RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Rafael HÜSEYNOV: Prezident İlham Əliyev bu gün sadəcə “Əsrin müqaviləsi”ni yox, əsrlərin, minillərin müqaviləsini imzalayır Sen 21, 2017 | 08:43 / Mühüm hadisələr

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə qarşıya qoyduğu prioritet vəzifələrdən biri də beynəlxalq təşkilatlarla, o cümlədən, dünyanın inkişaf etmiş dövlətləri, həmçinin iri şirkətləri ilə əlaqə qurmaq və əməkdaşlığı genişləndirmək idi. Bu, həm Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq aləmə inteqrasiyasında, həm də müstəqilliyimizin əbədiyyətə çevrilməsində böyük rol oynayacaqdı. Bu baxımdan, 1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqavisi” xüsusi qeyd olunmalıdır. Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi strategiya ölkəmizi dünya birliyinin sayılıb-seçilən üzvləri sırasına qoşdu. Sentyabrın 14-də Bakıda  “Azəri”, “Çıraq” və “Günəşli”  yataqları üzrə yeni sazişin imzalanması mərasimi bir daha təsdiqlədi ki, Azərbaycan, həqiqətən də, regionda söz sahibi olan ölkədir. 1994-cü ilin sentyabrında imzalanan müqavilə “Əsrin müqaviləsi” adlandırılırdısa, dövlət başçımızın iştirakı ilə imzalanan yeni müqavilə artıq minilliyin müqaviləsi hesab olunur.

Akademik, Milli Məclisin komitə sədri ­Rafael Hüseynovla söhbətimiz də bu barədə oldu:

–Dünyanın ayrı-ayrı dövlətləri, şirkətləri arasında saysız-hesabsız müqavilə bağlanır. Lakin bu müqavilələrin lap az bir hissəsi dünyada tanınır və məşhurlaşır. O, azların da tək-təkləri nadir müqavilələr cərgəsinə keçir, dünyada xüsusi əhəmiyyəti ilə yadda qalır. 1994-cü ildə Azərbaycanın “Azəri-Çıraq” və “günəşli” neft yataqlarının birgə işlənməsi barədə dünyanın 11 aparıcı neft şirkəti ilə bağladığı müqavilə həmin nadir, dünya əhəmiyyətli müqavilələr cərgəsindədir. Bu müqaviləyə əsasən hasil olunacaq neftin Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə nəql olunması barədə razılıq dünyada xüsusi bir dəyər daşıdı və tarixə “Əsrin müqaviləsi” kimi həkk olundu. Bütün bunlar böyük siyasi xadim Heydər Əliyevin uzaqgörənliyinin və müdrikliyinin nəticəsi idi.

Akademik dedi ki, 1990-cı illərin ortaları Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə mürəkkəb, sınaqlı illər idi. Böyük dövlət xadimi, Heydər Əliyevin siyasi qəhrəmanlığının bariz nümunəsi idi ki, o, bu müqavilənin imzalanmasına nail oldu, bütün çətinliklərə sinə gərdi, böyük  siyasi iradə nümayiş etdirdi. Biz artıq uzun illərdir ki, həmin müqavilənin bəhrəsini görürük. Unudulmaz Heydər Əliyev çox uzagörən, müdrik bir şəxsiyyət idi. O, bu müqaviləyə Azərbaycana sadəcə firavanlıq bəxş edən, iqtisadi qüdrətimizi artıran sənəd  kimi baxmırdı. Həm də bu müqaviləyə Azərbaycan istiqlalını, müstəqilliyini qoruyacaq bir zireh kimi baxırdı. Xalqımız bunun nəticəsini bu gün də görür. Azərbaycan istiqlalının 26 yaşı var. Bu illər ərzində həm iqtisadi cəhətdən yüksəlmişik, firavanlaşmışıq, həm də bir çox başqa vasitələrlə yanaşı,“Əsrin müqaviləsi” bizim istiqlaliyyətimizi, dövlət müstəqilliyimizi bir zireh kimi qoruyub.

“Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsi üzrə hasilatın pay bölgüsü sazişinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sənəd Azərbaycanın dünya birliyindəki reytinqini daha da yüksəldəcək: “Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 2050-ci ilə qədər uzadılması haqqında müqaviləni imzaladı. 2050-ci ildə Azərbaycan istiqlalı 59 yaşına çatacaq. 59 yaşındakı istiqlal isə, əlbəttə ki, indikindən, 26 yaşlı istiqlaldan qat-qat qüvvətli, sarsılmaz, dönməz olacaq. Əgər bu müqavilələr işləyərsə, xaqımız indikindən dəfələrlə artıq firavan, zəngin olacaq. Deməli, Prezident İlham Əliyev bu gün sadəcə “Əsrin müqaviləsi”ni yox, əsrlərin, minillərin müqaviləsini imzalayır. İnanırıq ki, bu müqavilə xalqımıza, dövlətmizə yeni-yeni uğurlar gətirəcək.

"Xalq qəzeti", 20 sentyabr 2017-ci il

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook