hansına girsən rusca hər növ ədəbiyyatla rastlaşardın. 
Türkcə isə bircə xırda kitabça da ələ düşməzdi.
Və ömrü boyu heç vaxt heç əməlində yalnız özünü düşünməyib başqalarının da fikrini çəkən Yavuz buradan daşıdıqları ilə orada sırf Azərbaycan kitabları ilə dolu bir mərkəz yaratdı.
Bu da səbəb oldu ki, ustadı Abbas Zamanovun adını verdiyi həmin kitablığa sabahın Əliyavuz Akpinarı olmaq həvəsinə düşən gənclər asta-asta üz tutsun.
Tədricən Yavuz can bir qəlb iki qardaşı qovuşduran, Türkiyəni Azərbaycana bir az da yaxın, bir az da həmdəm edən etibarlı vüsal körpüsünə çevrildi.
Bu gün o xidmətin əsl hikmətini gerçək ölçüləriylə qavramaq nabələd adamlar üçün bir qədər çətin gələr.
Büsbütün ayrı zamanda yaşayırıq, azadıq, istənilən anda düyməni basıb Türkiyənin neçə televiziyasını seyr edə, ürəyimiz istəyəndə hava limanındanmı, ya elə avtomobillə Türkiyəyə maneəsiz-filansız yollana bilirik.
Amma mən xatırlayıram ki, Bakıda, məşhur Nizami kinoteatrında ayda-ildə bir dəfə baş verən türk filmləri festivalında, bütün tamaşaçıların gözəlcə anlamasına baxmayaraq ekranın səsini alaraq dialoqların kələ-kötür bir tərzdə ruscaya tərcümə edildiyi vaxtları.
Günlər vardı ki, elə həmin 1970-ci illərdə, Universitet tələbəsi ikən televiziyada verilişlər aparırdım, çıxışlarımda ərəb-fars kəlmələrinin yerinə dili təmizləmək üçün türkcə sözlərə çox yer verməyim səbəbilə xüsusi xidmət orqanlarının əməkdaşları xəlvəti mənə yanaşaraq guya canıyananlıqla başıma ağıl qoyurdular ki, özünü yaxşı apar, belə hərəkətlərdən pantürkizm iyi gəlir, gələcəyin üçün özünə təhlükə yaradırsan.
Yavuzun bir alim olaraq, o taylı bu taylı Azərbaycan, özbək, tatar ədəbiyyatlarını araşdırmaq səmtində müstəsna fəaliyyətləri, eimi çəkisi yetərincə ağır əsərləri öz yerində, fəqət türk xalqları arasındakı təmaslara yasaqlar qoyulduğu, qardaşlar arasına dəmir pərdələr çəkildiyi çağlardakı əməkləri də hec vəchlə unudulmamalı, həmişə minnətdarlıqla anılmalıdır.
Türk dünyasının ən görkəmli düşüncə adamları sırasında layiqli yerini qabiliyyəti, bilikləri, axtarıcı fəhmi, gərəkli olanları millətinki etməkdə inadcıllığı, usanmazlığı və ən vacibi – alın təri ilə qazanmış professor Əliyavuz Akpinar 70-ni arxada qoyub və indi hər yaşanan gün səksəndəndir.
Üzeyir Hacıbəylinin doğmaca qardaşı Zülfüqar bəyin XX əsrin başlanğıcında yaratdığı qocalmaz operetta “Əlli yaşında cavan” adlanırdı.
Hər anında Azərbaycan istiqlalının 100 yaşının sevinci ilə dolduğumuz və indi son günlərini yaşadığımız bu əziz ildə Yavuz qardaşımızın çətin dövrlərdə Türkiyə ilə Azərbaycan, oranın və buranın düşüncə həyatı arasında yaratmağa müvəffəq olduğu Körpünün də yaşı 50-yə çatır.
Bizim gücümüz belə körpülərin çoxluğunda, uzunömürlülüyündə, mötəbərliyindədir.
Türkiyə türkləri Yavuzun da dünyaya gəldiyi dekabra “aralıq” deyirlər və bu sözü çox uğurlu da tapıblar.
İndi mən bu aralıq ayında, iki ilin aralığında, bizdən 50 il aralıkı günlərdə təməli qoyulmağa başlanmış Yavuz Körpüsü haqqında düşünürkən, bu Körpüdən qazandıqlarımızı, ölçüyəgəlməz dəyəri olan irsi göz önünə gətirirkən nə illah edirəm Zülfüqar bəy yazan kimi deməyə dilim gəlmir.
Yavuzun özünə 70 yaşlı cavan deyərəm və hər cəhətdən uyğun da gələr!
Amma o Körpüyə “cavan” sözü yapışmır.
Ona görə də inamla təsdiqləyirəm: Əlli yaşlı Qoca!
Tarixçəsi yazılarsa, iri və sevimli bir kitab olacaq Yavuz Körpüsünə bu ad yaraşır!

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook