RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəSənətin vəfası

Xəyal qırıqlığı, küskün pərişanlıq o illərdə, 1990-ların əvvəllərində əksər dəyərli sənətkarımıza, alimimizə, ədibimizə xas idi.
Zahirən sanki xoşbəxt bir dövr başlanmışdı.
SSRİ çökmüşdü, kazarma sosializmi ömrünü başa vurmuşdu, onillərcə həsrəti ilə yaşanılmış istiqlal qayıtmışdı.
Lakin bu bir vaxt zəlzələsi idi. 
Zaman dəyişirdi, tarix çönürdü, dünyanın yalnız içərisində bizim olduğumuz parçası deyil, nisbətən aralıdakı, ancaq hansısa tellər, oxşar taleyimizlə bağlı olduğumuz iri bir hissəsi də başqalaşırdı.
Bu dəyişmədə, başqalaşmada müvazinətini itirməmək, qatmaqrışıqlıqdan baş çıxarmaq, hər şey bir yana qalsın, babat dolanmaq, ailə saxlamaq müşkülə çevrilmişdi.
Sənət, elm, təhsil, ədəbiyyat ağır sınaqlarla qarşılaşmışdı. 
Dünənəcən yüzminlərlə tirajlarla çıxan kitablar bir-iki aya piştaxtalardan yoxa çıxırdısa, camaat mütaliəyə, oxuyub-öyrənməyə, dünyagörüşünü genişləndirməyə, savadını artırmağa aludə idisə, başlanan yeni dövr bu cərəyanların hamısını səngitmişdi. 
Meydan həyəcanları, inqilab havaları soyumuşdu. İnsanlar yeni təşrif gətirmiş laübalı dövr içində güzəran sıxıntıları ilə üzbəüz qalmışdı.
Həmişə içərisi ilə özünü qane etməyi bacarmış, gözütox yaşamış sənət və elm adamları indi imtahan verən, həm də imtahandan müsbət qiymət almağa heç ümidi olmayan ürkək öyrənci kimi idi.
Onlar hamısı daxilən zərif idi, qələmləriylə, sənətləriylə, elmləriylə güclüydü və heç biri bazar adamı deyildi.
Amma başlanan yeni dövrün elə adından bazar gözünü bərəldirdi: “Bazar iqtisadiyyatı”.
Əslində heç iqtisadiyyatın özü də hələ yox idi. Ortada olan elə çaşqın insanları bezar edən bazar idi.
“Bazar” sözünün yaxşı yox, bütün xoş olmayan mənalarında!
Ruhu zərif yaradıcı insanların qərib olduğu bu səksəskəli əyyamlar 1990-cı illərin sonlarına doğru asta-asta yumşalmağa üz qoydu. 
Azərbaycan dövlətinin tədricən imkanları artdı. 
Həmin narahat, nigaran əyyamlarda heysizləşmiş, vaxtilə özünü məhz istedadına görə çox güclü saymış, lakin indi dövrün ehtiyacları içində əyilmiş, acizləşmiş ziyalıların qəddi yavaş-yavaş dikəlməyə başladı. 
Dövlət onlara təqaüdlər ayırmağa, qayğı göstərməyə başladıqca, ən vacibi – bu zümrəyə dövlətin ehtiyacı olduğunu anlatdıqca, onlara yüksək dəyər verdiyini hər gün nümayiş etdirdikcə, sanki bu qiymətli insanlar yenidən doğulurdular, sanki onlara ikinci nəfəs gəlirdi.
…Mən həmişə qəlb ağrısı ilə həmin günlərin axarındakı unudulmaz tarzənimiz, xalq artisti Bəhram Mansurovu xatırlayıram. 
O, həmişə qonaq-qarası bol, süfrəsi açıq, gur məclisli, bol yemək-içməkli, çal-çağırlı ocaqda böyümüşdü. 
Özü həyatı uzunu seçilən sənətkar olmuşdu, çalğısı ilə toy-düyünü bəzəmişdi, yaxşı qazanmışdı, ailəsi ehtiyac nədir bilməmişdi, dədə-babadan ola yadigar qalan qonaqpərvərlik vərdişlərini daim səxavətlə davam etdirmişdi.
Amma 1990-cı illər başlanmışdı. Həm artıq özü yaşlaşmışdı, həm də daha əvvəlki kimi nə konsertlər vardı, nə də ardı-arası kəsilməyən toylar. 
Övladları mənə söyləyib ki, evdə ikinci bir tarı vardı, bir gün günorta üstü sevincək gəldi, həmin tarı götürüb getdi. 
Axşamüstü kefikök qayıtdı ki, münasib qiymətə satdım tarı. 
Bu o demək idi ki, müəyyən bir müddət üçün ailənin ehtiyacları ödənəcək.
Barmaqlarının öyrəşdiyi, sinısinə, ürəyinə məhrəm olan tarlarından biri ilə biryolluq ayrılsa da, ustad sevinirmiş.
Bu sevinc kədərlidir!..
Lakin indi sözüm Bəhram müəllim haqqında yox, büsbütün ayrı bir tarzən barəsindədir.
Əkrəm Məmmədli 1962-ci ildə Naxçıvandan Bakıya, Respublika məktəblilərinin bədii özfəaliyyət olimpiadasına rəhbərlik etdiyi “Əlvan çiçəklər” ansamblı ilə gələndə hələ xeyli gənc idi. Bu ansamblı o, Naxçıvan Pioner və Məktəblilər Evinin nəzdində yaratmışdı və ifaları necə gözəl idisə, Bakıdakı müsabiqədə münsiflər heyətinin sədri olan böyük Əfrasiyab Bədəlbəyli heyran qalmışdı.
Tövsiyyə etmişdi ki, ansamblın bütün ifaları müsabiqənin yekun konsertinə daxil edilsin və Əkrəmə də məsləhət görmüşdü gəl Bakıya, təhsiini davam etdir, sən yaxşı musiqiçi olcaqsan.
Əkrəm elə həmin il gəldi, Asəf Zeynallı adına orta ixtisas məktəbinə qəbul edildi, günlərin birində ona daha bir qüdrətli sənətkar nəzər yetirdi – Cahangir Cahangirov.
Əkrəm hələ tələbə olsa da, Cahangir müəllim onu Azərbaycan Dövlət Filarmoniyasında rəhbərlik etdiyi Mahnı və Rəqs ansamblına solist-tarzən kimi qəbul etdi. 
Və Əkrəm Məmmədli ansamblın tərkibində Azərabyacanı da, Sovet İttifaqını da şəhər-şəhər gəzdi, xarici ölkələr səfərlərə çıxdı.
Sanki hər yeni gün onu daha parılq sənət zirvələrinə doğru aparırdı. 
Ancaq bütün bunlar nə qədər gözəl olsa da, sıxıntıları da az deyildi. 
Ən mühümü – evsiz idi. 
Gah Bakının bu, gah o məhəlləsində kirayənişin qalırdı.
Axırı ki, bu köçhaköçlərə, imkansızlığa dözmədi. 
Naxçıvandan da ismarış gəlmişdi ki, qayıt, sənə ehtiyacımız var, qısa müddətdə filorminiyanın direktoru da olarsan.
Qayıtdı gəldi dogma yerlərə.
Əvvəl yarıkönül. 
Sonrasa ahəstə-ahəstə taleyi ilə barışdı, qismətin təklif etdiyi bu gerçəkliklə barışdı.
Həqiqətən də çox keçmədi onu bədii rəhbər də təyin etdilər, direktor da oldu.
1963-1967-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblında, ardınca da Naxçıvan Dövlət Filarmoniyasında və Naxçıvan Orta İxtisas Musiqi Məktəbində çalışdı.
Fəqət həmin qayğılı 1990-cı illər onu da çox sənət dostları kimi daxilən az incitmədi. 
Və özünü sənətə həsr etmiş bir çox başqa həmkarları kimi o da bəlkə həyatında ilk dəfə öz seçiminə tərəddüd etdi: “İndi mənim bu fədakarlıqlarım kimə gərəkdir! Boş yerə illəri itirdim!..”.
Amma ötən günə gün çatmırdı, getmiş vaxtı, itmiş vaxtı geri qaytarmaq mümkünsüz idi.
Dolanışıq sıxıntıları ilə əlbəyaxa olduğu, korluq çəkdiyi qanıqara vaxtlarında sanki yox yerdən bir qapı açıldı
1994-cü il idi. Azərbaycan dahi Füzulinin anadan olmasının 500 illiyini bayram etməyə hazırlaşırdı. 
Bu təntənələr Türkiyədə, İraqda da keçiriləcəkdi.
1994-cü ilin oktyabrında İqdır bölgəsi milli təhsil idarəsinin rəisi Nurəddin Araz Naxçıvanda danışıqlar aparandan sonra Əkrəmi həmin yubiley hazırlıqları ilə bağlı Türkiyəyə dəvət edir. 
Ona bayram münasibətilə yeni bir Füzuli oratoriyası hazırlamaq tapşırılır. 
Lap çoxdan yaradıcılıq sifarişi almayan, hətta öz gərəkliliyinə belə inamını itirmiş sənətkarın gözlərinə elə bil ki, işıq gəlir. 
Beşqat həvəslə, şövqlə çalışmağa başlayır. 
Orada xor, orkestr yaradır, elə bir əsər ortaya çıxarır ki, hamı valeh qalır.
Və Türkiyədən Əkrəm Məmmədlini əməklərini çox yaxşı qiymətləndirərək yola salırlar.
Öz deməsincə, haqqını elə gen-bol ödəyirlər ki, onsuz da çətin zəmanədə qənaətə öyrəşmiş tarzən xeyli müddət həmin vəsaitlə babat dolanır.
Və elə ehtiyatları tükənər-tükənməzdə yenə işi avand gətirir. 
Bu dəfə onu Təbrizə çağırırlar. 
Nə az-nə çox, düz 5 il orada işləyir. 
Dərs deyir, yaxşı tarzənlər yetişdirir, oralarda öz adıyla bağlanacaq bir tar məktəbi bərqərar edir.
Artıq nəhs zolaq qalmışdı arxada. 
Təqvimdə yeni əsr idi, 2000-ci illər irəliləyirdi. 
Və 2006-cı ildən Prezident təqaüdü almağa başlayandan Əkrəmin ovqatı lap durulur. 
Dinclik, ruhi rahatlıq tapır, təşvişli günlər qalır arxada, başlayır bir-birindən qiymətli kitablar yazmağa. 
Amma belə omaya da bilərdi axı! 
Uğurlu təsadüflər pırtlaşıq zəmanə düyününü qırmasaydı, belə əlverişli dəvət və müqavilələr dar macalda qolundan tutmasaydı, əslində sənətinin yüksək səviyyəsinə görə Bakıda yaşayıb-yaratmalı və daha artıq parlamalı olan, amma özünü dogma bölgəyə, el-obasına həsr etməyə qərar vermiş Əkrəm Məmmədli vaxt burulğanında sadəcə itib-batardı, bezərdi, pisikərdi, özündən də, sənətdən də biryolluq küsərdi.
Niyə axı layiqli sənətkarlar, təvazökar, təmənnasız yaradıcılar çox zaman və çox yerdə belə üzüntülü sınaqlardan keçməli olur?
Lakin hər halda burası çox gəzəl və sevimlidir ki, sənət özü ən çıxılmaz görünə biləcək anlarda da istəkli yavrularını tənha, arxasız-dayaqsız buraxmır, qeyri-adi gücü və sehri ilə onları büdrəməyə qoymur, nəvaziş göstərə, ürəklərini sığallaya bilir.
Ən azı bu sədaqətinə və etibarına görə heç vaxt sənətin Əkrəmləri əskik olmayacaq!.. 
Vəfa elə nəcib duyğudur ki, həmişə qarşılıqlı olur.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook