RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifəQarası çox son foto

Bilirdim ki, Azərbaycan foto sənətinin ən əvəzsiz ustalarından olan Hüseyn Hüseynzadə lap çoxdan ağır xəstədir. 
Anlayırdım ki, bu acı xəbəri hər növbəti gündə eşidə bilərəm. Lakin heç istəmirdim ki, o gün yetişsin. 
Hərçənd xeyli müddət idi ki, ömrü boyu həyatdan gözəl anları tutaraq əbədiləşdiməyi bacaran bu insançün yaşanan hər yeni gün əzab-əziyyət demək idi.
Hüseyn Hüseynzadə Azərbaycan fotoçuluğunda o zaman parlamışdı ki, bu meydanda əsas söz sahibi başqa millətdən olanlar idi. 
Və insanı da, şəhərimizi də, abidələri, tikililəri və təbiəti də özünəməxsus bədiiliklə görüb əks etdirməyə qadir, Isay Rubençik kimi mahirləri də diksindirməyi bacaran Hüseyn Hüseynzadə çıxdı ortalığa.
Ənənəvi olaraq bəlli fotoqrafların imzaları ilə nəşr edilən fotoalbomların neçəsi Hüseyn Hüseynzadənin müəllifliyi ilə buraxılmağa başladı. 
Bilməyənlər bilsin ki, həmin dövrdə - 1960-1970-ci illərdə həmin sahədə elə amansız rəqabət vardı ki, üstün sənətlərindən savayı yaxşı arxaları, əlaqələri, təsir imkanları olanlar heç vəchlə onların söz sahibi olduğu bu əraziyə digərinin qatılıb qabağa çıxmasına asanlıqla macal verməzdilər. 
Hüseyn bu uğura böyük sənətinin danılmaz gücü ilə nail olmuşdu.
Foto sənətinin hər janrında usta idi, lakin portret yaratmaqda qabiliyyəti məxsusi idi.
İşıq- kölgə keçidlərindən məharətlə istifadə etməklə o fotoportretləri rəssam işi səviyyəsinə qaldırırdı. 1970-lərdə, 1980-ci illərin əvvəllərində Hüseyn fotoda janqlyorluqlarını edərək füsunkar bədii lövhələr yaradanda indiki növbənöv fotoşop fəndləri hələ gələcəkdə idi.
Həsən Turabovun son dərəcə ifadəli bir portretini çəkmişdi. Alaqaranlıq fonda siqaretin tüstüsü o qədər canlı görsənirdi ki, az qala tütünün qoxusunu da hiss edirdin.
Bir dəfə rəhmətlik Həsən Turabov zarafatla dedi ki, Hüseyn məndən əvvəl siqaretin portretini çəkib. 
Əlavə də elədi ki, neçə dəfə ürəyimdən keçib siqareti tərgidim. Amma hər dəfə Hüseyn çəkən fotoda siqaretin tüstüsünün necə cazibəli burulduğunu, necə dumana çevrildiyini yadıma salanda təzədən çəkmək həvəsim yaranıb.
Xatırlayıram camaat arasında Molokan bağlı deyilən tanış məkandakı xudmani emalatxanasında uzun söhbətlərimizi, yeni kitablarım üçün şəklimi çəkməsini (1980-ci illərdə çəkdiyi fotolarımdan biri kompüterimin yaddaşından rastıma çıxdı.
Şəklə baxıram, elə indiymiş kimi səsi gəlir qulağıma: "Köynəyinin boyunluğunu bir az qaldır"...
Elə gözəl yaradırdı ki, obyektivin nəzərlərini elə detallara zilləyə bilirdi ki, 20-30 fotosunun təxminən hamısı canayatan alınırdı. 
Adətən portret çəkən bir fotoqrafın 30 kadrından 3-4-ü babat alınanda artıq bu yaxşı nəticə sayılır.
Hüseyndəsə, təxminən çıxdaş ediləsi kadr olmurdu. Hərəsi bir cür gözəl idi. 
Nədirsə, əziz Hüseyn müəllimlə ayrılığın bu ilk günündə yadıma düşür Tofiq Quliyevin söhbəti.
1979-cu ilin noyabrı. Vaqif Mustafazadə o vaxt böyük uğur qazanmışdı. Burda, Bakıda onu Bəstəkarlar İttifaqına üzvlüyə qəbul etmək istəmirdilər, Vaqifsə Monakada caz bəstəkarı olaraq qapalı müsabiqədə birinci yeri tutmuşdu. O vaxt onunla radio üçün geniş müsahibə yazmışdım. Efirə getməsə də özümdə saxlamışdım. Vaqifdən qalan son geniş müsahibə oldu. Və həmin ərəfələrdə Vaqif Tofiq Quliyevin "Qızıl üzüy"ünü və daha bir neçə əsərini çalaraq lentini bəstəkara vermişdi ki, dinləyib fikrini bildirsin. 
Tofiq müəllim qəhərlənərək nağıl edirdi ki, Vaqif 2-3 dəfə zəng vurmuşdu, soruşmuşdu nə oldu, qulaq asa bildinizmi? 
"Hər dəfə üzr istəmişdim ki, bağışla Vaqif, imkanım olmayıb. 
Bir gün yenə zəng vurdu. Heç o sözə başlamamış dedim ki, Vaqif, bilirəm indi Daşkəndə qastrola gedirsən, qəti söz verirəm ki, sən qayıdanadək mütləq lenti dinləyəcəyəm.
"Vaqif bir az utana-utana dedi ki, yox, Tofiq müəllim, indi başqa şeyə görə zəng vurmuşam. İstəyirəm həmin yazıları ayrıca val kimi buraxdırım. Valın üstündə də ikimizin fotomuzun olmasını arzulayıram. Vaxtınız olsaydı gələrdiniz, fotoqraf dostum Hüseyn Hüseynzadənin emalatxanasındayam, həm slaydlar edərdi, həm bir neçə başqa fotomuzu çəkərdi".
Həmin gün Hüseyn Vaqifin portretlərini də lentə alıb, Tofiq müəllimlə çox gözəl fotolarını da.
Elə valın üstündə də həmin şəkillərdən biri getdi.
Bunlar Vaqifin son fotolarıdır.
Bir həftə sonra o artıq yox idi...
Hesabla Hüseyn Hüseynzadənin zəngin və maraqlı arxivi olmalı idi. Son dövrlərdə maraqlanmışdım, səhhətinin vəziyyətini də bildiyimdən narahat idim ki, itə-bata düşər. Ona görə də həmkarlarından olan dostlara demişdim ki, gözdə-qulaqda olsunlar. 
Xoş olmayan soraqlar almışdım. 
Hər halda yenə ümidimi itirmirəm. Hüseyn Hüseynzadənin arxivini hökmən tapıb toplamaq lazımdır. Əvvələn, heç də çəkdiklərinin hamısı çap olunmamışdı, ikincisi də oçağıkı poliqrafiya hara, indiki hara?!
Ən azı Hüseyn Hüseynzadənin seçmə işlərindən ibarət bir nəfis albom buraxmaq olar.
Hüseyn insan kimi də saf, səmimi, həlim təbiətli, mehriban bir varlıq idi. 
Yoxluğunu düşünmək ürək sıyıran qüssə gətirir.
...Rəngli fotolardakı misilsizliyi öz yerində, ancaq mən onu ağ-qara çəkilişlərdə göstərə bildiyi çalar bolluğuna görə tam müstəsna sayırdım.
Nə heyf ki, öz ömrünün sonluğunun qara rəngləri çox, həm də tünd oldu...
Allah o dünyasını versin!

Rafael Hüseynov

14 iyul, 2019

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook