RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Böyük İlbər Ortaylı ilə yenə birgə + Foto Okt 12, 2018 | 14:17 / Görüşlər

Misilsiz elm adamı, canlı tarix, çağdaşımız olan klassik İlbər Ortaiylı ilə bizim çox görüşlərimiz olub.
Türkiyədə və Bakıda, müxtəlif elmi simpozumlarda, ədəbiyyat, sənət məclislərində, dostlar arasında. 
Hər görüşümüzdə də onun cazibəsi, işığı, dərinliyi, biliklərinin geniş əhatəsi növbəti dəfə valeh edir.
Təəssüflər ki, Türkiyədə də, dünyanın başqa ölkələrində də bu miqyasda alimlər barmaqla sayılacaq qədər az qalıb.
Vaxt nəfəsini duyacaq qədər yaxınında olduğumuz, hər an sual verib, sual almaq imkanımız olan klassikləri aparıb.
Qalanların qədrini üçqat, beşqat artıq bilməyimizə, onlarla təmasın hər anından yaralanmağa can atmağımıza ehtiyac var.
İlbər Ortaylı əslən Krım tatarlarındandır. 
Avstriyada, Bregenz şəhərində doğulub (1947). 
Sonra ailəliklə Türkiyəyə köçüblər, başlanğıc və orta təhsilini burada alıb, Ankara Universitetinin tarix-coğrafiya fakultəsinin tarix bölümünü bitirib.
Bunun ardınca Vyana Universitetində slavyan və şərqi Avropa dillərini öyrənib, Çikaqo Universitetində təhsilini davam etdirib. 
İllərcə Vyana, Berlin, Paris, Prinston, Moskva, Roma, Münhen, Strasburq, Kembric, Oksford və digər şəhərlərdəki universitet və elm mərkəzlərində mühazirələr oxuyub, seminarlar aparıb, dərs verib. 
Onun Tanzimat'tan Sonra Mahallî İdareler (1974), Türkiye İdare Tarihi (1979), Osmanlı İmparatorluğu'nda Alman Nüfuzu (1980), Gelenekten Geleceğe (1982), İmparatorluğun En Uzun Yüzyılı (1983), Tanzimat'tan Cumhuriyet'e Yerel Yönetim Geleneği (1985), İstanbul'dan Sayfalar (1986), Türkiye İdare Tarihine Giriş (1996), Osmanlı Aile Yapısı (2000), Tarihin Sınırlarına Yolculuk (2001), Osmanlı İmparatorluğu'nda İktisadî ve Sosyal Değişim (2001), Osmanlı Mirasından Cumhuriyet Türkiyesi'ne (Taha Akyol ile birlikte, 2002), Barış Köprüleri: Dünya'ya Açılan Türk Okulları (2005), Osmanlı’yı Yeniden Keşfetmek-1 (2006), Kırk Ambar Sohbetleri (2006), Osmanlıyı Yeniden Keşfetmek-2 (2006) və digər əsərləri köhnəlməyəcək elmi qaynaqlardır.
Ana dilindən savayı alman, ingilis, rus, italyan, fars, latın dillərini yaxşı bilməsi, əlyazmalar və əski qaynaqlarla işləmək eşqi, incə alim intuisiyası, maraqlarının geniş dairəsi onu yalnız türk, osmanlı tarixinin deyil, Yaxın və Orta Şərqin keçmişi və indisinin bir çox mürəkkəb məsələlərindən səriştə ilə baş çıxarmasına, sərrast müşahidələri, dəqiq qənaətləri, tutarlı elmi nəticələrinə etibarlı təməl yaratmışdır. 
Vaxtilə Türkiyə mətbuatına və sosial şəbəkəyə belə bir fikir sıçramışdı: İlbər Ortaylı Cümhurbaşkanı olarsa... 
2012-ci ildə bu münasibətlə düşüncə bölüşənlərdən birinin yazdıqları bütünü ilə yadımda qalıb.
Etiraf edirdi ki, əgər İlbər bəyin Cümhurbaşkanı seçilməsi ilə bağlı səsvermə keçirilsəydi və mən 10 min kilometr uzaqda olsaydım, həmin məsafəni qət edib səs verəndən sonra təzədən geri qayıtmaq qədər uzun yolu keçməyə hazır olardım.
İlbər Ortaylının ən yüksək vəzifəsi Topqapı Sarayı muzeyinə 2005-2012-ci illər arası direktorluq etmək olub.
Allah belə insanları hansısa inzibati işləri görməkçün deyil, başqalarının bacarmadığı ali vəzifəni yerinə yetirməkdən ötrü– insanlara bilik işığı paylamaq üçün xəlq edir.
Professor İlbər Ortaylı lap çoxdan Elm Məmləkətinin ən şanlı Cümhurbaşkanları cərgəsindədir!
Türkiyə Radio və Televizion Kurumu -- TRT də bu ehtiyacı təbii ki, hiss edir.
“İlbər Ortaylı ilə qədim şəhərlər” adlı sənədli filmlər sırasını hazırlamaq zərurəti elə bu nəcib niyyətdən yaranıb.
TRT-nin İç Yayımlar Koordinatorluğunun təmsilçisi Duyğu Kəpənək bu barədə mənə xəbər verəndə iki baxımdan sevindim.
Həm belə bir silsiləni bunca mötəbər alimlə gerçəkləşdirmək niyyətlərinə görə, həm də həmin çəkilişlərin Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olacaq hissəsinin İlbər bəylə yenidən görüşməmizə fürsət yaradacığı səbəbindən.
Ard-arda baş verən xarici ölkə səfərlərim, iş çoxluğu xeyli vaxt aldı, bu yazıya növbə indi çatdı və yalnız münasib macal bu gün yarandı.
Həftələr öncə Bakıda görməli olduğum işi indi, oktyabrın 12-də AŞPA sessiyasını başa vurandan sonra Almaniyada, gözəl Baden Badendəki hər bura yolumuz düşəndə qonaq olduğumuz, sürətli interneti də karımıza gələn le Bistro qəhvəxanasında tamamlayıram. 
TRT-li dostlarımızın və İlbər bəyin də xahişlərini nəzərə alaraq həmin günlərin fotolarını bol-bol yerləşdirirəm ki, hazırladıqları proqramlarda da istifadə etsinlər, albomlarında da xatirə olaraq qalsın.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook