RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Ana səhifə3-4 ilə bərabər 3-4 ay

Onun haqqında mənə ilk dəfə illər öncə unudulmaz müğənnimiz və aktyor Mobil Əhmədov (1931-2006) söz açmışdı, ümidverici cavanlardan söhbət düşəndə demişdi ki, “İistedadlı, çalışqan, musiqiylə nəfəs alan bir gənc var” və əlavə də etmişdi ki, yəqin mənim Musiqili komediya teatrındakı yerimi gec-tez o tutacaq”.
Çox keçmədi ki, Mobil Əhmədovun bu ehtimalı doğruldu. Amma yarıbayarı.
O mənada yarıbayarı ki, həqiqətən az zaman ötüncə Ramil Qasımov parladı, Azərbaycanın tanıdığı bir sənətkara çevrildi.
Musiqili komediya teatrının solisti də oldu, bu qocaman səhnədə əsas rolları da ifa etdi, amma həmin teatra, həmin səhnəyə sığmadı.
Asta-asta üzünə (və səsinə) digər böyük səhnələr açıldı.
Opera və balet teatrında da ona baş rollar tapşırıldı, ən mötəbər konsertlərdə də ifası yer aldı, radio-televiziyada da mütəmadi görünməyə başladı.
Rəhmətlik Lütfiyar İmanovun sözü idi ki, səhnədə əsl Koroğlunu yarada bilməkçün gərək özün də 7777 dəlidən biri olasan.
Yəni seçdiyin yola, məsləkinə, peşənə, gördüyün işə gərək sənin içərində bir məcnuncasına bağlılıq, dəlicəsinə vurğunluq ola, bütün qəlbini yaratdığına həsr edəsən. Yalnız bu halda inandırmağa, heyran qoymağa, cəzb etməyə müvəffəq olursan.
Ramil həmin ustad tövsiyyəsinə daim əməl etdiyindən, bu vərdişi özü üçün gündəlik düstura, həyat ülgüsünə çevirdiyindən sənətdəki qısa yolu boyunca çox uğurlara da nail olub.
Yaşı 80-i adlamış “Koroğlu”muzda ilk dəfə 2011-ci il martın 27-də 26 yaşında ikən baş qəhrəmanın surətini yaradaraq bu sənət incisinin tarixindəki ən gənc Rövşən olmaq şərəfi insana sadəcə xahiş-minnətlə, tapşırıqla, xeyirxah dayı dəstəyi ilə qismət olmur.
Hələ məktəbliykən Ramilin Musiqili komediya teatrında işə götürülməsində təkid edən, 9-cu sinif şagirdinin ölkənin aparıcı bir sənət ocağında ştata qəbulunda tərəddüdlər yarandığını hiss edincə sərtləşən: “Məsələni müsbət həll etməsəniz, mən də teatrdan gedəcəyəm!” ultimatumunu verən Mobil Əhmədov və orta məktəb şagirdinə əmək kitabçası açan teatrın o vaxtkı direktoru Hacıbaba Bağırov necə də haqlıymışlar!
Mobil Əhmədovun qətiyyəti və Hacbaba Bağırovun köhnə dostu və həmkarının sözünü sındırmayaraq etdiyi ciddi inzaibati güzəşt tale dəyişən ciddi dönüş nöqtəsinə çevrilmişdi.
Məhz bu təyinat, 16 yaşındaykən Musiqili komediya teatrına solist götürülməsi Ramil Qasımovun həyatında həlledici rol oynamış, ona daha geniş üfüqlərə uçamqçün qanad vermişdi.
Ramili bütün sənət qabiliyyətləri və məziyyətlərindən savayı üstün səciyyələndirən ən bariz keyfiyyətlərdən biri də qarşısına zahirən əlçatmaz kimi məqsədlər qoyaraq onların həllinə doğru inamla, qətiyyətlə, inadkar çalışqanlıqla irliləməsidir.
Alın təri, usanmazlıq, fədakarlıq olmasa istedad arzulanan bəhrəni verə bilmir.
Təbii vergi qismətindirsə, əlbəttə, çox böyük zəhmət çəkmədən də elə istedadın hesabına diqqəti çəkən hansısa nəticəyə yetişmək olur. Amma istedad zəhmətlə, can yandırmaqla, daxili səfərbərliklə qovuşanda, söz yox ki, nəticə qat-qat artıq, çox vaxtsa lap gözlənildiyindən də parlaq alınır.
“Arzulayıram ki, Koroğlunu Böyük Teatrın səhnəsində, La Skalada oynayım!”.
Ramil Qasımovun bu istəyi kiməsə yetilməsi çətin bir xülya təki gələ bilər.
Ancaq bu da danılmaz bir gerçəkditr ki, ən inanılmaz zəfərlərin mayası könüldə böyük arzuları bəsləyərək onlara doğru israrla can atmaqdan yaranır.
Kim bilir, bəlkə heç uzaq olmayan sabahlarda Ramilin bu gün röya təsiri bağışlayan o diləyi də gerçəkləşdi?!.
Ramiləmi, bir başqa Azərbaycan sənətkarınamı nəsib olacaq bu səadət?
Hər halda mən çox istəyirəm ki, biz mill opera sənətimizin zirvəsi sayılan “Koroğlu”muzun qeydinə elə qalaq, onun beynəlxalq aləmdə tanıdılması yolunda elə tutarlı səylər qoyaq ki, bu əsər dünyanın məşhur operaları sırasında öz layiqli yerini tutsun, azərbaycanca və digər dillərə tərcümdə dünya səhnəsinə çıxsın (SSRİ dönəmində “Koroğlu” 1939-cu ildə Aşqabadda türkmən, 1942-ci ildə İrəvanda erməni, 1943-cü ildə Bakıda və sonra Sovet İttifaqının digər teatlarında rus, 1950-ci ildə Daşkənddə özbək dilində tamaşaya qoyulmuşdu. Niyə əsərin ingilis, italyan və digər dillərə yeni sanballı ekvoritmik tərcümələrinin hazırlanması istiqamətində iş aparılmasın, “Koroğlu”nun dünya səhnəsinə gedən yolunin açılması üçün zəruri tədarüklər görülməsin? Axı bu yalnız mədəniyyət msələsi deuyil, həm də siyasətdir, dünya boyunca özünütəsdiqimiz, özünüifadəmiz üçün daha bir vasitədir və nəticə etibarı ilə ən ali sərvətimiz olan istiqlalımızı, dövlət müstəqilliyimizi qorumaqdan ötrü daha bir sipərdir!).
Və bir tarixçədən də agah olun.
2019-cu ilin sonlarında mədəni həyatımız daha bir fərəhli yeniliyə şahid kəsiləcək, Azərbaycan operaları cərgəsinə daha biri əlavə ediləcək.
Cəfakeş mütəfəkkirimiz Seyid İmadəddin Nəsiminin sevgisindən, mübarizələrindən, keşməkeşli taleyindən bəhs edən yeni opera sənhə ömrünü başlayacaq.
Gün gələcək kiminsə ağlından o sual da keçəcək ki, görən necə oldu bu əsər yarandı, şairin anadan olmasının 650 illiyi idi, ölkədə 2019 “Nəsimi ili” elan edilmişdi və həmin çərçivədə bu da irəlicədən nəzərdə tutulmuş bir sifariş idi, yaxud əsər haçansa yazılmışdı, sadəcə yubiley mərasimləri səbəb oldu ki, məhz həmin vaxt üzə çıxsın?
Nə odur, nə bu biri.
Səbəbkar Ramil Qasımovdur.
Və məhz onun inadkarlığı, məqsədə doğru bütün qəlbiylə canatması təkan verdi ki, bu əsər doğulsun.
2019-un ortalarında bir dəfə söhbət əsnasında mənə dedi ki, nə yaxşı olardı bu il Nəsimi ilə bağlı bir mono-opera da yazılaydı, yubileydən yadigar qalaydı.
Mən də təsdiqlədim ki, pis olmazdı, amma yəqin ki, vaxt azdır, daha bu ilə çatmaz.
Təkid etdi ki, yox, siz mətni yazın, mən bəstəkarlarla danışaram.
Açığı o ərəfədə işlərim həmişə olduğundan da çox idi, yalan olmasın, baş qaşımağa macal yoxdu. Lakin Ramil də aman vermirdi. Hər gün zəng çalırdı, yadıma salırdı, israr edirdi.
Təkidlə o qədər dedi ki, axırı daha “sabah-sabah”la vaxt uzatmağa üzüm qalmadı, bir gecə oturdum və mono-opera üçün mənzum mətni yazdım, elə gecə ilə də elektron poçtla göndərdim Ramilə.
Ertəsi günü səhər çağı zəng vuraraq yazdıqlarımın onu xeyli həvəsləndirdiyini söylədi, fəqət ardınca rica da etdi ki, qorxuram tək Nəsimi və xorla o qədər də gözəl alınmasın, bəlkə 1-2 qadın surəti də artıraq?
Növbəti gecədə bunları da əlavə etdim.
Mətni oxudu və bu dəfə də xahiş etdi ki, zəhmətindən keçib, bəlkə 1 pərdə ilə kifayətlənməyək, 2 pərdə olsun ki, adi vokal kompozisiya təsiri buraxmasın.
Bu səfər artıq mən işə bir az da ciddi girişdim, mövzunun axarındaydım, həmin əsnada isə adətən qələm özü hərəkət edib səni də ardınca aparır.
Qərəz, mətni normal opera librettosuna halına gətirdim.
…Bir neçə gün sonra isə artıq Milli Konservatoriyada Səyavuş Kəriminin fortepianoda müşayiəti ilə Ramil Qasımov mənə gələcək operadakı Nəsimi ariyalarından birini oxuyurdu…
İnanılmazlar gerçəyə belə çevrilir, istək, əzm, ardıcıllıq olanda hətta 3-4 ilə baş tutmasına şəkk edilən niyyətlər 3-4 aya bu cür həyata keçir...

07.09.19

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook