RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəFateh adı daşıyan

Əziz Çingiz müəllim!
Əslində haqqınızda ürək sözlərimi və yuvarlaq ildönümünüz münasibətilə təbriklərimi bir neçə saat əvvəl yazmağı düşünürdüm. Amma əlimdə qaçan işim vardı. Xaricdə çıxacaq bir topluda dərc olunası və orta əsrlərdə yaşamış klassikimizə həsr edilən məqaləmin axırıncı düzəlişlərini edirdim, o yazını təhvil verməyin son möhlətisə bu gecə bitirdi, gərək çatdıraydım.
Haqqında yazdığım həmin klassiklə aramızdakı zaman məsafəsi böyük olduğundan onu yalnız qiyabi sevə bilərəm. 
Sizinləsə aramızdakı məsafələr böyük olsa da, həmişə ürəyimdəsiniz. 
Təbii ki, əksər klassiklərimizdən fərqli olaraq müasirim olan klassiki, əziz Çingiz müəllimi onillərdən bəri ürəyimin bütün hərarəti və genişliyi ilə bütün məsafə uzaqlıqlarına rəğmən əyani olaraq çox istəyirəm.
Həm də bu dərin ehtiram və məhəbbətin yaşı az deyil. 
Moskvaya gedib-gəlməyə başladığım tələbəlik illərindən üzü bəri 40 ildən çox edir.
Və şəxsən tanıdığım, izlədiyim, oxuduğum, öyrəndiyim Çingiz müəllim bu qısa olmayan vaxt boyunca təxminən dəyişməyib.
“Təxminən” ona görə yazıram ki, vaxt gedişi ilə dəyişməyən heç nə yoxdur.
Əsas odur ki, sifət dəyişməyə, mahiyyət dəyişməyə, dəyərlərə, ideallara münasibət dəyişməyə.
O mənada Çingiz elə həminki Çingizdir:

Bənzəyər bir qocaman dağa ki dəryada durar!

Moskvasa elə gerçəkdən də həmişə qaynayan, dalğaları əskik olmayan dəniz kimidir.
İndi Moskvada azərbaycanlılar yəqin ki, 1960-70-ci illərdəkinə nisbətən qat-qat çoxdur. 
Amma o çağlar Moskvada ulduzlarımız, parlaq şəxsiyyətlərimiz, cavanı-yaşlısı ilə canlı klassik sanbalına malik oğullarımız çox idi. 
Ən müxtəlif sahələrdə, o cümlədən ədəbiyyatda, elmdə, sənətdə.
Nə acı ki, amansız vaxt onları bir-bir əlimizdən aldı.
Getdilər və özləri ilə çox şeyləri, həm də o mühiti, saysız xatirələri apardılar.
Siz bu gün mənimçün yalnız sadəcə Çingiz müəllim deyilsiniz. Həm də o unudulmaz inasanların hamısısınız!
Yadigar insan, xatirə, yaddaş, körpü şəxsiyyətsiniz.
Nə yaxşı ki, həmin köhnə onillərin bir çox yaddan çıxmamalı, tarixdə qalmalı səhfələrini də qələmə alıb kitablaşdırmısınız, hələ yəqin ki, o keçmişli düşüncələrin yeni səhifələri də yazılacaq.
Siz böyük yazıçısınız, ədəbiyyatımızda daha əvvəllərdə bənzəri, indi də oxşarı olmayan müstəsna nasirsiniz.
Şeir lap ən əski tarixlərdən xalqımızın dilində də, qələmində var olub və əsrlər boyunca şair sarıdan korluq çəkməmişik. 
Hətta bəzən bir əsr içində istənilən xalqın bütöv ədəbiyyat tarixini doldura biləcək sanbalda və çəkidə olan bir qatar şairimiz yaşayıb-yaradıb.
Nasir sarıdan isə həmişə kasadlıq duymuşuq.
Ona görə də bütün ədəbiyyat tariximizin az-çox diqqətə layiq nasirlərinin təqribən hamısını tanıyırıq və adlarını sıralaycaq olsaq da, sən deyən böyük siyahı alınmaz.
Məsələn, mən XII əsrdən azı 50 Azərbaycan şairinin adını, yalan olmasın, birnəfəsə sayaram. Di gəl, nasir olaraq çəkə biləcəyim tək ad var – Əbu Bəkr Xosrov ibn əl-Ustad.
Və Ustad Çingiz sıra nəfərlərinin çoxluğunu və yaxşılığını həmişə umduğumuz nasirlərimiz cıərgəsində elə ali mərtəbədədir ki, bu səviyyənin əsl qiymətini hələ nə ədəbiyyatşünaslıq elmimiz verib, nə də elə özümüz.
Çingizi oxuyub heyran qalmaq, bu məftunluğu valeh kəlmələrlə etiraf etmək azdır.
Çingiz fenomeninin Azərbaycan ədəbiyyatında hansı qeyri-adi və sevimli bir hadisə(!) olmasının anatomiyası incədən-incə təhlil edilməli, lay-lay açılmalıdır.
İndi bu gecə içərisində mənim qəsdim o suala cavab ola biləcək düşüncələr ortaya qoymaq deyil və lap istəsəm də, bir gecənin uzunluğu bu ağır vəzifəni yerinə yetirməyə çatmaz.
Çingiz Hüseynovu bir qələm adamı, nasir üçün mühümdən-mühüm olan vətəndaşlıq duyğusu və yanğısı heç vaxt tərk etməyib.
Çingiz Azərbaycandan uzaqlarda yaşayıb, Bakıdan min kilometrlərlə aralıda yazıb-yaradıb. Ancaq onun hər sətrindən həmişə Azərbaycanın nəfəsi gəlib və gəlir. Çingiz hardadırsa, Azərbaycan onun içərisində, varlığında, damarında, qanında, ruhundadır.
Çingiz əsasən rus dilində yazıb. 
Bu da bizim milli ədəbiyyatın orta əsrlərdən gələn bir özəlliyidir ki, böyük yaradıcılarımız heç vaxt özlərini məhəlli ölçülərlə məhdudlaşdırmayıblar, pəncərəni geniş açıblar, daha geniş coğrafiyaya üz tutublar.
Çingiz də Nizamidən, Xaqanidən, Nəsimidən, Füzulidən, Mirzə Fətəlidən, Caviddən, Mirzə Cəlildən...gələn o ənənəyə sadiq qalıb.
Yad dildə yazıb, o dilin bütün zənginliyi və ifadə üstünlüklərini zərgər səriştəsi ilə qələminə gətirərək yazıb, düşüncələrini ruscanın bütün plastikasından, rəvanlığından, ahəngdarlığından yararlanaraq sözləşdirib.
Amma heç bir rus rusca bu cür, Çingiz Hüseynovun yazdığı kimi yaza bilməz.
Bir zamanlar görkəmli İran alimi Səid Nəfisi Nizami Gəncəvinin fars oğlu farsı heyran qoyan farscası haqqındakı bir müşahidəsini bölüşmək qeyrəti və qətiyyəti taparaq yazmışdı: “Buy-e tork miyayəd!” – “Türk ətri gəlir!”.
Elə Çingizin rusca nəsri də həmin təhərdir. Nə qədər gözəl rus prozası olsa da, o əsərlərin hamsından Azərbaycan dilinin, Azərbaycan ruhunun, Azərbaycan düşüncəsinin, Azərbaycan mənəviyyatının rayihəsi gəlir.
Və Çingiz Hüseynov həm də o nadirlərdəndir ki, həm ruscada, həm ana dilində eyni məharət və cazibədə yaza bilir.
Təəssüf ki, bu da əsrlərcə ədiblərimizə xas olmuş, indi demək olar ki, itirdiyimiz milli vərdişlərdəndir.
Çingizin hər iki dili ana dili səviyyəsində idarə etmək qüdrətinin sübutu üçün ikicə kəlməni örnək gətirmək yetər.
Məşhur əsərinə ruscada “Фатальный Фатали» adı qoymuşdu.
Təbii ki, əvvəlcə rusca yazılmış bu əsəri kimsə Azərbaycan dilinə tərcümə edə bilərdi. 
Hərçənd, Çingiz Hüseynov kimi ÖZ Dili olan yazıçıları çevirmək çətindən çətindir. 
Bu, elə şeiri poetik tərcümə etmək qədər müşküldür.
Odur ki, “balasını” başqasının ümidinə buraxmadı, romanı özü çevirdi.
Və tam yeni bir əsər alındı. Çünki çevirə-çevirə bir çox mətləbləri təzədən yazırdı.
Bircə əsərin adına baxın. Çingizin özündən başqa kim belə şairanə, belə sərrast, həm də ruscadakı adla nəğmə misraları kimi səsləşən ad tapa bilərdi: “Fətəli fəthi”?!
Çingiz Hüseynov Azərbaycanın sərvəti olan seçkinlərimizdəndir. 
Çingiz dünyaya çıxan və ən uzaq ünvanlara çata bilən, hər yerdə də bizə başucalığı, qürur gətirməyə qadir millət səslərdəndir. 
Mən bilmirəm Çingiz Hüseynovun yaradıcılığı orta məktəblərimizdə tədris edilirmi?
Bütün yazdıqları, külliyatı nəşr edilibmi?
Haqqında filmlər çəkmişikmi, kitablar, dissertasiyalar yazmışıqmı?
Nə etmişiksə, gərək etdiyimizdən bir az artığını da bundan sonra edək.
Millət, Vətən Dəyərlərinə, Zirvələrinə layiq olduğu uca qiymətləri verdikcə içəridən böyüyür, təpəri, gücü artır.
...Çingiz müəllimin istəkli qardaşı, qıvraq barmaqlı mahir tarzənimiz Əlikram Hüseynov mənimlə dost idi, hərdən-hərdən Nizami muzeyinə, görüşümə gələrdi, saatlarla söhbətlər edərdi.
Onillərlə opera teatrında çalışdığından bu sənət ocağının tərcüme-yi halının min cür cizgisi hafizəsində idi. 
Mən də hər gələndə onu danışdırar, söhbətlərini yazardım.
Az qala hər görüşümüzdə nədən danışsa mütləq hərləyib-fırlayıb sözü Çingizin üstünə gətirərdi.
O ağsaqqal adam idi. Təbii ki, qardaşı Çingiz də artıq xeyli sinli idi. Lakin hər Çingizdən danışanda sanki səsi də dəyişərək daha nəvazişli olardı, nədirsə, hər dəfə mütləq uşaqlıq, yeniyetməlik illərinin hansısa munis xatirlərini dilə gətirərdi.
Və nə qədər işləri, qayğıları, dərd-sərləri olsa da bu iki mehriban, sadaqətli qardaş ildə ən azı bir dəfə Bakıda görüşərdilər.
1-2 gün içərisində qayıtmaz keçmişin şirinliyi ürək sıyıran anlarına dalardılar.
Atalarının məzarını birgə ziyarət edərdilər...
Çoxdandır o məzarı bunca doğma, bunca məhrəm hisslərlə ziyarət edən, o məzarın qarşısında dayanaraq o ata ilə o iki əziz qardaş qədər simsarcasına dərdləşən kimsə yoxdur.
Əlikram müəllim neçə ildir ki, dünyadan gedib.
Çingiz müəllim də uzaqlarda. 
Haçandır heç Bakıya da gəlmir.
Amma çox arzulayıram ki, elə bu yuvarlaq ildönümünü birgə bayram etməyimiz üçün gəlsin.
Gəlsin və keçmiş günlərin xatirələrinə də dalaq.
Çingiz müəllim Bakıya gəlişinin, Bakı onun dönüşünün sevincini yaşasın, ondan ötrü qəribsəmiş məzarları da birgə ziyarət edək, böyük yazıçısını qaibanə tanıyanlar da onu yaxından görsün, əzizləsin...
Və həm də sabahlardan danışaq!
Axı yol davam edir, axı hələ qələm yazacağı sözlərlə, ürək şövqlə doludur.
Çingiz fateh adıdır! 
Axı hələ qarşıda fəth edilməli ən azı 100-cü zirvə var!
Doğum gününüz mübarək, əziz Çingiz müəllim!
Bağrıma basıram!

19 aprel 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook