RAFAEL HÜSEYNOV AMEA-nın həqiqi üzvü Filologiya elmləri doktoru Professor
Nizami Gəncəvi ilk dəfə slovak dilində danışdı + Foto Apr 28, 2019 | 10:43 / Yeni nəşrlər

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tərcümə olunduğu dünya dillərinin sırasına daha biri əlavə edilib. İndiyədək mütəfəkkir Nizaminin “Xəmsə”sinin bədii gözəlliklərini çex oxucularına çatdıran çoxlu tərcümələr olsa da, hələ ki, slovak dilində şairin əsərləri geniş həcmdə oxuculara təqdim edilməmişdi.

AZƏRTAC xəbər verir ki, bu günlərdə Bratislavada Nizami Gəncəvinin “Yeddi gözəl” məsnəvisindən seçmə parçalar slovak dilinə tərcümədə nəşr edilib. Yuray Şramkonun nəfis tərtibatında Slovakiyanın məşhur “İkar” nəşr evi tərəfindən buraxılmış bu kitaba şairin əsərlərinə orta əsrlərdə çəkilmiş və Bakıda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində qorunan miniatürlər də daxil edilib. Nəşrin təşəbbüskarı və icraçıları Slovakiya Respublikasının Danubius Universiteti, Azərbaycan Respublikasının Slovakiyadakı fəxri konsulluğu və Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyidir. Nizaminin əbədiyaşar poeziyasını slovak dilinə Lubomir Feldek tərcümə edib. “Çesta laski” – “Sevgi yolu” adı altında işıq üzü görən kitab, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun yazdığı “Nizami Gəncəvinin yeni dönüşü” adlı müqəddimə ilə başlanır. Ön sözdə deyilir ki, bəşəriyyətin müstəsna övladlarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bütün əsərlərini keçmiş haqqında yazsa da, daim gələcəyə baxıb, gələcək nəsillər üçün yaradıb. O özünün də, sözünün də uzun zamanlar boyu yaşayacağına inanır, ona görə də belə yazırdı:

100 il sonra sorsan bəs o hardadır,

Hər beyti söyləyər: “Burda, burdadır!”.

Nizaminin həyatda dönə-dönə sübut olunmuş bu ümidi və ehtimalı növbəti dəfə doğrulub. İndi onun ölməz və solmaz sözləri vəfatından 800 il sonra Slovakiyada bir daha təsdiqini tapıb. Nizami Gəncəvi slovak dilində danışmağa başlayan “Yeddi gözəl”i ilə bir daha nümayiş etdirir ki, o, lap çoxdan dünya vətəndaşıdır, dünya şairidir. Azərbaycanlı olduğu qədər, həm də slovakların həmvətənidir. Çünki poeziya özü bir ayrıca Vətəndir. Özü də insanlığın tarix boyu arzuladığı bərabərlik, qardaşlıq, həmrəylik hələ ki, yalnız bu “ölkə”də – söz səltənətində bərqərardır.

Akademik Rafael Hüseynov bu qəbil tərcümə və nəşrlərin xüsusi əhəmiyyətini vurğulayaraq, Nizami poemasının tərcüməçisinin əməyini yüksək dəyərləndirərək yazır: “Öz xalqına Nizami ilə görüşün sevincini bağışlayan görkəmli slovak ədibi və tərcüməçisi Lubomir Feldek slovak dilində yazan qələm sahibləri arasında ən çox tərcümə olunan 10 yaradıcıdan biridir. Əlbəttə, 10 nəfərdən biri olmaq şərəflidir. Lakin tək və ən birinci olmaq, təbii ki, ikiqat şərəfli qismətdir. Slovakiyanın və Azərbaycanın ədəbiyyat tarixlərində tək və ən birinci olmaq haqqını Lubomir Feldek Nizami Gəncəvinin öz ana dilinə çevridiyi “Yeddi gözəl”i ilə qazanır”. Eyni zamanda, akademik Rafael Hüseynov bu uğurlu başlanğıcın davam etdirilməsini və Nizami Gəncəvinin digər məsnəvilərinin də slovak dilinə çevrilməsi istiqamətində səylərin davam etdirilməsini arzulayaraq bildirir ki, yəqin Nizami sözünün hikmətini hiss edən slovaklar ustad şairin duyğu və düşüncə xəzinəsinin digər inciləri ilə tanış olmağı mütləq arzulayacaqlar. Ümid edirik ki, Lubomir Feldekin açdığı yolla yeni tərcüməçilər irəliləyəcək, Nizaminin 5 poemadan ibarət “Xəmsə”sindən “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “İskəndərnamə”ni də gec-tez slovakların poeziya səltənətinə gətirəcəklər.

Nizaminin “Yeddi gözəl”inin slovak dilində nəşrinə Azərbaycan aliminin yazdığı müqəddimədə bu da qeyd edilir ki, tərcüməçi Lubomir Feldek “Xəmsə”dən yeni tərcümələr üzərində işini davam etdirir. Bildirilir ki, orta əsrlərdən XX yüzilliyə qədər həm Şərqdə, həm Qərbdə Nizami Gəncəvidən öyrənən, onun ədəbi yadigarlarından bəhrələnən çox şairlər olub. Bu sırada böyük ingilis şairi və dramaturqu Vilyam Şeksprin də adı var. Lubomir Feldek V.Şekspirdən də slovak dilinə uğurlu tərcümələrin müəllifidir və 16 gözəl tərcümə əsərinə görə o, 2018-ci ildə “The British Ambassador’s Award” mükafatına layiq görülüb. Kim bilir, bəlkə, Nizamidən edəcəyi yeni tərcümələr slovak poeziyası və nəsrinin patriarxlarından olan Lubomir Feldekə Bakıdan azərbaycanlı dahinin ən yaxşı tədqiqatçıları, tərcüməçiləri və təbliğçilərinə verilən “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”nı da gətirəcəkdir?!

Akademik Rafael Hüseynov Nizami Gəncəvinin “Mən bunu söylədim, getdim, hekayət qaldı” misrasını iqtibas gətirərək “İlyas bin Yusif Nizami Gəncəvi. Sevgi yolu” kitabına ön sözünü belə yekunlaşdırır: “Onun yaratdığı hekayətlər sadəcə bir abidə kimi qalmayıb, həm də yaşayır, nəfəs alır, ürəyi döyünür, yeni-yeni pərəstişkarlar qazanır və yaşadıqca da onları söyləyib getmiş Nizamini geri qaytarır, yeni zamanlar içində yaşadır. Bu əbədi missiyanı yerinə yetirmək üçün Nizami hekayətləri indi Slovakiyaya gəlib, Nizamini burada da yaşatmaq və sevdirmək üçün gəlib!”

Nizami Gəncəvinin slovak dilində nəşr edilmiş kitabının may ayının sonlarında Bratislavada geniş təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur.

Avropa Şurası Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisin Mədəniyyət komitəsinin sədridir.
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktorudur.
Facebook